Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-521/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8, Cavabdeh1, onun nümayəndəsi və vəkili X1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzildən çıxarılma və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzildən çıxarılma və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 158,9 kv.m mənzil iddiaçının mülkiyyətindədir. Həmin mənzildə iddiaçı, həyat yoldaşı və iki övladı pasport qeydiyyatındadır. X12 münaqişəsi ilə əlaqədər Ermənistanın Zəngilan rayonunu işğal etməsindən sonra, yəni 21.11.1995-ci il tarixdən iddiaçının mülkiyyətində olan mənzil Zəngilan rayonundan məcburi köçkün olan 4 nəfərdən ibarət ailə - Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və övladları Cavabdeh4 Musa oğlu, Cavabdeh3 tərəfindən zəbt olunaraq hal-hazıra qədər yaşayırlar. Həmin vaxtda iddiaçı və ailəsi Abşeron rayonu Görədil qəsəbəsində yerləşən bağ evində olmuşlar və indiyə qədər də bağ evində yaşayırlar. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektoruna və cavabdehlərin özlərinə bir neçə dəfə müraciət etmişlər, yaxın vaxtlarda iddiaçının mənzilini boşaldacaqlarına söz vermişlər, amma bir nəticə olmamışdır. Cənab Prezidentin qaçqınlara və məcburi köçkünlərə qayğısının nəticəsi olaraq qaçqınların böyük əksəriyyəti mənzillə təmin olub. Ola bilsin ki, cavabdehlər mənzillə təmin olunub, amma buna baxmayaraq, iddiaçının mənzilini boşaltmaq istəmirlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, oğulları Cavabdeh3 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 6, mənzil 1 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 onun mülkiyyətində olan Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 6, mənzil 1 ünvanında yerləşən mənzildən çıxarılmaları və evin divarına bitişik tikilmiş qeyri-qanuni tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi və vəkili X4 iddia tələbinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 6, mənzil 1 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Nəsimi rayon sektoru tərəfindən verilmiş 06.03.2020-ci il tarixli arayışdan görünür ki, Zəngilan rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 ailə üzvləri ilə birgə -Cavabdeh2, Cavabdeh3 və Kərimov X9 rayonu, A.Qurbanov küçəsi, 6 (köhnə Dağıstan küçəsi) ünvanında 21.11.1995-ci il tarixdən müvəqqəti qeydiyyatdadırlar. Məhkəmə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 10/3764 nömrəli, 29 mart 2021-ci il tarixli rəyindən görünür ki, aparılmış ölçü işləri nəticəsində, tədqiq olunan tikililərin ölçüləri ilə texniki pasportda qeyd olunmuş tikililərin göstəriciləri əsasında müqayisəli tədqiqat aparılarkən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 6, 1 saylı mənzilin plan-cizgisində əksini tapmış tikililərin koordinatları ilə mövcud tikililərin koordinatlarının uyğun olduğu müəyyən olunmuşdur. Cavabdeh1 sahiblik və istifadəsində olan tikililər İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 6, 1 saylı mənzilin əhatə dairəsinə daxil olduğu və texniki pasportda 7 və 8 saylı tikililər kimi göstərilən otaqlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Həmin ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edildi ki, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, ev 6, mənzil 1 İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzildə Zəngilan rayonundan gəlmiş məcburi köçkünlər məskunlaşmışdır. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Göstərilən Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Həmçinin, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehlərin məcburi köçkün kimi iddiaçıya məxsus mənzilin bir hissəsində məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, Cavabdeh1 sahiblik və istifadəsində olan tikililər İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi, ev 6, 1 saylı mənzilin əhatə dairəsinə daxil olduğu və texniki pasportda 7 və 8 saylı tikililər kimi göstərilən otaqlarla eynilik təşkil etdiyi müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Məhkəmə hesab edir ki, mübahisələndirilən mənzil iddiaçının mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzilin bir hissəsində məskunlaşması və mənzildən çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən İddiaçı ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin “evin divarına bitişik tikilmiş qeyri-qanuni tikilinin sökülməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilərkən qeyri-qanuni özbaşına tikilinin yeni tikili yox, köhnə tikili olduğu aşkar edilmişdir. Eyni zamanda, İddiaçı mənzilinin daxilinə və xaricinə baxış keçirilmişdir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçıya məxsus mənzilə bitişik olan özbaşına tikili onun arxa qapıdan evə daxil olmasına heç bir maneə yaratmır. Həmçinin, iddiaçı öz mənzilinə arxa qapıdan daxil olmaq istəyərkən, cavabdehə məxsus evin (özbaşına tikili) həyətindən keçmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən (ekspert rəyində göstərildiyi kimi 7 və 8 saylı tikililərdən) çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzildən (ekspert rəyində göstərildiyi kimi 7 və 8 saylı tikililərdən) çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-521/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-521/2021
23.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver