Məhkəmə qərarları › İş №2(006)-4826/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4826/2024

13.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4826/2024 13.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi Köçərli (Əkbərli) Albina Yusif qızının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə Ərizəçi Köçərli (Əkbərli) Albina Yusif qızının Nəsimi rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Köçərli (Əkbərli) X11 rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum akt qeydinin bərpa edilməsi, xx.xx.1944-cü ildə Şamxor şəhərində doğulması, ata qrafasında X12, ana qrafasında X7 qeyd edilməklə, Köçərli (Əkbərli) Albina Yusif qızına doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Köçərli (Əkbərli) Albina Yusif qızı xx.xx.1944-cü il tarixində Şamxor (indiki Şəmkir) şəhərində anadan olmuş, atası X12, anası X3maqla ona bu barədə doğum haqqında şəhadətnamə verilmişdir. Lakin Köçərli (Əkbərli) Albina Yusif qızı doğum haqqında şəhadətnaməsini itirdiyindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Şəmkir filialına müraciət etmiş, həmin qurum tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, filialda saxlanılan Şamxor rayon X4 X9 şəhərinə aid 1944-cü ilə dair doğum aktı qeydiyatı kitablarında Ərizəçi doğum aktı qeydi aşkar edilməmişdir. Hazırda Köçərli (Əkbərli) Albina Yusif qızının doğum akt qeydinin bərpa edilməsinə zərurət yaranmışdır. Belə ki, Köçərli (Əkbərli) Albina Yusif qızı xx.xx.2024-cü il tarixində Nəsimi rayon Qeydiyyat Şöbəsinə və Şəmkir rayon Qeydiyyat Şöbəsinə müraciət edərək, doğum akt qeydinin bərpa edilməsi və ona yeni doğum haqqında şəhadətnamənin verilməsini xahiş etsə də, həmin qurumlar məsələnin həlli ilə bağlı heç bir cavab verməmişdir. Doğum haqqında şəhadətnamə, şəxsin öz valideynləri ilə olan hüquq və münasibətlərinin təsdiqi üçün zəruridir. Doğum şəhadətnaməsi uşağın şəxsiyyətini və onun valideynləri ilə əlaqəsini təsdiqləyir. O cümlədən, bu şəhadətnamə vərəsəlik hüququnu müəyyən etmək üçün vacib amillərdən biridir. Vərəsəlik hüququ özlüyündə mülkiyyət və miras hüquqları ilə bağlıdır və doğum haqqında şəhadətnamə vasitəsilə uşağın hüquqi varislik əlaqəsi müəyyən edilir. Doğum haqqında şəhadətnamə valideynlərin vərəsəlik hüququnu və vəzifələrini müəyyən edir ki, bu da miras mübahisələrində əhəmiyyət kəsb edir. Vərəsəlik mübahisələri zamanı doğum haqqında şəhadətnamə, uşağın hüquqlarını və mövcud əlaqələri təsdiq etmək üçün sübut kimi istifadə olunur. Beləliklə, doğum haqqında şəhadətnamə vərəsəlik hüququnu müəyyən etmək və hüquq münasibətlərini təsdiqləmək üçün əsas bir sənəd hesab olunur. Vərəsəlik işlərinin açılması, mülkiyyətin ədalətli və qanuni şəkildə bölüşdürülməsini təmin etmək üçün vacib bir hüquqi prosesdir. Köçərli (Əkbərli) Albina Yusif qızı valideynlərindən miras qalmış müəyyən torpaq sahəsi barədə yenicə məlumat əldə etmişdir. Bununla bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada vərəsəlik işi açılmalıdır. Lakin Köçərli (Əkbərli) Albina Yusif qızının müraciətinin qeydə alınması, ona valideyndən miras qalmış, hüququ çatan torpaq sahəsini əldə etməsi üçün cəhdləri nəticəsiz qalır. Buna səbəb isə Köçərli (Əkbərli) Albina Yusif qızının öz valideynləri ilə qohumluq əlaqəsini birbaşa təsdiq edən müvafiq sənədin olmamasıdır. Ərizəçi doğum haqqında şəhadətnaməsinin məhkəmədən kənar qaydada bərpa edilməsi üçün müvafiq, zəruri addımları atsa da, bu, mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsinin Şəmkir filialının “Şamxor rayon X4 X9 şəhərinə aid 1944-cü ilə dair doğum aktı qeydiyatlarının bərpa kitablarında Ərizəçi doğum aktı qeydi aşkar edilməməsinə dair” xx.xx.2024-cü il tarixli cavab məktubu, o cümlədən bu şəhadətnamənin məhkəmədən kənar qaydada əldə edilməsinin mümkünsüz olmasını təsdiq edən bir sıra dəlillər iddia ərizəsinə əlavə edilmişdir. Belə ki, Köçərli (Əkbərli) Albina Yusif qızının vərəsəlik hüququnu həyata keçirə bilməsi, valideyni tərəfindən ona miras qalmış əmlaka mülkiyyət hüququnu qanuni əsaslarla əldə edə bilməsi üçün ona yeni doğum haqqında şəhadətnamənin verilməsi zəruridir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında ərizəçi Köçərli (Əkbərli) Albina Yusif qızının vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, ərizəçi Köçərli (Əkbərli) Albina Yusif qızı onun doğma bacısıdır. Hər ikisi keçmiş Şamxor şəhərində anadan olmuşdur. X6, anaları X2.

7. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahid ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

8. AZE seriyalı 00****** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1944-cü ildə Şamxor şəhərində anadan olmuşdur.

9. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Şəmkir filialı tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, filialda saxlanılan Şamxor rayon X5 Şöbəsinin Şamxor şəhərinə aid 1944-cü ilə dair doğum aktı qeydiyatı kitabları və 1944-1948-ci illərə dair doğum aktı qeydiyatlarının bərpa kitablarında Ərizəçi doğum akt qeydi aşkar edilməmişdir.

10. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

11. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.1944-cü il tarixində Şəmkir rayonunda (keçmiş Şamxor) anadan olmuş, Ərizəçi xx.xx.1977-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən verilmiş V JQ seriyalı, 531024 nömrəli keçmiş SSRİ pasportu əsasında xx.xx.2002-ci il tarixində qeydiyyatda olduğu ünvan 2 ünvanı üzrə AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. Qeyd olunan sənədlərin fərdi uçot kartoçkası və 1 saylı ərizə formasının surəti təqdim olunmuşdur. Fərdi uçot kartoçkasından görünür ki, xx.xx.1944-cü il tarixində Şamxor rayonunda anadan olmuş Ərizəçi X8 ilə Səadət Sarayında 30.06.68-ci il tarixdə rəsmiləşdirilmiş nikaha daxil olmuşdur.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X4 Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi (Akiflinin) doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. X4 qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin arxivində və X4 arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda akt qeydləri X4 arxivində 1948-ci ildən saxlanıldığından, habelə Ərizəçi (Akiflinin) doğumu haqqında akt qeydi qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən onun doğumu barədə məlumatın əldə olunması üçün Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Məhkəmə araşdırmaları zamanı ərizəçi tərəfin izahatından, şahid ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçi Köçərli (Əkbərli) Albina Yusif qızı xx.xx.1944-cü il tarixində Şamxor şəhərində anadan olmuşdur. O, doğum haqqında şəhadətnaməsini itirmiş, lakin vərəsəlik işləri üçün həmin sənəd ona lazım olduğundan, doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün aidiyyəti qurumlara müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş, iş materiallarında doğum haqqında şəhadətnaməsi olan X13 ərizəçinin doğma qardaşı olduğunu, hər ikisinin Şamxor şəhərində anadan olduğunu, atalarının X12, analarının isə X1qlarını bildirmişdir.

c) Məhkəmənin mövqeyi:

14. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin müvafiq müddəalarını rəhbər tutub belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəçinin tələbinin məhkəmədən kənar qaydada həlli yoxdur, məhkəmə araşdırmaları zamanı onun bu sənədi başqa qaydada əldə edə bilməməsinin mümkünlüyü öz təsdiqini tapmışdır. Ərizəçinin əldə etmək istədiyi sənəd – doğum haqqında şəhadətnamə isə müvafiq faktları müəyyən etməklə, hüquqi nəticə yarada bilən sənəd hesab olunur. Buna görə də məhkəmə ərizənin təmin edilməsini məqsədə müvafiq sayır.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 1.2-ci bənd. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bənd. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bənd. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 4-cü bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X4, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X4 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X4 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bənd. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: X4 dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı: 14-cü bənd. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bənd. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

17. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

18. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, ərizəçi Köçərli (Əkbərli) Albina Yusif qızının xx.xx.1944-cü il tarixində Şamxor şəhərində doğulması, atasının X12, anasının X3ması faktı müəyyən edilməlidir.

Nəticə:

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi Köçərli (Əkbərli) Albina Yusif qızının xx.xx.1944-cü il tarixində Şamxor şəhərində doğulması, atasının X12, anasının X3ması faktı müəyyən edilsin. Ərizəçi Köçərli (Əkbərli) Albina Yusif qızının doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar