Məhkəmə qərarları › İş №2(006)-5246/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5246/2020

19.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5246/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Həxiyeva Şəbnəm Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsinə qarşı "işə bərpa və s. tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsinə qarşı "işə bərpa və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müsabiqədən keçərək xx.xx.2016-cı il tarixdə Cavabdehndə işə qəbul olunmuşdur. Nəsimi bələdiyyəsinin hüquqşünası vəzifəsində işə başlamış və onunla işəgötürən arasında müddətsiz əmək müqaviləsi imzalanmışdır. Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 85 saylı əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsilə əlaqədar xitam verilmişdir. Nəsimi bələdiyyəsinin sədrinin iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv olunması haqqında əmri əsassız və qanunsuzdur. Belə ki, Nəsimi bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsinin əsasları, 2-ci hissəsinin "b" bəndində isə əmək müqaviləsinin müddətinin qurtarması göstərilmişdir. İddiaçı ilə Nəsimi bələdiyyəsi arasında müddəti xx.xx.2020-ci il tarixdə bitən heç bir müddətli əmək müqaviləsi bağlanmamışdır. Göstərilənlərə əsasən iddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "b" bəndinə əsasən xitam verilməsi haqqında bələdiyyə sədrinin xx.xx.2020-ci il tarixıi əmrinin ləğv edilərək, iddiaçının işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, o, qüvvədə olan əmək qanunvericiliyinə və “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müsabiqədən keçərək xx.xx.2016-cı il tarixdə Cavabdehndə işə qəbul olunmuşdur. Nəsimi bələdiyyəsinin hüquqşünası vəzifəsində işə başlamış və onunla işəgötürən arasında müddətsiz əmək müqaviləsi imzalanmışdır. Sonradan o, aylıq maaşı 620 manat olan Nəsimi bələdiyyəsinin hüquq şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. Məlum koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən karantin müddətində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi iş yerində olmamış, karantin şərtlərinin yumşaldılması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işdə olmuşdur. Yenidən karantin rejiminin sərtləşməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi iş yerində olmamışdır. O, işdə olmadığı bu müddət ərzində bələdiyyə tərəfindən işə çağırılmamış və ona müvafiq elektron icazə verilməmişdir. xx xxxx 2020-ci il tarixdə sərt karantin rejimi zamanı bələdiyyə tərəfindən rəsmi qaydada işə çağırılmışdır. O, işini davam etdirən zaman məlum olmuşdur ki, onunla Nəsimi Bələdiyyəsi arasında bağlanmış xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinə bələdiyyə sədrinin xx.xx.2020-ci il tarixli əmri ilə dəyişiklik edilmişdir. Həmin əmrə əsasən Nəsimi bələdiyyəsi ilə onun arasında bağlanmış müddətsiz əmək müqaviləsi birtərəfli qaydada bələdiyyə tərəfindən ləğv olunmuşdur. Həmin əmrdə göstərilmişdir ki, yeni struktura keçid etməklə vəzifələr üzrə müsabiqə komissiyası tərəfindən müsabiqələrin tarixi təyin edilənədək işçilərlə yeni vəzifələr üzrə xx.xx.2020-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanılsın. Göstərilən əmrə əsasən onunla işəgötürən arasında əvvəllər bağlanmış müddətsiz əmək müqaviləsi ləğv olunmuş, əmrdə bir aylıq əmək müqaviləsinin bağlanması göstərilsə də, məlum səbəbdən işə çıxmadığı üçün müddətsiz əmək müqaviləsinin bir aylıq müddətli əmək müqaviləsinə dəyişdirilməsinə onun tərəfindən razılıq verilməmiş və tərtib olunan əmək müqaviləsi onun tərəfindən imzalanmamışdır. Koronavirus pandemiyası ilə əlaqədar karantin dövründə Nəsimi bələdiyyəsinin sədri tərəfindən onun razılığı olmadan tutduğu vəzifədən azad olunaraq maaşı az olan aşağı vəzifəyə keçirilmişdir. Bundan başqa, Nəsimi bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmrində bələdiyyə qulluqçularının müsabiqə komissiyası tərəfindən yenidən müsabiqədən keçirildikdən sonra vəzifələrə təyin olunacaqları göstərilmişdir. O, işə götürülən zaman “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müsabiqədən keçmiş və Müsabiqə komissiyasının qiymətləndirməsi nəticəsində işə qəbul olunmuşdur. Onun təkrar olaraq yenidən müsabiqə komissiyasından keçirilməyi qanunaziddir. Karantin dövründə müsabiqə komissiyasının fəaliyyət göstərməsinin mümkün olmadığı əsas gətirilərək, bələdiyyə sədrinin əmrləri ilə bir ay müddətinə bağlanmış əmək müqaviləsi hər dəfə bir ay müddətinə uzadılaraq xx.xx.2020-ci il tarixə kimi artırılsa da, həmin müqavilələrlə razı olmadığı üçün onun tərəfindən əmək müqavilələri imzalanmamışdır. Bundan başqa, Nəsimi bələdiyyəsinin sədri tərəfindən iddiaçının aylıq maaşı 620 manat olan bələdiyyənin hüquq şöbəsinin müdiri vəzifəsindən azad olunaraq aylıq maaşı 550 manat olan bələdiyyənin hüquq şöbəsində hüquqşünas vəzifəsinə təyin olunmağı haqqında müvafiq əmr verilməmişdir. Belə bir əmr olmadığı halda onun maaşının bələdiyyənin mühasibatlığı tərəfindən hansı hüquqi əsaslarla 620 manat yox, 550 manat hesablandığı haqlı şübhə doğurur. Heç bir hüquqi əsası olmadan onun aylıq maaşı bələdiyyənin mühasibatlığı tərəfindən xx xxx 2020-ci il tarixdən 550 manatla hesablanmağa başlansa da, 2020-ci ilin may, iyun və iyul ayları üçün maaşı ona qanuni səbəb göstərilmədən tam məbləğdə ödənilməmişdir. Belə ki, 2020-ci ilin may, iyun, iyul ayları üçün cəmi 877,95 (260,13+215,72+30,87+371,23) manat ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsində işçinin əmək haqqından tutulmalarının hansı hallarda yol verildiyi hallar göstərilmişdir. Nəsimi Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin tələbləri kobud surətdə pozulmuş, onun aylıq maaşı ştat cədvəlinə uyğun olaraq tam məbləğdə ona ödənilməmişdir. Nəsimi bələdiyyəsi tərəfindən Əmək qanunvericiliyinin tələblərinin kobud surətdə pozulması barədə yuxarıda göstərilən xüsusatlarla əlaqədar olaraq, tərəfindən əmək qanunvericiliyinin icrasına dövlət nəzarətini həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət olunmuşdur. Nəsimi bələdiyyəsi tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilərək, inzibati protokol tərtib olunmuşdur. Xidmətin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ilə Nəsimi bələdiyyəsinin sədri əmək qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada cəzalanaraq 1500 manat cərimə olunmuşdur. Göstərilənlərə əsasən onunla Nəsimi Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilməsi barədə bələdiyyə sədrinin xx.xx.2020-ci il tarixli əmrinin ləğv edilərək onun işə bərpa edilməsi, Nəsimi Bələdiyyəsi sədrinin xx.xx.2020-ci il tarixli, 35 saylı əmrinin qanunsuz olduğu üçün ləğv edilməsi, Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixə kimi olan ştat cədvəlinə uyğun olaraq aylıq vəzifə maaşının 620 manatdan hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan işəgötürən Bakı şəhəri Nəsimi Bələdiyyəsinin sədri N.Ş.Qarxanov ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri X2 bələdiyyəsinin Vergi xidmətində hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2017-ci il tarixdən vəzifəsindən azad edilərək, bələdiyyənin hüquq şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 35 (NBƏ-2005-XXX) saylı əmrindən görünür ki, Nəsimi Bələdiyyəsi icra aparatının aşağıda qeyd edilən əməkdaşları (İddiaçı Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilməklə Koordinasiya idarəsinin Hüquqi təminat və münasibətlər şöbəsinin hüquqşünası vəzifəsinə) ləğv edilmiş strukturda tutduqları vəzifələrdən azad edilməklə, yeni strukturdakı müvafiq vəzifələrə müsabiqə keçirilənədək müvəqqəti olaraq yeni struktur üzrə uyğun vəzifələrə təyin edilmələri əmr edilmişdir. Həmin əmrdən görünür ki, Operativ Qərargahın karantin rejimi müddətinin xx.xx.2020-ci il tarixədək uzadılması ilə bağlı növbəti qərarından sonra, bələdiyyənin icra aparatı işçilərinin qanunla nəzərdə tutulan müsabiqə nəticələrinə uyğun olaraq vəzifələrə təyinatına qədər iş yeri və maliyyə təminatlarının davamlılığını təmin etmək məqsədilə icra aparatının faktiki işçilərin yeni struktura müvəqqəti komplektləşdirilməsinin təmin edilməsi, bu səbəbdən müsabiqə keçirilənədək onlarla 1 ay müddətli əmək müqavilələri bağlanılması zərurəti yaranmışdır. İş materiallarında olan işəgötürən Bakı şəhəri Nəsimi Bələdiyyəsi ilə işçi İddiaçı arasında bağlanmış (birtərəfli qaydada) xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli müddətli əmək müqavilələrinin surətlərindən görünür ki, İddiaçı Bakı şəhəri X1 idarəsinin Hüquqi təminat və münasibətlər şöbəsinin hüquqşünası vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqavilələri İddiaçı tərəfindən imzalanmamışdır. Həmin müqavilələrin 2.3-cü bəndindən görünür ki, əmək müqavilələri Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx xxx 2020-ci il tarixindən xx xxxx 2020-ci il tarixədək, 05 iyun tarixdən xx xxxx 2020-ci il tarixədək, xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, 30 iyul tarixdən xx xxxxxx 2020-ci il tarixədək müddətinə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 88 saylı əmrindən görünür ki, Nəsimi Bələdiyyəsi icra aparatının aşağıda adı qeyd edilən əməkdaşı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən xx.xx.2020-ci il tarixindən xitam verilməsi əmr edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsində hüquq şöbəsinin müdiri vəzifəsində işləmiş, o, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı həmin əmri qanunsuz sayaraq onun ləğv olunması və əvvəlki vəzifəsinə bərpa olunması üçün müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Eyni Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Eyni Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Məhkəmə, belə qənaətə gəlir ki, tərəflər əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu üçün xx.xx.2016-cı il tarixdə müddətsiz əmək müqaviləsi bağlamışlar. Sonradan cavabdeh tərəfindən iddiaçının xəbəri olmadan birtərəfli qaydada müqaviləyə dəyişiklik edilərək, iddiaçının iştirakı təmin edilmədən müddətli əmək müqaviləsi tərtib edilmiş, İddiaçı Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilməklə Koordinasiya idarəsinin Hüquqi təminat və münasibətlər şöbəsinin hüquqşünası vəzifəsinə keçirilmişdir. Daha sonra cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən iddiaçı xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi Bakı şəhəri Nəsimi Bələdiyyəsi işəgötürən kimi əmək qanunvericiliyini kobud şəkildə pozmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müddətsiz əmək müqaviləsinə birtərəfli qaydada dəyişiklik edilməklə əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilə bilməz. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müddətsiz əmək müqaviləsinin 8.1-ci bəndində qeyd edilmişdir ki, bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, Nəsimi Bələdiyyəsi sədrinin xx.xx.2020-ci il tarixli, 35 saylı əmri qanunsuz, əsassız və ədalətsiz olduğu üçün iddiaçıya münasibətdə ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmrdən əvvəlki ştat cədvəlinə uyğun əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilməsi barədə bələdiyyə sədrinin xx.xx.2020-ci il tarixli əmri ləğv edilməklə, İddiaçı işə bərpa olunmalı, Bakı şəhəri Nəsimi Bələdiyyəsi sədrinin xx.xx.2020ci il tarixli, 35 saylı əmri İddiaçı münasibətdə ləğv edilməli, Bakı şəhəri Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmrdən əvvəlki ştat cədvəlinə uyğun əmək haqqı hesablanaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə cavabdeh Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında olan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilməsi barədə bələdiyyə sədrinin xx.xx.2020-ci il tarixli əmri ləğv edilməklə, İddiaçı işə bərpa olunsun. Bakı şəhəri Nəsimi Bələdiyyəsi sədrinin xx.xx.2020-ci il tarixli, 35 saylı əmri İddiaçı münasibətdə ləğv edilsin. Bakı şəhəri Nəsimi Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli əmrdən əvvəlki ştat cədvəlinə uyğun əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar