Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4900/2025 26.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh PHŞ-ya qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh PHŞ-nin direktoru X2 «intizam tənbehi haqqında» xx.xx.2025-ci il tarixli 18-1-2/3-1-187/2025 saylı əmrinin ona aid hissədə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 20 ildən artıq müddətdir ki, Cavabdeh PHŞ-də mama-ginekoloq vəzifəsində çalışır və çalışdığı müddət ərzində qüsursuz xidmət etmişdir. Qüsursuz xidmətinə görə ona daim təşəkkürnamə və s. təltif edilmişdir. Hal-hazırda da öz xidmətini və vəzifə borcunu qüsursuz icra edir. Hətta dəfələrlə ona qarşı şər-böhtan xarakterli kampaniyalar keçirilməsinə baxmayaraq bunun şər-böhtan olması öz təsdiqini tapıb. Hətta, hal-hazırda mübahisələndirdiyi, əsassız olaraq ona edilmiş «töhmət» intizam tənbehi də xidmətində qüsur tapa bilmədikləri üçün ona qarşı atılan növbəti əsassız və ədalətsiz tədbirin nəticəsidir. İddia ərizəsinə əlavə etdiyi əmrin surətindən görünür ki, ona və digər 3 nəfər şəxsə xx.xx.2025-ci il tarixli 18-1-2/3- 1-1870/2025 nömrəli əmrlə töhmət elan edilmişdir. Həmin töhmətlə bağlı istinad edilən halların heç biri onun təqsirindən baş verməmiş və həmin hallar onu əmək vəzifə öhdəliklərini tam yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, əmrin verilməsinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə istinad edilib. Həmçinin, arayışda isə həkim mama-ginekoloqun vəzifə təlimatının 44-cü maddəsi, 50.1-ci bəndi əsas kimi göstərilmişdir. Halbuki, tarixlərin və qrafikdəki günlərin yerinin səhv salınması onun təqsirindən olmamış, onun həmin vaxt işdə olması cavabdeh PHŞ-nin iş ahənginin pozulmasına səbəb olmamış və onun öz vəzifə öhdəliklərini natamam yerinə yetirməsinə səbəb olmamışdır. Lakin əmrdə istinad edilən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin tələbinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4 məbləğindən çox olmamaq şərtilə cərimə edə bilər. Əmrdə göstərilən hallardan da görünür ki, onun hərəkətlərində töhmət verilməsinə əsas olan heç bir hal mövcud deyil. Əmr onun iştirakı və xəbəri olmadan xx.xx.2025-ci il tarixdə verilməsinə baxmayaraq, əmrin mövcudluğu gizlədilərək ona yalnız xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Bundan sonra onun tərəfindən mediasiya təşkilatına müraciət olunmuş və məhkəmədə iddia qaldırmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı izahatında bildirdi ki, 32 il stajı var. 32 ildə 1 dəfə də olsun şöbə müdiri və ya baş həkim tərəfindən narazılıq olmayıb. İşini çox yaxşı bilir. Divarda 2 iş qrafiki var: stasionar və ambulator. 14:55-də ona deyiblər ki, həmin gün onun iş günü deyil. Lakin, həmin gün o, 3 dəfə yoxlanıb: saat 9-da, 11-də və 3-də. Bütün işçilər o qrafiklə işləyir. Qəbulda olan qrafiklər əsasında xəstələr onun adına yazıılıb. Komissiya ona deyib ki, o, həmin gün işdə olmamalı idi. Bundan sonra özü X15 Xidmətinə müraciət etmişdir. Xidmət də ona bildirmişdir ki, bununla bağlı problem yoxdur, iş vaxtını başqa günlə əvəz edə bilər. Məsələ ilə əlaqədar şöbə müdirinə ərizə yazmışdı. Həmin ərizə cırılıb atılıb. Müəssisədə divardan asılmış qrafiklərin heç birində möhür yox idi. Düzdür, 1 iş günü əlavə olaraq gəlib. Burada onun hər hansı şəxsi mənafeyi və məqsədi olmayıb. Hansısa xəstə üçün bilərəkdən gəlməyib. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, mülki iş üzrə cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək istinad etdiyi dəlillər ondan ibarətdir ki, iddiaçı guya Əmək Məcəlləsinin 10-cu maddəsinin tələbini, həmçinin həkim mama-ginekoloqun vəzifə təlimatının 44-cü və 50.1-ci maddələrinin tələblərini pozmuşdur və bu pozuntu akt tərtib edilərık təsdiq edilmişdir. Qeyd edəcəyi əsaslara görə maddi hüquq normalarının tələblərinin heç biri İddiaçı tərəfindən pozulmayıb. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsi əmək müqaviləsi və müəssisədaxili intizam qaydalarına istinad edir. Məhkəmənin sorğusuna cavabdeh təşkilatın direktorunun cavab məktubunda etiraf olunur ki, cavabdeh təşkilatın daxili intizam qaydaları mövcud deyil. Əmək müqaviləninin isə hansı bəndinin İddiaçı tərəfindən pozulması konkret əsaslandıra bilmir. Vəzifə təlimatının 44 və 50.1-ci maddəsinin tələbində qeyd edilən müəssisənin rəhbərinin hansı əmr, sərəncamının pozulmasını və o əmrin hansı tarixli, hansı nömrəli əmr olmasını, həmin pozulmuş əmrlə İddiaçı tanış edilməsini təsdiq edən sübut mülki iş materiallarında mövcud deyil. Həmin təlimatın 50.1-ci bəndindən nəzərədə tutulmuş vəzifə öhdəlikləri İddiaçı tərəfindən keyfiyyətsiz həyata keçirilməsini təsdiq edən sübut yoxdur. Əlavə olaraq bildirir ki, bu günədək məhkəmə araşdırmaları zamanı İddiaçı növbədən əvvəl və növbədən sonra hansı müddətdə işlədiyi müəssisədə qalması barədə rəsmi əmr, sərəncam və s tapşırığın verilməsi təsdiq olunmur. Müəssisədə işləyən həkimlərin iş cədvəlinin düzgün tərtib edilməməsi, günlərin qarışdırılması halları tez-tez baş verir və həmin gün də İddiaçı başqa 3 əməkdaş səhv məlumatlandırıldığı üçün işdə olması təsdiq olunur. Əmrin verilməsinə əsas olan hal isə, qeydiyyatçıya verilmiş səhv iş cədvəli səbəbindən baş verib. Ona görə İddiaçı əmrin verilməsinə əsas olan halın baş verməsində heç bir təqsiri yoxdur. Həmçinin, Əmək Məcəlləsinin 95-ci maddəsinin tələbi cavabdeh Təşkilatın rəhbərliyi tərəfindən pozulması işin təkzibedilməz halıdır. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır və dəlilləri mötəbər deyil. Belə ki, iddiaçı bildirir ki, 2 qrafik də var. Amma bu düzgün deyil. Yalnız 1 qrafik var ki, rəhbər tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Hamı öz vaxtında işə gəlməlidir ki, işçilərə ədalətli əmək haqqı verilsin. Belə ki, hər xəstəyə görə həkimlərə ayrı bonus hesablanır ki, bununla da əmək haqqı müəyyənləşir. Həmçinin məsuliyyət məsələsi də vardır ki, hər hansısa bir həkim xəstəyə qarşı yanlış edirsə, qrafik vasitəsi ilə əməliyyatı edən həkim müəyyən edilir və müvafiq qaydada cəzalandırılır. İddiaçı tərəfin təqdim etdiyi qrafiklər mötəbər deyil. Çünki, üzərlərində heç bir möhür yoxdur. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: KTM-in Ginekologiya şöbəsinin iş günləri qrafiklərindən (cədvəllərindən) görünür ki, KTM tərəfindən şöbə üzrə tibbi personalın iş günləri və saatları (iş vaxtları) müəyyən edilməklə, cədvəllər tərtib olunmuşdur. Doğum şöbəsinin, hamiləliyin patologiya şöbəsinin həkimlərinin 2025ci ilin iyul, avqust ayları üçün iş qrafikləri imza və möhürlə təsdiqlənməmişdir. Habelə təqdim edilmiş eyni aylar üçün alt qrafiklərdə mövcuddur ki, həmin qrafiklərdə həkimlərin iş saatları 09:00- 15:00, 15:00-21:00, 21:00-09:00, poliklinikada və axşam növbəsində (6A) olmaları da aydın şəkildə qeyd olunmuşdur. KTM-in Ginekologiya şöbəsi üzrə işə gəlmə davamiyyəti barədə jurnallardan görünür ki, tibbi personal mənsubları işə gəldiyi günlərdə özünün soyadı və adı göstərilmiş xananın önündə yerləşən müvafiq tarixlərə uyğun olan xanalarda imza etmişlər. Cavabdeh PHŞ-nin xx.xx.2025-ci il tarixli 18-1-2/3-1-1870/2025 saylı əmrindən görünür ki, həmin PHŞ-nin Doğum şöbəsinin Həkim mama-ginekoloqu İddiaçı işə davamiyyət qaydalarını pozduğuna görə əmək funksiyalarını – vəzifə öhdəliklərini tam yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən töhmət elan edilmişdir. Əsas olaraq şöbə müdiri R.Ə.M.Şıxsəidovanın arayışı,İnsan resursları şöbəsinin tərtib etdiyi akt, işçinin izahatı qeyd edilmişdir. Cavabdeh PHŞ-nin xx.xx.2025-ci il tarixli 18-1-2/3-1-1870/2025 saylı əmrindən görünür ki, həmin PHŞ-nin Doğum şöbəsinin Həkim mama-ginekoloqu İddiaçı, X3, X12 və X10 işə davamiyyət qaydalarını pozduğuna görə, Xəstə xidmətləri şöbəsi, Qeydiyya Bölməsinin qyediyyatçısı, İnsan resursları şöbəsinin kadrlar üzrə mütəxəssisləri əmək funksiyalarını – vəzifə öhdəliklərini tam yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən töhmət elan edilmişdir. Əsas olaraq şöbə müdiri R.Ə.M.Şıxsəidovanın arayışı,İnsan resursları şöbəsinin tərtib etdiyi akt, işçilərin izahatı qeyd edilmişdir. Doğum şöbəsinin müdiri, kadrlar üzrə mütəxəssislərin tərtib etdiyi xx.xx.2025-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:15-də qrafik üzrə işçilərin davamiyyəti yoxlanılarkən doğum şöbəsinin həkim mama-ginekoloqu İddiaçı istirahət günü olduğu halda işdə olduğu aşkarlanmışdır. İnsan resursları Şöbəsinin şöbə müdiri X6 Cavabdeh PHŞ-nin direktoru X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli təqdimatında qeyd olunur ki, xx.xx.2025-ci il tarixində saat 11:15-də qrafik üzrə işçilərin davamiyyəti yoxlanılarkən doğum şöbəsinin həkim mama-ginekoloqu İddiaçı istirahət günü olduğu halda işdə olduğu aşkarlanmışdır. İzahat yazmaq üçün İddiaçı dəvət olunsa da, imtina etmişdir. Bununla bağlı araşdırma aparılmasını xahiş edir. Ümumi şöbə müdiri Roza Şıxsəidovanın imzaladığı arayışda göstərilmişdir ki, insan resursları şöbəsinin xx.xx.2025-ci il tarixli təqdimatına əsasən xx.xx.2025-ci il tarixdə həkim İddiaçı istirahət günü olmasına baxmayaraq işdə olmsaı halı aşkarlanmış, bununla əlaqədar olaraq İddiaçı izahatı alınmış və o, iş günlərini səhv saldığını, onunla bərabər digər həkim Ş.Səfərovanın da səhv olaraq işdə olmasını bildirmişdir. Məsələ ilə əlaqədar xəstə qəbulu qeydiyyatçısının,kadrlar üzrə mütəxəssisin izahatları alınmış, iş qrafiklərinə baxış keçirilmiş və nəticədə həkimlərin və qeydiayyatçının vəzifə təlimatlarını pozduqları aşkar edilmişdir. Arayış tərtib edən şəxs pozuntuya yol vermis işçilərə münsaibətdə töhmət elan edilməsinin məqsədəuyğunluğunu qeyd etmiş və direktorun dərkənarı ilə qeyd edilən təklif məqbul hesab edilmişdir. Cavabdeh PHŞ-nin xx.xx.2025-ci il tarixli 18-1-2/3-1-2214/2025 saylı əmrindən görünür ki, həmin PHŞ-nin Doğum şöbəsinin Həkim mama-ginekoloqu səfərova Şölə Sədayət qızına işə davamiyyət qaydalarını pozduğuna görə əmək funksiyalarını – vəzifə öhdəliklərini tam yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinin «a» yarımbəndinə əsasən töhmət elan edilmişdir. Əsas olaraq şöbə müdiri R.Ə.M.Şıxsəidovanın arayışı, işçinin izahatı qeyd edilmişdir. İddiaçı Cavabdeh PHŞ-nin direktoru X4 ünvanlanmış izahatında yazılmışdır ki, o, bayram günləri 6, 7, 8 növbədə olmuşdur. 9 işdə olmamışdır, bununla əlaqədar izin gününü səhv xx.xx.2025 salmışdır.Kadrların şöbəsi işçiləri saat 9¹⁵ yoxlayanda ona işdə olmadığını deməmişlər, gün ərzində 3 dəfə yoxlayıblar. Saat 14⁵⁵ növbəti yoxlanış zamanı həkimlər otağında ona bu gün işdə olmadığını bildiriblər.Ona bütün bazar günləri, bayram günləri iyun ayında yazılıb, izin günləri də onunla müzakirə etməyiblər, o da bilməmiş, səhv salmışdır. Həmin günü onlar 4 nəfər qrafiki səhv salmışlar.O, Səfərova Şölə və digərləri bilmədən köhnə qrafik əsasında səhv salmışlar. Ginekologiya poliklinika ambulator xidmət üzrə siyahıdan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən 8 xəstə müayinə və müalicə olunmuşdur. Cavabdeh PHŞ-nin möhürü ilə təsdiq edilmiş 2025-ci ilin iyun ayı üçün iş vaxtının uçotu tabelinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdə istirahət günü olmuşdur. (təsdiq tarixi aydın oxunmur) Cavabdeh PHŞ-nin möhürü ilə xx.xx.2025-ci il tarixdə HİK ilə razılaşdırılmaqla təsdiq edilmiş 2025-ci ilin iyun ayı üçün Doğum şöbəsinin həkimlərin iş qrafikindən görünür ki, İddiaçı xx.xx.2025ci il tarixdə istirahət günü olmuşdur. X25 PHŞ-nin direktoru tərəfindən xx.xx.2021-ci il tarixdə təsdiqlənmiş Həkim mamaginekoloqun vəzifə təlimatı ilə İddiaçı məlumatlandırılmışdır. Cavabdeh PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı Cavabdehnə qarşı xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işlə bağlı 2(006)-4900/2025 saylı 26 sentyabr 2025-ci il tarixdə ünvanlanan məktubuna cavab olaraq, bildirmişdir ki, Cavabdeh daxili intizam qaydaları tərtib edilmədiyindən cavablandırmaq mümkün deyildir. Bakı 15 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/MT015/2025- 00266/02 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixə saat 12:00-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, lakin cavabdehin nümayəndəsi mediasiya sessiyasına gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. İlkin müraciət ərizəsi xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 10-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aiddir: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 95-ci maddəsinin: 1-ci bəndinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı daxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 2-ci bəndinə əsasən iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. 182-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə daxili intizam qaydaları qəbul edə bilər. 186-cı maddəsinin: 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürənin ona verilə bilən intizam tənbehlərindən biri töhmətdir. 187-ci maddəsinin: 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 2-ci bəndinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. 190-cı maddəsinin 3-cü bəndinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: İddiaçının onun barəsində tətbiq edilmiş intizam tənbehinin əsassızlığı ilə bağlı dəlilləri ondan ibarət olmuşdur ki, işəgötürənin bildirdiyi kimi həkimlərin iş qrafiki direktorun imzaladığı və möhürlə təsdiqlədiyi yeganə bir iş qrafiki ilə tənzimlənmir. Belə ki, həmin qrafik əsasında həkimlərin poliklinika və stasionarda olması şöbənin daxilində tərtib edilən əlavə qrafiklərlə müəyyən edilir. Odur ki, o iyun ayında müəyyən etmişdir ki, o, 6, 7, 8 iyun tarixlərində işdə olmuş və bundan sonra 9 iyun tarixində isə işdə olmamışdır. Onda olan qrafikə əsasən onun 10 iyun tarixində işdəpoliklinikada (ambulator) işdə olması müəyyən edildiyindən o, işə gəlmiş və adi qaydada xəstələri qəbul etmişdir. Onun işə gəlməsindən kadrlar şöbəsi məlumatlı olmuş, habelə qeydiyyatçılar da xəstələri ona yönəltmişlər. Həmin gün yalnız günorta saatlarına yaxın, yəni iş vaxtının bitməsi ərəfəsində ona 10 iyun tarixinin onun istirahət günü olması bildirilmiş, o da şöbə müdirinə günləri səhv saldığını, habelə həmin günü başqa günlər əvəz edilməsinin mümkünlüyünü bildirmişdir. Eyni xüsusatları işəgötürənə yazdığı izahatında da qeyd etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının dəlilləri bir sıra əsaslarla təsdiq olunur. İddiaçı bildirir ki, işəgötürənin təsdiq etdiyi qrafikdən əlavə şöbə daxilində həkimin növbətçilik qaydasında ambulator və əməliyyata xəstə qəbul etməsi mütləq tənzimlənir, əks halda həmin gün təcili yardımla gətirilən xəstəni hansı həkimin əməliyyat etməsi mübahisə yarada bilər. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi işçilərin yalnız işəgötürənin imzalı və möhürlü qrafiki əsasında iş saatlarının müəyyən edilməsini, iddiaçının istinad etdiyi əlavə qrafiklərinin mövcud olmadığını və təqdim edilən qrafiklərin mötəbər olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsinin bu mövqeyi iddiaçının istinad etdiyi və məhkəməyə surətlərini təqdim etdiyi qrafiklərin işçinin əmək funksiyalarını icra etdiyi inzibati binada hamının görə biləcəyi və iş cədvəli başlığı altında divarda asılmış elanlar lövhəsində yerləşdirilməsi ilə tamamilə təkzib olunmuşdur. Cavabdehin nümayəndəsi belə qrafiklərin mövcud və mötəbər olmadığını hər nə qədər təkzib etsə də, məhkəmə iclaslarında elə özü tərəfindən iddiaçının istinad etdiyi cədvəllə uyğun təşkil edən cədvəl təqdim edilmiş və həmin qrafikdə də İddiaçı işdə olmamasını göstərmişdir. İddiaçı isə öz növbəsində həmin qrafikin stasionar qaydada xəstə qəbulunun qrafiki olmasını bildirmişdir ki, məhkəmə bu dəlili məntiqli hesab edir ki, həkimin stasionar qaydada xəstə qəbulunu müəyyən edən iş qrafiki siyahısında adının olmaması onun ambulator qaydada (poliklinikada) xəstə qəbulunu müəyyən edən qrafikin siyahısında da olmaması və ya ola bilməz demək deyildir. Məhkəmə iddiaçının işəgötürənin imzası və möhürü ilə təsdiq edilmiş aylar üzrə həkimlərin iş qrafikindən əlavə həkimlərin ambulator və stasionar qaydada xəstə qəbulunu müəyyən edən alt qrafikin olmasına dair dəlillərini iş üzrə təqdim edilmiş sübutlarla təsdiq edilmiş hesab edir. Bu hal məhkəməyə onu deməyə əsas verir ki, işçi iş günü olduğunu müəyyən etdiyi qrafik əsasında iş yerində olmuşdur və işçinin istirahət günü olduğu halda işə çıxmasına dair qənaətə gəlmək doğru deyildir. Odur ki, işçinin əməllərində hər hansı daxili intizam qaydası və vəzifə təlimatı pozuntusu yoxdur və ona etmədiyi pozuntuya dair tənbeh də tətbiq edilə bilməz. Bundan əlavə məhkəmə işçiyə tətbiq edilmiş intizam tənbehi fonunda işəgötürənin bəzi davranışlarına dair münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə müəyyən edir ki, işəgötürən tərəfindən işçiyə verilmiş intizam tənbehinə dair əmr kifayət qədər əsaslandırılmamışdır. Habelə həkimə verilən intizam tənbehinə don geyindirilməsi üçün qeydiyyatçı və kadrlar üzrə mütəxəsissə də eyni tarixli əmrlə eyni tənbeh verilmişdir. Demək ki, qeydiyyatçı və kadrlar üzrə mütəxəssis də işəgötürənin mötəbərliyini inkar etdiyi qrafik üzrə qeydiyyat aparmışlar. Bundan əlavə işəgötürən iş qrafikini səhv salmış digər həkim Şölə Səfərovanın da İddiaçı kimi analoji hala yol verməsini həmin an müəyyən etsə də, nədənsə ona qarşı intizam tənbehini İddiaçı tələbi əsasında ilkin mediasiya sesssiyasının təyin edildiyi gün tətbiq etmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyası üçün müraciət xx.xx.2025-ci il tarixdə edilmiş, ilkin mediasiya sessiyası xx.xx.2025-ci il tarixdə keçirilmiş və Şölə Səfərovaya da xx.xx.2025-ci il tarixdə müəyyən edilmiş “pozuntu” üçün tənbeh tədbiri xx.xx.2025-ci il tarixdə tətbiq edilmişdir. İşəgötürən tərəfindən xx.xx.2025-ci il tarixdə aşkarlanmış hal üzrə həkimə xx.xx.2025-ci il tarixdə tənbeh verilməsi sual doğurmaya bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bir məqamı da diqqətə çatdırmışdır ki, qrafikə əsasən həkim bir gün əvvəl gecə növbəsində olduğu üçün növbəti gün mütləq şəkildə ona istirahət günü verilir. Lakin təqdim edilən qrafikə baxış keçirilən zaman isə həkim X8, X9, X5, X11 gecə iş saatlarından (9GE=00:00-09:00) sonra növbəti gün 6 saat (6=09:00-15:00) iş saatları olması aydın görünür. Üstəlik də şəxsin gecə saatlarında iş vaxtından sonra növbəti günün mütləq istirahət günü olmasına dair təsdiqlənmiş qayda da yoxdur. Habelə işəgötürən tərəfindən tənbehin verilməsini zəruri hesab etdikləri dəlil kimi o da qeyd edilmişdir ki, sanki İddiaçı istirahət günü olduğu halda işdə olaraq xəstə qəbul etməsi digər həkimlərin həmin xəstələrin qəbulundan əldə edə biləcəyi bonuslardan məhrum edilmələri ilə nəticələnmişdir. Bu dəlillə bağlı məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən belə bir halın pozuntu hesab edilməsi, habelə belə olan halda həkimin xəstə qəbulundan əldə edə biləcəyi bonusların əsassız hesab edilməklə onun əmək haqqında tutulmasının mümkünlüyü müəyyən edən hər hansı qayda da təsbit edilməmişdir. Əmək qanunvericiliyi işçinin üzrlü səbəb olmadan bütün gün işə gəlməməsini pozuntu olaraq müəyyən etdiyi halda işəgötürənin işçinin işə gələrək xüsusi həssas katerqoriya olaraq hamilə qadınları qəbul edərək onlara tibb xidməti göstərməsini pozuntu hesab etməsinə dair mövqeyi məntiqə sığmır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əmək qanunvericiliyində və əmək müqaviləsində təsbit olunmuş, töhmət verilməsi üçün əsas sayıla biləcək hər hansı hala yol verilmədiyi üçün «İntizam tənbehi haqqında» xx.xx.2025-ci il tarixli 18-1-2/3-1-187/2025 saylı əmr iddiaçıya aid hissədə əsaslı deyil və ona dair hissədə ləğv olunmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh PHŞ-nin direktoru X2 «intizam tənbehi haqqında» xx.xx.2025-ci il tarixli 18-1-2/3-1- 187/2025 saylı əmri İddiaçı aid hissədə ləğv edilməlidir. Tələb etməməsi nəzərə alınmaqla 50 manat mediasiya xərci İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh PHŞ-nin direktoru X2 «intizam tənbehi haqqında» xx.xx.2025-ci il tarixli 18-1-2/3- 1-187/2025 saylı əmri İddiaçı aid hissədə ləğv edilsin. Tələb etməməsi nəzərə alınmaqla 50 (əlli) manat mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4900/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4900/2025
26.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver