Məhkəmə qərarları › İş №2(006)-4986/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4986/2020

07.12.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4986/2020 07.12.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı «cavabdehin 91/K/A nömrəli, xx xxxx 2020-ci il tarixli əmrinin iddiaçıya münasibətdə ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh təşkilatda 12 il şöbə müdiri vəzifəsində işləmişdir. Müəssisələr birləşdirilib adı dəyişəndən sonra direktor Asif Usubəliyev onu işə qəbul etmədi. Səbəbi isə müəssisəyə ayrılan vəsaitlərinin mənimsənilməsinə etiraz etməsi olmuşdur. O, məcbur olub Azərbaycan Respublikasının Birinci X5 Xanım Əliyevaya müraciət edildikdən sonra onu ilk vəzifə aşağı metodist vəzifəsinə qəbul etdilər. Şikayət etdiyinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər daimi müraciət etməsinə baxmayaraq heç bir səbəb göstərmədən rəhbərlik onu kompyuterlə təmin etməmişdir. Baxmayaraq ki, onunla birlikdə bir otaqda işləyən 4 nəfər kompyuterlə təmin olunmuşdur. Cavabdeh təşkilata ayrılmış vəsaitlərin talan edilməsi, mənimsənilməsi ilə bağlı Əbülfəz Qarayevə müraciət etsə də, müəssisənin yoxlanılmasına nazir müavini Rafiq Bayramov imkan verməmişdir. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Mərkəzə ayrılmış vəsaitlərin talan edilməsi və mənimsənilməsi barədə X6 göndərdiyi şikayət yenidən Mədəniyyət Nazirliyinə göndərilmiş, Nazirlik yoxlama aparmaq əvəzinə şikayəti Mərkəzin direktoruna göndərmişdir. Artıq hamıya məlumdur ki, Mədəniyyət Nazirliyinə ayrılmış vəsaitlərin talan edilməsi və mənimsənilməsi ilə əlaqədar vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilmiş və istintaq davam etdirilir.Göstərilən səbəblərdən mərkəzin direktoru Asif Usubəliyev onunla ədavət aparmaqla, nəticədə xx.xx.2020-ci il tarixdə 91/K/A nömrəli əmrlə əsassız və qanunsuz olaraq ona xəbərdarlıq barədə əmr vermişdir. Hesab edir ki, həmin əmr əsassız və qanunsuz olduğuna görə ləğv edilməlidir. xx.xx.2020-ci il tarixli, 91/K/A nömrəli əmr onunla əsaslandırılmışdır ki, Mərkəzin cari ilin aprel - 5 may və 20 iyun - 5 avqust tarixləri ərzində müvafiq əmr ilə tənzimlənən fəaliyyətdə iştirak etmədiyi və qanunvericiliklə tənzimlənən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyaların icra etmədiyi üçün metodist İddiaçı xəbərdarlıq elan edilmişdir. O, Mərkəzdə ayrılmış vəsaitlərin talan edilməsi və mənimsənilməsi barədə şikayət etdiyinə görə onu Mərkəzin direktoru kompyuterlə təmin etməmişdir. Baxmayaraq ki, işlədiyi bir otaqda 4 nəfər kompyuterlə təmin olunmuş, o, isə komputerlə təmin olunmamışdır. Bütün bu təzyiqlərə baxmayaraq ona verilən tapşırıqları yüksək səviyyədə icra etmişdir. Kompyuterlə təmin olunmadığına görə müəyyən proseslərdə iştirak edə bilməmişdir. Hesab edir ki, mərkəzin 91/K/A nömrəli, xx.xx.2020-ci il tarixli əmri ləğv edilməlidir. Dəfələrlə əmrin ləğv edilməsi barədə mərkəzin direktoruna müraciət etsə də, ona cavab verilməmişdir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 91/K/A nömrəli, xx xxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə verərək göstərmişdir ki, cavabdehin 91/K/A nömrəli xx.xx.2020-ci il tarixli əmri ilə üç nəfər əməkdaşa X2, iddiaçıya və X1 xəbərdarlıq elan edilmişdir. Bu səbəbdən iddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 91/K/A nömrəli, xx xxxx 2020-ci il tarixli əmrinin iddiaçıya xəbərdarlıq elan edilməsi hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Mahar oğlu izahat verərək qeyd etdi ki, onun onlayn iclarla qatıla bilməməsində səbəb texniki imkanlarının olmaması, bu hal barəsində rəhbərliyədə məlumat verdiyini, hətta iş otağında belə komputer dəstinin olmamasını əsas gətirərək iddia tələbini müdafiə etmiş, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 izahat verərək qeyd etdi ki, iddiaçı qəsdən iclaslarda iştirak etmir və bu səbəbdən iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, bütün dünyada yayılmış mövcud pandemiya ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş karantin qaydalarına uyğun olaraq cari ilin aprel ayından 5 may və 20 iyun tarixdən 5 avqust tarixinə qədər Mərkəz digər dövlət qurumları kimi onlayn formada fəaliyyətini davam etdirmişdir. Mövcud vəziyyətlə bağlı Mərkəzin bütün şöbələrinin əməkdaşları tərəfindən 2020-ci ili niş planına uyğun olaraq metodiki tövsiyələrin videotəqdimatlarının hazırlanması və Mərkəzə məxsus sosial şəbəkələrdəki təbliğat davam etdirilmişdir. Bu dövr ərzində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq mərkəz tərəfindən təşkil edilmiş bütün tədbirlər «Zoom» rəqəmsal proqramı vasitəsilə həyata keçirilmişdir. Əməkdaşların cari ilin 20 iyun - 5 avqust tarixlərini əhatə edən fəaliyyətini təhlil edən zaman məlum olmuşdur ki, rəhbərlik tərəfindən dəfələrlə səsləndirilməsinə baxmayaraq İddiaçı Mahar oğlu daxil olmaqla, Mərkəzin bir sıra əməkdaşları həmin dövr ərzində öz əmək fəaliyyətlərini lazımi şəkildə tam və ya qismən icra etməmiş, onlayn formatda təşkil edilmiş tədbirlərdə iştirak etməmişdirlər. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Mərkəz tərəfindən komputerlə təmin olunmadığına görə onlayn tədbirlərdə iştirak edə bilməmişdir. Lakin, bu etiraz ərizəsini qoşma kimi əlavə etdiyi şəkildə də göründüyü kimi, iddiaçı aprel ayında təşkil edilmiş onlayn tədbirdə iştirak etmiş, daha sonra kompyuterinin olmamasını əsas gətirərək həmin dövr ərzində əmək fəaliyyətini icra etməmişdir. Pandemiya dövrü ərzində əməkdaşların bir-biri ilə sıx əlaqədə olmaqlarını, kommunikasiyanın və əmək funksiyasının onlayn olaraq təmin edilməsini nəzərə alaraq «Whatsapp qrupu» yaradılmışdır. Lakin, İddiaçı bundan da imtina edərək heç bir əsas gətirmədən qrupdan ayrılmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən verilmiş ərizə tamamilə əsassızdır. Belə ki, Mərkəz Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndində qeyd olunanları nəzərə alaraq həmin Məcəllənin 2-ci bəndinə sıralanmış intizam tənbehlərindən hər hansı birini tətbiq etməmiş, iddiaçını yazılı olaraq xəbərdar etmişdir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təqdim edilmiş cədvəldən görünür ki, metodiki iş şöbəsinin metodisti İddiaçı 22.06.-xx.xx.2020 il tarixədək, 29.06.-xx.xx.2020ci tarixədək, 06.07.-xx.xx.2020-ci il tarixədək, 13.07.-xx.xx.2020-ci il tarixədək, 20.07.xx.xx.2020-ci il tarixədək, 27.07.-xx.xx.2020-ci il tarixədək Mərkəz tərəfindən təşkil edilmiş onlayn formatda olan tədbirlərdə iştirak etməmişdir. İş üzrə elmi katib Cavid Əliyev tərəfindən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevə ünvanlanmış xidməti məlumatından görünür ki, bütün dünyada yayılmış mövcud pandemiya ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş sosial izolyasiya və karantin qaydaları çərçivəsində cari ilin aprel-5 may və 20 iyun tarixdən 5 avqust tarixinə kimi Mərkəz əksər dövlət qurumları kimi rəqəmsal formada fəaliyyətini davam etdirmişdir. Bu müddət ərzində fəaliyyətin təmin edilməsilə bağlı proseslər Mərkəz tərəfindən tərəfindən xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş 029 nömrəli əmrlə tənzimlənmişdir. Belə ki, mövcud vəziyyətlə bağlı Mərkəzin bütün şöbələrinin əməkdaşları tərəfindən 2020-ci ili niş planında öz əksini tapmış metodiki tövsiyələrin videotəqdimatlarının hazırlanması və Mərkəzə məxsus sosial şəbəkələrdəki təbliğatı davam etdirilmişdir. Eyni zamanda bu dövr ərzində xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Mərkəz tərəfindən təşkil edilmiş bütün tədbirlər «Zoom» proqramı vasitəsi ilə həyata keçirilmişdir. Sənədlərlə iş və statistik təhlillər şöbəsi tərəfindən əməkdaşların cari ilin 20 iyun-05 avqust tarixlərini əhatə edən fəaliyyətinin təhlili aparılmışdır. Təhlil zamanı məlum olmuşdur ki, rəhbərlik tərəfindən dəfələrlə səsləndirilməsinə baxmayaraq Mərkəzin bir sıra əməkdaşları öz əmək funksiyalarını rəqəmsal fəaliyyət dönəmində lazımi şəkildə icra etməmiş, həmçinin onlayn formatda təşkil olunmuş tədbirlərdə bəzi əməkdaşlar tamamən, bəziləri isə qismən iştirak etməmişdir. Sadalanan faktları nəzərə alaraq siyahıda adları edilən əməkdaşlar barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməsi məqsədəuyğun hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən verilmiş 91/K/A saylı, xx.xx.2020-ci il tarixli əmrindən və həmin əmrinə əlavə edilmiş siyahısından görünür ki, Mərkəzin cari ilin aprel-5 may və 20 iyun-5 avqust tarixləri ərzində müvafiq əmri ilə tənzimlənən fəaliyyətində iştirak etmədikləri və qanunvericiliklə tənzimlənən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını icra etmədikləri üçün X2, İddiaçı və X1 xəbərdarlıq elan edilməsi, xəbərdarlıq elan edilmiş işçilərin barəsində gələcəkdə belə hallar təkrar baş verəcəyi təqdirdə qanunvericiliyə əsasən daha ciddi tədbirlər görülməsi əmr edilmişdir. Əsas: mərkəzin elmi katibi Cavid Əliyevin xx.xx.2020-ci il tarixli xidməti məlumatı göstərilmişdir. İş materiallarında olan metodiki iş şöbəsinin metodisti İddiaçı tərəfindən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin adına yazılmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Mərkəzin illik iş planına uyğun olaraq gördüyü elmi və metodiki işləri hazırlanması ilə məşğul olmuşdur və bu barədə baş metodistə mütəmadi olaraq məlumat vermişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi daimi olaraq müraciət etsə də, heç bir səbəb göstərilmədən kompyuterlə təmin olunmamışdır. Otaqda 5 nəfər otursalar da, dörd nəfər ilk gündən kompyuterlə təmin olunmuş, yalnız ona kompyuter verilməmişdir. Kompyuter olmadığı üçün prosesdə iştirak edə bilməmişdir. Ona qouşlmaq üçün tarix, vaxt və kod bildirilməmişdir. Beləliklə də, 30 iyul tarixində 91/K/A nömrəli əmrlə verilmiş xəbərdarlıq qərəzli olduğu üçün razı deyil. Ona görə də verilmiş xəbərdarlığın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçı iş yerində kompyuterlə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin sədri Cəmilə Səttarova tərəfindən İddiaçı Məhər oğluna və X2 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, onlara xx.xx.2020-ci il tarixli, 91/K/A № əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq elan edilmişdir. Elan edilən yazılı xəbərdarlıq qeyd olunan Məcəllənin müddəalarına görə intizam tənbehi sayılmır. Əmək Məcəlləsinin 190-cı maddəsinin 3-cü hissəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyinin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edirsə, əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia tələbinin əsası kimi ona verilən tapşırıqları yüksək səviyyədə icra etməsini, kompyuterlə təmin olunmadığına görə onlayn formatda təşkil edilən tədbirlərdə iştirak edə bilmədiyini qeyd etmişdir. Bu səbəbdən ona edilmiş xəbərdarlığın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə iddiaçıya yazılı xəbərdarlığın verilməsi əsası kimi cavabdehin öz əmək fəaliyyətlərini lazımi şəkildə icra etməməsi, onlayn formatda təşkil edilmiş tədbirlədə iştirak etməməsi olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, intizam məsuliyyəti hüquqi məsuliyyətin müstəqil növüdür. Əmək intizamını pozan və intizam xətası törətmiş işçi intizam məsuliyyətinə cəlb oluna bilər. Əmək intizamı hər bir ümumi işin, hər hansı birgə fəaliyyətin, hər hansı kollektiv əməyin zəruri şərtlərindən biridir. Əmək intizamı işçinin əmək hüquq münasibətinin elementi və onun müəssədaxili intizam qaydalarına, əmək intizamına əməl etmək vəzifəsidir. Yəni əmək intizamı konkret işəgötürənlə hüquq münasibətləri hüdudunda əmək prosesi iştirakçıların subyektiv hüquq vəzifələrinin lazımi səviyyədə realizəsi zamanı əmək prosesinin bütün iştirakçılarının qanuna uyğun davranışıdır. Başqa sözlə əmək intizamı istənilən müəssisədə hər bir işçinin səlahiyyətlərini həyata keçirməsi və vəzifələrini ciddi və şüurlu olaraq yerinə yetirməsində ifadə olunan hüquq qaydası tələblərinə tabe olmaq deməkdir. AR Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əmək etmək, iş yoldaşlarının əmək hüquqların və qanuni mənafelərini pozmamaq, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin vəzifəsidir. AR Əmək Məcəlləsinin 186 maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən xəbərdarlıq intizam tənbehi sayılmasa da, bu tədbir işəgötürən tərəfindən intizam xətasına yol vermiş işçiyə onun peşəkarlıq səviyyəsi, kollektivdə nüfuzu və törətdiyi xətanın xarakterinə uyğun olaraq verilir. Yəni işçiyə yazılı xəbərdarlıq verilməsinin əsasını işçi tərəfindən hər hansı intizam xətasının törədilməsi təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ona qarşı tətbiq edilmiş xəbərdarlığın verilməsi ilə əlaqədar ehtimal etdiyi pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçıya yazılı xəbərdarlığın verilməsinin əsası kimi iddiaçının əmək funksiyalarını yerinə yetirilməməsini qeyd etsə də, bu halları təsdiq edən mötəbər sübutları ( onlayn qaydada iştirakın əmək funskiyalarına aid olması barədə) məhkəməyə təqdim edə bilməmişdir. Yəni xəbərdarlığın verilməsi əsası kimi qeyd edilən mərkəzin elmi katibinin xidməti məlumatı əsasında hər hansı araşdırmanın ( əsaslı ararşdırmanın) aparılmasına dair sübutlar da məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin cavabdehi nümayəndəsi tərəfindən bu kimi hallara görə ( onlayn qaydada iştiraka) hər hansı bir məsuliyyətin yaranması və tətbiqi qaydasını müəyyən edən normativ akt təqdim edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, pandemiya şəraitində işçilərə onlayn iclas, təhsil və sair bu kimi hallara görə texniki avadanlıqlarla işçini təmin etmək vəzifəsi işə götürən tərəfindən həyata keçirilməsi daha real görsənən bir haldır. Belə olan halda məhkəmə hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilməli, iddiaçıya qanunla nəzərdə tutulan və ya hər hansısa bir normativ akta əsaslanan xətanı törətmədiyi intizam xətasına görə yazılı xəbərdarlıq verilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 91/K/A saylı əmr iddiaçıya münasibətdə ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə xx xxxxx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə xx xxxxx 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən verilmiş 91/K/A nömrəli, xx xxxx 2020-ci il tarixli əmr İddiaçı xəbərdarlıq elan edilməsi hissəsində ləğv edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən verilmiş 91/K/A nömrəli, xx xxxx 2020-ci il tarixli əmri İddiaçı xəbərdarlıq elan edilməsi hissəsində ləğv edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar