Məhkəmə qərarları › İş №2(006)-486/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-486/2025

27.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-486/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlu və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər X4 və X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər X4 və X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında olan vedə yaşayırlar. İddiaçı onlara dəfələrlə evindən çıxmağını bildirsə də, lakin onun tələblərini yerinə yetirməyiblər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya məxsus olan evdə olan bütün əşyalar ona məxsusdur və həmin mənzildən onun əşyaları ilə birlikdə istifadə edirlər. Ona görə onlar iddiaçının mənzilindən çıxarılarkən ona məxsus əşyalar saxlanılmaqla çıxarılmalıdırlar. Həmin mənzildə olan yataq dəsti, mətbəx mebeli, qonaq dəsti, dəhliz mebeli, televizor 1 ədəd, meyvə qabı 3 ədəd çevik forması italiya, boşqab naboru-105 ədəd Depos firması italiya, soyuducu, paltaryuyan, bütün elektrik avadanlıqları, kondisoner, tozsoran. Yalnız onların və uşaqlarının paltarları onlara məxsusdur. Bundan başqa, cavabdehlərin iddiaçıya məxsus olan mənzilə heç bir hüququ yoxdur. Onun mülkiyyətində evi vardır. Həmin ev Daşkəsən rayonu, Zağalı kəndində yerləşir. Həmin mənzil xx.xx.2020-ci il tarixdən ********** saylı çıxarış əsasında Cavabdeh1 mülkiyyətindədir. Göründüyü kimi cavabdehlərin yaşayış evi vardır və mənzilə ehtiyacı yoxdur. Beləliklə, həmin mənzildə cavabdehlərin çıxarılması qanuni və əsaslıdır. Göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən ona məxsus həmin mənzildə olan yataq dəsti, mətbəx mebeli, qonaq dəsti, dəhliz mebeli, televizor 1 ədəd, meyvə qabı 3 ədəd çevik forması italiya, boşqab naboru-105 ədəd Depos firması italiya, soyuducu, paltaryuyan, bütün elektrik avadanlıqları, kondisoner və tozsoranın mənzildə saxlanılmaqla cavabdehlər Cavabdeh1 və X1 çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və X1 ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Fərhad oğlu iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasın xahiş etdi. Əlavə olaraq, sədrlik edənin sualına cavab olaraq bildirdi ki, mübahisəli mənzil 2019-cu ildə əldə edilib. 2022-ci ildə isə çıxarış alınıb. 5.Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı onun anasıdır. O, hazırda həyat yoldaşı və azyaşlı övladları ilə birlikdə mübahisəli mənzildə yaşayır. Ondan başqa onların heç bir yaşayış yeri yoxdur. Mülkiyyətində sadəcə Daşkəsən rayonunda yerləşən ev vardır ki, həmin evdə yaşamaları mümkün deyildir. Həmçinin, iddiaçı artıq həmin mənzillə bağlı da məhkəməyə müraciət etmişdir. Həmin evin üzərinə həbs qoyulmuşdur. Bundan başqa, onlar artıq 4 ildən çoxdur ki, mübahisəli mənzildə yaşayırlar və tərəfindən həmin mənzil əsaslı təmir olunmuş və əşyalarla təchiz olunmuşdur. Bununla bağlı sənədləri də məhkəməyə təqdim etmişdir. Onun övladları da həmin mənzilə yaşayır və yaxınlıqdakı məktəbdə təhsil alır. Odur ki, bütün bu halları nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. 6.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh X5 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) ) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 8.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil 526 (Yeni qaydalarla: AZ 1078, ünvan 1) İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh1 iddiaçının oğludur və ailə üzvləri ilə birlikdə (digər cavabdeh X5 və uşaqları ilə birlikdə) iddiaçıya məxsus mübahisəli mənzildə onun razılığı və icazəsi olmadan yaşayır. İddiaçı cavabdehlərin sözügedən mənzildən çıxarılmasını tələb etsə də, cavabdehlər hazırda mənzildə yaşamaqda davam edirlər. Hazırda iddiaçı cavabdehlərin mənzildən çıxarılmasını tələb edir. b) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil 526 (Yeni qaydalarla: AZ 1078, ünvan 1) xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 10.Mülki işin materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına xx.xx.2020-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. 11.Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2025-ci il tarixli,İ MŞB/6-00015 saylı X2 iştirak edilməməsi barədə Arayışdan görünür ki, həmin tarixdə mənzildən istifadə hüququnun tanınması tələbinə dair keçirilən X2 Cavabdeh1 və X5 iştirak etmiş, lakin İddiaçı iştirak etməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13.Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 15.Həmin Məcəllənin 157.2, 157.4-cü maddələrinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 16.Həmin Məcəllənin 228.1, 228.5-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 17.Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olmaqla, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarının olmaması hazırki işin mübahisəsiz halını təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilində cavabdehlərin buna hər hansı hüququ olmadan yaşaması faktı iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır. Belə ki, cavabdehlərin mübahisəli evə dair hər hansı bir hüquqları mövcud deyildir. Çünki onların həmin evdə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ, məhkəmə qətnaməsi ilə müəyyən edilən hüquq) aşkar edilməmiş, habelə cavabdehlər də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin mülki işin araşdırılan hallarından göründüyü kimi Cavabdeh1 adına Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yəni cavabdehin hazırki mübahisəli mənzildən başqa yaşaya bilməsi üçün öz mülkiyyətində alternativ olaraq fərdi yaşayış evi mövcuddur, yəni cavabdehin hal-hazırda mübahisəli mənzildə yaşaması hər hansı bir ehtiyacdan, zərurətdən irəli gəlmir. Digər cavabdeh, yəni X3 gəlincə isə o, iddiaçının oğlu, yəni digər Cavabdeh1lə nikaha daxil olduqdan sonra iddiaçıya məxsus mənzildə yaşamağa başlaması həmin cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün əsas hesab olunmur. Çünki qanunvericiliyin tələbinə görə, cavabdeh heç vaxt «digər qohum» kimi iddiaçının ailə üzvü olmamışdır. 18.Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 19.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində «digər qohumlar» dedikdə qanun yaşayış sahəsi mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan bacı, qardaş, baba, nənə, nəvə, tərbiyəçi, ögey oğul və qızlarını nəzərdə tutmuşdur. 20.Göründüyü kimi, cavabdeh X5 iddiaçının gəlini olmaqla, ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslərin kateqoriyasına da aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü, yaxud da «digər qohum»u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ da əvvəldən heç yaranmamışdır. 21.Beləliklə də, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və X5 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. 22.Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. 23.Hazırki iş üzrə məhkəmə Cavabdeh1 ailə üzvləri ilə birlikdə hal-hazırda mübahisəli mənzildə yaşadığını, onun ailə üzvləri ilə birlikdə özünə məxsus olan Daşkəsən rayonu, Zağalı kəndində yerləşən fərdi yaşayış evinə köçməsi üçün aradakı məsafəni və həmçinin, əşyaları ilə birlikdə çıxarılmalarını müəyyən vaxt almasını nəzərə alaraq hesab edir ki, cavabdehlərin mənzildən çıxarılmaları qətnamə qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində icra edilməlidir. 24.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 26.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 27.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 28.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 29.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 30.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X5 ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsınlar. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra 1 (bir) ay müddətində icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar