Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4876/2021 13.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh Yəhya oğluna qarşı «mənzildən istifadə hüququnun müəyyən olunması, mənzilə həmin hissədə köçürülməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Yəhya oğluna qarşı «mənzildən istifadə hüququnun müəyyən olunması, mənzilə həmin hissədə köçürülməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Yəhya qızı ilə 2015-ci ildən nikahları pozulmuş və birgə nikah dövründə əldə olunmuş, əvvəllər birgə yaşadıqları əmlak məhkəmə qaydasında bölünərək paylar ½ qaydada müəyyən olunmuşdur. İddiaçı DƏDRX-i tərəfindən cavabdehlə ½ paylı mülkiyyətdə olan 05.07.2016-cı il tarixli, ********** saylı elektron çıxarış verilmişdir. Həmin dövrdən bu günədək iddiaçının mülkiyyət hüququ pozulmaqda davam edir, belə ki, iddiaçı özünə məxsus mənzil payından istifadə edə bilmir, cavabdeh onu mənzilə daxil olmağa, mülkiyyətindən istifadə etməyə imkan vermir. Dəfələrlə cavabdehə mənzildə öz hissəsinə aid sahədə yaşamasına şərait yaradılmasını xahiş etsə də, cavabdeh buna imkan vermir. İddiaçının başqa yaşayış yeri, stabil gəliri yoxdur və kirayə yaşamağa maddi çətinlik çəkir. Bu səbəbdən də məsələnin hüquqi müstəvisində həll olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən cavabdehlə paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən, ümumi sahəsi 139,1 kv.m. olan 41 saylı evin evin 47 nömrəli mənzilinə payına uyğun istifadə qaydalarının müəyyən olunması, həmin mənzilinə payına uyğun istifadə qaydalarının müəyyən olunması, həmin mənzilə köçürülməsini və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə ½ paylı mülkiyyətlərində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən ümumi sahəsi 139,1 kv.m., 4 otaqdan ibarət 41 saylı evin 47 №-li mənzilin ½ payına uyğun sağ və ya sol hissəsindəki 2 otaqlı sahəsinin və 1 s/q-nın iddiaçının istifadə hüququnun müəyyən olunması və mənzilin həmin hissəsinə köçürülməsi, eləcə də cavabdeh tərəfindən törədilən maneələrin son qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, habelə iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh Yəhya qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.12.2015-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh Yəhya qızı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10.12.2015-ci il tarixdə 332 No ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05.07.2016-cı il tarixli çıxarışın kserosurətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən 41 saylı evin 47 saylı mənzili paylı mülkiyyət hüququ üzrə ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh Yəhya qızının mülkiyyətindədir. Beləliklə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh mübahisəli Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən, ümumi sahəsi 139,1 kv.m. olan 41 saylı evin evin 47 nömrəli mənzilin paylı mülkiyyətçiləridirlər. İddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq, cavabdehin hərəkətləri nəticəsində həmin mənzilə köçüb, qeyd olunan mənzildən istifadə edə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır. Göründüyü kimi mülkiyyət hüququ (o cümlədən mülkiyyət hüququnun xüsusi növü olan paylı mülkiyyət hüququ) üç səlahiyyəti (sahiblik, istifadə, sərəncam) özündə birləşdirir və həmin səlahiyyətlərdən birinin məhdudlaşdırılması mülkiyyət hüququnun pozulmasına dəlalət edir. İşdən göründüyü kimi iddiaçı mübahisəli mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olsa da, həmin mənzilin digər paylı mülkiyyətçisi olan cavabdehin hərəkəti nəticəsində öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməklə haqlı olmuş və onun iddiası bu hissədə qismən təmin olunmaqla, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən 41 saylı evin 47 saylı mənzilə köçürülməlidir. Məhkəmə iddianın sırf mənzilin seçilmiş hissələrinə köçürülməsi ilə bağlı qeyd edir ki, iddiaçı ümumi mənzilə 2/1 paya mülkiyyət hüququ ilə malik olduğundan, digər payçınında eyni hüquqlara malik olması nəzərə alaraq bu hissədə iddia tələbi təmin oluna bilməz. Seçilmiş hissəyə yəni evin sağ və sol hissəsindəki 2 otağa və bir sanitar qovşağa köçürülməsi icra mərhələsində tərəflərin razılığı əsasında mümkündür. İddia tələbinin istifadə hüquqlarının tanınması hissəsinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, bu hissədə iddia ərizəsi əsassız olduğuna görə təmin oluna bilməz. Belə ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisidir və artıq onun həmin mənzilə istifadə və sahiblik hüququ vardır. Mövcud olan hüququn yenidən müəyyən edilməsi məhkəmə predmetini təşkil edə bilməz. Məhkəmə iddia tələbinin cavabdeh tərəfindən törədilən maneələrin son qoyulması hissəsi üzrə isə qeyd edir ki, cavabdeh tərəfindən maneələrin törədilməsi ilə bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim olunmadığından ( video görüntü, fotoşəkillər, şahid ifadələri və s), həmin hissədə tələb əsassız hesab edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən 4 otaqdan ibarət 41 saylı evin 47 mənzilə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Yəhya oğluna qarşı «mənzildən istifadə hüququnun müəyyən olunması, mənzilə həmin hissədə köçürülməsi və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsində yerləşən 4 otaqdan ibarət 41 saylı evin 47 mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-4876/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4876/2021
13.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver