Məhkəmə qərarları › İş №2(006)-5208/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5208/2021

18.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5208/2021 18.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Mehti oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mehti oğlu cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək qabiliyyətinin itirilməsinə gətirib çıxaran xəstəliklərin əmələ gəlməsi, inkişafı və ağırlaşmasında zərərli, toksiki maddələrinin rolunun müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1990-cı ildə N.A.Voznesenski adına X4 İnstitutunun Bakı filialına qəbul olunmuş, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. 01.04.1998-ci il tarixdə cavabdeh təşkilatın 25 mart 1998-ci il tarixli 100/QK saylı əmri ilə metropolitendə növbə rəisi vəzifəsinə qəbul edilmiş, 20.05.2001-ci il tarixdə xəstəliyi ilə əlaqədar öz xahişi ilə AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinə əsasən işdən azad edilmişdir. 2001-ci ilin fevral ayında «Sahil» metrosunda növbə rəisi kimi işdə olarkən birdən-birə başının arxa hissəsinin tükləri tökülmüş, çox güclü həyəcan və stress keçirərək həkimə müraciət etmişdir. 26.02.2001-ci il tarixdə həkimin müayinəsindən sonra iddiaçıya «total alopesiya» diaqnozu qoyulub və uzun müddətli müalicə zərurəti yaranmışdır. Bundan sonra başının və qaşlarınınbütün tükləri tökülməyə başlamışdır. Həmin vaxtdan bu günə qədər müxtəlif müalicə müəssisələrində müalicə almağa başlamış, qısa müddət ərzində müalicənin müsbət nəticəsi olsa da, sonradan əmələ gələn tüklər bədəninin bütün yerlərində tam tökülərək sona çatmışdır. Müalicənin 1-2 ayında ayaqları ağrımağa başlamışdır. Bu diaqnozun müalicəsi üçün bütün dərmanlar hormonal dərmanlar olduğu üçün nəticədə qara ciyəri, mədəaltı vəzi və ürəyi ağrımağa başlamışdır. Ümumilikdə bədəninin digər orqanları da ağrımağa başlamışdır, belə ki, nevroz xəstəliyinə tutulmuşdur, o cümlədən gözləri zəifləməyə başlamışdır, başında ağrılar güclənərək diz qapaqlarında bərk ağrılar əmələ gəlmişdir. Hal-hazırda isə dırnaq sədəfləri ovxalanıb tökülür. 2001-ci ilin fevralından indiyə kimi iddiaçı müalicə alır, həkimlər tərəfindən yazılmış reseptlər əsasında dərmanlar qəbul edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 18.09.2015-ci il tarixli 389MEŞ saylı ekspert rəyində qeyd edilmişdir ki, «Ə.M.Mehdiyev peşə fəaliyyətində əmək funksiyalarını yerinə yetirərkən «total alopesiya» xəstəliyinə dücar olmuşdur». Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat verilməsi barədə 15.07.2019-cu il tarixli tibbi arayışına əsasən ona qaraciyərin serrozu diaqnozu ilə 2-ci dərəcəli əlillik verilmişdir. İddiaçı həm də müharibə veteranıdır. Cavabdeh təşkilatda iş yerində olmuş bədbəxt hadisə zəlzələdən sonra baş vermiş, həmin hadisə dövründə işlədiyi qapalı mühütdə, yer səthində istifadə edilən maddələrin və elektromaqnit sahəsinin tamlığının pozulması, bu pozuntunun isə işlədiyi mühütdə naməlum təsirinin nəticəsində xəstəliyinin əmələ gəlməsi sürətlənmiş və fəsadları özünü daha aşkar surətdə büruzə vermişdir. Belə ki, iddiaçının bədəninin bütün nahiyələrində dəri epidermisində qabarıq dəyişikliklər səhhətində ağır nəticələrə səbəb olmuşdur. İddiaçının xəstəliyi peşə xəstəlikləri siyahısına daxil deyil, lakin xəstəliyinin etio-patogenizi də bu günədək bəlli deyildir. Cavabdeh təşkilat xəstəliyinin Metropolitendə işlədiyi dövrdə meydana gəlməsinin etiraf etməsinə baxmayaraq, xəstəliyinin yaranma səbəbinin müəyyən edilməsinin mümkün olmadığını bildirmiş, metropolitendən təqaüdə çıxması ilə bağlı hüquqlarının reallaşdırılması üçün digər dövlət orqanlarına müraciət etməsini tövsiyyə etmişdir. Buna görə də iddiaçı hesab edir ki, mövcud qanunvericiliyin tələblərinə əsasən metropolitendən təqaüdə çıxması üçün metropolitendə işlədiyi dövrdə əmək qabiliyyətinin itirilməsinə, gətirib çıxaran «total alopesiya» xəstəliyinin əmələ gəlməsi, inkişafı və ağırlaşmasında zərərli, toksiki maddələrin rolu məhkəmə qaydasında müvafiq ekspertiza aparılması yolu ilə müəyyən edilməlidir. Cavabdeh təşkilatda işlədiyi müddət ərzində əmək qabiliyyətinin itirilməsinə gətirib çıxaran xəstəliyinin əmələ gəlməsi, inkişafı və ağırlaşmasında zərərli, toksiki maddələrin rolunun müəyyən olunmasına köməklik göstərilməsi ilə əlaqədar bir sıra yüksək instansiya orqanlarına müraciət etmiş, lakin müsbət nəticəsi olmamışdır. Göstərilənlərə əsasən cavabdeh təşkilatdan təqaüdə çıxması üçün həmin təşkilatda işlədiyi müddətdə əmək qabiliyyətinin itirilməsinə gətirib çıxaran «total alopesiya» xəstəliyin əmələ gəlməsi, inkişafı və ağırlaşmasında zərərli, toksiki maddələrin rolunun müəyyən olunmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh təşkilatda işlədiyi müddətdə dücar olduğu «total alopesiya» xəstəliyi ilə əlaqədar qəbul etdiyi dərmanlar nəticəsində onda əmələ gəlmiş «qara ciyərin serrozu» xəstəliyi ilə bağlı əmək qabiliyyətini tamamilə itirdiyinə görə və həmin xəstəliyin adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «peşə xəstəlikləri» siyahısında olduğunu nəzərə alaraq, düçar olduğu «qara ciyərin serrozu» xəstəliyi peşə xəstəliyi hesab edilməklə iddiaçıya 20.05.2001-ci il tarixdən başlayaraq vurulmuş zərərin əvəzi kimi növbə rəisi vəzifəsində işlədiyi vaxt aldığı əmək haqqının (artırmalar nəzərə alınaraq) mövcud qanunvericiliyinə uyğun olaraq pul vəsaiti şəklində hər ay iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" QSC-nin nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etmədiklərini bildirərək, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış 16.03.2015-ci il tarixli məktubun surətindən görünür ki, xəstəliyi metropolitendə işlədiyi dövrdə meydana gəlməsinə baxmayaraq metropolitendəki işi ilə bağlı olmamışdır. Bunu dəfələrlə ona təqdim etdikləri sənədlərdə də müəyyən etməsi mümkündür. Xəstəliyin yaranma səbəbinin müəyyən edilməsi mümkün olmadığı və həmin xəstəliyin peşə xəstəlikləri siyahısında olmadığı üçün peşə xəstəliyi nəticəsində metropolitendən təqaüdə çıxması ilə bağlı ona köməklik etmələri mümkün deyildir. Bu səbəbdən təqaüdə çıxması ilə bağlı hüquqlarını reallaşdırmaq üçün digər dövlət orqanlarına müraciət etmək tövsiyyə olunur. İş materiallarında olan 389MEŞ saylı, 18.09.2015-ci il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, İddiaçı 2001-ci ildən hal-hazırki vaxtadək tüklərin tam tökülməsi, dırnaq sədəflərinin kövrəkləşməsi və ovxalanıb tökülməsi qazanılmış «total alopesiya» xəstəliyindən əziyyət çəkir. İddiaçı peşə fəaliyyətində əmək funksiyalarını yerinə yetirərkən «total alopesiya» xəstəliyinə dücar olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışın surətindən görünür ki, İddiaçı ikinci qrup əlilidir, diaqnoz «Qaraciyərin sklerozu ilə birgə qaraciyər fibrozu. Qara ciyər hüceyrə çatışmamazlığı.Xroniki durğunluq splenomeqaliyası. Xroniki durğunluq splenomeqaliyası». İş materiallarında olan 69KEŞ saylı, 07.03.2016-cı il tarixli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, İddiaçı 1998-ci il tarixdən başlayaraq metropolitendə sahə rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 2001-ci ilin fevral ayında növbə rəisi kimi işdə olarkən tüklərin tökülməsi, dırnaq sədəflərinin kövrəkləşməsi və ovxalanıb tökülməsi xəstəliyinə dücar olmuş və əziyyət çəkdiyi «Total alopesiya» xəstəliyi diaqnozu ilə əlaqədar mütəmadi olaraq tibbi müayinə və müalicələr almışdır. Ə.M.Mehdiyevin əziyyət çəkdiyi «Total alopesiya» xəstəliyi Nazirlər Kabinetinin 1993-cü il 16 mart tarixli 146 №-li, 2002-ci il 14 yanvar tarixli 7 №-li qərarları ilə təsdiq edilmiş «Peşə xəstəlikləri siyahı»sında peşə xəstəliyi kimi qeydiyyata alınmayıb və bu xəstəlik peşə xəstəliyi hesab edilmir. «Total alopesiya» xəstəliyinin peşə xəstəliyi olmaması və həmin xəstəliyin etiopatomorfologiyası X1 işlədiyi dövrdə dücar olduğu bu xəstəliyin onun peşə fəaliyyəti nəticəsində və ya əmək funksiyalarını yerinə yetirərkən baş verməsinin inkar edilməsinə əsas verir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1367/2016 saylı, 21.04.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.11.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «tutulmuş olduğu xəstəliyin peşə xəstəliyi olmasının müəyyən edilməsi və vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası rədd edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının 69/KEŞ saylı, 19.02.2016-cı il tarixli rəyinə görə İddiaçı 1998-ci il tarixdən başlayaraq metropolitendə sahə rəisi vəzifəsində işlədiyi dövrdə, yəni 2001-ci ilin fevral ayında növbə rəisi kimi işdə olarkən tüklərin tökülməsi, dırnaq sədəflərinin kövrəkləşməsi və ovxalanıb tökülməsi xəstəliyinə dücar olmuş və əziyyət çəkdiyi «Total alopesiya» xəstəliyi diaqnozu ilə əlaqədar mütəmadi olaraq tibbi müayinə və müalicələr almışdır. Ə.M.Mehdiyevin əziyyət çəkdiyi «Total alopesiya» xəstəliyi Nazirlər Kabinetinin 1993-cü il 16 mart tarixli 146 №-li, 2002-ci il 14 yanvar tarixli 7 №-li qərarları ilə təsdiq edilmiş «Peşə xəstəlikləri siyahı»sında peşə xəstəliyi kimi qeydiyyata alınmayıb və bu xəstəlik peşə xəstəliyi hesab edilmir. «Total alopesiya» xəstəliyinin peşə xəstəliyi olmaması və həmin xəstəliyin etiopatomorfologiyası X1 işlədiyi dövrdə düçar olduğu bu xəstəliyin onun peşə fəaliyyəti nəticəsində və ya əmək funksiyalarını yerinə yetirərkən baş verməsinin inkar edilməsinə əsas verir. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertiza rəylərindən də görünür ki, Əlövsət Mehdiyev peşə fəaliyyətinə əmək funksiyalarını yerinə yetirərkən «total alopesiya» xəstəliyinə düçar olması qeyd olunsa da, bunun səbəbləri, eləcə də xəstəliyin cavabdehin təqsiri nəticəsində baş verməsi müəyyən olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 21.04.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27.11.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4107/2016 saylı, 16.09.2016-cı il tarixli qərarın surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1367/2016 saylı, 21.04.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iddianın hüquqi tərəfləri iə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı hal-hazırda “qara ciyərin serrozu” xəstəliyinin peşə xəstəliyi olmasına istinad etsədə bunun yaranma səbəbi kimi «Total alopesiya» xəstəliyindən əziyyət çəkdiyi müddətdə qəbul etmiş olduğu dərmanlar olmasına istinad etmişdir. Lakin, digər məhkəmə proseslərində iddiaçının «Total alopesiya» xəstəliyinin yaranmasına səbəb kimi əvvəlki iş yerinin olmaması məhkəmə ekspertizalarının rəyləri ilə müəyyən edilmiş və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin bu xəstəliyin yaranmasında təqsirinin olmadığı müəyyən edilərək hüquqi qiymət verilmişdir. Məhkəmə bu halda hesab edir ki, iddiaçının hazırki iddia tələbinin kökündə sırf «Total alopesiya» xəstəliyi dayandığından və maddi tələbi ondan irəli gəldiyindən iddia tələbi təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə istinad edərək, əvvəllər məhkəmələrdə baxılmış iş üzrə qanuni qüvvəyə minmiş qətnamələri ilə müəyyən edilmiş faktların hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşımasını göstərmişdir. Yuxarıda qeyd olunanları qiymətləndirərək məhkəmə hesab edir ki, İddiaçı Mehti oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Mehti oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar