Məhkəmə qərarları › İş №2(006)-5252/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5252/2022

14.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5252/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "nikahın etibarsız sayılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.1998-ci il tarixli nikahın etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.1998-ci ildə Şamaxı rayon Sabir qəsəbə icra nümayəndəliyində nikahları formal olaraq rəsmiləşdirilmişdir. Nikahları formal xarakter daşımış, məqsədləri ailə qurmaq olmamışdır. Belə ki, cavabdeh özü onun yaxın qohumudur və onun özünün ailəsi vardır. Onların nikahlarından ailələrinin məlumatı olmamış, toy etməmişlər, ailə münasibətləri yaşamamışlar və belə bir niyyətləri də yoxdur. Ailə qurmadıqları halda nikah münasibətlərində olması faktının qeyd kitabında olmamasını istəyir. Belə ki, cavabdeh də bu fikrilə razıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianın təmin edilməsinə və nikahın pozulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 05/Q-1018/69 №-li Arayışdan görünür ki,iddiaçı və cavabdeh arasında nikah haqqında xx.xx.1998-ci il tarixdə 30 №-li akt qeydi tərtib olunmuşdur. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/- 01759 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, 17:00-17:30 saatlarında keçirilmiş ilkin mediasiya sessiyasından sonra tərəflər prosesin davam etdirilməsinə razılıq verməmişlər. 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər xx.xx.1998-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Lakin tərəflər nikaha daxil olduqdan sonra ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Tərəflərin ailə qurmaq niyyəti yoxdur və cavabdeh ona qarşı verilən iddia ilə razıdır, iddiaçı ilə aralarında olan nikahın etibarsız sayılmasına etiraz etmir. Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə görə ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Bununla yanaşı, Ailə Məcəlləsinin 2.2-ci maddəsində qeyd olunur ki, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.4-cü maddəsinin şərh edilməsinə dair” 2 noyabr 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, kişi və qadının nikah ittifaqının könüllülüyü və iradə sərbəstliyi prinsipinə əsasən hər bir kişinin və qadının öz rəyi ilə könüllü surətdə, kənar şəxslərin təsiri olmadan özünə ər və arvad seçmək hüququ vardır. Nikaha daxil olan kişi və qadının qarşılıqlı könüllü razılığı nikahın bağlanmasının əsas şərtidir. Kişi və qadının nikah ittifaqının konüllülük və iradə sərbəstliyi prinsipləri ilə yanaşı nikah və ailə münasibətlərinin hüquqi tənziminin yalnız dövlət tərəfindən həyata keçirilməsi, yalnız dövlət orqanlarında bağlanmış nikahın tanınması prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu prinsipə görə yalnız müvafiq icra hakimiyyəti orqanında qeydə alınan nikah dövlət tərəfindən tanınır. Bu prinsip onu ifadə edir ki, nikah rəsmi qeydə alındıqdan sonra belə münasibətlərdən törənən hüquqi və sosial nəticələr dövlət üçün hüquqi fakt kimi qəbul olunur. Belə ki, Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəlləsinin 25.1-ci, 25.2-ci, 25.4-cü maddələrinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Saxta nikahın bağlanmasında məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir (məs. yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.) Nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması sübut edildikdə nikah etibarsız sayıla bilər. Həmçinin Ailə Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Məhkəmə mübahisə predmeti olan nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün, cavabdeh tərəfin valideynlərinin israrlı təkidi ilə məcburiyyət qarşısında bağlanmasının sübuta yetirildiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.1998-ci il tarixdə bağlanmış və Şamaxı rayon Sabir qəsəbə icra nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 30 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.1998-ci il tarixdə Şamaxı rayon Sabir qəsəbə icra nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 № ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.1998-ci il tarixdə Şamaxı rayon Sabir qəsəbə icra nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 30 № ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar