Məhkəmə qərarları › İş №2(006)-4865/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4865/2020

11.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4865/2020 11.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Bakı şəhəri 14 X12 maraqlı şəxs qismində cəlb edilməklə "vərəsəlik şəhadətnaməsinin verilməsi və s." tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X7 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 37 saylı evin 47 nömrəli mənzili üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətin üzürlü hesab edilməsinə və həmin əmlak üzrə ona vərəsəlik şəhadətnaməsinin verilməsinin Bakı şəhəri 14 X12nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, ərizəçinin qardaşı X11 xx xxxxxx 1965-ci ildə Bakı şəhərində anadan olub və bu barədə xx xxxxxx 1965-ci il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsində 5568 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. xx xxx 2019-cu il tarixdə Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan göründüyü kimi atası - X5, anası isə X1. USSR, Zaporojvevil, Berdyansk şəhərinin VVAQ Şöbəsi tərəfindən xx xxxx 1977-ci il tarixdə verilmiş və İ-DKC 494967 №-li doğum haqqında şəhadətnamədən də göründüyü kimi, ərizəçi xx.xx.1977-ci ildə USSR, Zaporojvevil, Berdyansk şəhərində doğulmuş və atası X5, anası X4. X6 qardaşıdır. Onların atası X2. Ərizəçinin qardaşı Mixail Yuryeviç xx.xx.2019-cu ildə ölmüş və ölümü Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2019cu il tarixdə 75 №-li qeydiyyat aparılmışdır. Ərizəçinin qardaşının ölümündən sonra ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 37 saylı evin 47 nömrəli mənzili miras qalmışdır. Ərizəçinin isə arvadı və övladı yoxdur. Onun yeganə vərəsəsi ərizəçidir. Buna görə də ərizəçi qardaşından qalan mirasa vərəsəlik şəhadətnaməsi verilməsi üçün tərəfindən Bakı şəhəri, 14 X12nə müraciət olunmuşdur. Ərizəçi vərəsəlik şəhadətnaməsinin verilməsi barədə müraciətinə zəruri sənədləri əlavə edib versə də, 14 X12 ona vərəsəlik şəhadətnaməsi verməkdən əsassız olaraq imtina edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-ci və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən aidiyyatı üzrə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Bakı şəhəri 14 X12 tərəfindən ərizəçiyə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi qanunsuz və əsassızdır. Belə ki, ərizəsinə əlavə edilmiş mötəbər sənədlərdən də göründüyü kimi, X9 ərizəçinin qardaşı olması təkzibedilməzdir və bu hal notarius tərəfindən təsdiqlənmiş və tərcümə edilmiş doğum haqqında şəhadətnamələrdən də açıq-aydın görünür. Lakin zəruri sənədlər tərəfindən notariat ofisinə təqdim edilməsinə baxmayaraq yuxarıda qeyd edilən sənədlərin əsillərinin təqdim edilməməsi bəhanəsilə əsassız olaraq şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 37, mənzil 47 tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlak əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli № 05\Q-790/69 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1965-cı il tarixdə anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında X3 qeyd olunmuşdur. İş materiallarında olan Zaporojve vil., Berdyansk ş., VVAQ şöbəsi tərəfindən xx xxxx 1977-ci il tarixdə verilmiş, İ-ЖС 494967 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında X8 qeyd olunmuşdur. İş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxx 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 018958 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 75 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 14 X12 tərəfindən verilən xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, miras qoyanın axırıncı yaşayış yerindən arayışın, miras qoyanın birinci növbəli vərəsələrinin olub-olmadığı barədə sənədin, eyni zamanda miras qoyanla qohumluq faktını sübut edən sənədin əsli və ya bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin təqdim olunmadığı müəyyən edildiyindən həmin miras əmlaka dair Ərizəçi adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin imkanları xaricində olduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ikinci növbədə-ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1318-ci maddəsinə əsasən notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Qeyd edilən Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, mərhum X11 ərizəçinin qardaşıdır. X11 xx xxxxxx 2019-cu il tarixdə vəfat etmişdir. Ondan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 37, mənzil 47 miras qalmışdır. Onun birinci növbədən olan vərəsələri yoxdur. Ərizəçi onun bacısı olmaqla ikinci növbəli yeganə vərəsədir. Ərizəçi mirası qəbul etməklə əlaqədar Bakı şəhəri 14 X12nə qanunda nəzərdə tutulmuş müddəti ötürməklə müraciət etmiş, notariat ofisi isə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə ərizəçinin Azərbaycan Respublikası hüdudlarından kənarda olmasını və mirasın qəbulu üçün ötürülən müddətin qısa olduğunu (belə ki, ərizəçinin qardaşı xx.xx.2019-cu il tarixdə vəfat etmiş, ərizəçi isə həmin tarixdən hesablanmalı olan 6 aylıq müddəti 10 gün ötürməklə notariat ofisinə müraciət etmişdir) nəzərə alaraq hesab edir ki, mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi qardaşı X7 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 37, mənzil 47-ə dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilməli və həmin müddət uzadılmalı, X10 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 37, mənzil 47-ə dair Ərizəçi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 14 X12nə həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi qardaşı X7 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 37, mənzil 47-ə dair mirasın qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilsin və həmin müddət uzadılsın. X10 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 37, mənzil 47-ə dair Ərizəçi qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 14 X12nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar