Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4867/2021 15.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 31.08.2020-ci il tarixdə əmək haqqı kartı ilə bağlı yaranmış problemlə əlaqədar Azərbaycan Beynəlxalq Bankının Binəqədi filialına müraciət etmişdir. Bununla əlaqədar bank tərəfindən təqdim edilmiş iddiaçıya məxsus ******************** saylı hesabdan çıxarışından aydn olmuşdur ki, 08.04.2020-ci il – 06.08.2020-ci il tarixləri aralığında müxtəlif vaxtlarda xarici ölkəyə məxsus internet saytlarına hesab sahibinin sərəncamı və məlumatı olmadan ümumilikdə 1608,05 manat ödəniş həyata keçirilmişdir. İddiaçının sözlərinə görə bank öz səhvini boynuna alaraq ona qeyd olunan pul vəsaitinin geri qaytarılması üçün rəsmi qaydada ərizə yazmaq təklif etmişdir. İddiaçı pul vəsaitinin geri qaytarılması üçün Azərbaycan Beynəlxalq Bankının Binəqədi filialına ayrı-ayrılıqda üç ərizə təqdim etmiş və bankın Səadət adlı əməkdaşı tərəfindən müraciətlər sənədləşdirilmişdir. Bundan sonra iddiaçının icazəsi olmadan çıxarılan pul vəsaitinin 546,56 manat hissəsi geri qaytarılmış, lakin qalan məbləğ hesaba köçürülməmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçı filiala yenidən müraciət edərək pul vəsaitinin qalan hissəsinin aqibəti ilə maraqlanmışdır. Filialın əməkdaşı Günay Qubadova qeyd etmişdir ki, pandemiya ilə əlaqədar ərizələrə məsul əməkdaşın işə çıxmaması səbəbindən pulun geri qaytarılması üçün nəzərdə tutulmuş 180 gün müddət keçmişdir və buna görə də silinmiş pulun qaytarılması qeyri-mümkün olmuşdur. Lakin bu müddət barədə iddiaçıya məlumat verilməmişdir. Bununla da bank iddiaçının 3 ərizəsindən birinə baxaraq təmin etmiş, qalan ərizələr isə icra edilməmişdir. İddia ərizəsinə əlavə edilən ingilis dilində olan «Copy letter to X1» sənədindən də aydın olmuşdur ki, pul vəsaitləri iddiaçının bank hesabından qanunsuz olaraq silinmişdir və bir hissəsi banka ərizə ilə müraciət edəndən sonra geri qaytarılmışdır. Bank digər ərizələrin icra edilməsindən imtina etməklə, pul vəsaitini hazırki vaxtadək geri qaytarmamışdır. Bununla əlaqədar iddiaçıya məxsus ******************** saylı hesabdan çıxarılmış pul vəsaitinin geri qaytarılmasına dair ərizələrə baxılmanın nəticələri barədə məlumatın əldə edilməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankının Binəqədi rayon filialına vəkil sorğusu göndərilmişdir. Lakin sorğuya cavab verməkdən imtina edilmişdir. Cavabdeh bank tərəfindən iddiaçıya sonuncu ödəniş 2020-ci ilin 31 avqust tarixində 546,56 manat məbləğində edilmişdir və bu tarix üçün cavabdehə ödənilməli borc məbləği ümumilikdə 1061 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı sonuncu dəfə 18.12.2020-ci il tarixinə müəyyən etdiyi illik uçot faiz dərəcəsi 6,25% təşkil etdiyindən iddiaçı hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə onun vəsaitindən faydalanmağa görə həmin pul məbləğindən faiz tutulmalıdır. Buna görə də 31.08.2020-ci il tarixdən iddia qaldırılan 17.06.2021-ci il tarixə qədər uçot faiz dərəcəsi hesablandıqda, illik (365 gün) 1061 manat x 6,25%=66 manat/365 gün=0,18 manat hər gün üçün, 0,18 manat x 290 gecikmə gününə = 52 manat faiz ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə əsas borc qismində 1061 manat, özgəsinin pul vəsaitinin faydalanmağa görə 52 manat, dövlət rüsumu üçün 30 manat olmaqla, cəmi 1143 manat vəsaitin tutulmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbinin tam əsassız hesab edərək öz izahatında göstərmişdir ki, qarşı tərəf imtinanın prosedurun aparılması üçün müəyyən edilmiş 180 gün müddətin başa çatması səbəbindən verildiyini iddia edir, onlar hesab edirlər ki, müddət yekunlaşmasa idi, pul vəsaiti geri qaytarılardı, çünki aparılan əməliyyat iddiaçı tərəfindən aparılmayıb. Lakin keçən məhkəmə iclasında da cavab məktubunu təqdim edərək cavabdehin nümayəndəsi bildirmişdir ki, imtinanın əsasını bu yox, aparılan əməliyyatların, həqiqətən də iddiaçı tərəfindən və onun hesabı ilə aparılması təşkil edir. Qeyd olunan 546,56 manat pulu da silinmənin səbəbini açıqlaya bilmədikləri üçün qaytarıblar. Bu etiraf sayılmır. Bu cür hallarda vətəndaşların SMS Application sistemini aktivləşdirməmələri bu cür problemlərə səbəb olur. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı məxsus **********225490332 saylı hesabdan çıxarışından görünür ki, 08.04.2020-ci il tarixdən 06.08.2020-ci il tarixədək müxtəlif ödənişlər həyata keçirilmişdir. İş materiallarında olan ingilis dilində tərtib edilmiş «X5», «Copy Letter to X2» və «X3» sənədlərindən görünür ki, İddiaçı məxsus kart hesabından «X4» , «X6 » internet saytlarına müxtəlif ödənişlər edilmişdir. Məhkəmə qeyd edir ki, qeyd olunan saytlar internet mağazinləridir və həmin internet mağazinlərinə daxil olmaq üçün müştəri öz şəxsi məlumatlarını bank hesabıda daxil olmaqla e-mail, parol və s daxil etməklə ötürmüş olur. Məlumatlar mağazinə ötürüldükdən sonra müştəri artıq həmin mağazində onlayn qaydada alış-veriş etmək imkanı əldə etmiş olur. Edilən alış nəticəsində isə mağazin ötürülmüş bank məlumatlatlarına əsasən müştərinin hesabından pul vəsaitini silir. Hazırki iddia tələbində və iş materiallarındada iddiaçının müştəri kimi həmin mağazinlərdən alış-veriş etməsi aşkar görünür. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı onun icazəsi olmadan onun hesabından silinmiş pulun qaytarılması ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə ilk növbədə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Hazırki mülki işin gedişatı zamanı iddiaçı məhkəməyə iddiada göstərdiyi halları təsdiq edən heç bir mötəbər dəlil təqdim edə bilməmiş, mülki iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş rəsmi sənədlər isə bu faktın əksini deməyə əsas vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə həmçinin iddianın özgənin pul vəsaitindən faydalanmağa görə 52 manat pulun qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi ilkin hissədə təmin olunmadığından və ikinci tələb birinci tələblə bağlı olduğundan prossesual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan iddia tələbi bu hissədə də təmin edilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdiq etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4867/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4867/2021
15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver