Məhkəmə qərarları › İş №2(006)-519/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-519/2023

19.01.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-519/2023 19.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 22-02580 saylı əmrinin ləğv edilməsi, onun elektrik montyoru vəzifəsinə bərpa edilməsi, işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2011-ci ildən "xxxx" ASC-də elektrik montyoru vəzifəsində çalışmışdır. xx.xx.2021-ci ildə Cənub RETSİ-nin Hava və kabel xidmətinin Lənkəran EŞ üzrə elektrik montyoru vəzifəsinə keçirilmişdir. Aylıq gəliri təxminən 450 manat təşkil etmişdir. İşlədiyi müddət ərzində hər hansı bir nöqsanı olmamış və barəsində əmək intizamının pozulması ilə bağlı heç bir intizam tənbehinə məruz qalmamışdır. Həyat yoldaşı 2019-cu ildə vəfat etmişdir. 2006-cı il təvəllüdlü qızı Jozefina Rzayevanı özü tək böyüdür. Övladının sağlamlığında problemlər var. Həyat yoldaşı rəhmətə getdikdən sonra iş yerinə müraciət edərək övladının yanında qala bilməsi üçün Bakı şəhərində işə keçirilməsini xahiş etmişdir. Lakin, ərizəsi təmin edilməmişdir. 2022-ci ilin aprel ayında övladının səhhətində olan problemlə əlaqədar işə çıxa bilməmişdir. 2022ci ilin may ayında cavabdeh "xxxx" ASC-nin baş ofisində olmuş, müraciətinə baxılacağı bildirilmişdir. 2022-ci ilin mart ayından sonra ona əmək haqqı ödənilməsi dayandırılmışdır. Əlavə olaraq qeyd edir ki, 2022-ci ilin yanvar, fevral və mart aylarında onun əmək haqqını onun yerinə imza atıb götürmüşlər. Lakin, Cənub RETSİ tərəfindən xx.xx.2022-ci il tarixdə ona xəbərdarlıq məktubu göndərilmişdir. 3 gün müddətinə işə çıxmamasının səbəbinə dair sənəd təqdim etməyəcəyi halda əmək müqaviləsinə xitam veriləcəyi qeyd edilmişdir. Cəmi 1 xəbərdarlıqdan sonra xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, ərizə ilə ƏƏSMN yanında X6 Xidmətinə mövcud problemin həllinə köməklik göstərilməsi məqsədilə müraciət etmişdir. Həmçinin 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də, məhkəməyə müraciət elmək qərarına gəlmişdir. O, işlədiyi dövrdə heç vaxt işlərini axsatmamışdır. Həyat yoldaşı xəstə olarkən belə o, işə hər gün gedib-gəlmişdir. Hesab edir ki, cavabdeh əsassız olaraq işdən çıxardığına görə və iddia tələbi haqlı olduğuna görə işə bərpa edilməlidir və ona məcburi iş buraxma dövrü üçün əmək haqqı ödənilməlidir. Cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 22-02580 nömrəli əmri ləğv olunmaqla onun elektrik montyoru vəzifəsinə bərpa edilməsini, işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh "xxxx" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı "xxxx" ASC-nin 04 iyul 2022-ci il tarixli əmrinin ləğv olunmaqla işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi barədə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd olunanlara əsasən iddia tələbini tamamilə əsassız hesab edir. Belə ki, "xxxx" ASC-nin Cənub RETS-nin hava və kabel xidmətinin (Lənkəran EŞ üzrə) elektrik montyoru İddiaçı 01 aprel 2022-ci il tarixdən onunla bağlanılmış əmək müqaviləsinə xitam olunması barədə əmrin verildiyi xx.xx.2022-ci il tarixə qədər heç bir üzurlü səbəb olmadan iş yerinə gəlməmişdir. İddaçının rəhbərliyə heç bir məlumat vermədən işə gəlmədiyi bütün tarixlərdə Cənub RETSİ-nin Xidmətlər şöbəsinin rəisi G.Bağırzadə, cənub RETSİ-nin baş mühəndisi M.Məmmədov, cənub RETSİ-nin Hava və kabel xidmətinin aparıcı mühəndisi E.Sərxanov və cənub RETSİ-nin Kadrlar şöbəsinin aparıcı mütəxəssisi E.Səmidovun iştirakı ilə müvafiq olaraq akt tərtib olunmuşdur. İddiaçı yalnız 31 may 2022-ci il tarixdə izahat yazaraq uzun müddət işə gəlməməsinin səbəbini qızının xəstəliyi ilə əlaqədar olduğunu qeyd etmiş, lakin qızının xəstə olmasını və ya onun hər hansı tibb müəssisəsində müalicə olunmasına dair sənədi nə "xxxx" ASC-yə, nə də məhkəməyə təqdim etmişdir. "xxxx" ASC-nin X8 Təchizatı və satışı İdarəsinin Həmkarlar ittifaqı təşkilatının xx.xx.2022-ci il tarixli iclasında barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-yə təklif edilməsi qərara alınmışdır. Belə olduğu halda heç bir üzürlü səbəb olmadan bütün iş günü (01.04-xx.xx.2022-ci il tarixədək) işə gəlməyərək əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Cənub RETS-nin hava və kabel xidmətinin (Lənkəran EŞ üzrə) elektrik montyoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə tam riayət etməklə xitam verilmişdir. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəni də məhkəməyə təqdim edərək, göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - 25 may 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cənub RETSİ-nin rəisi A.Məmmədov İddiaçı RETSİ-yə və ya Cəmiyyətin rəhbərliyinə səbəbi barədə heç bir məlumat vermədən və ya sənəd təqdim etmədən xx.xx.2022-ci il tarixdən işə çıxmadığına görə xəbərdar edilərək, 3 gün müddətində işə çıxmamasının səbəbinə dair sənəd təqdim etməyəcəyi halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq xitam veriləcəkdir. - 04 iyul 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıq məktubundan görünür ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verildiyi bildirilmişdir. Son haqq hesabı və əmək kitabçasını götürmək üçün Cənub RETSİ-yə müraciət etməsi xahiş olunmuşdur. - 04 iyul 2022-ci il tarixli xx/xx-02660 saylı əmrdən görünür ki, heç bir üzürlü səbəb olmadan bütün iş günü (xx.xx.2022-ci il tarixdən əmr verilən günədək) işə gəlməyərək əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini və müəssisədaxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğuna görə Cənub RETSİ-nin Hava və Kabel xidmətinin (X5 üzrə) elektrik montyoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi qərara alınmışdır. - "xxxx" ASC-nin 08 avqust 2022-ci il tarixli 01/05/R-183/6292 saylı məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Birinci vitse-prezidentinin katibliyindən daxil olmuş müraciətinə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, əmək müqaviləsi ilə müəyyən edilmiş funksiyalarının icrasına səhlənkar yanaşaraq müəssisədaxili intizam qaydalarını və əmək qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən, onunla yenidən əmək müqaviləsinin bağlanmasının məqsədəmüvafiq hesab olunmadığı bildirilmişdir. - Cənub RETSİ-nin X3 Təşkilatının xx.xx.2022-ci il tarixli 41 saylı protokoldan çıxarışdan görünür ki, əmək funksiyalarını yerinə yetirmədiyi üçün, özbaşına olaraq işə çıxmadığına görə, işlərinə məsuliyyətsiz və səhlənkar yanaşdığı üçün və əmək intizamını pozduğuna görə X2 elektrik montyoru İddiaçı barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi təklif olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin 17 avqust 2022-ci il tarixli **********2 saylı məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Birinci vitse-prezidentinin katibliyindən daxil olmuş müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar "xxxx" ASC-nin ünvan 1 ünvanına ona aid olan sənədlərin təqdim edilməsi məqsədi ilə 01 avqust 2022-ci il tarixli məktub göndərilmiş, lakin heç bir cavab verilməmişdir. Qeyd olunanları nəzərə alaraq müraciətin araşdırılmasının icra müddəti 30 iş günü müddətinə artırılmışdır. Nəzərə çatdırılmışdır ki, müraciətlə əlaqədar "xxxx" ASC tərəfindən müvafiq sənədlər təqdim olunacağı təqdirdə, müraciətinə baxılaraq, ona müvafiq qaydada cavab veriləcəkdir. - 14 sentyabr 2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx" ASC-nin nümayəndəsi ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini ödəmişdir. İşin faktiki hallarından (xidməti məlumat, aktlar və s.) göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (övladının xəstə olmasına, müalicə almasına və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. Belə ki, iddiaçı vəzifəsindən azad edildiyini bildiyi halda, qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra, yalnız xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar