Məhkəmə qərarları › İş №2(006)-5265/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5265/2024

17.12.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5265/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin rəisi polis general mayoru Nurullah Məmmədxanlının 28 sentyabr 2022-ci il tarixli Ə1471 ş/h-038-22 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2019-cu il aprel ayından İmişli Rayon Mühafizə Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi işləyirdi. İşlədiyi müddət ərizində heç bir qayda pozuntusu etməmişdir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin rəisi polis general mayoru Nurullah Məmmədxanlının 28 sentyabr 2022-ci il tarixli Ə1471 Ş/h-038-22 nömrəli əmri ilə onunla əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Bildirir ki, Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin rəisinin həmin əmrini qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinin tələblərini pozmamışdır. Ona görə də, onunla əmək müqaviləsinə xitam verilməsi əsassız və qanunsuzdur. O, mediasiya təklifi də göndərmiş, mediasiya sessiyasında iştirak etmiş, mediasiya haqqı ödəmişdir. Cavabdeh mediasiyaya gəlməmiş və bundan sonra mediator bu barədə arayış vermişdir. Əlavə olaraq qeyd edir ki, onun işdən çıxarılması barədə Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsinin rəisinin əmrinin sürəti ona 17 avqust 2024-cü il tarixində tarixində verilmişdir. Həmçinin qeyd edir ki, əmək kitabçası da cavabdeh tərəfindən ona təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və əmək kitabçasının bu günədək ona verilmədiyini, məsələ ilə bağlı quruma rəsmi müraciət etmədiyini qeyd edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddia tələbi tam əsassız olduğundan təmin edilməməlidir Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixlərində iş yerinə gəlməməsi və xidmət apardığı postu xəbərsiz tərk etməsi müəyyən edilmişdir. İddiaçı vəzifəsinə etinasız yanaşaraq xidməti yerini boş qoyaraq üzərinə düşən vəzifələrin icrasına etinasız yanaşaraq dəfələrlə intizam qaydalarını pozmuş, əvvəllər elan olunmuş intizam tənbehlərindən nəticə çıxarmayaraq, xidməti fəaliyyətində və davranışında dönüş yaratmamışdır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarında xidmət keçmənin qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsi konkret müəyyənləşdirilmişdir. Həmin Qaydalarda müəyyən olunmuş davranış qaydalarına riayət edilməsi mühafizəçinin ümumi vəzifəsi kimi nəzərdə tutulmuş, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etmək, xidmət yerinə vaxtında gəlib vaxtında getmək, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməmək, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməmək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməmək, təhqiqat zamanı səmimilik göstərmək, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməmək, xidmətdə vəzifə üzrə irəli çəkilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamaq mühafizəçi əməkdaşının qarşısında qoyulmuş əsas qayda və şərtlər kimi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən mübahisələndirilən 28 sentyabr 2022-ci il tarixli Ə1471 ş/h-038-22 nömrəli əmrin verilməsi üçün əsas olan sənədlərdə İddiaçı xidmətinin mənfi xarakterizə olunduğu, işlədiyi müddət ərzində mükafat almadığı, dəfələrlə isə intizam tənbehinə cəlb edildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı mülki mühafizə əməkdaşına xas şəxsi keyfiyyətə malik olmamış, xidməti borcuna sədaqət göstərməmiş, etik davranış qaydalarının tələblərinə sözsüz əməl edəcəyi barədə üzərinə götürdüyü öhdəliyi və xidməti borcunu yerinə yetirməmiş, fəaliyyətini ictimai maraqlara uyğun qurmamış, xidmətin əsas meyarı kimi intizamlılıq göstərməmiş, bununla da xidməti intizamı və etik davranış qaydalarını mütəmadi olaraq pozmuş, nəticədə onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Həmçinin qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İddia ərizəsində qeyd edilən 28 sentyabr 2022-ci il tarixli Ə1471 ş/h-038-22 nömrəli əmr İddiaçı tərəflərindən elə əmr verilən zaman təqdim edilmişdir. Mövcud qanunvericiliyin mülki mühafizəçinin “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydalarında” qeyd olunan qayda və şərtləri təsbit olunan normaları xidməti intizam qaydalarını pozan əməkdaşlara tətbiq edilən intizam tənbehlərinin dairəsini konkret müəyyənləşdirmişdir. Bundan başqa, qanunvericilik müəyyən olunmuş davranış qaydalarına riayət edilməsini mülki mühafizəçinin ümumi vəzifəsi kimi də nəzərdə tutur. Hansı ki, bu davranış qaydalarına qanunvericiliyə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etmək, bu işdə digər şəxslərə nümunə olmaq, iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzrsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməmək, icrasının mümkün olmayacağını qabaqcadan bildiyi öhdəlikləri üzərinə götürməmək, xidməti təhqiqat zamanı səmimilik göstərmək, xidməti vəzifələrinin icrasına bilavasitə aid olmadığı halda sosial şəbəkələrdə ictimai müzakirələrdə iştirak etməmək, xidmətdə vəzifə üzrə irəli çəkilməsi üçün müəyyən olunmuş qaydalara zidd yollar axtarmamaq da daxildir. Beləliklə iddiaçının hərəkətlərində mülki mühafizəçinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yol verilməsi halı müəyyən edildiyi üçün qəbul edilmiş əmr qanunazidd sayıla bilməz, iddiaçının əmrin ləğvi barədə verdiyi tələb əsassızdır. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilmə və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının əsassız olması, həmçinin Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin ötməsi səbəbilə iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 27 sentyabr 2022-ci il tarixdə təsdiq edilmiş, İmişli Rayon Mühafizə Şöbəsinin xx.xx.2022-ci il tarixli 264-442 nömrəli məktubu əsasında aparılmış araşdırmanın nəticəsinə dair rəydən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 20:00-da İmişli Rayon Mühafizə Şöbəsinin qrup rəhbəri Əlfağa Abıyev tərəfindən xidmətin aparılması vəziyyəti yoxlanılarkən mülki mühafizəçi İddiaçı təyin olunduğu Dəmirbank ASC rayon filialında xidmət apardığı postu tərk edərək tanıdığı X1 ilə görüşdüyü aşkar edilmiş və müvafiq akt tərtib olunmuşdur. Mülki mühafizəçi İddiaçı isə xx.xx.2022-ci il tarixli izahatında postu tərk etdiyini etiraf etsə də, qeyri-səmimilik göstərərək həmin qadınla mütəmadi görüşdüyünü qeyd etməmişdir. 1996-cı il təvəllüdlü İddiaçı 2019-cu ildən İmişli Rayon Mühafizə Şöbəsinin mülki mühafizə xidməti üzrə mühafizəçisi vəzifəsində xidmət edir. Xidmətdə mənfi xarakterizə olunur. Aparılan araşdırma nəticəsində mülki mühafizəçi İddiaçı qəbahətləri hissənin yerli Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilmiş Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş “Mülki mühafizə xidmət fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozduğu nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədilə Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. Xidmət apardığı obyekti tərk edərək, tanıdığı qadınla görüşərək xidməti vəzifə borcuna tam etinasız yanaşmışdır. “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və əmək müqaviləsinin şərtlərini pozduğuna görə, hissənin yerli Həmkarlar Təşkilatının yığıncağının qərarı da nəzərə alınmaqla İmişli Rayon Mühafizə Şöbəsinin MMX üzrə mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, əmr layihəsinin hazırlanması təklif edilmişdir. - Azərbaycan Respublikası DİN BMİ-nin 27 sentyabr 2022-ci il tarixli 3Ə307-038-22 saylı əmrindən görünür ki, xidmət apardığı obyektin etibarlı mühafizəsini təmin etmək əvəzinə onu tərk edərək, nikahdankənar tanıdığı qadınla görüşməklə xidməti vəzifə borcuna tam etinasız yanaşdığına, eləcə də izahat verərkən qeyri-səmimi mövqe tutmaqla “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın 6.1.1-ci yarımbəndinin və 11.5-ci bəndinin tələblərini və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə hissənin yerli Həmkarlar Təşkilatının yığıncağında qərarı nəzərə alınmaqla İmişli Rayon Mühafizə Şöbəsinin Mülki mühafizə xidməti üzrə mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. - Sabirabad 1 saylı Mediasiya təşkilatının 27 sentyabr 2024-cü il tarixli MŞS/MT023/2024-01789 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, yuxarıda qeyd olunan mübahisə üzrə İddiaçı 27 sentyabr 2024-cü il tarixə saat 11:30-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Bu səbəbdən, ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən bu Məcəllə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. - 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. - 186-cı madddənin 1-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əsasən işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə cəlb edilir. - 186-cı maddəsinin 2-ci hissəsinin əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək barədə intizam tənbehi verə bilər. Məhkəmə hesab edir ki, iddiaçının barəsində verilmiş əmək müqaviləsinin ləğvinə dair əmrin qanunsuz olmasına dair dəlilləri əsassızdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BMİ-nin 27 sentyabr 2022-ci il tarixli Ə307-038-22 saylı əmrdən görünür ki, əmrin verilməsinə əsas aparılmış xidməti araşdırma nəticəsində iddiaçının xidməti vəzifələrinin icrasına etinasız yanaşması, üzrlü səbəb olmadan və məlumat vermədən xidmət apardığı obyekti tərk etməsi olmuşdur. Məhkəmə işəgötürənin Əmək Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi ilə bağlı (Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-ci hissəsi) hesab edir ki, işəgötürən Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən iddiaçının törətdiyi xətanın xarakterini nəzərə almaqla inzibati tənbeh növlərindən biri olan «əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək» intizam tənbeh növünü verməsi kimi hüququndan haqlı olaraq istifadə etmişdir. Belə ki, işin araşdırılmış halları tam sübut olunmuşdur ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş əsas vəzifələrinin və bu əmək funksiyasının vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə əməl etməmiş, əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər ciddi əsaslar mövcud olmuşdur. İddiaçının barəsində verilmiş əmrin əsassız və qanunsuz verildiyi üçün ləğv edilməli olmasına dair iddiaçının irəli sürdüyü dəlillərlə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Başqa sözlə, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı»). Göstərilənlərə əsasən Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və əsassız və qanunsuz işdən azad edilməsinə dair əmrin verilməsinə dair hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, işəgötürən tərəfindən əmək qanunvericiliyinə riayət edilməklə, əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən iddiaçıya münasibətdə Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Bundan başqa, məhkəmə cavabdeh tərəfin qanunvericiliyə əsasən iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar qeyd edir ki, cavabdeh tərəf mahiyyət etibarı ilə iddia müddətinin buraxıldığını qeyd edib müddətin tətbiqini tələb etmiş olsa belə, ərizədə yanlışlıqlara yol vermiş, əmək qanunvericiliyin müvafiq normalarına istinad etmək əvəzinə başqa qanunvericiliyin normalarını qeyd etmişdir. Lakin məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Məhkəmə iddianın mübahisələndirilən əmrin ləğv edilməsi hissəsinin təmin edilməməsi nəticəsinə gəldiyi üçün, digər tələblər, yəni işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsinin törəmə tələblər olduğu üçün prosessual qənaət prinsipi baxımından həmin hissələri də əsassız saydığından onlara ayrıca hüquqi qiymət verilməsinə zərurət görmür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar