Məhkəmə qərarları › İş №2(006)-5011/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5011/2020

23.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5011/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi ilə, iddiaçının nümayəndələri (vəkilləri) X2 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, qarşı “mənzildən çıxarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus mənzildən çıxarılsın və mənzil İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh1 ailə üzvləri olan anası Cavabdeh2 və bacısı X8 ilə birlikdə ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus mənzildən çıxarılması və mənzil İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X5 iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Qeyd edilən mənzili alqı-satqə müqaviləsi əsasında əldə etmiş və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2019-cu il tarixdən xüsusi mülkiyyət hüququ əsasında adına qeydə alınmışdır. Mənzili aldıqdan sonra ora köçmək istəyərkən mənzilin satılması dövründə oraya mənzili alıcılara göstərmək üçün müvəqqəti köşürülmüş Cavabdeh1 mənzili qısa müddətə boşaldacağını bildirsə də sonradan müxtəlif bəhanələrlə mənzildən çıxmaqdan yayınmağa başlamışdır. Bunun nəticəsində onun qanunla qorunan mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək və digər hüquqları məhdudlaşır və ona ziyan dəyir. Sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X6 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X9 məhkəmə iclasında iştirak etməmişlər və heç bir üzrlü səbəbilərinin olmasını məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, ünvan 1 İddiaçı xüsusi mülkiyyətidir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 1735 saylı vəsiqədən görünür ki, Cavabdeh1 məcburi köçkündür. İş materiallarında olan Daşınmaz Əmlakın xx.xx.2019-cu il tarixli, AN-İ №0832453 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X10 ünvan 1 ünvanı alıcı İddiaçı mülkiyyətinə verilmişdir. Beləliklə ilk növbədə məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlardan, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olduğu kimi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubadi küçəsi, 71 saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu mad.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitusiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası MM-nin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı xüsusi mülkiyyətində olan yaşayış sahəsindən, ünvan 1 ünvandan cavabdehlərin çıxarılmasını və mənzilin İddiaçı təhvil verilməsini tələb etməkdə haqlıdır. İddiaçı tərəfin izahatından və işin faktiki hallarıdan aydın olur ki, cavabdehin yuxarıda qeyd olunan Qanunların və Beynəlxalq aktların tələblərini pozaraq, iddiaçının mülkiyyətində olan evdə qalması, iddiaçının öz əmlakından sərbəst surətdə istifadə etmək, əmlaka sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmış və bununla da onun mülkiyyət hüququnu «şərti və qeyri-sabit xarakterli» etmiş olur. Odur ki, İddiaçı iddia tələbi təmin edilməli, cavabdehlər X12, X3, X7 və digər şəxslər Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 71 saylı bağ sahəsindən çıxarılmalı və boşaldılaraq İddiaçı təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh1 və ailə üzvləri olan anası Cavabdeh2 və bacısı X8 ilə birlikdə ünvan 1 ünvanda yerləşən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus mənzildən çıxarılsın və mənzil İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar