Məhkəmə qərarları › İş №2(006)-504/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-504/2023

17.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-504/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı fərdi yaşayış evində Cavabdeh iddiaçıya məxsus olan otaqlarının birində qalır. Qaldığı müddət ərzində bu günə qədər ailə üzvləri ilə birlikdə narahatçılıq çəkirlər. Dəfələrlə ona bildirmişdir ki, onun mülkiyyətində olan evindən tərk etsin. Evini tərk etməsini bildirsə də, heç bir tədbir görülməyib. Müxtəlif bəhanələrlə müddəti uzadır. Həmin müddət ərzində yaşadığı otaqdan tanımadığı şəxslərin giriş-çıxışını təmin edir. Onu da əlavə qeyd etmək istəyir ki, cavabdehin sözü gedən evə qeydiyyatı yoxdur. Göstərilənlərə əsasən Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 1B-dən çıxarılmasını və otaqlarına yığdığı əşyalarının çıxarılmasına dair qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişlər. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, hazırki mübahisə predmeti olan ev onun qayınatasının evi olmuşdur. Hazırda həmin adam vəfat etmişdir. Hazırki mülki iş üzrə iddiaçı isə onun yoldaşının əmisidir. Hazırda yaşadığı ev iddiaçının evindən ayrı olmaqla sənədi olmayan ikinci mərtəbədə yaşayır. O, xx.xx.2001-ci il tarixdə X7 ilə nikaha daxil olaraq ailə qurmuşdur və o vaxtdan da ünvan 1 ünvanında yaşayır. Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan başqa, keçmiş həyat yoldaşı qeyd olunan mənzildən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Ancaq iddiası təmin olunmamışdır. O, nikah bağladıqdan bu günə kimi həmin evdə yaşayır. Başqa yaşayış yeri yoxdur. Bu da onun hüquqlarının kobud surətdə pozulması deməkdir. Onun hazırda yaşadığı yaşayış sahəsindən başqa yaşaya biləcəyi heç bir yeri və yaşayış sahəsi əldə etməsi üçün maddi imkanı yoxdur. Odur ki, bunu nəzərə alaraq iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının adına olan çıxarışa və texniki pasporta əsasən cavabdehin hazırda yaşadığı yaşayış sahəsi iddiaçının mülkiyyətində deyildir. Buna görə də cavabdehin oradan çıxarılması ilə bağlı hüququ yoxdur. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş edilmişdir.

6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-3623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X7 ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə bağlanmış və Nəsimi rayon VVADQ şöbəsi tərəfindən nikah haqqında akt qeydləri kitabında xx.xx.2001-ci ildə 318 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2005-ci il təvəllüdlü X10 atası X4 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir.

8. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-1009/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar X5, X7, X3 və X2 Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən evdən çıxarılması barədə iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğuna görə, iddiaçılar həmin ev üzərində hər hansı hüquq əldə etmədiklərindən, onların cavabdehin həmin evdən çıxarılması ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüquqları yoxdur.

9. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-8848/2021 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9721/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadın surətindən görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) «qeydiyyata alınma» tələbinə dair 2-1(112)-9721/2022 saylı inzibati iş üzrə icraat Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarma» tələbinə dair 2(006)-5303/2021 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır.

11. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində 0,015640 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 72,60 kv.m. olan 1B saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.

12. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Y.V.Çəmənəzəminli küçəsində yerləşəne 1B nömrəli evin texniki pasportun surətindən görünür ki, ev «A», «B» və «V» tikililərdən ibarətdir. «A» tikilisi 1 mərtəbəli, ümumi sahəsi 36 kv.m., yaşayış sahəsi 31,2 kv.m., köməkçi sahəsi 4,8 kv.m., tikintialtı 46,7 kv.m. olan 2 yaşayış otaqdan, «B» tikilisi 1 mərtəbəli, ümumi sahəsi 11,5 kv.m., yaşayış sahəsi 11,5 kv.m., tikintialtı 14,6 kv.m. olan 1 yaşayış otaqdan, «V» tikilisi 1 mərtəbəli, ümumi sahəsi 25,1 kv.m., yaşayış sahəsi 15,9 kv.m., köməkçi sahəsi 9,2 kv.m., tikintialtı 35,9 kv.m. olan 1 yaşayış otaqdan ibarətdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsində yerləşən 1B saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının qardaşı oğlu X1 həyat yoldaşıdır. Cavabdeh Azad Ağayevlə 2001-ci il tarixdə rəsmi nikaha daxil olduqdan sonra mübahisəli evdə yaşayır (“B” tikilisinin üzərindəki ikinci mərtəbədə). Cavabdehlə Azad Ağayev arasında olan nikah Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı cavabdehin evdən əşyaları ilə birlikdə çıxarılması tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, iddiaçı cavabdehə qarşı ünvan 3 evdən əşyaları ilə birlikdə çıxarılma tələbini irəli sürməkdə haqlıdır.

15. Belə ki, hazırda tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur. İddiaçının tam əşya hüququ olan mülkiyyət hüququ pozulduğundan tələbin həllinə bu aspektdən yanaşılmalıdır.

16. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri).

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X6 Haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz».

19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Sporronq və Lonnpot İsveçə qarşı» işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almış olur.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı» işi üzrə qərarında göstərilmişdir ki, «1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz… Bundan əlavə, qanunun aliliyi demokratik cəmiyyətin fundamental prinsiplərindən biridir və Konvensiyanın bütün maddələrindən ayrılmazdır. Bu ondan irəli gəlir ki, cəmiyyətin mühüm maraqlarının qorunması və müdafiəsi arasında tarazlığın əldə edilməsi artıq müəyyən edildiyi kimi qanunauyğun olmalı və özbaşına xarakter daşımamalıdır».

21. Həmçinin, həmin qərarda göstərilmişdir ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; üçüncü qayda təsdiq edir ki, razılığa gələn yüksək tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir.

22. Məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Hazırki mübahisəyə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsində qalması və bunun qeyri-müəyyən müddətədək davam edə bilməsi ehtimalı ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığın pozulmasına, həmçinin iddiaçının sözügedən əmlaka mülkiyyət hüququnun «şərti və qeyri-sabit» xarakter almasına dəlalət edir. Cavabdehin hazırki müdaxiləsi nəticəsində iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüququ məhdudlaşdırılmışdır.

23. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə hər hansı mülkiyyət və ya əşya hüququ yoxdur. Çünki onun həmin evdə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə cavabdeh bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

24. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə iclasında mübahisəli yaşayış evinin texniki pasportuna cavabdehin iştirakı ilə baxış keçirmiş və cavabdehin etirafı ilə müəyyən edilmişdir ki, cavabdeh birinci mərtəbədə yerləşən “B” tikilisinin üzərində (ikinci mərtəbədə) özbaşına inşa edilmiş tikilidə yaşayır. Cavabdeh “B” tikilisindən istifadə etməklə ikinci mərtəbəyə qalxır və öz əşyaları ilə birlikdə həmin ünvanda yaşayır.

25. Məhkəmə onuda qeyd edir ki, iddiaçının cavabdehin mənzildən özünə məxsus əşyaları ilə birlikdə çıxarılması hissəsində haqlı olmasında digər bir əsas isə ondan ibarət olmuşdur ki, iddiaçı ünvan 3 ünvanın tam hüquqlu mülkiyyətçisi olmuş, həmçinin həmin ünvanın alt hissəsi yəni torpaq sahəsi də (cavabdehin yaşadığı faktiki torpaq sahəsi) iddiaçıya qanuni əsasla keçmiş və mülkiyyətindədir.

26. Məhkəmə iddia tələbinin digər şəxslərin evdən çıxarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.

27. Belə ki, digər şəxslərin kimlər olmasına dair iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən həmin hissədə tələb əsaslı hesab edilə bilməz.

28. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 1B-dən (həmin sahədən qeydiyyatdan keçməyən əlavə tikililərdə nəzərə alınmaqla) özünə məxsus əşyaları ilə birlikdə çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, ev 1B-dən (həmin sahədən qeydiyyatdan keçməyən əlavə tikililərdə nəzərə alınmaqla) özünə aid əşyaları ilə birlikdə çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar