Məhkəmə qərarları › İş №2(006)-4840/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4840/2022

30.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4840/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1991-ci ildən – xx.xx.2022-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir. Lakin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 218796 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirmədikdə) iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 218796 nömrəli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, iddiaçı işə bərpa edilməli, əvvəlki vəzifəsinə bərpa edilənədək məcburi işburaxmanın bütün müddətinə görə əmək haqqı ödənilməlidir. İddiaçı həmişə işdə nizam-intizam qaydalarına əməl etmişdir. Əmrdə yazılanların heç birinin təsdiqi və sübutu yoxdur. Orada yazılanların həqiqətə uyğun olmamasını təsdiq edən kifayət qədər sübutlar vardır. İddiaçı həmişə işə vicdanla yanaşmış, öz üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Göstərilənlərə əsasən cavabdeh “Azərbaycan Dəmir Yolları'’ Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 218796 nömrəli əmrinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, əvvəlki vəzifəsinə bərpa edilənədək məcburi işburaxmanın bütün müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı işlədiyi dövr ərzində dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş, töhmət almışdır. Buna misal olaraq 2003-cü ildə, 2004-cü ildə, 2006-cı ildə və son olaraq 2021-ci ildə aldığı töhmətləri göstərə bilər. İddiaçı öz izahatında iş vaxtı iş yerində yatmasını etiraf etmişdir. Həmçinin, Əliyeva Esmira izahatında iddiaçının ona qarşı qeyri- etik davranışı olduğunu bildirmişdir. Hətta iddiaçı iş yerində sərnişinlərlə dalaşıb onlara qarşı nalayiq ifadələr istifadə etmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan İddiaçı xx.xx.2022-ci il tarixli izahatından görünür ki, o, xx.xx.2022-ci il tarixində axşam 20:00-da Məmmədli dayanacağında kassir- nəzarətçisi kimi işə gəlmişdir. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinə keçən gecə saat 1-ə qalmışdan 3-ə kimi xidməti otağında yatmışdır. 02:59-da Esmira Əliyeva ona zəng etdikdən sonra onun xidməti otağına getmişdir. Müəyyən vaxtdan sonra öz xidməti otağına qayıdıb 03:54-dən 05:00-dək yatmışdır. Onun yatmağı kamera görüntülərində də təsdiq olunur. O, əvvəllər də işdə olarkən qatarların hərəkətdə olmadığı saatlarda yatmışdır. Bu nöqsanlarını səmimi olaraq etiraf edir. Söz verir ki, gələcəkdə işində bu kimi ciddi və kobud nöqsanlara yol verməyəcəkdir. İş materiallarında olan "xxxx" QSC-nin “Sərnişin daşımaları” departamentinin X2 Komitəsinin Rəyasət Heyəti iclasının xx.xx.2022-ci il tarixli, 73 nömrəli protokoldan çıxarışdan görünür ki, Məmmədli dayanacağının kassir nəzarətçisi İddiaçı işində yol verdiyi kobud nöqsanlara görə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmiş, İddiaçı öz xahişi ilə işdən azad edilməsinə dair ərizə ilə işəgötürənə müraciət etdiyi halda ərizəsinin işəgötürən tərəfindən qəbul olunması tövsiyə olunmuşdur. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 218796 saylı əmrindən görünür ki, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək funksiyalarını kobud şəkildə pozduğuna görə sərnişin daşımaları departamentinin aparatının xəttinin Məmmədli dayanacağının kassir nəzarətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən İddiaçı ilə son haqq-hesabın aparılmasını, o cümlədən işlədiyi dövrdə istifadə etmədiyi 6.1 təqvim günü (xx.xx.2022-xx.xx.2022-ci iş ili üçün) əsas məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Əsaslandırıcı hissə: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Həmin əmrdən narazı qalmış iddiaçı yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə görə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci və 3-cü bəndlərinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixində gecə növbəsində vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatdığı, həmçinin oranı özbaşına tərk etdiyi halları müəyyən edilmişdir. Bu fakt müəssisə daxilində olan kamera görüntüləri, İddiaçı xx.xx.2022-ci il tarixli izahatı və digər əməkdaşlar Abbasova Lətafət və Nəbiyeva Ceyran tərəfindən xx.xx.2022-ci il tarixində yazılmış izahatlarla öz təsdiqini tapmışdır. İşçinin öz vəzifəsini icra edərkən iş yerində (xidməti otağında) yatdığı, həmçinin oranı özbaşına tərk etdiyi halı Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində qeyd edilən əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın normal ahənginin pozulmasına səbəb olmuşdur. Bundan başqa, cavabdeh İddiaçı iş vaxtı iş yoldaşı Əliyeva Esmiraya qarşı qeyri-etik hərəkət edərək, Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində qeyd edilən əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Bu hal Əliyeva Esmira tərəfindən xx.xx.2022-ci il tarixli izahatında öz əksini tapmış, lakin cavabdeh bununla bağlı izahat yazmaqdan imtina etmişdir. Bununla bağlı keçirilən iclasda cavabdeh tutduğu əməli etiraf etmiş və şikayətçi Əliyeva Esmiradan üzr istəmişdir və bu hal aktlaşdırılmışdır. İddiaçı bu hərəkətləri ilə əmək funksiyalarını kobud şəkildə pozmuşdur. Göründüyü kimi işəgötürən iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməklə (əmək müqaviləsinə xitam verməklə) haqlı olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “işə bərpa və s. tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar