Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4920/2025 26.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X1 qızının katibliyi, İddiaçı1, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh (videokonfrans əlaqə sistemi vasitəsilə) iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “fərdi yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiasına əsasən mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “fərdi yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 184 saylı fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 1988-ci ildə babası və nənəsi ilə birlikdə Ermənistan Respublikasından Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 184 saylı evə köçüb orada yaşamağa başlamışdır. Dayısı da onlarla birlikdə həmin evdə yaşayırdı. Bir neçə il yaşadıqdan sonra dayısı cavabdehlə ailə qurmuş və Cavabdeh qeyd edilən evə gəlin gəlmişdir. Bir neçə ildən sonra babası və nənəsi ölmüşdür. Orada yaşadığı müddətdə Cavabdeh daim iddiaçı ilə mübahisə edərək, onu oradan uzaqlaşdırmağa çalışmışdır. Cavabdeh dəfələrlə dayısını öyrədirdi ki, iddiaçını qeydiyyatdan çıxartsın, dayısı isə buna razılıq vermirdi. Cavabdehin iddiaçıya olan təzyiqlərindən sonra iddiaçı bir müddət kirayələrdə yaşamağa məcbur olmuşdur. Babasına və nənəsinə daim iddiaçı baxmış və 1989-cu ildən bu günə qədər həmin evdə qeydiyyatdadır. Digər iddiaçılar da onun övladlarıdır və onlar dünyaya gəldikdən sonra həmin evə qeydiyyata alınmışlar. Sözügedən yaşayış sahəsi özbaşına tikilidir və cavabdehlə birlikdə iddiaçılar da həmin evdə qeydiyyatdadırlar. İddiaçılar kirayədə (Bakı şəhəri, Salatın Əsgərova 162) yaşayır və evin kirayə haqqını ödəməkdə çətinlik çəkir. Başqa yaşayış evi olmadığına görə böyüyüb boya başa çatdığı və övladları ilə birlikdə qeydiyyatda olduğu Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, 184 saylı evə köçüb orada yaşamaq qərarına gəlmişlər. Lakin Cavabdeh iddiaçıları ora buraxmır. Bu səbəbdən də iddia qaldırılır. Mübahisə edilən evə cavabdehlə bərabər hüquqlara malikdirlər. Belə ki, ailə üzvü kimi mübahisəli evdə yaşamışlar və hər biri həmin ünvanda qeydiyyatdadır. Mübahisə edilən mənzildə ailə üzvü kimi yaşadığından həmin mənzilə istifadə hüququ vardır. İddiaçıların başqa yaşayış yeri yoxdur. Bu səbəbdən də, cavabdehin iddiaçıları həmin evdə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçıların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Ona görə də, iddiaçıların qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrum edilənin deyil, mənzildən məhrum edənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrum edənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrum edilən mənzilə köçürülməlidir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, o, 1988-ci ildə qaçqın kimi Bakı şəhərinə gələrək nənəsi ilə birlikdə mübahisəli ünvanda yaşamış, ailə qurduqdan sonra isə mübahisəli ünvandan köçmüşdür. Bununla belə həmin ünvanda qeydiyyatda qalmışdır. Övladları da həmin ünvana onun qeydiyyatı əsasında qeydiyyata alınmışlar. Ailə qurduqdan sonra müxtəlif ünvanlarda yaşamışdır. Həmin ünvana nənəsinə görə müəyyən dövrlərdə gedib-gəlmişdir. Lakin həmin ünvanda ailə qurduqdan sonra davamlı yaşamamış və həmin ünvanda ona məxsus əmlak yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında videokonfrans əlaqə sistemi vasitəsilə iştirak edən Cavabdeh iddia tələbinə etiraz etmiş və iddianın rədd edilməsini xahiş etmişdir.Həmçinin izahatında bildirmişdir ki, iddiaçı ailə qurduqdan sonra artıq 20 ildən çoxdur ki, həmin ünvanda yaşamır. İş materialları: Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 59 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış evində aşağıda adları göstərilən vətəndaşlar qeydiyyatdadılar: 1971-ci il təvəllüdlü İddiaçı1 xx.xx.1989-cu ildə qeydiyyatdadır, yaşayıb, hal-hazırda yaşamır, 2004-cü il təvəllüdlü İddiaçı3 - qeydiyyatdadır, 2007-ci il təvəllüdlü İddiaçı4-qeydiyyatdadır, 2001-ci il təvəllüdlü İddiaçı2 -qeydiyyatdadır, 1953-cü il təvəllüdlü Cavabdeh - xx.xx.2005-ci ildən qeydiyyatdadır, yaşayır. Məhkəmənin soğrusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı1 xx.xx.2003-cü il tarixdən, xx.xx.2001-ci il təvəllüdlü İddiaçı2 xx.xx.2016-cı il tarixdən, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı3 xx.xx.2016-cı il tarixdən və xx.xx.2007ci il təvəllüdlü İddiaçı4 xx.xx.2016-cı il tarixdən hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli, 5712 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı1 tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qüvvədən düşmüş Mənzil Məcələsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 1ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baхdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq оlunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, irəli sürülmüş iddia tələbini, iş materiallarında olan sənədləri araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı1 Mənzil Kommunal İstismar Sahəsinin arayışına əsasən 1989-cu ildən qeydiyyata alınmaqla yaşamışdır. Lakin işin mübahisəsiz halına əsasən iddiaçı ailə qurduqdan sonra mübahisəli ünvanı tərk etmiş və özünü başqa ünvanda yaşayış sahəsi ilə təmin etmişdir. Daha sonrakı tarixlərdə isə İddiaçı1 ailə üzvü olan digər iddiaçılar da həmin ünvanda qeydiyyata alınmışlar. İddiaçı1 fərqli olaraq digər iddiaçılar isə ümumiyyətlə mübahisəli mənzildən yaşayış sahəsi kimi istifadə etməmişlər. Qeyd edilən ünvanda yerləşən yaşayış sahəsi özbaşına tikili olmaqla həmin əmlak üzərində bu və ya digər şəxsin hüquqları təsbit edilməmişdir. Hazırda iddiaçılar onların pasport qeydiyyatında olduqları və İddiaçı1 1990-cı illərdə tərk etdiyi, digər iddiaçıların isə ümumiyyətlə yaşamadıqları yaşayış sahəsinə köçürülmələrinə dair iddia tələbi irəli sürmüşlər. Məhkəmə vurğulayır ki, iddiaçıların hazırda yaşamağa başqa yerlərinin olmamasına, cavabdehin onların həmin ünvanda yaşamalarına heç vaxt imkan verməməsinə, kirayə ev tutub yaşamağa maddi cəhətdən imkanı çatmamasına dair irəli sürdüyü dəlillər iddianın əsaslılığına dəlalət etmir. Göründüyü kimi iddiaçılar ötən 20 ildən də çox müddət ərzində həmin mənzilin onların yeganə yaşayış sahəsi olmasına dair tələb irəli sürməmişlər. İddiaçıların qeyd etdiyi hallar onlara kifayət qədər uzun müddətdən sonra həmin yaşayış sahəsinə köçürülmə tələbinə dair iddiasının təmin edilməsi qənaətinə gəlmək üçün əsas sayıla bilməz. Məhkəmə iş üzrə iddiaçıların pasport qeydiyyatında olduğu və özbaşına tikili statusunda olan yaşayış sahəsindən ötən 20 ildən daha artıq müddətdə yaşayış sahəsi kimi istifadə etməmələrini, həmin ünvanda onlara aid hər hansı əmlakın olmamasını, həmin ünvanda yaşamaqla hər hansı kommunal ödənişin icrasında iştirak etməmələrini, həmin ünvana hər hansı hüquqlarının yaranmadığını nəzərə alaraq hesab edir ki, ötən 20 ildən daha uzun müddət ərzində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 özlərinin yaşayış sahəsinə olan ehtiyaclarını təmin edərək mübahisəli ünvanda yerləşən yaşayış sahəsindən özlərinin yaşayış yeri ehtiyaclarını təmin etmək zərurət yaranmadığından hazırda iddiaçıların mübahisəli ünvanda yerləşən yaşayış sahəsinə köçürülmə barədə tələbləri əsassızdır və təmin edilməməlidir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı “fərdi yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-4920/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4920/2025
26.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver