Məhkəmə qərarları › İş №2(006)-5254/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5254/2025

16.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5254/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh MTK-nın nümayəndəsi X3, X1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MTK-ya qarşı “sənədlərin təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində, 3 otaqlı ümumi sahəsi 147 kv.metrdən ibarət mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışının, həmin mənzilə dair Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) verilməsi öhdəliyinin Cavabdeh MTK-ya həvalə edilməsi, məhkəməyə müraciət üçün ödənilmiş 100 (yüz manat) dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 86 saylı 25 fevral 2016-cı il tarixli Qərarında Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi tərəfindən təsdiq olunmuş 11 avqust 2016-cı il tarixli akta əsasən qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-tikinti şəraitinin yaxşılaşdırılması məqsədilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu Qərarın icrası ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 31 avqust 2016-cı il tarixində müqavilə bağlanmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20 aprel 2018-ci il müqaviləyə əsasən satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi”yə məxsus olan 79,54 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə güzəştli faiz əlavə etməklə təmirli (mənzil aksessuarları daxil olmamaq şərti ilə), divaraltı sahəsiz 95 kv.m. və təmirsiz, divaraltı sahələri ilə birlikdə 52 kv.m., hər kvadrat metr üçün 1300 (min üç yüz), ümumi qiyməti 67.000 (altmış yeddi min) manat məbləğində vəsait ödəmək şərti ilə ümumi sahəsi 147 kv.m-dən ibarət olan, binanın 2-ci blok, 4-cü mərtəbəsində 3 otaqlı mənzili tikib alıcının mülkiyyətinə verməyi, alıcı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və müqaviləni şərtlərinə uyğun şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının cavabdeh qarşısında müqavilə üzrə icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Mənzil dəyəri tam olaraq ödənildiyindən həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyetsrdən çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edən zaman, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi əsas gətirilərək, qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlərin (maliyyə arayışı və ümumi yığıncağın protokoldan çıxarışı) təqdim edilməli olması bildirilmişdir. Bundan sonra iddiaçı Cavabdeh MTK müraciət edərək, protokoldan çıxarışın və maliyyə arayışının ona verilməsini tələb etmişdir. Lakin, cavabdeh pul tələb etmək məqsədilə qeyd edilən sənədlərin – maliyyə arayışının və ümumi yığıncağın qərarının (protokoldan çıxarış) verilməsindən əsassız olaraq imtina edir. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə yazılı şəkildə müraciət edərək, qeyd olunan sənədlərin verilməsini tələb edəndən sonra, cavabdeh tərəfindən ona xx.xx.2025-ci il tarixli, 01 saylı cavab məktubu göndərilmişdir. Həmin məktubda kommunal xidmətlərə dair borcunun olduğuna görə qeyd edilən sənədlərin verilməsini mümkünsüz olduğu qeyd edilmişdir. Kommunal borcun olub-olmamasını tələb etdiyi sənədlərin verilməsinə imtina üçün əsas ola bilməz. Cavabdehin belə bir hüququ hər hansı normativ aktla müəyyən edilməmişdir. İddiaçı hesab edir ki, ünvan 1 ünvanında inşa etdiyi yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində, 3 otaqlı ümumi sahəsi 147 kv.metrdən ibarət mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən mənzil-tikinti kooperativinin maliyyə arayışının, həmin mənzilə dair Cavabdeh MTK üzvlərinin ümumi yığıncağıın qərarının (protokaldan çıxarış) verilməsi öhdəliyi Cavabdeh MTK havalə edilməsi barədə qətnamə qəbul edilməlidir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Bildirdi ki, cavabdehin nümayəndəsinin iddia etdiyi kimi mənzil iki hissəyə bölünməmişdir. Həmin qapılar tikinti şirkəti tərəfindən qoyulmuşdur. İddiaçı yalnız bir mənzilə, sahəsi 147 kv.m olan 90 saylı mənzilə çıxarış almaq üçün sənədləri tələb edir.

4. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi X5 iddianı qismən etiraf edərək bildirdi ki, maliyyə arayışının verilməsi hissəsində iddia tələbini qəbul edirlər. Lakin protokoldan çıxarışı verə bilmirlər. Belə ki, iddiaçıya məxsus mənzilin sahəsi 147 kv.metrdir və layihə üzrə bir mənzildir. İddiaçı 2 qapı qoyaraq mənzili iki mənzilə bölmüşdür. Layihədə dəyişiklik edildiyi üçün protokoldan çıxarışın verilməsinin mümkün olmadığını bildirərək, iddia tələbinin həmin hissədə təmin edilməməsini xahiş etdi.

5. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

6. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 20 aprel 2018-ci il tarixli Əvəzləşdirmə müqaviləsindən və həmin müqavilənin tərkib hissəsi olan 16 iyul 2020-ci il tarixli 01 saylı Əlavədən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarının söküntüsünü və bu sahədə yeni yaşayış binalarının tikintisini həyata keçirərək, söküntüsü nəzərdə tutulmuş binada “Mülkiyyətçi”yə məxsus olan 79,54 kv.m. mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə güzəştli faiz əlavə etməklə təmirli (mənzil aksessuarları daxil olmamaq şərti ilə), divaraltı sahəsiz 95 kv.m. və təmirsiz, divaraltı sahələr ilə birlikdə 52 kv.m., hər kvadrat metr üçün 1300 (min üç yüz), ümumi qiyməti 67.600 (altmış yeddi min altı yüz) manat məbləğində vəsait ödəmək şərti ilə ümumi sahəsi 147 kv.m-dən ibarət olan, binanın 2-ci blok, 4-cü mərtəbəsində 3 otaqlı mənzili “Mülkiyyətçi”-yə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi” bu müqaviləyə əsasən onlara məxsus olan mənzili (qeyri-yaşayış sahəsini) söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi, müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür.

7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsi Nümayəndə1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, onun mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə baxılmış, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyi, müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir.

8. İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, protokoldan çıxarış və maliyyə arayışının verilməsindən imtina edilməsinin səbəbinin yazılı şəkildə göstərilməsini xahiş etmişdir.

9. Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, ona bildirilmişdir: «Cavabdeh MTK tərəfindən zəruri sənədlərin təqdim edilməsi üçün kooperativə üzvlüyünüz və üzvlük öhdəliklərinizi icra etməyiniz mütləqdir. Həmçinin, binanın idarə olunması və kommunal xidmətlər üzrə ödənişlərin aparılması ilə bağlı MTK qarşısında öhdəliklərinizi də 2024-cü ilin yanvar ayından etibarən bu günə kimi icra olunmamışdır. Yuxarıda qeyd olunanlar həll olunduqdan sonra müraciətinizdə göstərilən məsələyə MTK-nın iclasında baxılacaqdır».

10. xx.xx.2020-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK-nın hesabına 67.600 manat məbləğində ödəniş edilmişdir.

11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 136,94 kv.metr təşkil edir.

12. 22.09.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə Nümayəndə1 tərəfindən 100 (bir yüz) manat məbləğində rüsum ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixli əvəzləşdirmə müqaviləsi imzalanmış, həmin müqaviləyə və ona xx.xx.2020-ci il tarixli əlavəyə əsasən cavabdeh iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 30A ünvanında yerləşən, yaşayış üçün qəzalı vəziyyətdə olan yaşayış binalarını sökməyi və həmin sahədə yeni binalar tikməyi, söküləcək binada mülkiyyətçiyə məxsus ümumi sahəsi 79,54 kv.metr sahəsi olan mənzilin əvəzinə, ümumi 67.000 manat məbləğində vəsait ödənilməsi şərti ilə mülkiyyətçiyə ümumi sahəsi 147 kv.metr sahəsi olan mənzili mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 67.600 manat məbləğində ödəniş edilmişdir. İddiaçı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin hüquqmüəyyənedici sənədlərinin olmaması səbəbindən ona müvafiq çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçı MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və maliyyə arayışının verilməsi üçün cavabdehə yazılı ərizə ilə müraciət etmiş, lakin cavabdeh kommunal xidmətlər üzrə ödənişlərin aparılmamasını əsas gətirərək həmin sənədləri verməkdən yazılı şəkildə imtina etmişdir.

14. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, sözügedən hüquqmüəyyənedici sənədlərin – MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və maliyyə arayışının verilməsi öhdəliyinin Cavabdeh MTK-ya həvalə edilməsini xahiş edir, Cavabdeh MTK isə iddianı qismən etiraf edərək, maliyyə arayışının verilməsi hissəsində qəbul edir, lakin mənzilin layihəsində dəyişiklik edilməsini əsas gətirərək, protokoldan çıxarışın verilməsi hissəsində iddia tələbini qəbul etmir.

c) Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

15. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, tərəflər İddiaçı məxsus mənzilin alınıb MTK tərəfindən sökülməsi və iddiaçıya əlavə 67.600 manat ödənilməsi şərti ilə mənzil verilməsi barədə razılığa gəlmişlər, iddiaçı öhdəliyini yerinə yetirərək mənzilini MTK-ya təhvil vermiş, nəzərdə tutulan əlavə ödənişi etmiş, lakin MTK müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etməmişdir.

16. Məhkəmə qeyd edir ki, mənzil-tikinti kooperativi üzvünün mənzilə mülkiyyət hüququ əldə etməsi şərtləri Azərbaycan Respublikasının Mülki və Mənzil Məcəllələrində qeyd edilmişdir. İddiaçı pay haqqını tam ödəmiş, beləliklə, yaşayış sahəsinə mülkiyyət hüququnu qeydiyyata almaq üçün müvafiq sənədləri tələb etməkdə haqlı olmuşdur. Bundan əlavə, cavabdeh iddianı qismən qəbul edərək, iddiaçının tam ödənişi etməsi səbəbindən maliyyə arayışını tələb etməkdə haqlı olduğunu etiraf etsə də və maliyyə arayışını iddiaçıya təqdim edə biləcəklərini bildirsə də, cavabdeh tərəf məhkəməyə müraciət etmədən öncə və məhkəmə prosesləri boyunca həmin arayışı da iddiaçıya təqdim etməmiş, əsassız olaraq öhdəliyini icra etməkdən boyun qaçırmışdır. Cavabdehin iddia tələbinə etirazının dəlili kimi göstərdiyi “layihənin iddiaçı tərəfindən dəyişdirilməsi” və ya yazılı imtina məktubunda göstərdiyi “kommunal xərclərin ödənilməməsi” və s. kimi hallar isə onun öhdəliklərini yerinə yetirməkdən boyun qaçırması üçün tutarlı əsas kimi qəbul edilə bilməz.

17. Buna görə də müqavilənin icrasının təmin edilməsi, yəni mənzilin İddiaçı mülkiyyətinə keçməsi məqsədilə ünvan 1 ünvanında yerləşən binanın 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147 kv.m-dən ibarət olan 3 otaqlı 90 nömrəli mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının, Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) İddiaçı verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir.

d) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 441.4. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 16. Yaşayış sahələri üzərində mülkiyyət və digər əşya hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada dövlət qeydiyyatına alınmalıdır. Maddə 112.1. Mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənziltikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

21. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən binanın 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147 kv.m-dən ibarət olan 3 otaqlı 90 nömrəli mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının, Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) İddiaçı verilməsi öhdəliyi Cavabdehnə həvalə edilməlidir.

22. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan alınaraq İddiaçı verilməlidir.

Nəticə:

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən binanın 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 147 kv.m-dən ibarət olan 3 otaqlı 90 nömrəli mənzil üçün pay haqqının tam ödənildiyini təsdiq edən maliyyə arayışının, Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarışın) İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-ya həvalə edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh MTKdan alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar