Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4908/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, iddiaçılar İddiaçı və X3 Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürmə» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «istifadə hüququnun olmaması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X8 Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd etməklə) qarşı «yaşayış sahəsindən istifadə hüququnun tanınması və mənzilə köçürmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 04 mart 2003-cü il təvəllüdlü X8 və 28 dekabr 2004-cü il təvəllüdlü X12 adlı övladları ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülmələri və həmin evdən istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh İddiaçı qarşı «istifadə hüququnun olmaması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 ünvan 2 ünvandan istifadə hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 mart 2002-ci il tarixdə ailə qurub evlənmişdir. Nikahları həmin tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrə ilə qeydə alınmışdır. Evləndikdən sonra cavabdehlə birlikdə ünvan 3 ünvanda özbaşına tikili olan evi alıb oraya köçmüş və indiyə kimi həmin evdə yaşamışlar. Birgə nikahdan 04 mart 2003-cü il təvəllüdlü X8 və 28 dekabr 2004-cü il təvəllüdlü X12 adlı iki övladları həmin evdə yaşadıqları zaman doğulmuşlar. Hər iki övladları doğulduqları vaxtdan indiyə kimi onlarla yaşamışlar. Lakin bu yaxınlarda bilmişlər ki, cavabdeh onların xəbəri olmadan hər iki övladlarını yaşadıqları evdən qeydiyyatdan çıxarıb, ünvan 4 ünvanda qeydiyyata aldırmışdır. Nikahları Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) pozulmuş, yetkinlik yaşına çatmayan oğulları Əli Qənbərovun onun yanında qalması qət edilmişdir. Yetkinlik yaşına çatmış oğulları Samir Qənbərov da onun yanında qalır. Nikahları pozulduqdan sonra Cavabdeh onu 2 övladı ilə birlikdə uzun illər yaşadıqları, bütün əşyalarının olduğu evə buraxmır. Cavabdeh evin qıfılı və açarlarını dəyişdirdiyindən, onlar həmin mənzilə daxil ola bilmirlər. Küçədə qaldıqlarından anasının dar mənzilində bir otağa sığınmağa məcbur olmuşlar. Yaşayış şəraitləri çox ağırdır, dəfələrlə evlərinə qayıtmaq istəsələr də, cavabdeh onları oraya buraxmır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Mənzil Məcəlləsinin 8.0, 8.0.6-cı maddəsinə istinadən iddiaçı daha sonra qeyd etmişdir ki, o və 2 övladı göstərilən mənzildən istifadə hüququna malik olduqlarından, həmin mənzilə köçürülmələri və istifadə hüquqlarının tanınması barədə tələbləri mövcud qanunvericiliyə əsasən tam əsaslı, qanunauyğun və haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Məcəllənin 27-ci maddəsinə, Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə istinadən iddiaçı bildirmişdir ki, yaşadıqları ünvan 1 ünvanda yerləşən ev özbaşına tikilidir. Həmin evdə cavabdehlə birlikdə ümumi təsərrüfat aparmışlar, 2 övladları həmin evdə onlarla yaşayırlar, gələcəkdə həmin evlə bağlı müvafiq sənədləşdirmə işləri aparıldığı zaman göstərilən yaşayış sahəsinə gözlənilən mülkiyyət hüquqları vardır. Odur ki, onun 2 uşağı ilə birlikdə həmin evə köçürülmələri və evdən istifadə hüquqlarının tanınması məhkəmə qaydasında təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, İddiaçı ilə 14 mart 2002-ci il tarixdə ailə quraraq evlənmişdir. Həmin nikahdan 2003-cü il təvəllüdlü X8 və 2004-cü il təvəllüdlü X12 doğulmuşlar. Nikahları Nəsimi rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli 2(006)-3645/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Artıq 6 aya yaxındır ki, cavabdeh onun yanında yaşamır. İddiaçı məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, İddiaçı izahatına əlavəsinin olmadığını bildirdi, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi, ilk iddianı qəbul etmədi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, İddiaçı məhkəmə prosesində bildirib ki, ailə qurduqdan sonra guya o, işləmədiyinə görə onun tibb bacısı məvacibi ilə dolanmışlar və guya o, evin birinci mərtəbəsində artırmalar edib və təmir-bərpa işləri aparıb. İddiaçı dediklərinin gülünc, yalan olduğunu göstərmək üçün əmək kitabçasının surətini və toy günündə aparılan videoçəkilişin diskini məhkəməyə təqdim edir. Qeyd edir ki, həkim stomatoloq kimi o, həmişə iki - hökümət və özəl iş yerlərində çalışmışdır. Belə olmasa idi, İddiaçı ilə ailə qurduqdan dərhal sonra anası Durna, nənəsi Sahab və rəfiqəsi Gümanə evinə köçərək 10 ildən çox müddətdə necə deyərlər arı bala qonar kimi onun evində yaşamazdılar. Bu faktı qohumlar və qonşular təsdiqləyə bilər. Toy gününün video çəkilişinə nəzər yetirdikdə aydın görünür ki, yaşadığı ünvanın nə 1-ci, nə də 2-ci mərtəbəsində ailə qurduğu gündən – 14 mart 2002-ci ildən indiyə qədər bir santimetr də olsa ev artırması olmayıb və ya hər hansı təmir-bərpa işləri aparılmamışdır. Evin təmirinə gəldikdə isə bildirir ki, son 19 il ərzində evin təmirə ehtiyacı olduqda həmişə 40 ilə yaxın dostluq etdiyi X9 tərəfindən təmənnasız edilib. Bu faktı qonşular da təsdiqləyə bilər. O da öz növbəsində həkim stomatoloq kimi peşəkar dəstəyinə təmənnasız olaraq dostu Şakirin özündən, ailə üzvlərindən və yaxın qohumlarından heç vaxt əsirgəməmişdir. Birgə yaşayış dövründə İddiaçı üçün 2014-cü ildə «Ford Fusion» markalı ** MT *** dövlət qeydiyyat nişanlı minik avtomobilini və 2020-ci ilin dekabr ayında isə hal-hazırda istifadəsində olan «Hyundai Elantra» markalı ** SE *** dövlət qeydiyyat nişanlı minik avtomobilini almışdır. İddiaçı onun evinə gəldikdən sonra evinin təmiri ilə deyil, əslində buna heç ehtiyac da olmayıb, özünün fiziki ehtiyaclarını onun hesabına aradan qaldırmaqla məşğul olub. 19 il birgə yaşadıqları dövrdə İddiaçı daim min bir hiylə işləməklə onu aldatmış və çoxsaylı plastik-estetik cərrahiyyə əməliyyatlarını onun hesabına etdirmişdir. Bundan başqa, 05 iyun 2021-ci il tarixdə oğlu Qənbərov Samir ona qarşı növbəti dəfə əl qaldıraraq zor tətbiq etmiş, onu yerə yıxaraq boğmaq istəmişdir. Səsküyə qonşuların gəldiyini görən Samir qaçıb evdən getmiş və bir daha geri qayıtmamışdır. Oğlu Samir ona qarşı zor tətbiq etmə ilə yanaşı şərəf və ləyaqətini alçaldıcı sözlər və təhqirlər yağdırmışdır. Belə hadisələr dəfələrlə təkrarlandığına görə o, X16 V.Eyvazova müraciət etməyə məcbur olmuşdur. Onun şikayəti əsasında Nəsimi RPİ 20-ci PB-də araşdırma aparılmışdır. Ona görə hesab edir ki, onun oğlu Samir ilə bir evdə yaşaması onun həyatı üçün təhlükəlidir. Polis tərəfindən aparılmış araşdırmanın bəzi sənədlərinin surətlərini məhkəməyə təqdim edir. Məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X6 məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə etdi, ilk iddianı qəbul etmədi, cavabdehin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçı X4 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, digər iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə digər iddiaçı X3 və Azərbaycan Respublikası MPM-in 185.5maddəsinə əsasən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili X2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, X10 küçəsi, 5V ünvanda yerləşən fərdi yaşayış evi 04 avqust 2021-ci il tarixdə X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və Türbət Qənbərovun adına Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən 04 avqust 2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 0,033690 hektar olmaqla, həmçinin xüsusi mülkiyyətdədir. Bundan öncə fərdi yaşayış evi mövcud olsa da, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Tərəflər 14 mart 2002-ci il tarixdə nikah münasibətlərinə daxil olmuş, ilk iddia üzrə iddiaçı həmin tikiliyə gəlin gəlmişdir. Tərəflərin birgə nikahlarından 04.03.2003-cü il tarixdə Samir, 28.12.2004-cü il tarixdə Əli adlı iki uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulana kimi fərdi yaşayış evində yaşamışlar. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 31.05.2021-ci il tarixli 2(006)-3645/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 14 mart 2002-ci il tarixdə Nərimanov rayon VVADQ şöbəsində 168 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 28 dekabr 2004-cü il təvəllüdlü X12 anası İddiaçı yanında saxlanılmış, 28 dekabr 2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh hazırda İddiaçı fərdi yaşayış evində yaşamasına maneə yaradır. İddiaçılar hesab edir ki, həmin evə köçürülməli və evdən istifadə hüquqları tanınmalıdır. Cavabdeh hesab edir ki, İddiaçı fərdi yaşayış evindən istifadə hüququnun olmaması müəyyən edilməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bundan başqa, tərəflər arasında yaşayış sahəsi ilə bağlı münasibətlər yaranan dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, İddiaçı və X8 əvvəllər yaşadıqları, ünvan 7 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməlidirlər. Belə ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.11-ci maddəsinə əsasən hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, ilk iddia üzrə iddiaçılar cavabdehlə qeyd olunan ünvanda uzun müddət yaşamaqla birgə təsərrüfat aparmışlar. Tərəflər arasında münasibətlər pozulandan sonra isə cavabdeh iddiaçıların həmin mənzildə yaşamasına maneə yaradır, onları mənzildən qovmuşdur. Halbuki, heç kim yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İlk iddianın qeyd olunan yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair hissəsi, o cümlədən qarşılıqlı iddia rədd edilməlidir. Çünki, yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə yaşayış sahəsi öz hüquqi statusuna görə özbaşına tikili hesab edilirdi və Mülki Məcəllənin 180-ci maddəsinin tələbləri baxımından, həmin yaşayış sahəsindən heç kimin istifadə hüququ, yaxud istifadə hüququnun olmaması tanına bilməz. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 10 manat, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, İddiaçı və X8 yetkinlik yaşına çatmamış ailə üzvləri 28 dekabr 2004-cü il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülməlidirlər. İlk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. İddiaçı və X8 yetkinlik yaşına çatmamış ailə üzvləri 28 dekabr 2004-cü il təvəllüdlü X12 ilə birlikdə ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə köçürülsünlər. İlk iddia qalan hissədə və qarşılıqlı iddia rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçılara, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-4908/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4908/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver