Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5043/2020 30.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Ağayev Cavad Elşad oğlunun katibliyi, İddiaçı oğunun, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı oğunun Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğu Cavabdeh MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və vurulmuş mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx xxxxxxxx 2020ci il tarixli 94 saylı əmrinin ləğv edilməsi; işlədiyi maliyyə işləri üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi; cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi; cavabdehdən qanunsuz hərəkətləri nəticəsində vurduğu mənəvi zərərə görə 10.000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı oğu Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli 94 saylı əmrinin ləğv edilməsi; bununla bağlı əmək kitabçasında və elektron hökumət portalında müvafiq düzəlişlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması; işlədiyi maliyyə işləri üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi; cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi; cavabdehdən qanunsuz hərəkətləri nəticəsində vurmuş olduğu mənəvi zərərə görə 10.000 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı oğu iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən maliyyə işləri üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi dövrdə özünü nümunəvi və bacarıqlı işçi kimi göstərmiş, verilən tapşırıqları vaxtında və düzgün icra etmişdir. Heç zaman intizam tənbehi olmayıb, əksinə rəhbərlik tərəfindən dəfələrlə şifahi qaydada təşəkkür almışdır. xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada ərizə ilə müraciət edərək xx xxxxxxxx 2020-ci il tarixdən etibarən öz xahişi əsasında tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Ərizə həm birbaşa Kadrlar Şöbəsinə təqdim olunmuşdur, həm də e-mail poçt vasitəsi ilə Kadrlar Şöbəsinin müvafiq əməkdaşlarına göndərilmişdir. Bundan sonra struktur rəhbəri olan Maliyyə işləri üzrə Maliyyə Direktoru və Layihə rəhbəri Arzu xanım tərəfindən çox ciddi şəkildə qınanmağa və əsassız təqib olunmağa məruz qalmışdır. Belə ki, işdən çıxmaq istədiyi üçün bütün kollektivin önündə ona qarşı alçaldıcı və təhqirli ifadələr işlədilmişdir. Barəsində audit aparılacağı ilə təhdid olunmuşdur. Bundan sonra ona təhkim olunmuş inventarlar xx xxxxxx 2020-ci il tarixdə tərəfindən cavabdehin rəhbərinə təhvil verilmiş və bununla bağlı akt tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixindən özünü yaxşı hiss etmədiyi və səhhətində problemlər yaranmağa başladığı üçün həkimə müraciət etmişdir. xx.xx.2020-ci il tarixinə qədər ambulator müalicə almışdır və bununla bağlı «əmək qabiliyyətinin olmaması vərəqəsi»ni cavabdehə təqdim etmişdir. Müalicədə olduğu müddətdə cavabdeh tərəfindən dəfələrlə ünvanına məktublar göndərilmiş, icraatında olan sənədlərin təhvil-təsliminin aparılması tələb olunmuş, barəsində audit keçirildiyi bildirilərək ondan izahat istənilmişdir. Lakin ona heç bir audit rəyi göndərilməmişdir. Yalnız ayrı-ayrı 3 nüsxədə «Daxili audit proqramı» adlanan sənədlər göndərilmişdir. Həmin sənədlərdən isə onun hansısa icra pozuntularına və ya nöqsanlara yol verməsi müəyyən olunmur. Bu səbəbdən, həmin məktublara cavab olaraq yazılı formada cavabdehə xx.xx.2020-ci il tarixli məktub və həmin tarixli izahat poçtla göndərilmişdir. Aralarında olan uzun yazışmalardan sonra yekun olaraq ona göndərilən xx xxxxxxxx 2020-ci il tarixli 1387 saylı məktubdan və eyni tarixli 94 saylı əmrdən məlum olmuşdur ki, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Yuxarıda qeyd etdiyi kimi, xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada ərizə ilə müraciət edərək, xx xxxxxxxx 2020-ci il tarixdən etibarən öz xahişi əsasında tutduğu vəzifədən azad olunmasını xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq, onu 3 gün gec, yəni xx xxxxxxxx 2020-ci il tarixdə işdən azad etmişdir. Əmək Məcəlləsinin 69.1 və 69.2-ci maddələrinə əsasən cavabdeh nə əsasla olursa olsun onun işdən çıxma məsələsini xx xxxxxxxx 2020-ci il tarixə qədər həll etməli idi. Bununla bağlı dəfələrlə cavabdehə xəbərdarlıq etmişdir, lakin heç bir faydası olmamış və cavabdeh ona qarşı qanunsuzluq etmişdir. Bundan başqa, o, müalicədə olduğu müddətdə cavabdeh tələsik halda xx xxxxxx 2020-ci il tarixli «sənədlərin təhvil-təslimi barədə prosedur qaydaları» adlı sənəd qəbul etmiş və tələb olaraq ona bildirmişdir ki, icraatında olan sənədləri təhvil versin. Bildirir ki, o, işdə olmadığı bir vaxtda qəbul olunmuş və əvvəlcədən tanış edilmədiyi bir qaydanın ona münasibətdə heç bir hüquqi qüvvəsi ola bilməz. Bütün bu hərəkətlərdən cavabdehin ona qarşı necə qərəzli olması aydın görünür. Bundan başqa, yuxarıda da qeyd etdiyi kimi öz xahişi ilə işdən çıxma barədə ərizə verdikdən sonra struktur rəhbərliyi tərəfindən bütün kollektivin qarşısında alçaldılmış, təhqirlərə və pis rəftara məruz qalmışdır. Hər zaman etik qaydalara riayət edən və nümunəvi işçi olmuşdur. Lakin uzun müddətdir birlikdə işlədiyi iş yoldaşlarının qarşısında belə münasibət görməsi mənəvi cəhətdən ona çox pis təsir etmiş, özünü təhqir olunmuş saymasına səbəb yaratmışdır. Bunun nəticəsində ağır mənəvi iztirab keçirmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin və iddianın hüquqi əsasının artırılması barədə ərizəsində əlavə olaraq qeyd etmişdir ki, iş üzrə xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı cavabdeh tərəfindən iddia tələbinə etiraz olaraq məhkəməyə bir neçə sənədlər təqdim olunmuşdur. Həmin sənədlər və cavabdehin iddiaya etirazı əsassız və qanunsuzdur. Belə ki, cavabdeh tərəfindən məlum əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.2 və 71.3-cü maddələrinin tələbləri kobudcasına pozulmuşdur. Qanunvericilik cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün aşağıdakı 3 şərti müəyyən etmişdir: a) İşçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir. Bununla bağlı bildirir ki, cavabdeh ümumiyyətlə konkret olaraq onun vəzifə borcunun və əmək funksiyasının nədən ibarət olmasını və bunun hansı rəsmi sənədlərdə (vəzifə təlimatı, iş qaydaları, prosedur və s.) əksini tapmasını əmrdə əsaslandırmamışdır. Məhkəmə zamanı da bu barədə verilən suallara cavab verə bilməmişdir. xx.xx.2019-cu il tarixdə maliyyə işləri üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. Görəcəyi işin nədən ibarət olması, vəzifə təlimatının nə olacağı ilə bağlı ona heç bir rəsmi məlumat verilməmişdir və yeni işçi olduğu üçün də yalnız cavabdehin xidmət müqaviləsi bağladığı yeni müştərilərin (şirkətlərin) adları və rəsmi rekvizitləri barədə məlumatların cavabdehin istifadə etdiyi «1C mühasibatlıq-Azstandart versiya» adlı kompüter proqram təminatına daxil etməklə məşğul olmuşdur. Həmin müştərilərə aid bank əməliyyatları, daxilə və xaricə köçürmələr, hesablaşmalar, vergi və digər hesabatların verilməsi kimi çətin və ağır işləri yeni işçi olduğu üçün təbii ki, ona etibar edə bilməzdilər və onun da belə bir funksiyası olmamışdır. Göründüyü kimi, cavabdeh ilk növbədə onun əmək funksiyasının və vəzifə borcunun nədən ibarət olmasını əmrdə düzgün əsaslandıra bilməmişdir. b) İşçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Bildirir ki, onun heç bir hərəkəti iş yerində normal ahəngin pozulmasına səbəb yaratmamışdır. Əksinə, iddia tələbində də qeyd etdiyi kimi, layihə rəhbəri tərəfindən təhqirlərə məruz qalmışdır. Və ya nə isə belə bir hal olsa idi, cavabdeh bu barədə əmrində əsaslanmalı və mötəbər sənədlərlə bunu sübut etməli idi. c) İşçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Bildirir ki, ümumiyyətlə onun tərəfindən heç bir əmək pozuntusuna yol verilməmişdir. Və ya verilmiş olsa idi, cavabdeh bu barədə əmrdə əsaslanmalı və ona ziyanın hansı formada vurulduğunu isbat etməli idi. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin 71.3-cü maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, maddənin ümumi tələbindən göründüyü kimi, cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslar rəsmiləşdirilməli və bu cavabdeh tərəfindən tərtib edilən rəsmi sənədlərdə öz əksini tapmalıdır. Sadəcə söz yığınından ibarət olmaqla və ya ümumi sözlərə əsaslanmaqla əmr vermək düzgün deyildir. Əmrdə tərəfindən əmək və icra intizamının, müəssisə daxili intizam qaydalarının pozuntusunun nədə ifadə olunması, nədən ibarət olması, habelə əmək funksiyasına daxil olan hansı işin (xidmətin) yerinə yetirilmədiyi dəqiq göstərilməli idi. Əmrdə onun əmək fəaliyyəti zamanı guya kobud səhvlərə yol verməsi, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirdiyi qeyd olunsa da, əmrdə əmək fəaliyyəti zamanı onun hansı kobud səhvlərə yol verdiyi, yol verdiyi hansı hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi, onun tərəfindən xələl gətirilən qanuni mənafeyin nədən ibarət olması əmrdə açıqlanmamış və əsaslandırılmamış, ümumi, şablon sözlər qeyd olunmuşdur. Bundan başqa, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 84.1 və 84.2-ci maddələrinin də tələbləri pozulmuşdur. Cavabdehin məhkəmə iclasında «xxxxxxxxxx» MMC-nin BN-102 saylı «müstəqil auditor rəyi»ni, «xxxxxxx» MMC-yə aid xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli «kameral vergi yoxlaması» barədə məktubları, bundan başqa həmin şirkətə aid gəlir-xərc cədvəlini, şəxsi hesab vərəqəsindən çıxarışları və s. sənədləri etirazlarının əsası kimi məhkəməyə təqdim edərək guya onun hansısa pozuntulara yol verdiyini bildirmişdir. Bununla bağlı qeyd edir ki, birincisi, həmin sənədlərdə qeyd olunan pozuntular barədə məlumatı yoxdur və həmin sənədlər ona təqdim olunmaqla məsələ barədə əmr verilməmişdən əvvəl heç bir izahatı alınmayıb və məsələ barədə onun münasibəti öyrənilməyib. Hansı ki, qanunvericiliyin tələbinə görə istənilən əmək pozuntusunu araşdırarkən işəgötürən işçidən yazılı izahatın verilməsini tələb etməlidir. Ona göndərilən «Auidit proqramı» adlı sənəddə də, bu barədə heç nə qeyd olunmamışdır. İkincisi, lap işəgötürənin qənaətinə görə həmin sənədlər üzrə onun hansısa pozuntusu olsa idi belə, Əmək Məcəlləsinin 84.1-ci maddəsinə görə bu sənədlər əmrə əlavə olunmalı və əmrdə bu sənədlərə hüquqi qiymət verilməli idi. Lakin əmrə baxdıqda belə bir əsaslanmaya rast gəlinmir. Bundan başqa, məhkəməyə təqdim olunan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 3.1-ci bəndində qeyd olunur ki, işçi layihə daxili təhvil verilmiş şirkətlər üzrə aşağıdakı işlərin aparılmasını həyata keçirir. Yuxarıda da qeyd etdiyi kimi, yeni işçi olduğu üçün yalnız şirkətlərin ilkin məlumatlarını cavabdehin kompüter proqram təminatına daxil etməklə məşğul olmuşdur. Əmək funksiyası geniş olmamışdır, gələcəkdə öyrədildikdən sonra əlavə işləri verəcəklərini bildirmişlər. Lakin bu çərçivədə yalnız dediyi işi görmüşdür. Və ən əsası ona heç bir şirkətin işi rəsmi olaraq təhvil verilməyib. Bu səbəbdən də, hesab edir ki, ona təhvil verilməyən və onun əmək funksiyasına daxil olmayan işlər üzrə o, günahkar hesab olunmamalıdır. Bundan başqa, məhkəməyə təqdim olunan audit rəyi adlanan sənədin də hesab edir ki, heç bir hüquqi əsası yoxdur. Belə ki, həmin sənəddə qeyd olunmuş pozuntuların konkret hansı işçi tərəfindən törədildiyi məlum deyildir. Konkret olaraq o pozuntuların hansının ona aid olması rəydə göstərilmir. Rəydəki tövsiyələrdən də görünür ki, xətalar düzəldilməsi mümkün olan bəsit xətalardır. Yəni ağırlığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin təsiri altına düşə bilməz. Bundan başqa, cavabdeh etirazının əsası kimi «xxxxxxxxxxxxx» MMC adlı şirkətin hansısa məktubuna da əsaslanır. Birincisi, belə adda müştəri tanımır və digərləri kimi ona da heç bir xidmət göstərməmişdir. Üstəlik həmin şirkətin məktubu da ziddiyyətlərlə doludur və cavabdeh bunların heç birini araşdırmayıb və əmr verməmişdən əvvəl onun münasibətini öyrənməyib. Ziddiyyətlər bunlardır: - Müştəri xidməti alacağı bankı özü seçir, bank hesabı açır və bundan sonra maliyyə xidmətlərinin göstərilməsi üçün sənədləri cavabdehə təqdim edir. Kursu isə bank müstəqil qaydada müəyyən edir. Müştəri məktubda bildirir ki, «təcili konvertasiya edib ödəniş edilməsini xahiş etmişdir». Təcili olduğu üçün konvertasiya fərqi ola bilər ki, bu da bankın istəyinə görə olur. Burada hansısa işçinin günahından olmasını demək əsassız yanaşmadır. Müştəri əvvəlcədən bir neçə bank təqdim edib ən sərfəli kursla əməliyyat aparılması barədə tapşırıq versə və işin təcili olmamasını bildirsə idi, o zaman razılaşmaq olardı. Düşünür ki, əksinə, müştərinin təcili əməliyyatı vaxtında icra edilməsə idi, bu zaman yenə də vaxtında icra edilmədiyinə görə şikayət edə bilərdi. Müştərinin məktubunda qeyd olunan 1,72 kursunun sərfəli olmaması cavabdeh tərəfindən nə ilə əsaslandırılır? Digər analoji banklarda kurs necə olmuşdur ki, guya belə bir zərər əmələ gəlmişdir? Bütün bu hallar cavabdeh tərəfindən araşdırılmayıb və əmrə daxil edilərək hüquqi qiymət verilməyib. Əmrdə qeyd olunur ki, onun guya işinə diqqətsiz və laqeyd yanaşması nəticəsində müştəriyə ziyan vurulmuşdur. Birincisi müştəriyə ziyan vurulmasını qəbul etmir. İkincisi, lap vurulmuş olsa belə, zərər ondan tutulmaqla barəsində başqa intizam tənbehləri (töhmət və s.) də verilə bilərdi. Niyə məhz Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndi? Hesab edir ki, cavabdeh əmrdə bunu əsaslandırmalı və hansı səbəbdən bu maddə ilə onu azad etdiyinə ətraflı hüquqi qiymət verməli idi. Bu hal üzrə ondan heç bir izahat alınmayıb və münasibəti öyrənilməyib. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə iclasında onun xx xxxxxx 2020-ci il tarixdə öz xahişi ilə işdən azad olunması barədə ərizə verməsini inkar etmişdir. Lakin bildirir ki, həmin ərizə verildikdən sonra, xx xxxxxx 2020-ci il tarixdə cavabdehin direktoru ilə arasında inventarların təhvil-təslimi aparılmış və müvafiq akt tərtib olunmuşdur. Belə olan halda sual yaranır ki, xx xxxxxx 2020-ci il tarixdə öz xahişi ilə işdən azad olunması barədə ərizə verilməmişdirsə, niyə xx xxxxxx 2020-ci il tarixdə öhdəsində olan inventarların təhviltəslimi aparılırdı? Bundan başqa, o, xəstə olarkən cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktub göndərilib və icraatında olan sənədlərin təhvil-təslimi tələb olunub. Belə olan halda, sual yaranır ki, xx xxxxxx 2020-ci il tarixdə öz xahişi ilə işdən azad olunması barədə ərizə verməmişdirsə, niyə xx xxxxxx 2020-ci il tarixdə icraatında olan sənədlərin təhvil-təslimi tələb olunurdu? İddiaçı oğu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının işdən çıxarılmasına səbəb onun özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar olmuşdur və həmin əmr kifayət qədər əsaslandırılmaqla qanuni qaydada tərtib olunmuşdur. İddia tələbinin iddiaçının öz ərizəsinə əsasən işdən çıxması ilə əlaqədar verdiyi ərizəyə münasibət bildirərək iddiaçının xx xxxxxx 2020-ci il tarixdə şirkətə rəsmi qaydada ərizə ilə müraciət etməməsini qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən maliyyə işləri üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, xx xxxxxxxx 2020-ci il tarixdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı barəsində olan əmrin qanunsuzluğunu xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada cavabdehə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixindən etibarən öz xahişi əsasında tutduğu vəzifəsindən azad olunmasını xahiş etdiyi halda, onu 3 gün gec işdən çıxarılmasını, işdən çıxarılmanın əsasını isə düzgün göstərilməməsi, bununla da ona mənəvi ziyan vurulması ilə əsaslandırmışdır. Cavabdeh iddiaya olan etirazının əsası kimi iddiaçının xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada ərizə ilə müraciət etməməsini, işdən çıxarılmasının səbəbinin isə özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar araşdırma zamanı öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan iddiaçının e-mail poçtundan cavabdeh MMC-yə məxsus e-mail poçtuna göndərilən məktubun məzmunundan görünür ki, iddiaçı onun xx.xx.2020-ci il tarixindən öz xahişi ilə tutduğu vəzifəsindən azad edilməsini xahiş etmiş, ərizənin imzalanmış və skan olunmuş surətinin məktuba əlavə etməsini də qeyd etmişdir. Cavabdeh tərəf göstərilən ərizənin onlara aid e-mail poçtuna daxil olmamasını təkzib edə və bununla bağlı sübutlar təqdim edə bilməmişdir. Bundan əlavə, işin materiallarından görünür ki, cavabdeh MMC-nin direktoru ilə iddiaçı arasında sonuncuya təhkim edilmiş 9 ədəd inventarın təhvil - təslimi aparılmış və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, akt iki nüsəxədə tərtib edilmiş, həmin aktın iddiaçıda olan surəti məhkəmə baxışı zamanı təqdim edilmişdir. Digər tərəfdən işin materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli 1372 saylı məktubla mühasibatlıq uçotunun aparılmasına dair müvafiq sənədlərin təhvil-təsliminin onun tərəfindən aparılmaması bildirilmiş, səhhətini bərpa etdikdən sonra qeyd edilən öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi xahiş edilmiş, bununla bağlı ona müəssisə daxili təsdiq edilmiş inzibati əmr və prosedur qaydası ilə tanış olmaq üçün sənədlər təqdim edilmişdir. Həmçinin iş materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 1374 saylı məktubunda da göstərilmişdir ki, o, xx.xx.2020-ci il tarixində saat 14.00da heç bir üzürlü səbəb göstərilmədən, icazə almadan iş yerini tərk etmiş, onun icraatında olan sənədlərin təhvil - təslimi aparılmamışdır. Sağlamlğında problemlər aradan qalxan kimi ofisə yaxınlaşıb müvafiq sənədlərin təhvil-təslimin aparılması xahiş edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə kimi xəstəliyi ilə bağlı əmək qabiliyyətsiz olmuş, bununla əlaqədar 1 №li şəhər poliklinikası tərəfindən seriya SN00006 № 725045 əmək qabilliyyətinin olmaması vərəqəsi verilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli təhvil təslim aktının, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 1372 saylı və xx.xx.2020-ci il tarixli 1374 saylı məktublarının məzmunları cavabdehin iddiaçının xx.xx.2020-ci il tarixli işdən azad olunma barədə ərizəsindən məlumatlı olmasını və bununla bağlı aralarında təhvil-təslim işlərinin aparılmasının başlanmasını təsdiq edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 76-cı maddəsinin 1 hissəsində göstərilmişdir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. - 69.2-ci maddəsinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabını aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9.1-ci bəndinə əsasən bu əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər. Beləlilklə də, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 69.1 və 69.2-ci maddələrinin tələblərinə riayət edilməyərək iddiaçı ilə əmək müqaviləsi göstərilən normaların tələbləri baxımından deyil, intizam tənbeh növlərindən biri olan 70-ci maddəsinin «ç» maddəsinə ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. Əmək qanunvericiliyinə əsasən (186-cı madddənin 1-ci hissəsi) işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verə bilər. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə riayət edilməməklə qanun pozuntusuna yol verilməklə yanaşı həmçinin iddiaçı ilə əmək müqaviləsinin 70-ci maddəsinin «ç» maddəsinə əsasən ləğv edilərkən də bir çox pozuntulara yol verilmiş, məhkəmə araşdırması zamanı əmrin əsaslandırılması kimi istinad edilən halların mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı barəsində verilən xx.xx.2020-ci il tarixli 94 saylı əmrdən görünür ki, Cavabdeh MMC üzrə aparılan daxili audit və təftiş işlərinin nəticəsi olaraq müəyyən olunmuşdur ki, müəssisənin maliyyə işləri üzrə kiçik mütəxəssisi İddiaçı əmək funksiyalarını və əmək müqaviləsi üzrə vəzifə öhdəliklərini yerinə yetirməmiş, onun tərəfindən layihə daxili aparılan mühasibatlıq işlərində audit rəylərində göstərilən uyğunsuzluqlara və səhvlərə yol verilmişdir. Bununla yanaşı marketing şöbəsi tərəfindən «xxx» MMC ilə xidməti müqavilələrə xitam verilmiş müəssisələr ilə sorğu keçirilmiş, sorğunun nəticəsi olaraq müəyyən olunmuşdur ki, «xxxxxxxxxxxxx» MMC-nin xidməti müqaviləsinə xitam verilməsi səbəblərindən biri adı gedən işçinin işinə laqeyd və diqqətsiz yanaşması nəticəsində müştəriyə ziyan vurması olmuşdur. Təqdim olunmuş audit rəylərini, müştəri tərəfindən daxil olan məktubu nəzərə alaraq, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin tələblərini rəhbər tutaraq, xx xxxxxxxx 2020-ci il tarixdən Cavabdeh MMC-nin Maliyyə işləri üzrə kiçik mütəxəssisi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilməsi, bu əmrin surətinin, işçinin əmək kitabçasının, işəgötürənin son haqq-hesabının sonuncu iş günü işçiyə verilməsinin təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas, audit rəyləri, «xxxxxxxxxxxxx» MMC-nin rəhbərliyi tərəfindən göndərilən məktub, X1 rəhbəri tərəfindən təqdimatı göstərilmişdir. Bundan əlavə, işin materiallarında olan cavabdehin iddiaçıya ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 1374 saylı məktubda həmçinin xx.xx.2020-ci il tarixli əmrin icrası ilə bağlı audit rəylərinin ona göndərilərək rəylərdə göstərilən uyğunsuzluqlarla bağlı izahat verilməsi xahiş edilmişdir. Lakin həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, ona audit rəyləri deyil, «xxxxxxxxxx» MMC-nin daxili audit proqramı, «xxxxxxx» MMC-nin daxili audit proqramı və «xxxxxxx» MMC-nin daxili audit proqramı əlavə edilmişdir. Məhkəməyə yalnız «xxxxxxxxxx» MMC-nin BN-102 saylı müstəqil auditor rəyi təqdim edilmiş və bu rəydən görünür ki, audit xx.xx.2020-ci il tarixdə başlanmış, xx.xx.2020-ci il tarixdə isə başa çatmışdır. Bu rəydən əlavə digər audit rəyi məhkəməyə təqdim edilməmişdir. Həmin rəydə göstərilmişdir ki, rəy üçün əsas 2019-2020-ci illər ərzində «xxxxxxx» MMC-nin mühasibat uçotunun aparılmasında aşkar edilən çatışmamazlıq və nöqsanlar nəticəsində yaranan kameral uyğunsuzluqlar, «xxx» MMC tərəfindən təqdim edilən «xxxxxxx» MMC-yə məxsus mühastbatlıq sənədləri göstərilmişdir. Rəyin nəticə hissəsinə əsasən təqdim edilmiş mühasibatlıq sənədləri və digər əlaqəli məlumatlara əsasən aşkar edilmiş ki, «xxxxxxx» MMC-nin mühasibat uçotu tələb olunan qaydalara uyğun aparılmamışdır. Belə ki, müəssisənin fəaliyyəti üzrə əməliyyatlar müvafiq proqramda natamam işlənmişdir. Bundan əlavə, vergi orqanına təqdim edilmiş hesabatlar düzgün tərtib edilməmiş, nəticədə müvafiq Vergi İdarəsi tərəfindən kameral uyğunsuzluqlar müəyyən edilərək «xxxxxxx» MMC-yə əlavə vergi hesablanmışdır. «xxxxxxx» MMC-nin mühasibatlıq hesabatları «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli Qanununa və səlahiyyətli dövlət orqanları tərəfindən bu sahədə verilən müvafiq göstərişlərə uyğun aparılmamışdır. Lakin cavabdeh tərəf qeyd edilən audit rəyinin və xx xxxxxx 2020-ci il tarixli 1374 saylı məktuba əlavə edilmiş audit proqramlarının iddiaçıya hansı formada aidiyyatı olmasını əsaslandıra bilməmişdir. İş materiallarından görünür ki, cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli 1382 saylı məktubunda məhz xx.xx.2020-ci il tarixli əmrin icrası ilə əlaqədar onun əmək funksiyalarının və vəzifə öhdəliklərinin yerinə yetirilməməsinin müəyyən edilərək onunla xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinin qərara alınmasını göstərmiş, əmək qabiliyyəti olmaması vərəqəsi təqdim olunduqdan sonra əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf sözügedən məktubun iddiaçıya ünvanlanarkən onun əmək qabiliyyəti olmaması vərəqəsinə əsasən xəstə olduğu halda xx.xx.2020-ci il tarixdə hansı formada və kim tərəfindən xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinin qərara alınmasının əsaslarını göstərə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməməsi təsbit edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə işə başlamalı idi. 06 sentyabr tarixi isə bazar gününə təsadüf etmiş, xx.xx.2020-ci il tarixdə isə iddiaçı işə gəlməmişdir. Həmin tarixdə cavabdeh tərəfindən iddiaçıya 1385 saylı məktub ünvanlanaraq həm ona xx.xx.2020-ci il tarixli məktubla onun əmək müqaviləsinə 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam veriləcəyinin bildirilməsi, həm ona 1374 saylı məktuba əlavə olunmuş aidut rəylərinə dair məktuba cavab olaraq xx.xx.2020-ci il tarixdə göndərdiyi izahatların qənaətbəxş olmamasını, həm də xx.xx.2020-ci il tarixdə heç bir üzürlü səbəb göstərmədən işə gəlmədiyi üçün işə gəlməmə səbəbinin bildirilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edildiyi halda, cavabdeh belə bir izahatı almadan artıq işçiyə barəsində intizam tənbehi verilməsinin qərara alınmasını bildirməsi qanunauyğun olmamışdır. Həmçinin məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə heç bir üzürlü səbəb göstərmədən işə gəlmədiyi halda cavabdehin iddiaçının barəsində tətbiq etdiyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin əsaslandırılması kimi işçinin bütün iş günü işə gəlməməsi ilə bağlı əmək vəzifələrinin kobud şəkildə pozulmasına istinad edə bilərdi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin (a) bəndinin tələbinə görə özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmçinin məhkəmənin qənaətinə görə cavabdeh tərəf iddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinin tətbiqi ilə əmək müqaviləsinin ləğvinə dair əmrinin xx.xx.2020-ci il tarixdə, yəni, artıq iddiaçının xəstə sayılmadığı vaxtda verməməsinin səbəblərini göstərə bilməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, cavabdeh iddiaçı barəsində xx.xx.2020-ci il tarixli əmr verərkən həmin tarixli «xxxxxxxxxxxxx» MMC-nin rəhbərliyi tərəfindən göndərilən məktuba da istinad etmişdir. Başqa sözlə, məhkəmə hesab edir ki, qeyd edilən məktubun məzmununda göstərilən halların həqiqətən də iddiaçı tərəfindən yol verilməsi araşdırılmadan, məktub daxil olan kimi onu dərhal əmrin verilməsinin əsaslarından biri kimi göstərilməsi də düzgün olmamışdır. Məhkəmə mübahisələndirilən əmrin verilməsinə əsas kimi göstərilən digər əsaslar üzrə qeyd edir ki, cavabdeh əmrdə ümumiyyətlə konkret olaraq iddiaçının vəzifə borcunun, əmək funksiyasının nədən ibarət olmasını və bunun hansı rəsmi sənədlərdə (vəzifə təlimatı, iş qaydaları, prosedur və s.) əksini tapmasını əmrdə əsaslandırmamışdır. İddiaçının izahatlarından görünür ki, görəcəyi işin nədən ibarət olması, vəzifə təlimatının nə olacağı ilə bağlı ona heç bir rəsmi məlumat verilməmiş və yeni işçi olduğu üçün də yalnız cavabdehin xidməti müqaviləsi bağladığı yeni müştərilərin (şirkətlərin) adları və rəsmi rekvizitləri barədə məlumatların cavabdehin istifadə etdiyi «1C mühasibatlıq- Azstandart versiya» adlı kompyuter proqramı təminatına daxil etməklə məşğul olmuşdur. Həmin müştərilərə aid bank əməliyyatları, daxili və xarici köçürmələr, hesablaşmalar, vergi və digər hesabatların verilməsi kimi çətin və ağır işləri yeni işçi olduğu üçün ona etibar edə bilməzdilər və onun da belə bir funksiyası olmamışdır. Ona heç bir şirkətin işi rəsmi olaraq təhvil verilməyib və bu səbəbdən də hesab edir ki, ona təhvil verilməyən və onun əmək funksiyasına daxil olmayan işlər üzrə o günahkar hesab olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. - 72-ci maddəsinin «e» bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, onun hər hansı hərəkəti ilə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi kimi hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, xx.xx.2019-cu il tarixdən işə başlayan işçinin barəsində ağır intizam tənbehi olan Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» maddəsinin tətbiq edilməsinin zəruriliyini də cavabdeh əmrində əsaslandırmamışdır. Məhkəmə xususi olaraq qeyd edir ki, işin materiallarından göründüyü kimi cavabdehdə iddiaçının xx.xx.2020-ci il tarixli ərizəsi barədə məlumat olduğu halda, ondan xx.xx.2020-ci il tarixli 10/i saylı əmrin icrası ilə bağlı müəyyən hərəkətlər edilməsinin tələb edilməsi başlanılmışdır. Məhkəmənin qənaətinə görə iddiaçının iş fəaliyyəti zamanı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, bunun da nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi halları mövcud olmuşdursa da, bu halların iddiaçı xx.xx.2020-ci il tarixdə ərizə verəndən sonra araşdırılması ilə bağlı hərəkətlərə başlanılması anlaşılan olmamışdır. İş materiallarından görünür ki, artıq xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçı ilə təhvil-təslim prosesinə başlanılmış və iddiaçının xx.xx.2020-ci il tarixli izahatında göstərdiyi kimi onun yerinə başqa işçi də götürülmüşdür. Həmin izahatında da iddiaçı bir daha xx.xx.2020-ci il tarixli ərizəsi ilə işdən azad edilməli olmasını vurğulamış və ona aid olmayan tələblər irəli sürülməsinin qarşısının alınmasını bildirmişdir. Məhkəmə iddiaçının xx.xx.2020-ci il tarixli izahatının intizam tənbehi verilməmişdən əvvəl alınan yazılı izahat kimi qiymətləndirmir. Belə ki, bu izahat cavabdehin ona ünvanladığı 1372 və 1374 saylı məktublarının məzmunları ilə bağlı olmuşdur. İddiaçıya isə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi xx.xx.2020-ci il tarixli 1382 saylı məktubla elan edilmişdir. Qanunvericiliyə əsasən məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, sadalanan prosessual hüquq normaları Konstitusiyada nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar, faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» AİHM-nin qərarı №25657/94, § 282). İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə baxışı zamanı iddiaçı tərəf iddiasının əsaslı olmasının təsdiqi olaraq təqdim etdiyi sübutlar və irəli sürdüyü dəlillər əsasında məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin onun öz təşəbbüsü (1 ay əvvəlcədən ərizə verilməsi) ilə ləğv etməli olduğu halda, ərizə veriləndən sonra onun fəaliyyəti ilə bağlı araşdırmalara başlamaqla onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad etməsi barədə əmr verməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, əmrdə əmək müqaviləsinin məhz həmin maddədə nəzərdə tutulmuş şərtlər əsasında ləğvinin zəruriliyi əsaslandırılmamış, əmrin verilməsinin əsası kimi göstərilən sənədlərin iddiaçıya bağlılığı göstərilməmiş, əmr rəsmi qəbul edilməmişdən əvvəl iddiaçıya barəsində hansı intizam tənbehi veriləcəyi elan edilmiş, bu tənbeh verilməmişdən əvvəl isə ondan intizam tənbehi verilməsinə əsas olan hallar barədə yazılı izahat alınmamışdır. Beləliklə də, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək iddianın Cavabdeh MMC-nin 94 saylı xx xxxxxxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının əmək kitabçasında və elektron hökümət portalında müvafiq düzəlişlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, işlədiyi maliyyə işləri üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixindən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi hissələrinin təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə iddianın cavabdehdən qanunsuz hərəkətləri nəticəsində vurmuş olduğu mənəvi zərərə görə 10.000 manatın alınaraq ona ödənilməsi hissəsinə qiymət verərək qeyd edir ki, cavabdehin iddiaçının işdən azad edilməsi zamanı əmək qanunvericiliyin tələblərinin kobud formada pozulması hallarının olmasına baxmayaraq, bu hallar nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı öz təsdiqini tapmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X6 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X6 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və X6 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında işdən düzgün çıxarılmaması ilə bağlı əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə, 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin 94 saylı xx xxxxxxxx 2020-ci il tarixli əmri ləğv edilsin. İddiaçı maliyyə işləri üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilsin. İddiaçı əmək kitabçasında və elektron hökümət portalında müvafiq düzəlişlərin edilməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulsun. Cavabdeh MMC tərəfindən xx.xx.2020-ci il tarixindən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5043/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5043/2020
30.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver