Məhkəmə qərarları › İş №2(006)-5110/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5110/2020

13.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5110/2020 13.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «mülkiyyətçinin dəyişməsi ilə əlaqədar istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «mülkiyyətçinin dəyişməsi ilə əlaqədar istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixli “X2” MMC-nin Hərrac təşkilatı tərəfindən keçirilmiş hərraacın yekunları barədə əmlakın alğı-satqısı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi Cavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 95 №-li evi 24500 manata əldə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli Çıxarışa əsasən qeyd olunan fərdi yaşayış evi onun tam mülkiyyətindədir. Mülkiyyətində olan evdə keçmiş mülkiyyətçinin ailə üzvləri iş üzrə cavabdehlər hal-hazıradək qeydiyyatda olmaqla faktiki yaşayırlar, bu da mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Cavabdehlərdən Cavabdeh1 ilə aramızda borc münasibəti olmuş və Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə onun xeyrinə 26000 manat pul vəsaiti tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş, icra mərhələsində cavabdehin mülkiyyətində olan və hazırda hərrac vasitəsi ilə əldə etdiyim evin üzərinə həbs qoulmuşŞ əmlak qiymətləndirilərək hərraca çıxarılmış,hərrac vasitəsi ilə yuxarıda qeyd etdiyi kimi ona satılmışdır. Hazırda cavabdehlər mülkiyyət hüququ əsasında ona məxsus evdə nə qeydiyyatdan çıxmırlar, nə də ki, evi ona təhvil vermirlər. Cavabdeh1 həyat yoldaşı iş üzrə digər cavabdeh X1 Bakı şəhəri, Azadlıq prospekti 151A ünvanında yerləşən 22 saylı mənzili vardır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Məmmədov Cavabdeh3 Cavabdeh4 Türkan Bakir qızı və Cavabdeh6 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 95 saylı fərdi yaşayış evinə istifadə hüquqlarının xitam verilməsinə və həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 95 saylı fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş forma 2 Arayışa əsasən, cavabdehlər Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 95 saylı fərdi yaşayış evində pasport qeydiyyatındadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Hərracın yekunları üzrə alqı-satqısı barədə müqavilədən görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçı tərəfindən 24500 manat əldə olunmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 95 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətidir və cavabdehlər iddiaçının qohumu və ya ailə üzvü deyildir. Cavabdehlər iddiaçının ailə üzvləri olmadığından həmin mənzilə istifadə hüququ yaranmamışdır. Hazırda iddiaçıının iki tələbi mövcuddur:

1. Cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 95 saylı fərdi yaşayış evinə istifdə hüquqlarına xitam verilməsi;

2. Həmin fərdi yaşayış evindən çıxarılmaları; Məhkəmə hesab edir ki, mövcud olmayan istifadə hüququn itirilməsi mülki məhkəmə icraatı qaydasında həyata keçirilə bilməz. Belə kİ, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “istifadə hüququna xitam verilməsi ilə bağlı tələbi təmin edilə bilməz”. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən fərdi yaşayış evi qanunvericiliyə uyğun şəkildə əldə edilmiş və bu əsasdan da iddiaçının həmin fərdi yaşayış evinin keçmiş sakinlərini evdən çıxarılmasını tələb etmək hüququ vardır. Eyni zamanda «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin evdən çıxarılma hissəsində təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zərəri hesab edir ki, mənzildən çıxarılma barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi həmin şəxslərin (cavabdehlərin) qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən 95 saylı fərdi yaşayış evindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar