Məhkəmə qərarları › İş №2(006)-5030/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5030/2025

03.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5030/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün, 08 oktyabr 2012-ci il təvəllüdlü X6 və 10 oktyabr 2015-ci il təvəllüdlü X1 atasının yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 2ci mikrorayon, Cavadxan küçəsi, 44 saylı evin 56 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 01 noyabr 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh1 ilə ailə quraraq Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi, 44 saylı evin 56 saylı mübahisəli mənzilə küçmüşdür. Nikahları Nəsimi rayon Qeydiyyat şöbəsinin akt qeydləri kitabında xx.xx.2011-ci il tarixli, 973 nömrə ilə qeydə alınmış və 706966 saylı nikah haqqına şəhadətnamə verilmişdir. Birgə nikahlarından 08 oktyabr 2012-ci il tarixdə X6, 10 oktyabr 2015-ci il tarixdə X7 dünyaya gəlmişdir. Hər iki övladları Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi, 44 saylı evin 56 saylı mübahisəli mənzilində dünyaya göz açmış və 2020-ci ilin əvvəllərinə qədər orada yaşamışlar. Halhazırda həmin mənzildə qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5188/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. 2020ci ilin əvvəllərinə qədər mübahisəli evdə qeydiyyatda olmaqla yaşamışlar. Hər iki uşaq halhazırda orda qeydiyyatdadırlar. Sonradan nikahın pozulması barədə qətnamə çıxdıqdan sonra qayınanası Cavabdeh2 onlar evdə olmayan vaxt qapının açarını dəyişərək, həmin gündən onları evə buraxmamışdır. Həmin vaxtdan etibarən valideynlərinin evi olmadığından müxtəlif yerlərdə kirayə yaşayırlar. Hal-hazırda onların yaşayış yeri yoxdur, heç yerdə iş tapmadığından işləmir və bu səbəbdən də kirayə haqqının ödəyə bilmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. İşdə iştirak edən şəxslərin izahatları: Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, 01 noyabr 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə Cavabdeh1 Eyvaz oğlu ilə ailə quraraq Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan küçəsi, 44 saylı evin 56 saylı mübahisəli mənizilə köçmüşdür. 2018-ci ildə faktiki olaraq ayrılıb, anasının evinə gedib. Evdə nənəsi də olduğu üçün birgə yaşamaq alınmamışdır. Sonra 2 il kirayədə yaşamış və nənəsi vəfat etdikdən sonra yenə anasının yanına qayıtmışdır. Bundan sonra anası öz evini satıb və pulu 3 bacı arasında bölüb. Onun mövcud vəziyyətinin düzəlməsi üçün mübahisəli evə ehtiyacı var. Həmin evdə qaynanası, özü, yoldaşı, 2 uşaq və qaynatası yaşayıblar. Ev boşdur, orada kirayəşinlər yaşayır. Özünün isə evi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 məhkəməyə izahatında bildirmişdir ki, 2011-ci ildə ailə həyatı qurmuşdur. 8 ildir ki, qarşı tərəflə nikahları pozulub, özünün mülkiyyətində ev yoxdur, bir otaqlı ev anasınındır. Həmin ev əvvəl atasının müıkiyyətində olub, amma 3 ildir ki, artıq anasının mülkiyyətindədir. İddiaçı anasının evində qeydiyyatdadır, amma başqa evdə yaşayır. Birgə nikahlarından olan 2 övladı həmin evdə dünyaya gəlmişdir. Yenidən ailə həyatı qurub. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə izahatında bildirmişdir ki, mübahisəli ev əvvəllər əri Eylaz Orucova məxsus olmuş, daha sonra vərəsəlik qaydasında ona keçmişdir. Evin sahəsi 19 kv.m-dir, çıxarışı da var. İddiaçı gəlin gələndə yoldaşı sağ olub. Hazırda evdə tək yaşayır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada iddiaçı və digər Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə iddiaçı və digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5188/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 ilə X8 arasında 01 noyabr 2011-ci il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 973 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 08 oktyabr 2012-ci il təvəllüdlü X6 və 10 oktyabr 2015-ci il təvəllüdlü X1 anaları X2 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh1 05 avqust 2019-cu il tarixdən hesablanmaqla, 08 oktyabr 2012-ci il təvəllüdlü X6 və 10 oktyabr 2015ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmarı üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. 18 fevral 2023-cü il tarixli, reeystrdə 2V-105 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş orucov Elyaz Həsən oğlunun vərəsəsi Cavabdeh2dır. Şəhadətnamə ilə verilən miras əmlak Bakı şəhəri İHTİ və MHQİ tərəfindən xx.xx.2000-ci il tarixdə X5 verilmiş 30/169569 qeydəalma nömrəsi ilə 169569 nömrəli kitabın 1129-cu səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan (ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 28.5 kv/m, yaşayış sahəsi 16.7 kv/m olan 1 otaqlı mənzildən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi 08A/2125 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Cavadxan (ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunan çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 tam paylı xüsusi mülkiyyətindədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanındakı mənzil İddiaçı keçmiş qayınatası mərhum X5 məxsus olmuş, iddiaçı qayınatasının sağlığında ona məxsus mənzilə gəlin köçmüş, X3 ölümündən sonra mənzil Cavabdeh2 vərəsəlik qaydasında keçmiş və hazırda sonuncunun mülkiyyətindədir. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, İddiaçı Cavabdeh1 ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmaqla mübahisəli mənzilə köçmüş və bu nikahdan 2 uşaqları doğulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından mübahisəyə həmin tarixdən sonra qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə baxılmalıdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. Qeyd edildiyi kimi, İddiaçı mübahisəli mənzilə köçürülərkən mənzil qayınatasının mülkiyyətində olmuşdur, ona görə də, Mənzil Məcəlləsinin adı göstərilən normalarında nəzərdə tutulan mənada mülkiyyətçinin (cavabdehin) ailə üzvləri tərkibinə daxil deyil, mərhumun oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus mənzildə yaşamışdır. Sonradan isə Cavabdeh1 ilə aralarında bağlanmış nikah da məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Həmçinin, iddiaçı mərhumun və hazırkı mülkiyyətçi olan Cavabdeh2 digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Şərh edilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin nə ailə üzvü, nə də Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulan digər qohumu olmadığından onun mənzildən istifadə hüququ yoxdur. O da qeyd olunur ki, mənzilin mülkiyyətçisi ilə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun mənzildən istifadə hüququ yaranmamışdır. Bundan başqa Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Uşaqların yaşayış yerləri onların valideynlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 5188/2019 saylı qətnaməsinə əsasən isə uşaqların analarının yanında qalması qət edilmişdir və ananın yaşayış yaşayış yeri uşaqların yaşayış yeri hesab olunur. Uşaqlara münasibətdə iddianın təmin olunması yalnız uşaqların anaları ilə birlikdə köçürülməsi halında mümkündür, lakin yuxarıda qeyd olunduğu kimi onun həmin mənzilə köçürülməsi qüvvədə olan qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Digər Cavabdeh1 münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli mənzil digər Cavabdeh2 mülkiyyətində olduğundan Cavabdeh1 hazırki iş üzrə iddiaya cavab verməli şəxs deyildir, ona görə də ona münasibətdə iddia rədd edilməlidir. Beləliklə, işin faktiki hallarını, bu münasibətləri tənzimləyən qanunvericiliyin normalarını, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarının müddəalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar