Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-521/2022 03.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi ilə İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10.02 2015-cı il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********70001 olan X1 elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı Azərışıq” ASC-yə cəmi 1082 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdeh X2 dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 1082 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. “Azərışıq ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1082 AZN borc və ödənilmiş 31.22 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, qeyd etmişdir ki, uzun müddətdir onkoloji və şəkər xəstəsidir. "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin iddia etdiyi borc məbləğinin əsas hissəsi cərimə olunmaqla yaranmışdır. Həmin borcu ödəməkdən boyun qacırmır. 2020-ci ilin sentyabr-oktyabr aylarından işıq sayğacı smart karta keçirilmiş və məbləğin 50% hissəsi birbaşa borca tutulmuşdur. Səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Mülki işə ədalətli baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə ərizələri, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Cavabdeh adına olan **********70001 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, abonentin cari borcu 4390,82 AZN təşkil edir.
8. İş materiallarında olan "xxxx" Aşıq Səhmdar Cəmiyyətinin 12.10.2021-ci il tarixli, 01-469/21 saylı maliyyə arayışından görünür ki, abonent kodu **********70001 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində 2003-cü il tarixindən hazırki günədək 4390,82 AZN məbləğində "xxxx" Aşıq Səhmdar Cəmiyyəti qarşısında borcu yaranmışdır. Enerji sərfiyyat üzrə yaranmış borc illər üzrə aşağıdakı kimi müəyyən edilmişdir:
9. 2017-ci ilə qədər olan borc 3308,19 AZN, 2017-ci ildən 2021-ci ilədək 1082,63 AZN təşkil edir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh yaşadığı mənzilində elektrik enerjisindən istifadə etmiş və nəticədə onun iddiaçı təşkilata enerji sərfiyyatına 1082,63 AZN borcu yaranmışdır. Cavabdehə edilmiş xəbərdarlığa baxmayaraq, borcu ödəməkdən qismən boyun qaçırmışdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
15. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
16. Məhkəmə cavabdeh tərəfindən təqdim edilən qəbzələrə münasibətdə qeyd edir ki, həmin məbləğlər (qəbzlər) cavabdehin iddiaçıya ümumilikdə yaranan 4390,82 AZN borcuna münasibətdə silinmişdir, iddiaçı tərəf isə maliyyə arayışına əsasən yalnız enerji sərfiyyatına görə 1082 AZN borcu istəmiş və qalan məbləğlər isə müvafiq vaxlarda tərtib edilmiş aktlara əsasən hesablanmışdır. Cavabdeh tərəf həmçinin tərtib edilmiş aktları mübahisələndirməmişdir.
17. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1082 AZN (bir min səksən iki manat) məbləğində borc və 31,22 AZN (otuz bir manat, iyirmi iki qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. 18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 1082 AZN (bir min səksən iki manat) məbləğində enerji sərfiyyatına görə yaranmış borc və 31,22 AZN (otuz bir manat, iyirmi iki qəpik) ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov