Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5149/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, Ərizəçi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində cəlb etməklə «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində cəlb etməklə «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1990-cı ildən xx.xx.1999-cu il tarixinədək “Bakı Texniki Xidmət” Mərkəzində sazlayıcı mühəndis vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin yolverilməzliyinə görə qəbulundan imtina olunmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının (bundan sonra – Qərar) 13.2-ci bəndinə əsasən, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Mülki işin materiallarından görünür ki, Ərizəçi məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası ərizəyə əlavə edilmişdir. Qərarın 13.3-cü bəndində qeyd edilmişdir ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Mülki işin materiallarından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubu Qərarın 13.3-cü bəndində qeyd edilən məzmundadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinin tələbinə görə, iddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd edilənlərə əsasən, hesab edirəm ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə qəbulundan imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Sözügedən Məcəllənin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində cəlb etməklə «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizənin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizənin verilməsinə görə Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-5149/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5149/2022
05.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver