Məhkəmə qərarları › İş №2(006)-5153/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5153/2025

06.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5153/2025 06.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu il tarixdə Laçın rayonunda anadan olmuş atası X2nun adının Dadaş, soyadının Hüseynov, ata adının X4, milliyəti azərbaycanlı, ana adının isə X7, milliyəti azərbaycanlı yazılması və doğulması ilə bağlı doğum haqqında şəhadətnamənin bərpa edilərək doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X13 1939-cu il tarixdə Laçın rayonunda anadan olmuş, xx.xx.2015-ci il tarixdə rəhmətə getmişdir. Ərizəçi rəsmi olaraq nikaha daxil olmaq istəyir. Buna görə də valideynlərinin doğum haqqında şəhadətnaməsi tələb edilir. Çox təəssüf ki, Ərizəçi atası X6 doğum haqqında şəhadətnaməsi itirilmişdir. Bununla bağlı Nəsimi rayon Qeydiyyat şöbəsinə müraciət edilmiş, xx.xx.2025-ci il tarixli 316518-15318/25 saylı ərizə ilə cavab olaraq ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilməsi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli 3-48-da/2-H-6-1226/2025 qeydiyyat nömrəli Az.Res. Dövlət arxiv İdarəsində 6 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olan 29 iyul 2025-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1939-cu ilə dair Laçın rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır kimi qeyd edilmişdir. Ərizəçinin atası xx.xx.1939-cu il təvəllüdlü X3 rayonunda anadan olmuşdur. Adı Dadaş, soyadı Hüseynov, ata adı X4, milliyəti azərbaycanlı, ana adı isə X7, milliyəti azərbaycanlı yazılması və doğulması ilə bağlı doğum haqqında şəhadətnamənin bərpa edilərək doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Doğum haqqında şəhadətnamənin olmasını həmin şəhadətnaməni görən şahidlər də təsdiq edə bilərlər.

3. Ərizəçi “tələbin dəqiqləşdirilməsi barədə” ərizə təqdim edərək, atası X6 xx.xx.1939-cu il tarixdə Laçın rayonunda doğulması, atasının X4, anasının X7 olması, buna uyğun olaraq doğum akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Nəsimi rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə məhkəməyə müraciət edilərək, iş yükünün çoxluğu səbəbindən keçiriləcək məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ərizəçi onun X2 ilə birgə yaşayışından doğulmuş qızıdır. Belə ki, o X2 ilə nikahda olmamışdır. X2 1939-cu il tarixdə Laçın rayonunda doğulub. Dadaş Hüseynov özü qeydiyyat orqanına yaxınlaşaraq Ərizəçi doğum haqqında şəhadətnaməsi ilə bağlı ərizə yazmışdır ki, sonuncunun atasıdır. Dadaş Hüseynovun atasnın adının İmran, anasının isə X7 olduğunu bildirdi.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, Ərizəçi bibisi Dinara Cəlilovanın qızıdır. X2 ərizəçinin atası olub. Ərizəçi nikaha daxil olmaq üçün doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında yeni şəhadətnamənin verilməsini istəyir.

8. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Doğum haqqında XVİİ-ЖГ seriyalı 417015 nömrəli şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X13, anası X8r.

10. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X13 xx.xx.2015-ci ildə Bakı şəhərində ölmüşdür. Ölüm haqqında xx.xx.2016cı ildə 07 №-li akt qeydi tərtib olunmuşdur. Ölümün qeydə alındığı yer: Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi.

11. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1939-cu ilə dair Laçın rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır.

12. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

13. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Dadaş Hüseynov ilə Zeynəb Hüseynovanın nikahı, bu nikahdan doğulmuş övladları Mirələm Hüseynovun, Teyyub Hüseynovun, Nazim Hüeynovun, Azər Hüseynovun doğumu, Dadaş Hüseynov ilə Sevda Hüseynovanın nikahı, habelə Dadaş Hüseynovun ölümü haqqında məlumat aşkar edilmişdir. Həmçinin, informasiya sistemində Dadaş Hüseynovun qardaşı Ataş Hüseynovun doğumu, valideynləri İmran Hüseynov ilə Xeyransa Hüseynovanın nikahı və ölümü, habelə İmran Hüseynov ilə Kubra Hüseynovanın nikahı və bu nikahdan doğulmuş övladları Nurəddin Hüseynovun, Durdanə Hüseynovanın, Fəxrəddin Hüseynovun doğumu haqqında məlumat aşkar edilmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 1949-cu ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənlərlə əlaqədar Dadaş Hüseynovun və valideynlərinin doğumu qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən müvafiq məlumatın əldə edilməsi üçün Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. “Elektron notariat informasiya sistemində aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikasının notariat ofislərində adıçəkilən şəxsin adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir (müvafiq akt qeydlərinin kserosurəti təqdim edilmişdir).

15. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, X6 “Forma 9” və fərdi uçot kartı aşkar edilməmişdir.

16. Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, X13 haqqında Suraxanı RPİ-nin QMB-də heç bir məlumat aşkar edilməmişdir.

17. 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, Ərizəçi nikaha daxil olmaq üçün ərizə ilə şöbəyə müraciət etməmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Məhkəmə araşdırmaları zamanı ərizəçi tərəfin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi atası X13 xx.xx.1939-cu il tarixdə Laçın rayonunda anadan olmuşdur. X1, anası X7 olmuşdur. X9 aid doğum haqqında şəhadətnamə naməlum səbəbdən itirilmişdir. X13 xx.xx.2015-ci il tarixdə ölmüşdür.

19. X6 vəfatı ilə əlaqədar vərəsəlik işinin açılıb-açılmamasının müəyyən edilməsi üçün “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış zamanı onun doğum akt qeydi aşkar olunmamışdır. Lakin, qeyd edilən informasiya sistemində X6 qardaşı Ataş Hüseynovun doğumu, valideynləri İmran Hüseynov ilə Xeyransa Hüseynovanın nikahı və ölümü haqqında məlumat aşkar edilmişdir. Həmçinin, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1939-cu ilə dair Laçın rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat aşkar edilməmişdir. “Elektron notariat informasiya sistemində aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikasının notariat ofislərində adıçəkilən şəxsin adına vərəsəlik işinin açılması müəyyən edilməmişdir

20. Bu barədə Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən məktub göndərilmiş və atası X6 itmiş akt qeydinin bərpa edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi ərizəçinin müraciətinə imtina verərək məhkəməyə müraciət etməsini tövsiyə etmişdir.

21. Məhkəmə araşdırması zamanı şahid qismində ifadə vermiş X10 ərizəçinin onunla X2nun birgə yaşayışdan doğulmuş qızları olduğunu, X6 1939-cu il tarixdə Laçın rayonunda anadan olduğunu, Dadaş Hüseynovun atasının İmran adlı şəxs, anasının isə X7 olduqlarını bildirmişdir. İş üzrə şahid qismində ifadə vermiş X14 Ərizəçi onun bibisi Dinara Cəlilovanın qızı, X2nun ərizəçinin atası olduğunu bildirmişdir.

c) Məhkəmənin mövqeyi:

22. Belə ki, ərizəçinin nikaha daxil olmaq məqsədilə atasının doğum haqqında akt qeydi barədə məlumatın təqdim edilməsi zərurəti yaranmışdır. Həmin akt qeydi barədə məlumat olmadığına görə qeydiyyat şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi müvafiq akt qeydinin aşkar edilmədiyinə görə faktın müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsini ərizəçiyə tövsiyə etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1939-cu ilə dair Laçın rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X6 təvəllüdü haqqında heç bir məlumat aşkar edilməmişdir.

23. Göründüyü kimi, ərizəçinin hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün mərhumun qızı olaraq subyektiv hüququ yaranmışdır. Belə ki, ərizəçiyə münasibətdə hüquqi nəticə doğuracaq, onun ailə-nikah hüquqlarının yaranmasına səbəb olacaq hərəkətlərin edilməsi üçün atasının doğum faktının tanınması zərurəti yaranmışdır. Ərizəçi aidiyyəti qeydiyyat şöbəsinə müraciət etməklə akt qeydinin bərpa edilməsini xahiş etsə də aidiyyəti orqanlar müvafiq akt qeydi barədə məlumatı aşkar etmədiklərinə görə ərizəçi məhkəmədənkənar qaydada məsələnin həlli üçün bütün vasitələri tükətmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, ərizəçinin atasının doğum haqqında akt qeydinin bərpa edilməsinin məhkəmədənkənar qaydada həlli mümkün deyil.

24. Məhkəmə qeyd olunanları, şahid ifadələrini və müvafiq hüquq haqqında mübahisənin olmadığını nəzərə alaraq hesab edir ki, ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də ərizə təmin edilməlidir.

d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: 1.2-ci bənd. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bənd. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bənd. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 4-cü bənd. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1-ci bənd. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı: 14-cü bənd. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bənd. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

27. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

29. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, X6 xx.xx.1939-cu il tarixdə Laçın rayonunda doğulması, atasının X5, anasının X7 olması faktı müəyyən edilməli, X6 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir.

Nəticə:

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. X6 xx.xx.1939-cu il tarixdə Laçın rayonunda doğulması, atasının X5, anasının X7 olması faktı müəyyən edilsin. X6 doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsi maraqlı şəxs Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar