Məhkəmə qərarları › İş №2(006)-4989/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-4989/2023

25.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-4989/2023 25.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı - İddiaçı, İddiaçının vəkili– Vəkil1, Cavabdehin nümayəndəsi (vəkili) - Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əvvəlki tutduğu vəzifəyə bərpa edilmə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və digər zərərlərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əvvəlki tutduğu vəzifəyə bərpa edilmə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və digər zərərlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 92/K-A nömrəli əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 500 manat, mediasiya prosesi üçün ödənilən rüsum olan 61 manat, vurulmuş mənəvi zərərin əvəzi 15000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı əmək fəaliyyəti ilə bağlı xx.xx.2021-ci ildə "Buta Traidinq“ MMC-nin insan resursları şöbəsinə insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş Əmək Müqaviləsi müddətli bağlanmış və xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. Əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmamazlıqlara yol verməmişdir. Bir neçə iş günü keçdikdən sonra, birbaşa tabeçiliyində olduğu şöbə müdiri Tağızadə Aidə ona vəzifə borclarına tamamilə zidd olan (iş vaxtı onun saçlarının fenlə düzləşdirməyini, iş vaxtı avtomobil vasitəsilə onun övladını evdən götürərək müəllim yanına hazırlığa aparmağını, sonra isə evə geri gətirməyini və digər şəxsi məsələlər) tapşırıqlar və göstərişlər verməyə başlamışdır. Bu cür tapşırıq və göstərişlərə haqlı olaraq razılıq vermədiyi üçün, lakin iş fəaliyyəti ilə bağlı heç bir əsas və səbəb olmadan birbaşa əlaqələrlə işlədiyi şöbə müdirinin ona yersiz etirazları ilə qarşılaşmış və xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d" bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) xəbərdarlıq olunmadan əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilmişdir. Bu hal ilə razılaşmayıb müəssisə rəhbərliyinə və sonradan müvafiq aidiyyəti orqana şikayətlər etmiş və əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2021-ci il tarixli **********5 saylı məktubu ilə bildirilmişdir ki, onun “Buta Traidinq" MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətə X9 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı 'Buta Traidinq" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə aralarında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda "xxxx" MMC-nin direktoru X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 'Buta Traidinq’ MMCdən işdən azad olunmağı barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmrinin etibarsız hesab olunmaqla ləğv edilməsi, insan resursları şöbəsinin insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa olunaraq məcburi iş buraxmaya görə aylıq əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin №2(006)-4705/2021, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" MMC-nin X5 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT- İX-049 saylı əmrin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq ona ödənilməsi müəyyən edilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin bu qətnaməsindən də kassasiya şikayəti versə də, Ali Məhkəmənin 2(102)-5682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, onunla əmək müqaviləsi 3 aylıq müddətə bağlanmışdır və bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin məhkəmə prosesləri zamanı müqaviləsi saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub-olmamasını müəyyən etmək üçün Apellyasiya Məhkəməsi tərəfindən Əmək müqaviləsi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli Ekspert Rəyində tədqiqatın nəticəsi olaraq Əmək Müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. Ali Məhkəmənin sözügedən qərarı xx.xx.2022-ci ildə çıxsa da, indiyədək icra olunmamışdır. Yalnız xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də işə bərpa olunduğunu öyrənsə də, yenidən rəhbərlik tərəfindən işə buraxılmamış və xx.xx.2023-cü il tarixdə işdən azad edildi. Cavabdeh tərəfindən qətnamə və qərarların icrasına könülsüzlük nümayiş etdirildiyini gördükdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə iş yerinə gedərək mövcud vəziyyətlə maraqlanmaq istəmişdir. Orada ona hədə-qorxu gəlmiş, problemlər yaradacağını və burada işləməyinin mümkün olmayacağını bildirmişlər. Bundan sonra cavabdehin işçiləri tərəfindən əmək fəaliyyətinin həyata keçirilməsinə icazə verilmədiyini öyrənmiş və dərhal Əmək Müfəttişliyinə şikayət etmişdir. İşlə bağlı Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparılmış və yekunda cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimələnməsi barədə məlumat verilmişdir. Məzuniyyət haqqı ödənilməməsi və 2 ay 11 gün gecikən əmək haqqının ödənilməməsi ilə bağlı cavabdeh qurum 2 dəfə cərimələnmişdir. Sözügedən məktub ona təqdim edilən kimi iş materiallarına əlavə ediləcəkdir. Cavabdehin xx.xx.2023cü il tarixli, 52/K-A nömrəli xitam əmrinin ləğv edilməsi və digər tələblərlə bağlı yenidən məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişatında cavabdeh xx.xx.2023-cü il tarixdə onu işə bərpa etdiyi üçün iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2023cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma gerə çəkilmiş xərcin əvəzi 800 manat cavabdeh "Buta Traidinq” MMC-dən alınaraq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi 500 manat “Buta Traidinq" MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Bütün bu hadisələrdən dərs çıxarmayan cavabdeh 3-cü dəfə qanunsuz olaraq xx.xx.2023cü il tarixdə onu işdən azad etdi. xx.xx.2023-cü il tarixli, 92/K-A nömrəli əmrlə əmək müqaviləsinə xitam verildi. Bu dəfə də cavabdehin verdiyi əmr kobud hüquq pozuntuları ilə müşayiət edilmişdir. İşdən azad olunmağı barədə əmr xx.xx.2023-cü il tarixdə verilsə də son haqq-hesab həmin gün edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə cavabdeh son haqq-hesab etməklə Əmək Məcəlləsinin 83.2-ci maddəsini pozmuşdur. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, əleyhinə çıxan qətnamələrdən və inzibati qaydada edilən cərimələrdən dərs çıxarmayan "Buta Traidinq” MMC yenidən işçilərin hüquqlarını pozmaqda davam etmişdir. Digər tərəfdən, işdən azad olunmağı ilə bağlı bildiriş də ona qanunvericilikdə göstərilən şəkildə verilməmişdir. Belə ki, xəstəliklə bağlı işdə olmadığı dövrdə yəni xx.xx.2023-cü il tarixdə ona cavabdeh tərəfindən 3/23 nömrəli bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, işçinin müəyyən uzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Göründüyü kimi qanun da birmənalı şəkildə bildirir ki, xəstəliklə əlaqədar işçi işdə olmadıqda onunla əmək müqaviləsinə xitam vermək və ya bildiriş göndərmək olmaz. Bununla yanaşı bildirmək istərdi ki, xəstəliklə bağlı işdə olmadığı dövr üçün əmək haqqının ödənilməsi bu günə qədər öz həllini tapmamışdır. Eyni zamanda bildirmək istərdi ki, artıq 3 dəfə rəsmi şəkildə onu qanunsuz işdən azad edən "xxxx" MMC onun əmək kitabçasını da korlamışdır. Belə ki, kifayət qədər yaxşı yerlərdə iş təcrübəsi olduğuna baxmayaraq hal-hazırda Əmək kitabçası korlandığı üçün işə düzələ bilmir. İşəgötürənlər əmək kitabçasını bu formada gördükdə onunla əmək müqaviləsi bağlamağa həvəsli olmurlar. Xəstəlik vərəqəsinin müddəti xx.xx.2023-cü ildə bitmiş və o, səhərisi gün işdə olmuşdur. Buna müqabil isə cavabdehin nümayəndələri onu dar otaqda axşama qədər tək şəkildə, heç bir iş alətləri, kompüterlə təmin etmədən gözlətmiş, ona mənəvi əzab vermiş və yalnız iş müddətinin sonuna yaxın işdən azad olduğunu bildirmişdir. Bununla bağlı əmrin surətini tələb etsə də, ona əmr həmin gün verilməmiş və yalnız ərizə ilə müraciət etdikdən sonra əmrin surətini əldə etmişdir. xx.xx.2023-cü il tarixdə işə gəldikdən sonra cavabdeh onun heç bir həftə də olsun işləməyinə icazə vermədən tələm-tələsik onu işdən azad etmişdir. Bununla bağlı xitam əmrini alan kimi dərhal mediasiya proseslərinə başladı və daha sonra 6 saylı Mediasiya Təşkilatına müraciət etdi. xx.xx.2023-cü il tarixə, saat 17:00-a X7 təyin edilsə də, cavabdeh və ya onun nümayəndələri həmin sessiyaya gəlməmişdir. Bununla bağlı Mediasiya təşkilatından arayış aldı və 61 manat ödəniş etdi. Həmin arayış qoşmaya əlavə ediləcəkdir. Hazırki iş üzrə Vəkil1 ilə müqavilə bağlamışdır və həmin müqavilənin də qəbzi qoşmaya əlavə ediləcəkdir. Həmin müqavilənin dəyəri 500 manat olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Hal-hazırda cavabdehin qanunsuz hərəkətləri nəticəsində işləmir və heç bir yerdən gəliri yoxdur. Sadalanan məbləğlərin hamısını borc almışdır və həmin borcları qaytarmaq məcburiyyətindədir. Ona görə də bütün bu məbləğləri cavabdehdən tələb etmək məcburiyyətində qalmışdir. Bunlarla yanaşı bildirmək istərdi ki: cavabdehin qanunsuz əməlləri nəticəsində 2 ildən artıq müddətdir ki, yollardadır və mənəvi zərərə məruz qalmışdır. Bütün bunlara baxmayaraq heç bir nəticəyə nail olmamış və bu da onun mənəvi zərərini dərinləşdirmişdir. Məhkəmə prosesləri ilə yanaşı icra mərhələsində də qanunlara tabe olmayan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bəzən gün ərzində dəfələrlə müxtəlif qurumlara getmək məcburiyyətində qalır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Ona vurulan mənəvi zərərin həcmi 15000 manatdır. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 iddia tələbi və təqdim edilmiş mülahizələrdə göstərilən məzmunda çıxış edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 təqdim etdiyi etirazın mətninə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materialları: - İşəgötürən qismində Cavabdeh MMC ilə işçi qismində İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, müqavilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 3 ay, aylıq əmək haqqı 549,16 manat olaraq müəyyən edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC-nin İddiaçı ilə bağlanmış müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İX-049 saylı əmri ləğv edilmiş, İddiaçı "xxxx" MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pul "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 5682/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1135/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. - İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı qərardan görünür ki, vətəndaş İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə qurtardığı halda xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verildiyindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. X1 AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. - İşçinin işə bərpası barədə xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il 3-175/2-26228/2023 saylı qərarı əsasında xx.xx.2023-cü il tarixli 52/K-A saylı xitam əmri ləğv edilmiş, yeni ştat vahidi yaradılaraq İddiaçı insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilmiş, məcburi iş buraxma müddəti (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək) əmək haqqı ödənilməsi və işçinin xx.xx.2023-cü il tarixdən işə başlaması barədə Cavabdeh MMC-nin direktoru tərəfindən əmr verilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “məcburi işburaxma üçün əmək haqqı və sairə” tələbinə dair iddiası qismən təmin edilmiş və İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi 500 manatın Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. - İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN №1291165 saylı qərarın surətindən görünür ki, Cavabdeh MMC-də X3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək əmək məzuniyyətinin verilməsinə baxmayaraq, məzuniyyət haqqı xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq məzuniyyət haqlarının ödənilməsində qanun pozuntusuna yol verilmişdir. X2 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 800 manat məbləğində inzibati cərimə edilmişdir. - “Əmək qabiliyyətinin olmaması” vərəqəsinin surətindən görünür ki, X8 xx.xx.2023xx.xx.2023-cü il tarixlər arasında, həmçinin daha sonra xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında xəstəliklə əlaqədar işdən azad hesab edilmişdir. - Cavabdeh MMC tərəfindən X4 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3/23 saylı bildirişdən görünür ki, X8 ilə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixdə qurtardığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73cü maddəsinə müvafiq olaraq həmin əmək münasibətlərinin növbəti dövr üçün davam etdirilməyəcəyi və xx.xx.2023-cü il tarixdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi qeyd edilmişdir. - xx.xx.2023-cü il tarixli, 92/K-A saylı işçinin işdən azad edilməsi haqqında əmrin surətindən görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Baş mühasibə işçiyə son haqq-hesabın verilməsini və cari aydakı iş günü 1(bir) gün və istifadə etmədiyi 3(üç) təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsini təmin etməsi tapşırılmışdır. - İddiaçı tərəfindən X9 Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixli əmr ilə tanış edilmədiyini və son haqq-hesabın düzgün ödənilməsinə şübhə etdiyini bildirmiş, müraciətinin araşdırılmasını xahiş etmişdir. - İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o, hüquqi yardımın göstərilməsi üçün 500 manat məbləğində ödəniş etmişdir. - MŞB/6-0671 saylı, xx.xx.2023-cü il tarixli Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş X7nın davam etdirilə bilməməsi haqqında arayışdan görünür ki, Cavabdeh MMC-nin sessiyada iştirak etməməsi səbəbindən mediasiya prosesi davam etdirilə bilməmişdir. Mediasiya xərci olan 50 manat + 10 manat məbləğ X8 tərəfindən ödənilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-6689/2023 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-4705/2021 saylı qətnaməsi ilə bağlı “ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin” hissəsinin “ona məcburi işburaxma müddəti üçün -xx.xx-2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddət üçün əmək haqqı ödənilsin” kimi izah olunması qərara alınmış və bu qərardaddan verilmiş şikayət təmin edilməyərək, qərardad dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.2021-ci ildə Cavabdeh MMC-yə müvafiq vəzifəyə işə qəbul olunmuş və xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Keçmiş əməkdaş xx.xx.2023-cü ildə cəmiyyətə işə bərpa edilmiş və xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə yenidən işə bərpa edilərək xx.xx.2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021 – xx.xx.2021 tarixləri arasında 32 təqvim günü, xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri arasında 8 təqvim günü, xx.xx.2023 – xx.xx.2023-cü il tarixləri arasında 54 təqvim günü olmaqla, ümumi əmək müqaviləsinin qüvvədə olduğu günlərin sayı 94 gün təşkil etmişdir. - "xxxx" ASC tərəfindən verilmiş hesab əməliyyatları haqqında çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə son haqq-hesab ödənişi edilmişdir. - İş üzrə Cavabdeh MMC tərəfindən təqdim edilmiş İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əvvəlki tutduğu vəzifəyə bərpa edilmə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və digər zərərlərin ödənilməsi” tələbinə dair iddiasına etirazda göstərilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 92/K-A nömrəli əmrin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbləri əsassızdır. Belə ki, işəgötürənin qeyd olunan əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci bəndinə əsasən Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: d) əmək müqaviləsinin müddəti; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 45-ci maddəsinin 1, 2, 3 və 5-ci bəndlərinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 73-cü maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179- cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İddia tələblərinin hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 500 manat, mediasiya prosesi üçün ödənilən rüsum olan 61 manat və vurulmuş mənəvi zərərin əvəzi 15000 manat məbləğində pulun cavabdehdən tutulması ilə bağlı hissələri üçün bildirmək istəyirik ki, əmrin ləğv edilməsi və işə bərpa ilə bağlı tələblər əsassız olduğundan birbaşa onunla bağlı olan digər qeyd olunan tələblər də əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 92/K-A nömrəli əmri qanunvericiliyin tələblərinə uyğun olduğu üçün İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, əvvəlki tutduğu vəzifəyə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi və digər zərərlərin ödənilməsi” tələbinə dair iddiasının rədd olunmasını xahiş edirlər. - İddiaçı tərəfindən təqdim edilmiş mülahizələrdə qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi xx.xx.2021 -ci il tarixdə bağlanmış və müddət olaraq müqavilənin müddəti 3 aylıq müəyyən edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli əmri ilə əmək müqaviləsinə, habelə əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı bununla bağlı məhkəməyə müraciət etmiş və yekun olaraq xx.xx.2021-ci il tarixli əmrin ləğv edilməsinə və əvvəlki vəzifəsinə bərpa edilməsinə nail olmuşdur. Bununla bağlı Cavabdeh MMC xx.xx.2023-cü il tarixli növbəti əmrlə İddiaçı əvvəlki tutduğu vəzifəyə bərpa etmiş və məhz bu əmrlə əmək münasibətləri yenidən yaranmışdır. xx.xx.2023-cü il tarixdən etibarən əmək münasibətləri yenidən yaranmış və həmin tarixdən etibarən aralarında olan əmək müqaviləsi yenidən sıfırdan olmaq şərti ilə yaranmışdır. xx.xx.2023cü il tarixli əmrlə yenidən sözügedən əmək müqaviləsinə xitam verilmiş, habelə dolayısıyla əmək münasibətlərinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli əmrin də qanunsuz olduğu sübut edilincə xx.xx.2023-cü il tarixli əmrlə “Buta Traidinq" MMC ilə İddiaçı arasında yenə və sıfırdan olmaq şərtilə yeni əmək münasibətləri yaranmışdır. Yeni yaranan əmək münasibətləri 3 aylıq müddəti əhatələməli idi. Belə ki, xx.xx.2023-cü il tarixdə başlayan əmək münasibətləri ən azı xx.xx.2023-cü il tarixinədək davam etməli idi. Yalnız bundan sonra işəgötürənin müddətin bitməsi əsası ilə əmək müqaviləsinə və əmək münasibətlərinə xitam vermək hüququ yaranmalı idi. Hazırki iş üzrə isə işəgötürən xx.xx.2023-cü il tarixdə belə bir əmr verərək işçi İddiaçı hüquqlarının kobudcasına pozmuşdur. Yuxarıda qeyd olunan tezisləri dəstəkləyən əsaslardan biri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6689/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında yaranan ilkin əmək mübahisəsi üzrə qətnaməyə izah verən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6689/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının məzmunu və nəticəsi bir daha sübut edir ki, yanaşma bu cür olmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında yaranan ilkin məhkəmə mübahisəsi zamanı məcburi iş buraxma üçün ödənilməli olan əmək haqqı miqdarının hansı dövrü əhatə etməli olduğu tərəflərdə fikir ayrılığına səbəb olmuşdur, iddiaçı var olan əmək münasibətlərinin davamı kimi xx.xx.2021-cü il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxma müddəti tezisini dəstəkləsə də, məhkəmənin yanaşması fərqli olmuşdur. Belə ki, həmin qərardadla mövcud olan əmək münasibətlərinə xx.xx.2021-ci il tarixdə xitam verildiyi əsas gətirilərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021 tarixədək məcburi işburaxma olduğu qənaətinə gəlinmişdir. Bununla da məhkəmə bir daha təsdiq etmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə cavabdeh arasında mövcud olan əmək münasibətlərinə xitam verilmiş və xx.xx.2023-cü il tarixli işəgötürənin əmri ilə yeni əmək münasibətləri yaranmışdır. Bu baxımdan bir daha sübut olunur ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmri ilə "xxxx" MMC ilə işçi İddiaçı arasında yeni əmək münasibəti yaranmış və xx.xx.2021-ci il tarixli müqavilə ilə yeni yaranmış əmək münasibətlərinin müddəti ən az 3 ay olmalı idi. Yəni "Buta Traidinq” MMC-nin yalnız xx.xx.2023-cü il tarixdə işçi İddiaçı ilə aralarında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68b bəndi ilə xitam vermək hüququ yaranardı. Göründüyü kimi, əvvəlki hüquq pozuntularından dərs çıxarmayan cavabdeh yenidən işçi İddiaçı hüquqlarını pozmaqla qanuna uyğun olmayan formada əmək müqaviləsinə xitam vermişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin maddənin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Qeyd edilməlidir ki, iddiaçı tələbində əmək müqaviləsinin xx.xx.2023-cü il tarixli əmrlə ləğvinin əsassızlığı ilə bağlı iki məqamı vurğulamış, araşdırmanın gedişatı zamanı isə onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixdən etibarən yeni əmək münasibətlərinin yaranmasına istinad etmişdir. Birincisi iddiaçı bildirir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə işəgötürənin bildirişi onun xəstəliklə bağlı işdə olmadığı dövrdə göndərilmişdir ki, bu qanunvericiliyə ziddir. Məhkəmə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsində işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilmənin nəzərdə tutulduğunu, işçinin xəstələnməsi ilə əlaqədar işdə olmadığı dövrdə ona əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilməsinin qadağan olunması ilə imperativ norma olmadığını diqqətə çatdırır. Yəni işçinin müəyyən üzürlü səbəblərdən işdə olmadığı dövrdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin istisna olunduğu müəyyən edilsə də, əmək müqaviləsinə xitam veriləcəyi barədə bildiriş göndərilməsinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassız hesab edilməsinə dəlalət etmədiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, işəgötürən işçi ilə əmək müqaviləsinə müqavilə müddəti başa çatması əsası ilə xitam verilməsi barədə iradəsini işçiyə bildirməklə, işçi işə çıxdıqdan sonra qanunla müəyyən edilmiş müddət çərçivəsində xitam vermiş və bu zaman onun hərəkətlərində hər hansı pozuntu müəyyən edilmir. İkincisi, iddiaçı tələbində qeyd edir ki, onun əmək müqaviləsinə xitam verildikdən sonra ödənilməli məbləğlər bir gün gecikdirilməklə ödənilmişdir və bu da öz növbəsində işdən çıxarma haqqında əmrin ləğv edilməsi üçün əsas təşkil edir. Bununla bağlı məhkəmə xatırladır ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti, işçinin əmək kitabçasının və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməsi dəqiq olaraq qanunvericilikdə təsbit edilmişdir, lakin bir daha vurğulamaq lazımdır ki, qeyd edilən qaydaya riayət olunmaması yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati xəta pozuntusu hesab olunacağı təqdirdə inzibati məsuliyyət üçün əsas ola bilər. Belə ki, işçiyə son haqq hesab ödənişlərinin bir gün gecikdirilməsi yalnız hesablaşma əməliyyatlarının vaxtında aparılmaması kimi dəyərləndirilməli, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsassız olmasını şərtləndirən hal kimi qiymətləndirilməməlidir. Daha sonra iddiaçı ümumiyyətlə əmək münasibətlərinin xx.xx.2023-cü il tarixdən yenidən başlanmasını əsas gətirərək və həmin münasibətlərin də 3 ay müddət təşkil etməsi səbəbindən müqaviləyə yalnız xx.xx.2023-cü il tarixdə xitam verilməsinin mümkünlüyünü və bu əsasla da əmrin əsassız olduğunu irəli sürmüşdür. Bununla bağlı məhkəmə bildirir ki, İddiaçı ilə "xxxx" MMC arasında əmək münasibətlərinin yaranması əsası onlar arasında 3 ay müddət müəyyən edilməklə bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsidir. Tərəflər arasında mövcud olan əmək münasibətlərinin əsasını əmək müqaviləsi təşkil edir və iddiaçının sonradan yeni əmək münasibətlərinin yaranma əsası kimi istinad etdiyi xx.xx.2023-cü il tarixli əmr yeni əmək münasibətlərinin yaranması əsası kimi qiymətləndirilə bilməz. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən və işçi arasında əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən əsas sənəd olaraq əmək müqaviləsi nəzərdə tutulmuşdur. Və müqavilə olmadan yalnız işəgötürənin əmri yeni əmək münasibətlərinin yaranması əsası kimi çıxış edə bilməz. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli əmrlə tanış olunarkən müəyyən edilmişdir ki, əmrin verilməsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli qərarı olmuşdur və İddiaçı insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə bərpa edilmişdir. Göründüyü kimi İddiaçı məhz əvvəlki vəzifəsi üzrə işinə bərpa edilmiş və onunla daha əvvəlki dövrdə bağlanmış xx.xx.2021-cil tarixli əmək müqaviləsi onunla işəgötürən arasında əmək münasibətlərini tənzimləyən əsas olaraq müəyyən edilir. Həmin müqavilə hüquq münasibətlərini tənzimləyən sənəd kimi həmin münasibətlərin müddətini də öz növbəsində tənzimləyir. Müqavilədə nəzərdə tutulmuş müddət isə 3 ay təşkil edir. Yəni sonradan xx.xx.2023-cü il tarixdə İddiaçı işə bərpa edilməsindən asılı olmayaraq tərəflər arasında münasibətlər 3 aylıq müddət həddində müəyyənləşdirilmiş və bu da nəticədə işəgötürən tərəfindən əmək müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə qurtarması müəyyən edilməklə, işçinin işə çıxdığı gündən bir həftə müddətində, xx.xx.2023-cü il tarixdə müqaviləyə xitam verilməsinə əsas vermişdir. Məhkəmə iddiaçının hazırki iddia tələbində irəli sürdüyü dəlillərlə bağlı bu nəticəyə gəlir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi qanunda müqavilə ilə müəyyən edilmiş müddətin qurtarması qeyd edilmişdir, hazırki işdə mübahisə tərəfi olan işəgötürən xx.xx.2021-ci il tarixli müqavilə ilə yaranmış əmək münasibətlərinə həmin münasibətlərin müxtəlif dövrlərdə tərəflər arasında olan məhkəmə mübahisələri ilə əlaqədar olaraq kəsilməsini və bərpa edilməsini nəzərə alaraq müqavilə ilə müəyyən edilmiş müddətin xx.xx.2023-cü il tarixdə bitməsini əsas götürməklə, işçini müvafiq qaydada xəbərdar etməklə xx.xx.2023-cü il tarixli əmrlə münasibətlərə xitam vermişdir. Bundan başqa iddiaçının ona hesablanmış son haqq-hesab üzrə ödənişlərin bir gün müddətində gecikdirilməklə ödənilməsinə dair istinad etdiyi hallar belə əmrin ləğvini əsaslı edən pozuntu sayıla bilməz. Nəhayət yeni əmək münasibətlərinin yaranması əsası ilə bağlı məhkəmə qeyd edir ki, baxmayaraq ki, xx.xx.2023-cü il tarixli əmrdə şəxsin vəzifəyə bərpa edilməsi qeyd edilsə də, lakin bu yeni əsaslarla (müddətlərin həmin tarixdən başlanması kimi) əmək münasibətlərinin yaranması kimi qiymətləndirilə bilməz, hər bir halda yeni müddətlər müəyyən edilməklə əmək münasibətlərinin davamı üçün ya yeni əmək müqaviləsi olmalıdır və ya əvvəlki müqavilə ləğv edilməməlidir ki, müddətin axımı davam etmiş olsun. Beləliklə, işəgötürən əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (müqavilənin müddətinin qurtarması) xx.xx.2023-cü il tarixdə işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi əsasını qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Həmçinin cavabdeh tərəfindən qeyd edilən əmrin verilməsi qanunsuz olmadığından iddiaçıya dəymiş hər hansı mənəvi zərər tələbi, habelə hüquqi yardım üçün ödəmiş olduğu xidmət haqqının, mediasiya xərcinin tutulması tələbləri də öz növbəsində təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, əvvəlki tutduğu vəzifəyə bərpa edilmə, məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi və digər zərərlərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı İddiaçı "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 500 manat, mediasiya prosesi üçün ödənilən rüsum olan 61 manat, vurulmuş mənəvi zərərin əvəzi 15000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar