Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5040/2025 01.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işə bərpa tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC Qərb RETSİ X7 tərəfindən verilmiş 29 may 2025-ci il tarixli əmrin ləğv olunması və əvvəlki vəzifəsinə bərpa olmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh "xxxx" ASC-nin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 29 may 2025-ci il tarixli əmrinin ləğv edilməsinə, İddiaçı "xxxx" ASC-nin Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi vəzifəsinə işə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödəniməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: xx.xx.2025-ci il tarixdə cavabdeh Azərişıq Qərb RETSİ X7ndə nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. İşlədiyi dövrdə əmək müqaviləsində üzərinə düşən vəzifələri müqavilədə göstərilən şərtlərə uyğun yerinə yetirmişdir. Onun barəsində Tovuz Rayon Məhkəməsində 27 may 2025-ci il tarixdə qərar çıxarılmış və 30 gün inzibati həbs verilmişdir. İnzibati xəta fəaliyyət göstərdiyi iş yerində və iş vaxtında baş verməmişdir. Belə halda o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad oluna bilməz. Cavabdeh təşkilat qeyd etdiyi maddə ilə işdən onu çıxarmışdır. İşdən azad olunsa da, işdən çıxarılma barədə əmrin surəti ona verilməmişdir. Hesab edir ki, işdən çıxarılma barədə əmr düzgün çıxarılmamış və həmin əmr ləğv olunmalıdır. Belə ki, inzibati xətanı iş yerində törətməmişdir. İşdə olmadığı dövrdə törədilmişdir. Ərizəsi əsasında da işdən azad oluna bilərdi. 29 may 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad olunması ilə razı deyil və həmin Məcəllənin qeyd etdiyi bəndlə işdən azad olunması qanunla düzgün deyil. Həmin əmr ləğv olunduqdan sonra könüllü olaraq öz ərizəsi əsasında işdən azad olması barədə ərizə verəcəkdir. İş vaxtı kobud pozuntuya yol verməmiş və 30 gün işdə olmamağının səbəbi isə üzürlü səbəbdir. Belə ki, barəsində inzibati həbs seçilmişdir və həbsdə olduğu dövürdə onun işə çıxmağı qeyr-mümkündür. Əslində o, müddətli əmək müqaviləsi bağlamış və müqavilə başa çatandan sonra da əmək müqaviləsinə xitam verilə bilərdi. Yuxarıda qeyd etdiyi halları göstərməklə bildirmək istəyir ki, kobud pozuntulara yol vermədiyi halda Əmək Məcəlləsinin 70 “Ç” bəndi ilə işdən azad olması qanunun tələbinə ziddir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi xahiş olunur. İddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırıldığı hallar: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 ərizə verərək göstərmişdir ki, hazırkı iddia tələbi üzrə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilməlidir. Belə ki, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli əmri ilə “Qərb” RETSİ-nin X3 nəzarətçi mühəndis çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. "xxxx" ASC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə tərəfindən xitam verlməsi səbəbindən son-haqq hesabı ödənilmişdir. Bundan sonra iddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sesiyasında iştirak etmək üçün müraciət etmiş, xx.xx.2025-ci il tarixdə Tovuz 1 saylı Mediasiya Təşkilatında ilkin sessiyası keçirilmiş və iddiaçıya "xxxx" ASC-nin iştirak etməməsi barədə xx.xx.2025-ci il tarixli MŞQ/MT024/2025-0550 saylı arayış verilmişdir. Həmin mediasiya sənədindən də görünür ki, iddiaçının "xxxx" ASC ilə arasında olan əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə xitam verilmiş, lakin iddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "işə bərpa və s." tələbinə dair iddia müddəti şamil edilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq hazırkı iş üzrə iddia müddəti keçdiyindən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, martın əvvəlindən işə başlamışdır, əmri isə 11 mart 2025-ci ildə verilib. İş saat 8-də başlayırdı, o, 8-ə qalmış işə gedirdi. Gedib imza atırdı, sonra isə əraziyə çıxırdı. Ərazisində barəsində bir dəfə belə abonent şikayəti olmamışdı. İş saatı 5-də bitirdi, o isə daha çox – saat 7-8-ə kimi işləyirdi. Aylıq sərfiyyat 10-12 min olmalıdı. Amma məndə həmişə 15-18 min olurdu. İclasları olurdu, iclaslarda bir dəfə belə problemi olmayıb. Mayın 26-sı axşam radələri idi, müdir müavini Fərdan müəllim zəng etmişdi ki, müdir səni çağırır. O da bildirdi ki, iş saatı bitib, yemək yeməyib, sabah idarəyə gələndə danışar. Fərdan müəllim Tovuz rayonunda satış rəisidir. Fərdan müəllim ona dedi ki, “təcili gəlməlisən, taksiyə min gəl”. O, idarəyə getdikdə, orada leytenant və mayor rütbəsində olan şəxsləri gördü. Ona dedilər ki, “polis idarəsindən səni çağırırlar. Blogger şəkilləri göstərəcəklər, sən əvvəl blogger fəaliyyəti ilə məşğul olmusan deyə tanıyarsan”. O da razılaşdı, onu sıravi avtomobillə apardılar. İçəriyə daxil olandan sonra bir saat ağzını bağlı saxladılar, sonra isə təzyiqlər etməyə başladılar. Onu təhdid etdilər, dedilər ki, atanın maşınına narkotik atıb sizi ailəlikcə tutduracayıq. Axırda ona izahat yazdırdılar. Orada yaşadığı yeri qeyd etdilər ki, Tovuz rayonunun Semizavud qəsəbəsi, lakin o, Abulbəylidə yaşayır. Semizavud qəsəbəsində ucadan nalayiq söz işlətmişdir. 27 mayda isə onu arxa qapıdan məhkəməyə apardılar. Atası ilə danışmağa icazə vermədilər. 2 telefonu var idi, hər ikisində olan sosial media hesablarını ələ keçiriblər. 27 may 2025-ci ildə məhkəməsi oldu, hakim qətnamə çıxardı ki, ona polisə müqavimət göstərdiyinə görə inzibati xəta olaraq 30 saatlıq həbs verildi. onu 2 nəfərlik saxlama məntəqəsində saxlayıblar, ailəsi ilə danışmağa da icazə vermirdilər. 30 saat tamam oldu, 25 iyun 2025-ci ildə saat 7-də həbsdən çıxdım. 29-u məhkəməyə müraciət etdi. Telefonlarını 1 həftə əvvəl veriblər, Tovuzda soruşurdu, deyirdilər “sənin telefonların nazirlikdə yoxlanışdadır”. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iş materiallarına əlavə edilən xx.xx.2025-ci il tarixli, 3(062)-389/2025 saylı qərardan göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 gün müddətinə inzibati qaydada həbs edilmiş, həbs etmənin əvvəli 26 may 2025-ci il tarixdən saat 18:30dan hesablanmışdır. İddiaçı 26 iyun 2025-ci il tarixdə həbs müddəti başa çatdığından azad olunmuşdur. Həmin işə əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünmüşdür ki, iddiaçı 26 may 2025-ci il tarixdə saat 18:30-da tutularaq müvəqqəti saxlama yerinə yerləşdirilmişdir. Məhkəmə iclasında təqdim edilən "Azərişıq” ASC-nin 02178 saylı əmrindən göründüyü kimi İddiaçı ilə əmək müqaviləsinə 29 may 2025-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb kimi iddiaçının heç bir üzrlü səbəb olmadan və rəsmi sənəd təqdim etmədən 26 may 2025-ci il tarixdə heç kimə məlumat vermədən xidmət etdiyi ərazini tərk etməsi və xx.xx.2025-ci il tarixdən isə heç bir üzrlü səbəb olmadan müəssisənin rəhbərliyinə məlumat verməyərək işə gəlməməsi göstərilmişdir. Göründüyü kimi cavabdehin əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas olmamışdır. Belə ki, iddiaçının 26 may 2025-ci il tarixdə saat 18:30-da tutulması faktı onu göstərir ki, o, məhz iş vaxtının başa çatmasından sonra tutulmuşdur. İddiaçı məhkəmə iclaslarında da bildirmişdir ki, bir qayda olaraq onun iş vaxtı saat 17:00da bitirdi. Bu isə əmrdə göstərilən iddiaçının heç bir üzrlü səbəb olmadan və rəsmi sənəd təqdim etmədən 26 may 2025-ci il tarixdə heç kimə məlumat vermədən xidmət etdiyi ərazini tərk etməsi faktı ilə üst-üstə düşmür. Bundan başqa Azərbaycan Respublikasının Əmək Məcəlləsində həmin əsasla 70-ci maddəsinin "ç" bəndilə xitam verilməsi nəzərdə tutulmamışdır. Həmçinin iddiaçının 30 gün müddətinə inzibati qaydada həbs edilməsi, həbs etmənin əvvəlinin 26 may 2025-ci il tarixdən saat 18:30-dan hesablanması onu göstərir ki, sonrakı günlərdə işə gəlməməsi obyektiv səbəbdən üzrlü olmuş, onun əlindən mobil telefonun alınması səbəbindən heç kəsə məlumat verə bilməmişdir. Məhz buna görə iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən isə heç bir üzrlü səbəb olmadan müəssisənin rəhbərliyinə məlumat verməyərək işə gəlməməsi səbəbi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində həmin əsasla 70-ci maddəsinin "ç” bəndilə xitam verilməsi əsassız olmuşdur. Cavabdeh məhkəmənin elektron informasiya sisteminə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etmişdir. Hesab edir ki, hazırkı işdə iddia müddətinin tətbiq olunması üçün heç bir əsas yoxdur. Belə ki, yuxarıda qeyd edilən hallardan göründüyü kimi iddiaçı inzibati qaydada həbs olunduğundan və məhkəmə iclasında qeyd etdiyi kimi azad olunduğu 26 iyun 2025-ci il tarixi Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü qeyri-iş günü olduğundan bir neçə gün sonra fərdi əmək mübahisəsi ilə müraciət etmişdir. Hesab edir ki, iddiaçı ümumiyyətlə iddia müddətini ötürməmişdir. Qeyd edir ki, iddia ərizəsində də qeyd edildiyi kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən hələ işdən azad olunma barədə müvafiq əmri əldə etməmişdi. Hətta işdən azad olunma barədə əmri əldə etsəydi belə məhkəmə araşdırması zamanı məlum olur ki, iddiaçının 27 may 2025-ci il tarixdə və ondan sonrakı günlərdə işdə olmaması üzrlü olmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 zahat verərək iddianın rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC-nin k/25-00827 saylı xx.xx.2025-ci il tarixli əmrinə əsasən İddiaçı Qərb RETSİ-nin X3 Enerji Satış şöbəsində 2 həftə sınaq müddəti ilə nəzarətçi mühəndis vəzifəsinə təyin olunması, əmək haqqı ştat cədvəlinə uyğun olaraq 690 manat müəyyən müəyyən edilməsi əmr edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Qərb RETSİ-nin X3 Enerji Satış şöbəsində nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsinin müddəti xx.xx.2025-ci il tarixədək müəyyən olunmuşdur. İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2025-ci il tarixdə cavabdeh Azərişıq Qərb RETSİ X7ndə nəzarətçi mühəndis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2025ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilmişdir. Tovuz Rayon Məhkəməsinin 3(062)-389/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutuimuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilməsi və inzibati qaydada həbs etmənin əvvəli 26 may 2025-ci il tarixdən saat 18:30-dan hesablanması qərara alınmışdır. "xxxx" ASC-nin k/25-02178 saylı xx.xx.2025-ci il tarixli əmrinə əsasən heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməyərək əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və miiəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Qərb RETSİ X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi, AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən son haqq hesabın (xx.xx.2025-xx.xx.2025-ci iş ilinə görə 6 t/g) ödənilməsi təmin edilməsi əmr edilmişdir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı məktuba əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. Son haqq hesabı və əmək kitabçasını götürmək üçün Səhmdar Cəmiyyətin Qərb X5 və Satışı İdarəsinin Kadrlar üzrə aparıcı mütəxəssisinə müraciət edilməsi barədə xəbərdarlıq edilmişdir. "xxxx" ASC-nin Qərb RETSİ-nin hüquqi rəyinə əsasən Qərb RETSl-nin X3 rəisi N.Mənsimov regionun rəhbərliyinə təqdim etdiyi xidməti məlumatında göstərmişdir ki, Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı əmək müqaviləsi ile nəzərdə tutulmuş vəzifə öhdəliklərini yerinə yetirməmiş, heç bir üzrlü səbəb olmadan iş yerinə gəlmədiyini göstərmişdi. Belə ki, aparılan araşdırma zamanı Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı heç bir üzrlü səbəb olmadan davamiyyət jurnalına qol çəkmədiyi və xidməti ərazisində olmadığı aşkar olunaraq barəsində akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən əmək funksiyalarını tam və düzgün yerinə yetirmədiyinə görə X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı oğiu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş edir. "xxxx" ASC-nin Qərb RETSİ-nin X3 xx.xx.2025-ci il tarixli aktına əsasən Tovuz EŞnin ESŞ-nin nəzarətçi mühəndisi İddiaçı xx.xx.2025-cü il tarixdə saat 14:00~dan sonra işə gəlməmiş və xidməti sahəsində olmamışdır. "xxxx" ASC-nin X1 xx.xx.2025-ci il tarixli qərarına əsasən Qərb RETSİ-nin X3 Enerji Satış şöbəsinin nəzarətçi mühəndisi İddiaçı haqqında işlər İdarəsi tərəfindən verilmiş təqdimatın təmin edilməsinə və İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə X4 etiraz etmir. xx.xx.2025-ci il tarixli mediasiya arayışına əsasən, xx.xx.2025-ci il tarixdə saat 10:00da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında "xxxx" ASC-nin nümayəndəsi iştirak etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 68, hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68, hissə 2. Əmək müqaviləsinə Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) Əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70, ç bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71, hissə 2. bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 296, hissə 2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər; Maddə 296, hissə 3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işin hallarına istinadən vurğulayır ki, İddiaçı xx.xx.2025-ci il tarixdən cavabdeh təşkilatda nəzarətçi mühəndis vəzifələrdə çalışmışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işə bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmiş və Tovuz 01 saylı Mediasiya təşkilatının “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışı həmin tarixdə əldə etdikdən sonra xx.xx.2025-ci il tarixdə hazırki iddia ilə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(062)-2556/2025 saylı qərardadına əsasən mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddiasında onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini iddia edir və barəsində qəbul edilmiş əmri ləğv etməklə, işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddiaçının əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verildiyini qeyd edir, eyni zamanda, iddiaçının hazırki iddianı əmək qanunvericiliyi (ƏM-nin 296-cı maddəsi) ilə müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürməklə verdiyini bildirir və iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş edir. Məhkəmə ilk növbədə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən müddət ötürülməmişdir. Belə ki, işdən görünür ki, əmək müqaviləsinə xitam verildiyi xx.xx.2025-ci il tarixdə iddiaçı inzibati həbsdə olmuş, yalnız azadlığa çıxdıqdan sonra barəsində müvafiq əmrin verilməsindən məlumatlı olmuşdur. Həmin tarixdən hesablandıqda, iddiaçının iddia müddətini ötürmədiyi müəyyən olunur. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, onunla işəgötürən arasında mövcud olan etimadı tam aradan qaldırmasa da, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir. Normanın məzmunundan da görünür ki, həmin şərtlər Məcəllənin 70-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır. Çünki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar Əmək Məcəlləsinin 72-ci maddəsində sadalamışdır. Onlardan biri də “a” bəndində nəzərdə tutulan, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halıdır. Beləliklə, sözügedən iki əsasın bir-birindən mahiyyət etibarilə fərqli olması, bu əsaslara dair norma və müddəaların qanunverici tərəfindən də müvafiq fərqləndirmə aparılmaqla nəzərdə tutulması belə qənaətə gəlməyə əsas verir ki, onlara münasibətdə eyni yanaşma, yəni Əmək Məcəlləsinin 72-ci maddəsində açıqlanan hallara da 71-ci maddənin 2-ci hissəsinin tətbiqi doğru deyil. Əks yanaşma, bu əsasların fərqləndirilməsini (o cümlədən əmək vəzifələrinin kobud pozulması hallarının ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmasını) mənasız edərdi. Odur ki, işçi, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan kobud pozuntulardan birini törətdikdə işəgötürən, əmək müqaviləsini 70-ci maddənin “ç” bəndinə əsasən ləğv edə bilər. Bu zaman o, 71-ci maddənin 2-ci hissəsindəki şərtləri sübut etməyə borclu deyil. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, iddiaçının iş saatı 08:00-dan 17:00-dək müəyyən olunmuşdur. Verilmiş xx.xx.2025-ci il tarixli əmrdən və həmin əmrin verilməsinə əsas olan sənədlərdən isə görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə saat 14:00-dan sonra iş yerini məlumat vermədən tərk etmişdir. İddiaçının işdə olmamasının səbəbi kimi inzibati həbsə məruz qalması barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarında həbs etmənin əvvəlinin xx.xx.2025-ci il tarixdən saat 18:30-dan hesablandığı göstərilmişdir. Cavabdeh təşkilat təqdim edilmiş sənədlərdə isə onun saat 14:00-dan sonra işə gəlməməsi göstərilmiş və bu hal Tovuz EŞ-nin ESŞ-nin əməkdaşları tərəfindən aktla rəsmiləşdirilmişdir. İddiaçı tərəf əsassız olaraq işdən azad edildiyini qeyd etsə də, qeyd edilən hal öz təsdiqini məhkəmə araşdırması zamanı tapmamışdır, işəgötürən isə işçinin işdən azad olunmasına əsas olmuş sübutlarını məhkəməyə təqdim etmiş və məhkəmə araşdırması zamanı həmin sübutlar tədqiq edilmişdir. Məhkəmə qeyd edir ki, məhz sözügedən kobud pozuntu ilə bağlı tərtib edilmiş aktda qeyd olunan və iddiaçı tərəfindən əksi sübuta yetirilə bilməyən səbəblərdən, cavabdeh Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam vermişdir. Belə olan halda, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə hesab edir ki, işəgötürən işçi (iddiaçı) ilə əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin özündə ehtiva etdiyi qanunvericiliyin müəyyən etdiyi qaydalara riayət etmiş və işəgötürən tərəfindən Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsini ləğv edərkən bu Məcəllənin 71, 80, 84, 187 və 189-cu maddəsinin tələblərinə ciddi əməl edildiyindən, həmçinin iddiaçı barəsində görülən tədbirlər və qəbul edilmiş əmr və qərarların ləğv edilməsi üçün əsasların olmaması iddia tələbinin rədd edilməsinə əsasdır. İddia üzrə irəli sürülmüş “məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması və gecikmə faizlərinin ödənilməsi” tələblərinin “işə bərpa” tələbinə münasibətdə törəmə tələblər olması və onların təmin edilib-edilməməsinin bilavasitə bu (əsas) tələbin təmin edilib-edilməməsindən asılı olması onların da rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və iş buraxmaya görə ödənilməyən məbləğin ödənilməsi tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əmrin ləğvi, işə bərpa və iş buraxmaya görə ödənilməyən məbləğin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-5040/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5040/2025
01.12.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver