Məhkəmə qərarları › İş №2(006)-490/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-490/2022

29.06.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-490/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "işə bərpa və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "işə bərpa və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli əmrinin etibarsız sayılması, xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətində Müştəri Xidmətləri Mərkəzinin Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, maddi ziyan kmi 2.400 manat, mənəvi ziyan kimi isə 10.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdən "AzərTürkBank” Açıq Səhmdar Cəmiyyətində Müştəri Xidmətləri Mərkəzinin Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə nümunəvi və nüfuzlu bank işçisi olmuş, ümumilikdə isə 40 il bank sektorunda fasiləsiz fəaliyyət göstərmişdir. "xxxx" ASC onu xx.xx.2021-ci il tarixdə bületendə olduğu vaxt qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Onun vəzifə və funksiyalarını yerinə yetirdiyi şöbə əsasən Bankda hüquqi və fiziki şəxslər tərəfindən aparılan əməliyyatlara nəzarət funksiyasını həyata keçirir. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin e) bəndinə əsaslanıb həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam vermişdir. Bundan öncə işəgötürən tərəfinden Azərbaycan Respublikası Əmək Məcəlləsinin iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan İctimai-təhlükəli əməllər törətdikdə 62-ci maddəsinin c) bəndinə əsasən işdən kənarlaşdırılmışdır. Maddənin məzmunundan göründüyü kimi göstərilən norma o, halda tətbiq olunur ki, işçi barəsində səlahiyyətli orqanlar tərəfindən barəsində inzibati və ya cinayət məsuliyyəti tədbiri görülmüş olsun. Onun barəsində isə belə bir tədbirin görülmədiyinə baxmayaraq, işdən kənarlaşdılmışdır. Sonradan 12 iyul 2021-ci il tarixdə işə buraxılmışdır. Əsassız olaraq o işdən kənarlaşdırıldığı vaxtda yeni 25 iyun 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək əmək haqqı ödənilməyib. İşin yuxarıda təsvir olunan hallarından göründüyü kimi işəgötürən əmək qanunvericiliyini ve konstitusiya ile qorunan əmək hüquqlarını pozmuşdur, ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı əmək qanurvericiliyinə nəzarət funksiyasını həyata keçirən orqana əmək hüquqlarının bərpa olunması ilə bağlı 23 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət olunmuşdur. Müraciətə baxılmış, X13 Xidməti Bakı şəhər İdarəsinin 14 sentyabr 2021-ci il tarixli İnzibati xəta haqqında MN № ******* Protokolunda işəgötürənin İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmişdir. X13 Xidməti Bakı şəhər İdarəsinin 20 sentyabr 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında MN № ******* Qərarı ilə işəgötürən İXMnin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 1.500 manat cərimə edilmişdir. X13 Xidməti Bakı şəhər İdarəsinin 20 sentyabr 2021-ci il tarixli **********8 saylı məktubu ilə ərizəsinə cavab verilmiş, işəgötürənə əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli 162/n saylı əmrin ləğv edilərək əvvəlki iş yerinə bərpa olunmağı barədə göstəriş xarakterli məktub göndərmişdir. Ancaq, Bank onu hazırkı vaxtadək işinə bərpa etməmişdir. İşdən azad edilərkən əmrin surəti, əmək kitabçası, son haq-hesabın həmin gün ona verilməmiş, son-haqq hesabın əmək haqqı kartına xx.xx.2021-ci il tarixdə köçürülmüşdür. Halbuki, qanunvercilikdə həmin sənədlər və son haqq-hesabın ödənişinin işçinin işdən azad edildiyi gün verilməsi nəzərdə tutulmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-d il tarixli əmrinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətində Müştəri Xidmətləri Mərkəzinin Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, maddi ziyan kimi 2.400 manat, mənəvi ziyan kimi isə 10.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini xahiş edərək həmçinin bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdə rəhbərliyin göstərişi ilə xəstə ola-ola işə çıxmış, axşam saat 16:00 radələrində İR departamentinin işçisinin ondan xəstəlik vərəqəsini tələb etmiş, o, isə məcbur qalıb xəstəlik vərəqəsini öz təkidi ilə xx.xx.2021-ci it tarixə bağlatdırmişdır. İşdən kənarlaşdırıldığı müddət ərzində çox pis xəstələnmiş və əmək qabiliyyətini itirməsi barədə İnsan Resusları departamentinin işçisinə və direktoruma məlumat vermişdir. İR departamentinin işçisi ona zəng edib rəhbərliyin ona işə çıxması barədə göstəriş verdiyini dediyindən rəhbərliyə böyük etimad göstərib xəstə ola-ola xx.xx.2021-ci il tarixdə işə çıxmışdır ki, yarımçıq işləri iş yoldaşına təhvil versin. Həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində sonra İR departamentinin işçisi ondan xəstəlik vərəqəsini tələb etmiş, o isə ona yuxarıda qeyd etdiyi kimi işə nə üçün çıxmasının səbəbini bildirmişdir. Ona isə elə həmən dəqiqə işini tərk etməsi, xəstəlik vərəqəsini götürüb sonradan işini davam etdirməsinə dair göstəriş verilmiş, o isə ona deyildiyi kimi məcbur qalıb xəstəlik vərəqəsini öz təkidi ilə xx.xx.2021-ci il tarixə bağlatmışdır. xx.xx.2021-ci il tarixdə təxminən saat 9-a qalmış banka gəlmiş, lakin polis aparata barmaq imzasını atmağa qoymamış, rəhbərlik tərəfindən ona içəriyə daxil olmaqla bağlı qadağa qoyduğunu, hələ gözləməli olduğunu bildirmişdir. Saat 9:00-dan sonra yenidən polisə yaxınlaşaraq ona anlaşılmazlıq ola biləcəyini, ondan xəstəlik vərəqəsi tələb olunduğunu, onu da götürdüyünü bildirsə də, içəri keçməyə ona icazə verməmişdir. Sonradan İR departamentinin nümayəndəsi aşağı düşmüş, ondan xəstəlik vərəqəsini tələb etmiş, alıb yoxlamış və yenidən yuxarı qalxmış, lakin o, yenə də içəriyə buraxılmamışdır. Bir az keçdikdən sonra həmin nümayəndə yenidən aşağı düşüb ona bildirmişdir ki, ya öz xahişi ilə ərizə yazıb işdən çıxsın, ya da işəgötürən onu maddə ilə işdən çıxaracaqdır. Həmin işçidən sədrlə görüşməsini tələb etsə də, buna imkan verilməmiş, sədrin onunla görüşmək istəmədiyi bildirilmişdir. Bir xeyli keçdikdən sonra bankın iki nümayəndəsi biri HR-nin işçisi, digəri isə İRD-nin işçisi aşağı düşmüş, lakin o, yenə də içəriyə buraxılmamışdır. Onlara sözünü çatdırmış, ona isə yenə də ya öz xahişi ilə ərizə yazıb işdən çıxmasını, ya da işəgötürənin onu maddə ilə işdən çıxaracağını bildirmişlər. Onlara halının pisləşdiyini deyib bayıra çıxmış, bu barədə başına gələnləri xatırlayıb fikirləşdikcə daha da pisləşmiş, işə buraxılmadığı üçün evə gəlmiş, halı çox pis olduğu üçün üstünə təcili yardım çağırılmış, xx.xx.2021-ci il tarixində üstünə təcili yardımın gəlməsi barəsində İR departamentinə, həm də direktoruna xəbər vermişdir. xx.xx.2021 -ci İl tarixində təxminən saat 10-a qalmış İRD tərəfindən ona zəng olunmuş, işdən dünən çıxarıldığı bildirilmiş, o, təkrar ona xx.xx.2021-ci il tarixində təcili yardıma müraciət etməsini bildirsə də, heç bir faydası olmamışdır Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndini tətbiq etməklə işdən kənar edilməsi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işdən kənar edilə bilər. Qanunun mətnindən göründüyü kimi, iş yerinin səlahiyyətli orqanı tərəfindən qəbul edilmiş müvafiq normativ sənəddə nəzərdə tutulan əməli törətmiş şəxs iş vaxtı ərzində işdən kənar edilə bilər. Cavabdeh ASC, Bankın və işçilərin mənafeyini qorumaq, işçilər, əmək kollektivi və Bank üçün mümkün zərərli nəticələrin qarşısını almaq məqsədilə hüquq pozuntusu törətmiş şəxslərin işdən kənar edilmə əsasları haqqında 21s saylı 22 noyabr 2017-ci il tarixli Sərəncam qəbul etmişdir. Sərəncama əsasən, iş vaxtı ərzində bilavasitə iş yerində qanunvericilikdə və bankdaxili normativ sənədlərdə təsbit edilmiş hüquq pozuntuları törətmiş və ya törətməkdə şübhəli bilinən işçilərin əmək vəzifələrini yerinə yetirməsinin davam etdirilməsi nəticəsində yarana biləcək mümkün əlverişsiz nəticələrin yaranmasının qarşısını almaq üçün həmin işçilər iş vaxtı ərzində müvəqqəti olaraq işdən kənar edilə bilərlər. Cavabdeh həmçinin yuxarıda göstərilən normativ sənədə istinad edərək müvəqqəti olaraq bəzi işçilərin işdən kənar edilməsi qərarına gəlmişdir. Nəzərə alınmalıdır ki, həmin hüquq pozuntularının törədilməsi İddiaçı tərəfindən etiraf olunmuşdur və bununla bağlı iddiaçı tərəfindən verilmiş izahat məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, əməlin iddiaçı tərəfindən törədilməsi faktı araşdırmanın aparılmasını, habelə əməyin təhlükəsizliyi, fasiləsizliyi və normal iş prosesini mühafizə etmək üçün işçinin müvəqqəti olaraq işdən kənar edilməsində cavabdehin mövqeyi haqlıdır və qanunvericliyin tələblərinə tam uyğundur. O da qeyd olunmalıdır ki, xx.xx.2021-ci il tarixində İddiaçı onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı məlumatı aldıqdan sonra həmin gün saat 12 (on iki) radələrində bankın inzibati binasını tərk etmişdir. Bildirmək istəyirik ki, elə həmin gün o, yenidən “X26”nə müraciət edərək saat 14.00 növbəti dəfə əmək qabiliyyətinin olmaması barədə vərəqə açdırmış və həmin vərəqə vasitəsilə manipulyasiyalar edərək işəgötürənin əmək müqaviləsini ləğv edərkən əmək qanunvericiliyinin tələblərini pozduğunu iddia etmişdir. İddiaçı tərəfindən qanunvericilik normalarının tələblərinin və əmək müqaviləsi üzrə müəyyən edilən öhdəliklərin pozulması faktı ilk dəfə “Azər-Türk Bank" ASC-yə Azərbayan Respublikasının Mərkəzi Bankının 21 iyun 2021-ci il tarixli 26- 07927-2021 nömrəli məktubunda qeyd edilənlərlə bağlı Cavabdeh ASC-nin apardığı təftişin nəticəsində məlum olmuşdur. 13 iyul 2021-ci il tarixində isə, xətanın törədilməsinin aşkar edildiyi gündən 1 (bir) ay keçmədən Cavabdeh ASC onun barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş (əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək) intizam tənbehi vermişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-ci bəndinə əsasən intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Qanunverici qeyd edilən maddədə yalnız maliyyə fəaliyyətini deyil, həmçinin təsərrüfat fəaliyyətinin yoxlanılması-təftişi zamanı aşkar edilən hüquqpozmalara görə inzibati tənbeh verilə biləcəyini müəyyən edir. Qeyd edilməlidir ki, işgüzar adətlərdən irəli gərələrək, bank fəaliyyəti ilə məşğul olan müəssisələrin əsas işi maliyyə fəaliyyəti ilə bağlı olduğundan, bankların auditi əsasən maliyyə fəaliyyətinin yoxlanılmasıdır və ildə bir dəfə həyata keçirilir. Bu səbəbdən, əmək və icra intizamının təmin edilməsi, əmək kollektivi və işəgötürənin hüquqlarının müdafiəsi məqsədilə qanunverici orqan müəssisənin təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilmiş xətalara görə tənbehin verilməsi mümkünlüyünü qanunvericilik aktına əlavə etmişdir. Həmçinin, adıçəkilən normada yalnız müəssisənin auditinə istinad edilmir, həmçinin yoxlama və təftiş zamanı da aşkar ediləcək qüsurlara görə müvafiq tənbehin verilməsi üçün müddət müəyən edilir. Azərbaycan dilinin izahlı lüğətinə görə, təftiş - işlərin düzgünlüyünü və qanuni olub-olmadığını yoxlamaq məqsədilə hər hansı idarə və ya vəzifəli şəxsin fəaliyyətinin tədqiq edilməsi, yoxlanmasıdır. Cavabdeh ASC də, məhz qanunvericinin təsbit etdiyi xətaların aşkar edilməsi və normal əmək intizamının, fasiləsiz iş rejiminin təmin edilməsi məqsədilə öz strukturunda Daxili nəzarət və Monitorinq departamenti yaratmışdır. Departamentin əsas məqsədlərindən biri də, müəssisənin təsərrüfat fəaliyyətinin yoxlanılması, qüsurlar aşkar ediləcəyi təqdirdə isə müvafiq tədbirlərin görülməsinin təmin edilməsindən ibarətdir. Departamentin Əsasnaməsinə görə, Bankın struktur bölmələri tərəfindən həyata keçirilən əməliyyatların qanunvericiliyə və bankdaxili qaydalara uyğun aparılmasına nəzarət edilməli, bununla bağlı müvafiq yoxlamalar (monitorinqlər) aparılmalı, nəticəsi Banka zərər vura bilən pozuntular aşkar edildikdə həmin pozuntunun aradan qaldırılması məqsədilə struktur bölmələrdən müvafiq tədbirlər görülməsi tələb edilməli, işlərində pozuntuya yol vermiş Bankın struktur bölmələrinin işçiləri barəsində intizam tədbirlərinin görülməsi məqsədilə rəhbərliyə müraciət edilməlidir. X22 Davranış Kodeksinə görə, işçilər öz vəzifə funksiyaları ilə əlaqədar olaraq əldə etdikləri bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların məxfiliyinin təmin edilməsinə və bank sirrinin qorunmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Göründüyü kimi, İddiaçı tərəfindən yol verilmiş intizam xətası, kənar informasiya (vətəndaş Bəyəliyeva Gülşənin müraciəti) daxil olduğu tarixdən müəssisə fəaliyyətinin təftişi zamanı müəyyən edilmişdir və hüquqpozuntusu baş verən tarixdən onun barəsində verilmiş intizam tənbehi arasındakı müddət iki ildən artıq deyildir. İddiaçı Cavabdeh ASC ilə bağlanmış əmək müqviləsinə xitam verilərkən bületendə olması barədə iddia ərizəsinə təqdim olunmuş 12 noyabr 2021-ci il tarixli etiraza əlavə olaraq bildiririk ki, iş üzrə cavabdeh “Azər-Türk Bank" ASC Azərbaycan Respublikası İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" PHŞ-ə 10 noyabr 2021-ci il tarixli, xx/xx-4135 saylı məktubla müraciət edərək, X1 təqdim etdiyi SN 0007 seriyalı, 166935 nömrəli xəstəlik vərəqəsinin doldurulmasının hüquqiliyinə dair məlumatın verilməsi xahiş edilmişdir. Publik hüquqi şəxsdən Banka verilən 30 noyabr 2021-ci il tarixli, PHŞ/1.1-2- 2021-4480 saylı cavab məktubuna əlavə edilən xəbərdarlıq vərəqəsində iddiaçının saat 14:00-da müvafiq tibb idarəsinə müraciət etdiyinə dair məlumat öz əksini tapmışdır. Daha öncə məhkəməyə bildirildiyi kimi, İddiaçı 13 iyul 2021-ci il tarixində iş yerində olmuşdur və bu fakt cavabdeh tərəfindən məhkəməyə təqdim olunan video görüntülərdə öz əksini tapmışdır. İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs AR ƏƏSMN yanında X13 Xidmətinə qarşı “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İddiaçı və “Azər-Türk Bank" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi vəzifəsi üzrə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə MXMnın direktoru Rəfail Şıxaliyevdən gəlini X3 işləyib-işləməməsi məlumatının öyrənmək üçün ona Gülşənin şəxsiyyət vəsiqəsinin məlumatlarını vermişdir. Rəfail müəllim sonrdan ona bildirmişdir ki, Bəyəliyeva Gülşən hal-hazırda işləmir. “Azər-Türk Bank" ASC-nin idarə heyətinin sədri Orxan Hüseynovun işçinin işdən kənarlaşdırılması haqqında xx.xx.2021-ci il tarixli, 143/k nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin birinci hissəsinin “c” bəndini rəhbər tutaraq İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması ilə bağlı olaraq "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi İddiaçı 25 iyun 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək işdən kənarlaşdırılması əmr edilmişdir. “Xəzər” tibb mərkəzi tərəfindən tərtib edilmiş əmək qabiliyyətinin olmamasına dair 166695 saylı vərəqədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işdən azad edilmişdir. “Azər-Türk Bank" ASC-nin idarə heyətinin sədri Orxan Hüseynovun əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 162/k nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsini rəhbər tutaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi İddiaçı müvafiq qanunvericiliklə müəyyən edilmiş tələbləri icra etməməklə yol verdiyi hüquq pozuntusu nəticəsində bankın qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə 13 iyul 2021ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr etmişdir. “Xəzər” tibb mərkəzi tərəfindən tərtib edilmiş əmək qabiliyyətinin olmamasına dair 166935 saylı vərəqədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, "xxxx" ASC-nin vəzifəli şəxsi X12 vətəndaş İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verdiyindən İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin X4 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, cəmiyyət rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən X6 ilə “Azər-Türk Bank" ASC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verildiyi müəyyən olunmuşdur. Eyni zamanda son haqqhesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr) əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Onun əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyindən “Azər-Türk Bank" ASCnin müdiri X11 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Əmək müqaviləsinə xitam haqqında cəmiyyətin xx.xx.2021-ci il tarixli 162/n saylı əmrin ləğv edilərək əvvəlki iş yerinə qayatırılması baradə "Azər-Türk Bank” ASC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(006)-2921/2021 saylı qərarına əsasən şikayətin təmin edilməsi, X8 Bakı şəhər idarəsinin rəisi X10 qəbul etdiyi MN serialı, ******* nömrəli, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(103)-2916/2021 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin rəisi Həmid Ədhəmov tərəfindən verilmiş şikayətin təmin edilməsi, X12 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin 20 sentyabr 2021-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 oktyabr 2021ci il tarixli, 3(006)-2921/2021 saylı qərarının ləğv edilməsi, X7 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilməsinə dair 20 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə X18 Ərazi Bölmələrini İdarəetmə X27 X19 Şəxsinin xx.xx.2021-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixində "Hipertonik kriz" diaqnozu ilə X20 müraciət etmiş, tibbi yardım aldıqdan sonra X21 poliklinika şöbəsinə gələrək həkim-kordioloqun qəbulunda olmuş, aparılan müayinələrdən sonra xəstəyə "ÜİX Stabil gərginlik stenokardiyası İİ-ci f.s" diaqnozu təyin edilmiş və ona xx.xx.2021-ci il tarixində 166695 saylı xəstəlik vərəqəsi açılmışdır. xx.xx.2021-ci il tarixində təkrar müraciətdə xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi uzadılmış, xəstə xx.xx.2021-cİ il tarixdə işə çıxması ilə əlaqədar olaraq öz təkidi ilə xəstəlik vərəqəsinin xx.xx.2021-ci il tarixdə bağlanılıb xx.xx.2021-ci il tarixdən işə yazılmışdır. İşin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdən "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə işləyərkən "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin 13 iyul 2021-ci il tarixli, 162-k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunmuşdur. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin düzgün tətbiq edilmədiyini, onunla imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu qeyd etməklə, məhkəmədən barəsində qəbul edilmiş 13 iyul 2021-ci il tarixli, 162-k saylı əmrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətində Müştəri Xidmətləri Mərkəzinin Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, maddi ziyan kmi 2.400 manat, mənəvi ziyan kimi isə 10.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaçının vəzifə hüquqpozması ilə bağlı intizam xətaya yol verdiyini, bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsinə xitam verilərkən tərəfindən əmək qanunvericiliyinin hər hansı pozuntusuna yol verilmədiyinə istinad edərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinin tələbinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən işçi barəsində intizam tənbehinin verilməsi zəruriliyi yoxlanılmaqla yanaşı həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Belə ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılıbaydınlaşdırılmaması, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahatın alınıb-alınmaması, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilib-verilməməsi və s. nəzərdən keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci və üçüncü bəndlərinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Göründüyü kimi Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci və üçüncü bəndlərinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Məhkəmə baxışı zamanı cavabdeh tərəfin verdiyi izahatdan, həmçinin işə əlavə olunmuş materiallardan müəyyən edildiyi kimi cavabdeh iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş halı iddiaçının gəlini X5 aid şəxsi məlumatları əldə etmək üçün Bəyəliyeva Gülşənin şəxsiyyət vəsiqəsində əks olunan məlumatları xx.xx.2020-ci il tarixində Müştəri Xidmətləri Mərkəzinin direktoruna verməsi ilə əlaqələndirmişdir. Beləliklə iddiaçının işdən çıxarılmasına dair əmr, həmin intizam xətasının törədildiyi gündən 10 aydan çox müddət keçdikdən sonra, yəni 13 iyul 2021-ci il tarixində verilmişdir. Məhkəmə X6 barəsində intizam tənbehinin tətbiqinin müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin aparılmasının nəticəsi olması, həmin yoxlamanı bankın ildə bir dəfə həyata keçirməsi və beləliklə də xətanın törədildiyi gündən iki il ərzində verilməsinin mümkün olması dəlilləri ilə əlaqədar qeyd edir ki, həqiqətən də müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il ərzində intizam tənbehi verilə bilər. Lakin qeyd eilməlidir ki, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditi müəssisənin maliyyə resurslarının idarə olunmasının mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi anlamına gəlir və hazırki mübahisənin predmeti olan intizam xətası bu anlayışın əhatə dairəsinə daxil deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, müvafiq hüquqi şəxslərdə maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək müqavilə əsasında fəaliyyət göstərən auditor xidmətlərinə aiddir və bu cür yoxlamanın nəticəsində müvafiq sənəd – auditor rəyi (hesabatı) tərtib edilir. İş materiallarından göründüyü kimi, məhkəmə araşdırması zamanı bu cür sənədlərin (auditor və auditor xidməti ilə bağlanmış müqavilə, auditor hesabatı) təqdim edilməsi məhkəmənin təklif etməsinə baxmayaraq cavabdeh tərəfindən təmin edilməmişdir. Bundan başqa əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin pozulmasına yol verildiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş "xxxx" ASC-nin vəzifəli şəxsi X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilməsinə dair 20 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Həmin qərarın qanuniliyini yoxlamış və dəyişdirilmədən saxlanılmasına dair qərar vermiş Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 3(103)-2916/2021 saylı qərarı ilə hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyan faktlar müəyyən edilmişdir. Beləliklə apellyasiya instansiyası məhkəməsinin qeyd etdiklərindən görünür ki, iş materiallarında olan xəstəlik vərəqələrindən və “Xəzər” Tibb X19 Şəxsinin 10 dekabr 2021ci il tarixli 33 nömrəli sorğuya cavab məktubundan müəyyən edildiyi kimi İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar olaraq bülletendə olmuşdur. “Xəzər” Tibb X19 Şəxsinin yuxarıda qeyd edilən müvafiq sorğuya cavab məktubundan həmçinin müəyyən edilir ki, İddiaçı təkidi ilə xx.xx.2021-ci il tarixdə işə çıxması ilə əlaqədar olaraq xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixdə bağlanılıb, xx.xx.2021-ci il tarixdən işə yazılmışdır. Xəstəyə xx.xx.2021-ci il tarixdə təxminən axşam saat 17:00-17:30 radələrində 166695 saylı vərəqə təqdim olunmuşdur. Göründüyü kimi İddiaçı xəstəlik vərəqəsini bağlatması ilə bağlı bildirdiyi hallar “Xəzər” Tibb X19 Şəxsinin 10 dekabr 2021-ci il tarixli 33 nömrəli sorğuya cavab məktubu ilə də təsdiq olunur. Həmçinin iş materiallarında olan xəstəlik vərəqəsindən də görünür ki, İddiaçı həmin gün xəstə olmuş, belə ki, həmin tarixdə yenidən onun adına xəstəlik vərəqəsi açılmışdır. Bundan əlavə iş materiallarında olan diskdəki videogörüntülərdən aydın olur ki, 13 iyul 2021-ci il tarixdə İddiaçı həqiqətən də “AzərTürkBank" ASC-nin inzibati binasında olsa da, bu, onun xidməti fəaliyyəti ilə əlaqədar müvafiq əmək vəzifələrinin icrası ilə bağlı olmamış, bankın rəhbərliyi tərəfindən İddiaçı inzibati binanın işçilər üçün ayrılmış sahəsinə daxil olmaq icazəsi verilməmişdir. Belə ki, Mətanət Bəyəfiyevanın əl çantası kənər şəxslər üçün nəzərdə tutulmuş foyedə olan divanın üzərində olmuşdur ki, sadalanan hallar da onun həmin gün əmək funksiyalarını icra etməməsinə dəlalət edir. Belə ki, işçinin işdə olması dedikdə onun təkcə fiziki olaraq iş yerində olması deyil, həm də işçi tərəfindən müvafiq əmək funksiyalarının yerinə yetirilməsi başa düşülməlidir. Hazırkı halda da iş üzrə tədqiq edilmiş sübutlardan görünür ki, 13 iyul 2021-ci il tarixdə İddiaçı iş yeri olan “Azər Türk" Bankın inzibati binasında olsa da, bu, onun əmək funksiyalarının həyata keçirilməsi ilə əlaqədar olmamış, ona bankın işçiləri üçün ayrılmış hissəyə daxil olmaq icazəsi verilməmiş, sadəcə olaraq İddiaçı ayın 11-i tarixinə xəstəlik vərəqəsinin bağlatdırmasına nail olunub onun 13 iyul 2021-ci il tarixdə işdə olması görünütüsü yaradılmışdır. Bununla da, işçi İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin müddəaları pozulmuş, İddiaçı 13 iyul 2021-ci il tarixdə xəstə olması ilə əlaqədar bülletendə olmasına baxmayaraq, işəgötürən tərəfindən iş yerinə çağırılaraq faktiki işdə olunması görüntüsü yaradılıb onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 -ci bəndində əmək qabiliyyətini müvəqqəti itirən işçilərin həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi birbaşa qadağan edilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı və “Azər-Türk Bank" ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli, 162/k nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəllər tutduğu "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa edilməlidir. Bundan başqa, həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir. İddiaçı həmçinin cavabdehdən onun xeyrinə mənəvi zərərin əvəzi olaraq 10.000 manat pulun tutulmasını xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Məhkəmə, iddiaçının, tərəf olduğu əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması nəticəsində mənəvi sarsıntı keçirməsini qəbul edir və mənəvi zərəri 1000 manat məbləğində qiymətləndirir. İddiaçı maddi zərərə məruz qalması barədə heç bir sübut təqdim etmədiyindən, iddia həmin hissədə təmin olunmamalıdır. Belə ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona real zərərin vurulmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə iddianın “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi” ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Əmək Məcəlləsinin 62-ci maddəsinin birinci hissəsinə əsasən işəgötürən işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda, bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə və ya insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Bu Məcəllənin 62-ci maddəsinin üçüncü hissəsinə görə işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. Həmin maddənin məzmunundan göründüyü kimi işçinin məhz iş vaxtı ərzində inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətməsi onun işdən kənarlaşdırılmasının əsaslarından biri kimi çıxış edir. Eyni zamanda, bu əməllərin törədilməsinin müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənməli olduğu ifadə edilir. Beləliklə qanunverici Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndi ilə işçinin işdən kənar edilməsi üçün aşağıdakı şərtləri müəyyən etmişdir: işçi inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməlləri iş vaxtı ərzində törətməli; işçi inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməlləri bilavasitə iş yerində törətməli; işçinin inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməlləri törətməsi müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiq edilməlidir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqedən də görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda; b) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə. İş materiallarından müəyyən edildiyi kimi Cavabdeh ASC-nin vəzifəli şəxs tərəfindən iddiaçının 25 iyun 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək işdən kənarlaşdırılması əmr edilmiş, xx.xx.2021-ci il tarixli, 143/k nömrəli əmrin çıxarılmasına hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndinə istinad edilmiş, əmr Bankın və işçilərin mənafeyini qorumaq, işçilər, əmək kollektivi və Bank üçün mümkün zərərli nəticələrin qarşısını almaq məqsədi ilə əsaslandırılmışdır. Göründüyü kimi iddiaçı iş vaxtı ərzində inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətməsi əsası ilə işdən kənarlaşdırılsa da onun tərəfindən törədilmiş bu əməllərin inzibati xəta və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər olması müəyyən edilməmiş, həmin əməllərin törədilməsi müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiq edilməmişdir. Beləliklə hazırki maddənin düzgün tətbiqini təmin edən üç şərtlərdən heç birinin mövcud olmaması işəgötürən tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 143/k nömrəli əmrin məhkəmə tərəfindən qanunsuz hesab edilməsi və bu müddət ərzində ödənilməmiş əmək haqqının verilməsi üçün əsasdır. Belə ki, işdən kənar edilən işçiyə işdən kənar edilən vaxt ərzində əmək haqqının verilməməsi işçinin işdən kənarlaşdırılmasının qanun əsaslara söykəndiyi təqdirdə qanuni hesab edilə bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 162-K saylı əmri ləğv edilməli, İddiaçı "xxxx" MMC-də Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa edilməli və ona xx.xx.2021-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, həmçinin İddiaçı işdən kənarlaşdırıldığı müddət üçün, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək haqqı hesablanaraq ödənilməli, dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçı məhkəmə xərclərini ödəməkdən azaddır. Beləliklə iddia qismən təmin edildiyindən, dövlət rüsumu qətnamənin nəticə hissəsində göstərilən nisbətdə cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Həmçinin iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 50 manatın 25 manatı məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı qaytarılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 162/k saylı əmri ləğv edilsin. İddiaçı "xxxx" MMC-də Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa edilsin və ona xx.xx.2021-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddiaçı işdən kənarlaşdırıldığı müddət üçün, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək haqqı hesablanaraq ödənilsin. Dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manatın 25 (iyirmi beş) manatı məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumu kimi ödənilməli olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatı "xxxx" MMC-dən tutularaq dövlət gəlirinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar