Məhkəmə qərarları › İş №2(006)-505/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-505/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-505/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair 13 oktyabr 2021-ci ildə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 14 mart 2015-ci il tarixli Z-113GTUM1 ********* saylı Zaminlik müqaviləsi əsasında ona dəymiş maddi və mənəvi zərər 5500 (beş min beş yüz) manat məbləğində pulun və ödəmiş olduğu 50 manat dövlət rüsumunun Cavabdeh1 ASC və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 ASC-nin Nizami rayon filialı ilə onun arasında zamin kimi 14 mart 2015-ci il tarixli, Z-13GTUM********** №-li zaminlik müqaviləsi əsasında borclu-digər Cavabdeh2 həmin bankdan 7000 (yeddi min) manat məbləğində 23 %-lə kredit verilmişdir. Həmin kreditin cavabdeh, borclu Cavabdeh2 tərəfindən ödənilmədiyi səbəbindən, digər cavabdeh-kreditor Cavabdeh1 ASC-nin Nizami rayon filialı onun müəllim işlədiyi məktəbdən, onun adına köçürülmüş əmək haqqının hamısını (100 %) pulu kredit borcu kimi ondan Cavabdeh1 ASC-nin xeyrinə köçürmüşdür. ”İcra haqqında” AR Qanununun 65.1-ci maddəsinin tələblərinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 %-dən çox ola bilməz. Qanunun tələbləri pozularaq Cavabdeh1 ASC-nin Nizami filialı onun pulunun 80 %-dən çoxunu məhkəmə qərarı olmadan öz başına silərək öz hesabına köçürmüşdür. İddiaçı 13 dekabr 2021-ci il tarixində məhkəməyə iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ünvanlayaraq Cavabdeh1 ASC-yə qarşı olan pul ödənişi iddiasını geri götürdüyünü, Cavabdeh2 onun əmək haqqından tutulan pulun (16 oktyabr 2018-ci il tarixli 2(006)- 4798/2018 saylı qərardadından sonra qalan 1175 manat əsas borc və 30 manat dövlət rüsumu) geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 05.11.2021-ci il tarixində Cavabdeh1 ASC tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Həmin etirazla İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi əsassız hesab edilmişdir. Belə ki, 14 mart 2015-ci il tarixli kredit müqaviləsinin 1.2-ci maddəsinə əsasən Cavabdeh2 müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. Bank zaminlik müqaviləsinin tələbinə uyğun hərəkət etmiş və kredit müqaviləsi üzrə borclu və zamin tərəfindən götürülmüş öhdəliyin icra edilməsinə nail olmuşdur. İddiaçı ilə bank arasında imzalanmış zaminlik müqaviləsinin 2.4.3-cü bəndində qeyd edilmişdir ki, kreditor kredit müqaviləsi üzrə əsas və faiz borcları qədər vəsaiti zaminin vəsaiti olmadan, akseptsiz qaydada onun bankdakı cari və ya depozit hesabından bloklaşdıra və tuta (silə) bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdeh1 ASC-yə qarşı 14 mart 2015-ci il tarixli Z-113GTUM********** nömrəli zaminlik müqaviləsi əsasında ona dəymiş maddi və mənəvi zərərin-5500 manat məbləğində pulun və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh1 ASC-dən və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiasını Cavabdeh1 ASC-yə aid hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 ASC ilə borcalan Cavabdeh2 və zamin İddiaçı arasında bağlanmış 14 mart 2015-ci il tarixli Z-113GTUM150730003 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı 14 mart 2015-ci il tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən kredit götürmüş borcalan Cavabdeh2 borcverən qarşısında götürdüyü öhdəliyi tam şəkildə icra etməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, kredit müqaviləsi üzrə borcun ümumi məbləği 6345.54 manat təşkil edir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(006)-4798/2018 saylı qətnamənin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 ASC-yə, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə əsasında ona dəymiş zərər-6500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun çavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 oktyabr 2018ci il tarixli 2(006)-4798/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 5800,82 manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 30 manat, çəmi 5830, 82 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(006)-4798/2018 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh2 qarşı “pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə iddia tələbinin “əmək haqqı hesabından tutulan 699,18 manatın Cavabdeh2 tutularaq iddiaçıya qaytarılması” hissəsində mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 ASC-nin ilə Cavabdeh2 arasında bağlanmış 14 mart 2015-ci il tarixli 1143GTUM150730003 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 illik 23 faiz ödəmək şərtilə 36 ay müddətinə 7.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC ilə borcalan Cavabdeh2 və zamin İddiaçı arasında bağlanmış 14 mart 2015-ci il tarixli Z-113GTUM150730003 saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı 14 mart 2015-ci il tarixli 1143GTUM150730003 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra etməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.4.3-cü bəndinə əsasən kreditor kredit müqaviləsi üzrə əsas və faiz borclarını Zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun hesabdakı cari və ya depozit hesabından tuta (silə) bilər. Borcalan üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin şərtlərinə əsasən kredit müqaviləsi üzrə qalıq borc məbləği zamin İddiaçı əmək haqqı kartından tutulmuşdur. Zamin İddiaçı qeyd edilən müqavilə üzrə əmək haqqı kartından tutulan məbləğ cəmi 6.590,24 manat təşkil etmişdir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli 2(006)-427/2017 saylı qətnaməsi ilə Cavabdeh2 Cavabdeh1 ASC tərəfindən İddiaçı tutulan pul vəsaitinin yarısının (50%) alınaraq İddiaçı verilməsi, iddia tələbinin Cavabdeh1 ASC-yə münasibətdə və qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin mülki iş üzrə iddia tələbi məhz iddiaçının (İddiaçı) əmək haqqı kartından tutulmuş pulun yarısının Cavabdeh1 ASC-dən, yarısının isə Cavabdeh2 tutulmasından ibarət olmuş, Cavabdeh1 ASC-yə aid hissədə iddia rədd edilmiş, lakin tutulmuş pulun yarısının (50%) Cavabdeh2 tutulması hissəsində iddia təmin edilmişdir. Göründüyü kimi həmin iş üzrə iddia tələbinin digər - «tutulan pulun yarısının qaytarılması» hissəsi Cavabdeh2 qarşı yönəlməmişdir. Həmin tələb Cavabdeh1 ASC-yə qarşı yönəlmişdir (həmin hissədə iddia rədd edilmişdir), hazırki mülki iş üzrə isə həmin iddia tələbi Cavabdeh2 qarşı yönəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli 2(006)- 4798/2018 saylı qətnaməsində qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli 2(006)-427/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı kart hesabından 07.06.2016-cı il tarixdən 10.11.2016-cı il tarixədək cəmi 1.578,84 manat pul tutulmuşdur. Qeyd olunan qətnamə ilə həmin pulun yarısının (50% - 789,42 manat) Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçının əmək haqqından mübahisələndirilən zaminlik müqaviləsinə əsasən ümumilikdə 6.590,24 manat tutulmuşdur. Ona görə də əvvəlki məhkəmə qətnaməsi ilə Cavabdeh2 tutulan 789,42 manat nəzərə alınmaqla, qalan 5.800,82 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, 699,18 manatın tutulması hissəsində isə mülki iş üzrə icraata xitam verilmişdir. Hazırki iş üzrə İddiaçı məhkəməyə müraçiət edərək, Cavabdeh2 16 oktyabr 2018-ci il tarixli 2(006)-4798/2018 saylı qətnaməsindən sonra yaranmış borcun tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, yaranmış borc 1175 manat təşkil edir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsinin gəbul edildiyi tarixdən sonrakı dövr üzrə yaranmış 1175 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat 75 qəpil dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası təmin edilməli, cavadeh Cavabdeh2 1175 (min yüz yetmiş beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat 75 (yetmiş beş) qəpik, cəmi 1206,75 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavadeh Cavabdeh2 1175 (min yüz yetmiş beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 (otuz bir) manat 75 (yetmiş beş) qəpik, cəmi 1206,75 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar