Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5078/2022 31.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı A.S.A. oğlunun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun olması barədə qeydin silinməsi» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı A.S.A. oğlu cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun olması barədə qeydin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Kredit Bürosu tərəfindən reyestrdə iddiaçının adına borcun olması barədə qeydin silinməsinə dair tələbin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması və iddiaçının kredit tarixçəsinin təmizlənməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materialları araşdırılarkən məlum olmuşdur ki, iddia ərizəsinin müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 149.2.3 və 149.2.5-ci maddələrinin tələblərinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, A.S.A. oğlunun ərizəsində iddia tələbinin hansı kredit müqaviləsi ilə bağlı qeydin silinməsinə dair olması və bu tələbin əsaslandırdığı hallar ərizədə göstərilmədiyindən, eyni zamanda, həmin halları sübut edən sənədlər ərizəyə əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bununla yanaşı, iddia ərizəsində cavabdeh olaraq Əmanətlərin Sığortalanması Fondu göstərilsə də, ona qarşı tələb yönəlməmiş, tələb cavabdeh olmayan Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, iddiaçıya ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinin tələbinə əsasən ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı A.S.A. oğlu tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda izah edir ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin tələblərinə əsasən müharibə veteranları məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı A.S.A. oğlu müharibə veteranı olduğundan məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azaddır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 114.1.3, 149.2.3, 149.2.5, 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı A.S.A. oğlunun cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun olması barədə qeydin silinməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Dövlət büdcəsinə dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5078/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5078/2022
31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver