Məhkəmə qərarları › İş №2(006)-5050/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5050/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5050/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-dən 30.270 manat əsas borc, hesablanmış faiz üzrə 24.154 manat və dəymiş 15.000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X2 "xxxx" İKB ASC-dən kredit almaqla atasına məxsus Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsini, 0,9781 ha torpaq sahəsini, 1,612233 ha torpaq sahəsini, 1,770952 ha torpaq sahəsini, 1,146196 ha torpaq sahəsini və 1,8593 ha torpaq sahəsini girov qoymuşdur. Qəbələ rayon Məhkəməsinin 27.12.2010-cu il tarixli 2(025)-422/2010 saylı icra vərəqəsinə əsasən icra hərəkətləri aparılmış və atasına məxsus əmlaklar satışa çıxarılmışdır. Qəbələ rayon Məhkəməsinin 2(025)-422/2010 saylı 24.11.2010-cu il tarixli qətnaməsi borcun dəbbə puluna münasibətdə və əmlakın qiymətləndirilməsi hissəsində Şəki Apellyasiya Məhkəməsinin 25.12.2012-ci il tarixli 2(107)-76/2012 saylı qətnaməsi ilə ləğv edilmiş və dəbbə pulu müvafiq olaraq 1700 avro məbləğində müəyyən edilmişdir. Nəticə olaraq X1 "xxxx" İKB ASC-yə qanuni qüvvəsini almış qətnamə üzrə borcu 91.000+30037- 1700=122.737 avro təşkil etmişdir. Yəni həmin məbləğdən 14.309 avro azaldılmışdır. Həmin borcun 57.300 avro hissəsi Bakı şəhərində yerləşən əmlak satılmaqla 2013-cü ilin əvvəlində ödənilmişdir. Həmin vaxt məzənnə 1 avro = 1,01 manat olmuşdur. Həmçinin həmin vaxt Məmmədov Yadigar tərəfindən 1000 avro əlavə ödəniş edilmişdir (evin satışından əvvəl olub). Bununla bağlı hesabdan çıxarışı iddia ərizəsinə əlavədə təqdim etmişlər. Belə olan halda 2013-cü ilin oktyabr ayına Banka borcun qalıq məbləği 122.737- 58.300=64.437 avro təşkil edirdi. Atasının əmlakları 102.000 manata 30.10.2013-cü il tarixdə alınmışdır. Atasına məxsus Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsini, 0,9781 ha torpaq sahəsini, 1,612233 ha torpaq sahəsini, 1,770952 ha torpaq sahəsini, 1,146196 ha torpaq sahəsini və 1,8593 ha torpaq sahəsi təqdim etdikləri hərrac protokolundan da göründüyü kimi 30.10.2013-cü il tarixdə Bank tərəfindən alınmışdır. Həmçinin təqdim etdikləri DƏDRX-dən çıxarışlardan da göründüyü kimi, 14.01.2014-cü il tarixdə atasının torpaq sahələrinə dair Bank DƏDRX-dən mülkiyyəti təsdiq edən çıxarış almışdır. Yəni onun əmlakı avro manat məzənnələri birə-bir olanda satılmışdır. Mərkəzi Bankın 30.10.2013-cü il tarixdə azn-avro məzənnəsinə diqqət yetirilsə görünər ki, həmin vaxt məzənnə 1 avro – 1,077 manat olmuşdur. Belə olan halda Məmmədov Yadigarın borcundan 102.000 AZN / 1.077 avro = 94.707 avro. X5 borcundan onun torpaq sahələri alındıqdan sonra yetəri qədər vəsait daxil olmuş və əmlakların alışından artıq məbləğ qalmışdır. Borcun onun əmlakların satışına qədər 64.437 avro olmasını nəzərə aldıqda, 94707-64437=30270 manat vəsait onun əmlaklarının satışından artıq qalan məbləğdir. Sonradan Bankla razılaşmaya görə Məmmədov Yadigar borcu bağlamalı idi və onun əmlakları ona geri qaytarılmalı idi. Lakin sonradan 2020-ci ilin sonunda Bank həmin əmlakları ona satmaqdan vaz keçmiş və əmlakı başqa şəxslərə satışa çıxartmışdır. Onun da pulunu geri qaytarmamışdır. Bu səbəbdən də, o, artıq əmlaklarının geri qaytarılmayacağını görüb Bankdan pulunu tələb etmək qərarına gəlmişdir. Bank onun vəsaitini özündə saxlamaqla da 2013-cü ildən əsassız varlanmışdır. Həmin tarixdən cari dövrədək Bank həmin dövrlərə münasibətdə faiz dərəcəsini nəzərə aldıqda külli miqdarda varlanmışdır. Belə ki, 2014-cü ildə banklar üzrə əmanət faizi 15 % təşkil edirdi. Bu fazi dərəcəsi 2017-ci ilədək qüvvədə qalmışdır. Çünki Dövlət əhali arasında xarici valyuta mübadiləsini azaltmaq üçün xarici valyutada olan depozit fazilərini minimuma salmış və manatla olan faiz dərəcələrini qaldırmışdır. 2017-ci ildən başlayaraq Banklarda faiz dərəcələri düşməyə başlamışdır. Odur ki, 3 il üzrə 15 % dərəcəsi ilə nəzərə aldıqda 30270 manat * 15 % * 3 il = 13621 manat edir. 2017-ci il tarixədək onun pul vəsaiti onda olsaydı adi banka qoysaydı 43891 manat olmalı idi. Sonrakı illərdə Banklarda depozit dərəcəsi 8- 10 % arası dəyişmişdir. 3 ildə 8 % ilə götürülsə Bank 43891 * 8 % * 3 il = 10533 manat edir. Ümumilikdə isə 43891 + 10533 = 54424 manat pul vəsaiti ona qaytarılmalıdır. Bunun 30270 manatı əsas, 24154 manatı hesablanmış faizdir. Həmçinin bank ona vaxtında pul vəsaitini verməməklə ona ziyan da vurmuşdur. Belə ki, özündə vəsaiti saxlamaqla və ona verməməklə onun işlərini axsatmışdır. Cavabdeh ona vəsaitini vaxtında geri versəydi, o başqa əmlaklar ala bilər və vəsaitdən səmərəli istifdə edə bilərdi. Həmin vaxtı xarici valyutalar da bahalaşmadığından əmlak bazarında qiymətlər aşağı idi. Həmin dövrdə ona vəsait geri qaytarılsa idi, o, əmlak alsaydı və ya USD-yə çevirsəydi ən azından puluna 50 % gəlir qatmış olardı. İnfilyasiyanı nəzərə aldıqda 2013-cü ildən cari tarixə ümumilikdə 50 % infilyasiya və bahalşma olmuşdur. Bu səbəbdən də, iddiaçı 15000 manat dəymiş ziyan da tələb edir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim R.Səmədov) 24.05.2017-ci il tarixli 2(006)-3388/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" İKB ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi, bankın adına verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddiası təmin edilmiş, Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinin girov qoyulmasına dair İddiaçı ilə "xxxx" İKB ASC arasında bağlanmış ipoteka müqavilələrinə xitam verilməsi, Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinə dair "xxxx" İKB ASC ilə "xxxx" MMC arasında bağlanmış hərracın nəticələri barədə 30.10.2013-cü il tarixli Y-314 nömrəli protokol və hərracın yekunları barədə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və "xxxx" İKB ASC-nin adına verilmiş çıxarışların ləğv edilməsi, İddiaçı Qəbələ şəhərində yerləşən 0,687697 ha torpaq sahəsi, 0,9781 ha torpaq sahəsi, 1,612233 ha torpaq sahəsi, 1,770952 ha torpaq sahəsi, 1,146196 ha torpaq sahəsi və 1,8593 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Xəlilov, X.Cəmilova, A.Hüseynov) 13.09.2017-ci il tarixli 2(103)-8709/2017 nömrəli qətnaməsi ilə cavabdeh "xxxx" İKB ASC-nin apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24.05.2017-ci il tarixli 2(006)-3388/2017 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" İKB ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə və "xxxx" MMC-yə qarşı «ipoteka müqaviləsinə xitam verilməsi, bankın adına verilmiş çıxarışların ləğv edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı və vəkili X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2018-ci il tarixli 2(102)-332/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2017-ci il tarixli 2(103)-8709/2017 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2018-ci il tarixli 2(102)-332/2018 saylı qərarında təsbit edilmiş faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar