Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5276/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh X2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun olmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Bildirir ki, cavabdeh bacısıdır. Bacısı ailəlidir və 10 ildir ki, bu evdə yaşamır. Əvvəl bacısı bu ünvanda yaşamış və sonra ailə quraraq çıxıb onlardan ayrı yaşayır. Bildirir ki, o, iki dəfə cavabdehə mənzil alıb vermişdir. Lakin hazırda cavabdehin mənzilinə istifadə hüququ olmadığı halda onun mənzilindən qeydiyyatdan çıxmaq istəmir. Onun adına ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda cavabdeh 10 ildir ki, onu mənzilində yaşamır, mənzilindən istifadə etmir və ona məxsus mənzildə hər hansı əmlak da yoxdur. Onun qeydiyyatdan çıxarılması üçün Nəsimi rayon Polis İdarəsinə müraciət etmiş və oradan ona bildirmişlər ki, isifadə hüququnun olmaması ilə bağlı məhkəməyə müraciət etməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş 30.08.2019-cu il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Verilmiş iddia ərizəsinin “xahiş etdi” hissəsində iddiaçı tərəfindən cavabdeh X1 ona məxsus mənzilə istifadə hüququnun olmaması xahiş edilsə də, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olduğunu, cavabdeh X1 isə uzun müddətdir ki, həmin mənzildə yaşamadığını, mənzildən istifadə etmədiyini və həmin mənzildə hər hansı bir əmlakının olmadığını qeyd edərək, sonuncunun həmin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı müvafiq tələbi ilə bağlı (cavabdehin mənzildən qeydiyyatdan çıxarılması məqsədi ilə) inzibati orqana müraciət etməli, həmin orqan bundan imtina etdikdə, iddiaçı aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxmalı olan məhkəməyə müraciət etməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi və ona əlavə olunmuş sənədləri iddianın yol verilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı cavabdehin mənzildən qeydiyyatdan çıxarılması tələbi ilə bağlı müvafiq inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdeh X2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçıya izah edilsin ki, o, cavabdehin mənzildən qeydiyyatdan çıxarılması tələbi ilə bağlı müvafiq inzibati orqana müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5276/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5276/2021
17.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver