Məhkəmə qərarları › İş №2(006)-5111/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5111/2025

06.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5111/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb olunmaqla) "əmrin ləğv edilməsi və sair" tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, əmək haqqı və dəymiş mənəvi ziyanın ödənilməsi, əmək müqaviləsinin müddətinin qurtarması) Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb olunmaqla) "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları: - Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-ci il tarixli, 29 nömrəli sərəncamından görünür ki, fəaliyyət qabiliyyəti olmayanlar, xx.xx.1995-ci il təvəllüdlü qızı – X2 və xx.xx.1997-ci il təvəllüdlü X3 üzərində ataları İddiaçı qəyyum təyin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X3 birinci dərəcəli əlildir. - ИT-İ № ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdehnə istismar xidmətləri üzrə texnik vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə AR-nin Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdehnə istismar xidmətləri üzrə texnik vəzifəsinə işə qəbul edilmiş, AR-nin ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. - İşəgötürən “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi İddiaçı arasında bağlanan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi İddiaçı “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinə, istismar xidmətləri üzrə texnik vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi xx.xx.2025-ci il tarixinədək 2 il 10 ay 09 gün müddətinə bağlanmışdır. - “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 196/24-k nömrəli əmri ilə "xxxx" MMC-nin tikinti sahesinde çalışan müvafiq işçileri üçün 16 dekabr 2024-cü il tarixindən 31 mart 2025-ci il tarixinədek boşdayanma vaxtının elan edilməsi, boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşının iki qatı məbləğinde ödenilməsi və sair əmr edilmişdir. - “Paşa İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2025-ci il tarixindən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən İddiaçı ilə “PAŞA İnşaat" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 70001643 saylı Əmək Müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. - Bakı şəhəri 09 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/9/2025-01140 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə 12:00-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçın Cavabdehnə qarşı "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilərək barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi tətbiq edilməsi və cavabdehdən dəymiş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə xx.xx.2022-ci il tarixdə arasında bağlanan əmək müqaviləsinə əsasən istimar xidmətləri üzrə texniki vəzifəsinə qəbul olunmuşdu. Onun əmək haqqı 740 manat təşkil edirdi. Lakin, xx.xx.2025-ci il tarixdə əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndi tətbiq edilərək işdən azad olunmuşdu. Halbuki bu hissə ona aid deyildir. Bu halda onun hüquqları açıq aşkar pozulmuşdur. Himayəsində isə xx.xx.1997-ci il təvəllüdlü birinci dərəcəli əmək qabiliyyəti olmayan X3 adlı uşağı vardır. Həmin uşaq üzərində qəyyumdur. Onun isə tələbi qanun çərçivəsində olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi tətbiq edərək işdən azad olunması idi. Əvvəlki maddə ilə işdən azad edilməsi ona mənəvi sarsıntı olmuşdur. Bu da onun təzminat tələb etəməyi üçün əsasdır. Lakin, bu müddəa ilə onun hüquqları pozulmuşdur. O əmrin ləğvi tələbi üçün Mediasiya Şurasına müraciət etdi. Ərizə mediator tərəfindən icraata götürüldü. Nəticədə Mediator tərəfindən ona xx.xx.2025-ci il tarixli, MŞB\9\2025-01140 nömrəli «llkin mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayış verildi. Qeyd edir ki, mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Himayəsində birinci qurup xüsusi qulluğa ehtiyac olan uşaq var. Bununla bağlı qəyyumluq haqqında şəhadətnaməni və uşağın xəstəlik kağızını əlavə edir. Daha sonra İddiaçı “iddia tələbinin həcminin artırılmasına” dair ərizə ilə müraciət edərək, 2025-ci il aprel ayının (məzuniyyətlə əvəzləşdirilmiş ay) maaş məbləği, həmçinin işdən azad olunduğum tarixdən hazıradək işləmədiyi günlər üçün pul məbləğinin Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İddia tələbinin həcminin artırılmasına” dair ərizə onunla əsaslandırılmışdır ki, onun hazırki iddia tələbinin artırılması hüququ yaranmışdır. 2025-ci ilin aprel ayının birindən "xxxx" MMC onu məcburi məzuniyyətə çıxardı. Həmçinin bizə söz verdilər ki, məzuniyyətdən qayıtdıqdan sonra işə qəbul edəcəklər və yeni əmək müqaviləsi bağlanacaq. Qayıtdıqdan sonra isə 2025-ci il avqust 29-u onunla bağlanılmış əmək müqaviləsinə xitam verildi. Göründüyü kimi, məcburi mənzuniyyətə çıxmağım səbəbi ilə o aprel ayının ödənişin, yəni aylıq məvacimi ala bilmədi, aprel ayının maaşını məzuniyyətiylə əvəzləşdirdilər. Nəticə olaraq o aprel ayının maaşını ala bilmədi, həmçinin 2025-ci il avqust ayının 29-undan hazırki tarixədək işsizdir. b) iddiaya etiraz: Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə İddiaçı arasında rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin 2.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətli bağlanılmışdır. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən əmək müqaviləsi AR Əmək Məcəlləsinin tərəflərin hüquq bərabərliyi prinsipinə (47.F) əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2025-ci il tarixinədək bağlanıldığı göstərilmişdir. AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1- ci hissəsinə görə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məlumat üçün bildirirlər ki, İddiaçı onunla bağlanılmış müddətli əmək müqaviləsinin müddəti bitdikdə xitam veriləcəyinə dair xx.xx.2025-ci il tarixində xəbərdarlıq edilmişdir (xəbərdarlığın surəti əlavə edilir). İddiaçı bu xəbərdarlıqla tanış olmuş və imzalamışdır. Daha sonra Cavabdeh 072/25-k nömrəli xx.xx.2025-ci il tarixli əmri ilə İddiaçı müddətli əmək müqaviləsinin müddəti başa çatdıqda xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsinin (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) altıncı abzasının nəzərdə tutduğu öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz (1-ci qrup) pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü müddəası əmək müqavilələrinə Əmək Məcəlləsinin 73-cü maddəsi (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə xitam verilən hallara şamil edilmir. Bununla bağlı bildirməlidirlər ki, iddiaçı tərəf tələbində məsələyə aidiyyatı olmayan Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsaslanaraq cavabdehdən dəymiş mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını tələb edir ki, bu hissədədə iddiaçının tələbi əsassızdır. İddiaçı iddia ərizəsində Cavabdeh MMC-in vəzifəli şəxsi (şəxsləri) tərəfindən hər hansı üsulla onun şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılmas, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər haqqında heç bir qeyd (qeydlər) yoxdur. Göründüyü kimi, İddiaçı iddiası əsassızdır. c) məhkəmə icraat iştiakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi etiraz ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ Əmək fərdi və ictimai rifahın əsasıdır (İ). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (İV). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Maddə 40. Maddə İşəgötürənin əsas hüquqları Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; Maddə 45. Əmək müqaviləsinin müddəti

1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar: Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallardamüəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi:

Məhkəmə İddiaçı iddia ərizəsini, iddia tələbinin həcminin artırılmasına dair ərizəni, cavabdehin təqdim etdiyi etirazları, tərəflərin izahatlarını, habelə iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv şəkildə araşdıraraq qeyd edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk olaraq onu qeyd qeyd edir ki, İddiaçı iddia tələbi aşağıdakilərdən ibarətdir: 1.Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinin ləğv edilərək barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndi tətbiq edilməsi;

2. 2025-ci il Aprel ayının (məzuniyyətlə əvəzləşdirilmiş ay) maaş məbləği, həmçinin işdən azad olunduğum tarixdən hazıradək işlmədiyi günlər üçün pul məbləğinin Cavabdeh MMC-dən tutularaq onun xeyrinə ödənilməsi;

3. cavabdehdən dəymiş mənəvi zərərə görə 5000 (beş min) manat məbləğində pul tutularaq ona verilməsi. İş materiallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış əmək müqaviləsi müddətli xarakter daşımış və bu müqavilənin qüvvədə olma müddəti konkret olaraq xx.xx.2025-ci il tarixinədək müəyyən edilmişdir. Əmək müqaviləsinin məzmunu və şərtləri göstərir ki, tərəflər əmək münasibətlərinin məhz müəyyən müddət ərzində mövcud olması barədə qarşılıqlı iradə ifadə etmişlər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar olaraq iddiaçıya əvvəlcədən yazılı xəbərdarlıq edilmiş, iddiaçı bu xəbərdarlıqla tanış olmuşdur. Bu hal iddiaçı tərəfindən mübahisələndirilməmiş və iş materialları ilə də təsdiq olunur. Beləliklə, əmək münasibətlərinə xitam verilməsi barədə qəbul edilmiş qərar iddiaçı üçün əvvəlcədən məlum olmuş və onun hüquqi vəziyyətinə qeyri-müəyyənlik yaratmamışdır. Məhkəmə qeyd edir ki, müddətli əmək müqaviləsinin başa çatması əmək münasibətlərinin davam etdirilməsi üçün tərəflərin əlavə razılığını tələb edir. Tərəflərdən hər hansı birinin bu münasibətləri davam etdirmək istəməməsi müqavilənin avtomatik uzadılması üçün əsas hesab edilə bilməz. Bu baxımdan, əmək müqaviləsinə xitam verilməsi işəgötürənin sərbəst iradəsinə deyil, əvvəlcədən razılaşdırılmış müqavilə şərtinin icrasına əsaslanmışdır. İddiaçı tərəfindən əmək müqaviləsinə xitam verilməsinin başqa hüquqi əsasla rəsmiləşdirilməli olduğu iddia edilsə də, məhkəmə hesab edir ki, əmək münasibətlərinə xitamın hüquqi əsası işəgötürənin seçimindən deyil, mövcud faktiki haldan – yəni əmək müqaviləsinin müddətinin başa çatmasından irəli gəlir. Bu səbəbdən, xitamın başqa əsasla aparılmalı olması barədə iddia hüquqi baxımdan əsassızdır. Məhkəmə, həmçinin, iddiaçının himayəsində əmək qabiliyyəti olmayan ailə üzvünün mövcudluğu ilə bağlı təqdim etdiyi sənədləri nəzərə alaraq qeyd edir ki, bu hal işəgötürənin əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar hüquqlarını məhdudlaşdıran amil kimi qiymətləndirilə bilməz. Ailə və sosial vəziyyət əmək münasibətlərinin müddətli xarakterini dəyişmir və müqavilənin əvvəlcədən müəyyən edilmiş hüquqi nəticələrinə təsir etmir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Əmək Məcəlləsinin 79-cu maddəsinin (Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar) altıncı abzasının nəzərdə tutduğu öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz (1-ci qrup) pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü müddəası əmək müqavilələrinə Əmək Məcəlləsinin 73-cü maddəsi (Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) ilə xitam verilən hallara şamil edilmir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında əvvəlki dövrlərdə də eyni əsasla əmək müqaviləsinə xitam verilməsi halları mövcud olmuşdur. Bu hal iddiaçının müddətli əmək münasibətlərinin hüquqi mahiyyəti və nəticələri barədə məlumatlı olduğunu, habelə bu hüquqi rejimi könüllü şəkildə qəbul etdiyini təsdiq edir. İddiaçının məcburi məzuniyyətlə və aprel ayına aid əmək haqqının ödənilməməsi ilə bağlı tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən müəssisədə istehsalat və təşkilati zərurətlə bağlı müvəqqəti rejimin tətbiq edildiyi görünür. Bu rejim ümumi xarakter daşımış və müəyyən işçilərə qarşı seçici şəkildə tətbiq olunmamışdır. İddiaçı tərəfindən isə onun əmək haqqının qanunsuz olaraq ödənilmədiyini təsdiq edən konkret və inandırıcı sübutlar təqdim edilməmişdir. Bundan əlavə, işdən azad edildiyi tarixdən sonra işləmədiyi günlər üçün ödəniş tələb edən iddia tələbi, əmək müqaviləsinin qanuni əsaslarla xitam edildiyi şəraitdə, hüquqi baxımdan əsaslandırılmamışdır. Əmək münasibətləri xitam edildikdən sonra işəgötürənin işçiyə əmək haqqı və ya ona bərabər tutulmuş digər ödənişlər üzrə öhdəlik daşıması üçün hüquqi əsas mövcud olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmu qiymətləndirilməsi nəticəsində belə qənaətə gəlir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi qanunauyğun xarakter daşıyıb, iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməyib və iddiaçı tərəfindən irəli sürülmüş tələblər faktiki və hüquqi əsaslarla təsdiqini tapmayıb. Məhkəmə iddia tələbinin “5000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması” hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Digər tərəfdən, Əmək Məcəlləsinin 290-cı maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Hazırki iş üzrə cavabdeh və ya onun tabeçiliyində olan vəzifəli şəxsin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsinə dair məhkəməyə mötəbər sübut təqdim etmədiyindən, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb olunmaqla) "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti cəlb olunmaqla) "əmrin ləğv edilməsi və sair" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar