Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4894/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı kredit müqaviləsinin aid edilməməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun iradəsindən asılı olmayaraq cavabdeh "xxxx" ASC-yə olan 10884,88 manat məbləğində borcun yaranmasına səbəb olmuş kredit müqaviləsinin ona aid edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona məxsus 4127-2081-2489-8841 saylı kart müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2023-cü il tarixli əlavə razılaşmanın ona aid edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçının maaş kartından kiber cinayətkarlar vasitəsilə pul oğurlanıb. Belə ki, onlayn qaydada adına kredit xətti açılaraq pul çəkilib və o, heç bir pul vəsaiti görməmiş "xxxx" ASC qarşısında əsassız olaraq borclanmışdır. Mürcaiəti əsasında Sumqayıt şəhər Polis İdarəsində faktla bağlı AR CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi qaldırılmış və xx.xx.2023-cü il tarixdə iş icraata qəbul olunmuşdur. Həmin cinayət işi üzrə o, zərərçəkmiş şəxs kimi tanınmışdır. Yəni kibercinayət yolu ilə onun kart hesabından vəsait oğurlanıb və bu əməldən zərər çəkmişdir. "xxxx" ASC onunla kredit müqaviləsi olduğunu iddia etməklə əmək haqqına yönəltmə etməyə başladı və onun 2 aylıq əmək haqqını əsassız tutdu. Bundan sonra ona əmək haqqından tutmaların dayandırılması ilə bağlı Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-188/2024 saylı qərardadı ilə ərizəsi təmin edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(103)-364/2024 saylı qərardadı ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)- 188/2024 saylı qərardadı dəyişdirildiyindən saxlanılmışdır. Tutmalar dayandırıldığı halda "xxxx" ASC Sumqayıt şəhər 1 saylı Notdriat Ofisinə müraciət etmiş xüsusi notariusu xx.xx.2024-cü il tarixli icra qeydinə əsasən ondan 10884, 88 manat pulun tutulması qərara alınmışdır. İcra qeydi ilə əlaqədar Sumqayıt şəhər üzrə İcra İdarəsi tərəfindən icra hərəkətlərinə başlanılmışdır. O, öz iradəsilə "xxxx" ASC-dən kredit götürməmişdir. Bu pulun ondan tutulması qanunsuz və əsassızdır. Çünki ortada cinayət əməli var və o, bu əməldən zərərçəkmiş şəxsdir. Artıq cinayət işi üzrə ondan oğurlanan pulun kimlərin hesabına köçürülməsi də müəyyən edilmişdir. AR Mərkəzi Bankının idarə heyətinin xx.xx.2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Bank hesablarının açılması, aparılması və bağlanması qaydalarfna əsasən müqavilə məsafədən bağlanarkən müştərilərinin buna iradəsinin mövcudluğunun yoxlanılması üçün xüsusi prosedurlardan eyni zamanda bir neçəsindən istifadə edilməsi nəzərdə tutulmuşdur. Bank tərəfindən bu prosedurlar yerinə yetirilməmişdir. Cavabdehin etirazı: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırkı tələbin hərfi mənada yazılışı fərqli olsa da, eyni iddiaçı tərəfindən eyni cavabdeh olaraq "xxxx" ASC-yə qarşı eyni kredit muqaviləsinin etibarlılığı şübhə altına alınaraq həmin müqavilə üzrə tutulmuş pulun geri qaytarılmasına dair iddia tələbi olmuşdur. Həmin iş üzrə müqavilənin etibarlılığı və məhz iddiaçıya aidliyi yoxlanılmış məhkəmənin 2(006)-2756/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilərək həmin müqavilə üzrə pulun qaytarılması təmin edilməmişdir. Odur ki, hazırda icraata xitam verilməsi zəzurəti yarandığından məhkəmədən icraatında olan 2(006)- 4894/2025 sayli iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Sumqayıt səhər 1 saylı notariat ofisinin 8İ-7402 saylı 12.09 2024-cü il tarixli icra sənədinə əsasən, Sumqayıt şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edir, həmin sənədlər üzrə AZ1005, ünvan 1 ünvanında yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin /VÖEN:**********/ xeyrinə Sumqayt şəhəri, YAT-15 ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı (AA*******, xx.xx.2019 - Asan-Sumqayıt; FİN xxxxxxx; d/t: xx.xx.1975) TL-EE002029919 nömrəli müqaviləyə əsasən xx.xx.2024cü il tarixi müddət üçün vaxtında ödənilməmiş 10859 manat 88 qəpik (on min səkkiz yüz əlli doqquz manat səksən səkkiz qəpik) tutulması, bundan əlavə təklif edir borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10884 manat 88 qəpik (on min səkkiz yüz səksən dörd manat səksən səkkiz qəpik) pul tutulmalıdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2024-cü il tarixli icra ödənişinin alınması barədə qərarının surətinə əsasən Sumqayıt səhər 1 saylı notariat ofisinin 8İ-7402 saylı 13.09 2024-cü il tarixli icra sənəcinə əsasən İddiaçı 761.94 manatı məbləğində) icra ödənişi tutulması, icra ödənişi Kapital Bank" ASC-də Sumqayıt şəhəri üzrə icra İdarəsinin xüsusi fondunun hesabına köçürülməlidir. Sumqayıt ŞPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli qərarının surətinə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və cinayət işi icraatına qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunun surətinə əsasən “Tələbin dərhal icrası haqqında" Bildirişə və əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(006)-188/2024 saylı icra vərəqəsinə əsasən bildirilir ki, İddiaçı əmək haqqından akseptsiz qaydada aparılan tutmalar "xxxx" ASC tərəfindən dayandırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2756/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-813/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə, üçüncü şəxslər "xxxx" ASC-yə və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1120/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 mart 2025-ci il tarixli, 2(060)-813/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı "xxxx" ASC ilə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli TLEE002029919 nömrəli müqaviləyə əsasən bank tərəfindən illik 24 faiz dərəcəsi olmaqla, 59 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Sözügedən müqavilə üzrə İddiaçı üzərinə düşən öhədlikləri yerinə yetirmədiyi üçün həmin müqavilə üzrə "xxxx" ASC-nin notariat icra qeydi haqqında ərizəsinə əsasən Sumqayıt şəhər 1 saylı notariat ofisi tərəfindən 8İ-7402 saylı xx.xx.2024-cü il tarixli icra qeydi aparılmışdır. İddiaçı həmin icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-813/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdehlər Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinə və "xxxx" ASCyə qarşı iddia irəli sürüb, sözügedən müqavilənin ona aid olmaması barədə qətnamə çıxarılmasını xahiş edir və iddiasını müqavilənin onun iradəsindən kənar bağlanması ilə əsaslandırır. Məhkəmə ilk növbədə cavabdeh Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinə münasibətdə məhkəmə qeyd edir ki, notariat ofisi hazırkı tələb üzrə iddiaya cavab verməli şəxs deyildir. Belə ki, iddia tələbindən görünür ki, hazırkı mübahisə, İddiaçı ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin iddiaçının iradəsinə zidd olması barədədir. İddiaçının tələbini yönəltdiyi həmin cavabdeh hazırki iddia tələbi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur. Belə ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Sumqayıt Şəhər 1 saylı Notariat Ofisi həmin müqavilə üzrə tərəf olmadığından ona qarşı hazırkı tələbin irəli sürülməsi yolverilən deyildir. Ona görə də ona münasibətdə iddia rədd edilməlidir. Məhkəmə iclasında MPM-in 14-cü maddəsinin tələbi baxımından əsl olmayan cavabdehlə bağlı məsələ müzakirə olunmuş, lakin iddiaçı Sumqayıt Şəhər 1 saylı Notariat Ofisini cavabdehlər siyahısından çıxarmamış, "xxxx" ASC-ni əlavə cavabdeh kimi işə cəlb etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı kredit müqaviləsinin ona aid edilməməsi tələbinə dair hissədə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə, mülki iş üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinə qarşı kredit müqaviləsinin aid edilməməsi tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Sumqayıt Şəhər 1 saylı Notariat Ofisinə qarşı kredit müqaviləsinin ona aid edilməməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-4894/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4894/2025
28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver