Məhkəmə qərarları › İş №2(006)-516/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-516/2022

03.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-516/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 11.03.2010-cu il tarixdə aralarında bağlanmış nikahları pozulmuş və uşaqlar iddiaçının yanında saxlanmışdır. Belə ki, onların birgə nikahdan 07.09.2007-ci il təvəllüdlü X5, 09.07.2012-ci il təvəllüdlü X6 və 12.10.2013-cü il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar iddiaçının yanında saxlanılmışdır. ünvan 1 nikahları pozulana kimi uşaqlarla birlikdə yaşamışdır. Lakin boşanmaqdan sonra cavabdeh onu və uşaqları orada yaşamağa imkan verməmişdi. Onların isə yaşamağa başqa yerləri və ünvanları yoxdur. İddiaçı övladları ilə birlikdə həmin ünvanda, yəni qeydiyyatda olduğu ünvanda yaşamaq istəyir. Hazırda həmin ev plana düşdüyü üçün həmin ünvanda hündürmərtəbəli bina tikirlər və oradan həmin iddiaçının qeydiyyatda olduu mənzilin yerinə yeni mənzil verəcəklər. İddiaçı bilir ki, cavabdeh həmin mənzildə onu və uşaqlara yaşamağa imkan verməyəcək. Həm də qorxur ki, həmin mənziz onusuz sata bilər. Ona görə də qabaqlayıcı tədbir kimi həmin ünvan 1 ünvanına mənzil tam təhvil verildikdən sonra uşaqlarla birlikdə köçürülməsi istəyir. Göstərilənlərə əsasən iddiaçının və övladları 07.09.2007-ci il təvəllüdlü X5, 09.07.2012-ci il təvəllüdlü X6 və 12.10.2013-cü il təvəllüdlü X4 ünvan 1-ə gələcəkdə köçürülməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, qeyd olunan mənzil artıq sökülmüş və sökülmüş mənzilin yerində hündürmərtəbəli binanın tikilinin üçün kooperativə özünün razılıq ərizəsini vermişdir. 4 .Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ev 2002ci ildə atamı tərəfindən alınmışdır və çıxarış da onun adınadır. O, 2012-ci ildə iddiaçını və uşaqları həmin ünvanda qeydiyyata aldırmışdır. Ev artıq sökülüb və yerində artıq çoxmərtəbəli mənzil tikilməkdədir. Bu mənzil ona aiddir, o, iddiaçı ilə boşanmışdır, bu mənzilin iddiaçıya heç bir aidiyyatı yoxdur və mənzil verilərkən iddiaçınında razılığı alınmışdır. Odur ki, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda təsdiq edilmiş 15.01.2002-ci il tarixli alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş kserosurətinə əsasən Cavabdeh Bakı şəhəri, Zeynalov küçəsində yerləşən 15 saylı evin 28 saylı mənzilini X3 almışdır.

7. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrin kserosurətlərindən görünür ki, tərəflərin 07.09.2007-ci il təvəllüdlü X5, 09.07.2012-ci il təvəllüdlü X6 və 12.10.2013-cü il təvəllüdlü X7 adlı uşaqları var.

8. İş üzrə «Əmlak mülkiyyətçisi» qismində Cavabdeh ilə «Tikinti şirkəti» qismində "xxxx" MMC arasında bağlanmış 02.11.2018-ci il tarixli, 072 saylı müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, «Əmlak mülkiyyətçisi» bu müqaviləyə əsasən Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınmış ÖM seniyalı 106526 №-li, 09.03.2002-ci il tarixli qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən faktiki 24,28 kv.m. ibarət yaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada «Tikinti şirkəti» tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, çoxmərtəbəli yaşayış binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi, «Tikinti şirkəti» ünvan 2 ünvanında yerləşən «Əmlak mülkiyyətçisi»nin mülkiyyətində olan yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada 50,0 kv.m.təmirli mənzil «Əmlak mülkiyyətçisi»nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşlər. «Tikinti şirkəti» inşa edəcəyi çoxmənzilli, çoxmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və «Əmlak mülkiyyətçisi»ni mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayışını təmin etmək məqsədi ilə «Əmlak mülkiyyətçisi»nə kompensasiya şəklində aylıq 250 manat məbləğində kirayə haqqını əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda bir dəfə ödəyir. «Əmlak mülkiyyətçisi»nin kommunal borcları olduğu halda «Tikinti şirkəti» həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.

9. Həmin müqavilənin 2.1.1-ci bəndindən görünür ki, «Əmlak mülkiyyətçisi» sökülməsi nəzərdə tutulan yaşayış sahəsinin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə və heç bir kommunal borcun olmamasına dair arayışı, həmin yaşayış sahəsində qeydiyyatda olan şəxslər barədə arayışı (forma 2) təqdim etməklə həmin yaşayış sahəsində qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxslərin həmin mənzilin sökülməsinə etiraz etmədiklərinə və həmin mənzilə dair gələcəkdə heç bir iddia qaldırmayacaqlarına dair notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri «Tikinti şirkəti»nə təhvil verilməsini təmin etməlidir.

10. İş materiallarında olan Nəsimi rayon Məhkəməsinin 2(006)-3840/2021 saylı, 18.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanı 3-cü şəxs qismində cəlb edilməklə) «nikahın pozulması və aliment» tələbinə dair ilkin və Cavabdeh İddiaçı qarşı «uşaqların atanın yanında qalması» tələbinə dair qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında 06.10.2007-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon VVADQ şöbəsində 542 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 05.09.2007ci il təvəllüdlü X1, 09.07.2012-ci il təvəllüdlü X2 və 12.10.2013-cü il təvəllüdlü X4 anaları İddiaçı il qalmasını, Cavabdeh 05.09.2007-ci il təvəllüdlü X1, 09.07.2012-ci il təvəllüdlü X2 və 12.10.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 30.04.2021-ci il tarixdən başlayaraq hər ay qazancların (başqa gəlirlərin) yarısı miqdarında alimentin tutulması, ilkin və qarşılıqlı iddiaların qalan hissələrdə rədd edilməsi, qətnamənin alimentin tutulması tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir.

11. İş materiallarında olan "xxxx" MMC-nin 21.12.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında 02.11.2018-ci il tarixli, 072 saylı bağlanan müqavilə şərtlərinə əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən faktiki ümumi sahəsi 24,28 kv.m. olan mənzili sökülmək üçün "xxxx" MMC-yə təhvil verib və bunun əvəzində Tikinti Şirkəti, Sahib Zeynalov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 2-ci blok, 1-ci yaşayış mərtəbəsində 50,0 kv.m. təmirli mənzili Cavabdeh təhvil verəcəkdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 2002-ci ildə cavabdeh alqısatqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində yerləşən 15 saylı evin 28 saylı mənzili almışdır. Tərəflər arasında 06.10.2007-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra iddiaçı mübahisəli mənzilə gəlin köçmüşdür. İddiaçının nikahından 3 uşağı anadan olmuşdur. Nəsimi rayon Məhkəməsinin 18.08.2021ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulmuşdur. Nikah pozulandan sonra iddiaçı uşaqlarla birlikdə mübahisəli mənzildə yaşamır. 2018-ci ildə cavabdeh ilə tikinti şirkəti arasında müqavilə bağlanıb və həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan mübahisəli mənzili sökülmək üçün "xxxx" MMC-yə təhvil verib və bunun əvəzində tikinti şirkəti Sahib Zeynalov küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasında 50,0 kv.m. təmirli mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Mənzil sökülərkən hər iki tərəfin razılğı (mənzilin sökülməsi barədə) kooperativ tərəfindən alınmışdır. Hazırda iddiaçı uşaqlarla birlikdə qeyd olunan mənzilə gələcəkdə köçürülməsi barədə tələb irəli sürmüşdür.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Məhkəmə iddianın hüquqi tərəfləri ilə bağlı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

14. İşin hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 27.10.2001-ci il tarixdən sonra yaranmışdır. Ona görə də mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunmalıdır. 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 16 .Qeyd edilən Məcəllənin 228.5-ci maddəsində göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydada müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. 18.AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsnasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

19. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

20. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur.

21. İşin halları ilə müəyyən edilmişdir ki, iddiaçı qanunvericiliyə əsasən cavabdehin ailə üzvü kimi həmin mənzildə qeydiyyatda olaraq onun mübahisəli evə istifadə hüququ yaranmışdır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 29.03.2016-ci il tarixli Qərarında həmçinin məhdud əşya hüquqi ilə bağlı aşağıdakı hüquqi mövqe müəyyən edilmişdir:

23. Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir.

24. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.

25. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur.

26. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur.

27. Mülki Məcəllənin 255.8-ci maddəsinin məzmununa görə, servitut, başqasının mülkiyyətində olan yaşayış evinin bir hissəsinin və ya hamısının müəyyən bir şəxsin xeyrinə yüklü edilməsi yolu ilə də yarana bilər və bu zaman servitut sahibi həmin evdən özü və ailəsi üçün yaşayış sahəsi kimi istifadə edə bilər. Şəxsi servitut, istər yaranma şərtləri, istər üçüncü şəxslərə qarşı irəli sürülmə, istərsə də özgəninkiləşdirilməsinin yolverilməzliyi və s. bu kimi xüsusiyyətləri baxımından daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə olan servitutlardan fərqlənmir. Şəxsi servitut müəyyən şəxsin mövcud maraqlarından irəli gələn real ehtiyacını qarşılamaq məqsədilə təsis olunur və başqa şəxslərə verilmir.

28. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər.

29. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir.

30. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil tikinti şirkətinə satılmış, mənzil sökülmüş, onun yerində yeni mənzil tikilmişdir. İddiaçının istifadə hüququ olmuş olsa da belə, həmin istifadə hüququ yalnız əvvəlki mənzilə münasibətdə mövcud olmuşdur. Cavabdehin mülkiyyətində olan mənzilin sökülməsi və onun yerində yeni mənzilin tikilməsi iddiaçıya yeni mənzilə istifadə hüququnun yaranması demək deyildir və bu hüquq (məhdud əşya hüququ) yeni əsaslarla yaranan mənzilə keçə bilməz. Bu halda yalnız istifadə hüququ olduğu halda iddiaçının mənzil satılarkən razılığın alınmaması olardı ki, bu halı təkzib edən hal isə tərəflərin məhkəmə prosesi zamanı izahatlarından göründüyü kimi razılıq ərizəsinin verilmiş olmasıdır.

31. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

34. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

35. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

40. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar