Məhkəmə qərarları › İş №2(006)-509/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-509/2025

14.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-509/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti, X19 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı mənzildən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh Bakı şəhəri Nəsimi rayonu, İlqar İsmayılov küçəsi, ev-16 yerləşən ümumi sahəsi-45.3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin iddiada qeyd edilən halları: İddiaçı ilkin alı-satqı müqaviləsinə əsasən ünvan 6 yerləşən ümumi sahəsi-45.3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evin xx.xx.2024-cü il tarixdə X15 almışdır. Lakin həmin evi Cavabdeh adlı qadın zəbt edərək evdən çıxmaq istəmir. Lakin Cavabdeh onun mənzilində qanunsuz olaraq demək olar ki, öz istədiyi kimi istifadə edir və mənzilini tərk etmir. Həmin evə dair cavabdehin əlində hər hansı sənəd də yoxdur. Ona görə də cavabdehin qanun çərçivəsində mənzilindən çıxarılmasını istəyir. Cavabdehin etirazı: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş əlavələrdə mülkiyyətində qeyd edilmiş evin onun adına dövlət qeydiyyatına alınması barədə hər hansı bir qoşma yoxdur. Məhkəməyə iddianın əsası kimi təqdim edilmiş ilkin alqı-satqı müqaviləsində qeyd edilmiş şərtlərin heç biri öz əksini tapmamışdır. Bununla da sübut olunur ki, iddiaçının ümumiyyətlə qeyd edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair sərəncam vermək hüququ yoxdur. İddia ərizəsinə əlavə olunmuş ilkin alqı-satqı müqaviləsi əsasında gələcəkdə alqı-satqı müqaviləsi bağlanmaya da bilər. Yuxarıda qeyd edilən əsasları nəzərə alaraq, məhkəmədən İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianın məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçı ilkin alqı-satqı müqaviləsinə, əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.3 kv. metr olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini iddiaçı X15 almışdır. Lakin həmin evi Cavabdeh adlı şəxs zəbt edərək evdən çıxmaq istəmir. Anar evini sataraq Türkiyəyə getmişdir. İddiaçı da vicdanlı alıcıdır, evi almışdır. Həmin evə iddiaçı daxil ola bilmir, cavabdehin heç bir hüququ yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının mənzillə bağlı heç bir subyektiv hüququ yoxdur. İlkin alqı-satqı müqaviləsi ilə əsas alqı-satqı müqaviləsi arasında fərq var. Əsas alqı-satqı müqaviləsi yoxdur. İddiaçının hüquq müəyyənedici sənədi yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və X11 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X35 xx.xx.1978-ci il tarixdə anadan olmuşdur. X1 və anası X24 qeyd edilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2021-ci il tarixdə beyin ödəmindən vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisində xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş ilkin alqısatqı müqaviləsinin surətindən görünür ki, X35 istifadəsində olan ünvan 6 yerləşən ümumi sahəsi-45.3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini İddiaçı 80.000 manata satmışdır. Müqavilənin 3.1-ci maddəsinə əsasən satıcı ünvan 6 yerləşən ümumi sahəsi-45.3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini xx.xx.2024-cü il tarixədək «Alıcı»ya təhvil verməyi və xx.xx.2024 tarixinədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür və həmin tarixdən əmlak üzərinə bütün hüquqları Alıcıya ötürür. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-32296/24 saylı məktubundan görünür ki, ünvan 1 ünvanında xx.xx.1983-cü il təvəllüdlü X20, 21,03.1984-cü il təvəllüdlü X33, xx.xx.1984-cü il təvəllüdlü X26, 01.01,1986-cı il təvəllüdlü X2, xx.xx.1987-ci il təvəllüdlü X8, xx.xx.1995-ci il təvəllüdlü X42, xx.xx.1995-ci il təvəllüdlü X27, xx.xx.1997-ci il təvəllüdlü X43, xx.xx.2005-ci il təvəllüdlü X48, xx.xx.2005-ci il təvəllüdlü X50, 31,07.2009-cu il təvəllüdlü X44, xx.xx.2010-cu il təvəllüdlü X12, xx.xx.2018-ci il təvəllüdlü X36, xx.xx.2022-ci il təvəllüdlü X3, xx.xx.2022-ci il təvəllüdlü X5, xx.xx.2023-cüil təvəllüdlü X28 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Bakı şəhəri Nəsimi Rayon Mənzil-Kommunal 59 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 79 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İ.İsmayılov küçəsi 16 saylı ünvan İcra Hakimiyyətinin balansında olan həyət tipli, bir və iki mərtəbəli yaşayış evidir. Bu ev X10 adınadır, xx.xx.1955-ci ildən qeydiyyatda olub, vəfat edib. Bu ünvanda aşağıda adları göstərilənlər MKİS-də olan sənədlər əsasında qeydiyyatdadır: 1957-ci il təv- X6, 1983-cü il təv- Rəsulov X39, 1986-cü il təv- X14, 1987-ci il təv- X8, 1968-ci il təv- X9, 1978-ci il təv- X35, 1990-cı il təv- X7, 1964-cü il təv- X51, 1962-ci il təv- Cavabdeh, 1984-cü il təv- X26, 1939-cu il təv- X23- xx.xx.1966-cı ildən qeydiyyatda olub, xx.xx.1991ci ildə vəfat edib, 2005-ci il təv-X50, 1997-ci il təv-X43, 1924-cü il təv-X21-xx.xx.2004-cü ildə vəfat edib, 1946-cı il təv- X29, 1976-cı il təv- X37, 1952-ci il təv- Rəsulov X40, 1994-cü il təv- X18, 1995-ci il təv- X42, 2009-cu il təv- X44, 2023-cü il təv- X60, 1982-ci il təv- X16, 2005-ci il təv- X45. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-48501/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi 16 saylı ünvanında yerləşən mənzil X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin xx.xx.2024-cü il tarixli müqaviləsinin surətindən görnr ki, X38 Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi 16 saylı ünvanında yerləşən mənzili X17 bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsi 16 saylı ünvanında yerləşən mənzilin mülkiyətçisi X13r. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X35 ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən X35 ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 45.3 kv.m olan 2 mərtəbəli 3 otaqlı fərdi yaşayış evini xx.xx.2024cü il tarixinədək İddiaçı təhvil verməyi və xx.xx.2024-cü il tarixinədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürür və həmin tarixdən əmlak üzərində bütün hüquqları sonuncuya ötürür. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iş üzrə iddia predmeti ilə bağlı mülki-hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ yoxdur. Belə ki, ilkin alqı-satqı müqaviləsi iddiaçıya mübahisəli ev üzərində mülkiyyətçi statusunu vermir. Hazırki işin hallarından isə mübahisəsiz qaydada müəyyən olunur ki, ilkin alqı-satqı müqaviləsindən sonra əsas müqavilə bağlanmamış, İddiaçı əmlak üzərində hər hansı əşya və s. digər əmlak hüquqları yaranmamışdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd edilməlidir ki, ilkin müqaviləyə əsasən əmlakın (və ya digər maddi nemətlərin) verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. Mülki Məcəllənin 402-ci maddəsinin məzmunundan da göründüyü kimi, ilkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürürlər. Məhz əsas müqavilə bağlandığı andan daşınmaz əmlakla bağlı müvafiq əşya hüquqları yaranmaqla, alıcının yeni sahibin (mülkiyyətçinin) həmin əmlakı digər şəxslərdən tələb etmək və s. istiqamətində subyektiv hüquqları yaranmış olur. Baxılan işdə iddiaçının mübahisəli evə dair hazırkı tələbi (cavabdehin evdən çıxarılması və s.) o halda qorunmağa layiq mənafe hesab olunar ki, daşınmaz əmlakın ona məxsus olduğunu, yəni ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Qeyd edilməlidir ki, vindikasiya iddiası mülkiyyətçinin (digər qanuni sahibin) öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər məcmu halda mövcud olmalıdır, əks halda iddia təmin oluna bilməz. Hazırki işin hallarından isə qeyd edilənlər məcmu halda müəyyən edilmir. Beləliklə, işin faktiki halları, toplanmış sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alan məhkəməsi hesab edir ki, hazırki vəziyyətdə iddiaçının cavabdehə qarşı tələbinin qanuni və faktiki əsasları mövcud deyildir. İddiaçı özünə məxsus olmayan (üzərində hər hansı əşya hüquqları yaranmamış) əmlakdan cavabdehin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqlara malik deyildir. Belə olan halda isə cavabdehin mübahisəli əmlakdan istifadə etməkdə (orada yaşamaqda) hüquqlarının olmaması barədə iddia tələbinin dəlillərini araşdırmağa da zərurət yoxdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti və X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar