Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5292/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 126,8 m2 olan 3 otaqlı mənzilindən çıxarılmaları, həmin mənzilin sahiblik və qanuni istifadə hüququnun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 03 noyabr 2020-ci il tarixdə AN- İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 126,8 m2 olan 3 otaqlı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh1 almışdır. Həmin alğı-satqı müqaviləsi əsasında o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 11 noyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış almışdır. Hal-hazırda ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 126,8 m2 olan 3 otaqlı mənzilin üzərində tam olaraq mülkiyyət hüququ var. Həmin mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra Cavabdeh1 bir müddət yaşayış yeri olmadığı üçün ev tapana kimi ailəsi ilə birlikdə qalmağa icazə almışdır. Digər Cavabdeh2 Cavabdeh1 qızıdır. O da, həmin vaxt Cavabdeh1 nəvəsini yaxın tanıdığından insanlıq xatirinə onlara bir ay vaxt vermişdir ki, ev tapıb rahat çıxsınlar. Ancaq cavabdehlər sonradan evdən çıxmamış və onun tələblərini yerinə yetirməmişlər. O, cavabdehlərlə evdə yaşamaları barədə heç bir müqavilə bağlamamışdır. Bir neçə müddət əvvəl cavabdehə zəng edərək evin boşaldılmasını tələb etmiş, lakin yenə də heç bir xeyri olmamışdır. Onun və ailə üzvlərinin mənzilinin olmasına baxmayaraq, cavabdehin özbaşına mənzilini zəbt etməsi nəticəsində ona külli miqdarda maddi ziyan dəymişdir. Sonunda, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər ona məxsus mənzili zəbt etdiyindən uşaqları ilə birgə həmin mənzildən çıxarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03.11.2020-ci il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Möhsün Sənani küçəsi 1 saylı evin 20 saylı mənzilini İddiaçı 100.000 (bir yüz min) manata satmışdır. Alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən satıcı Cavabdeh1 daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 04.11.2020-ci il tarixədək alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verlmiş 11 noyabr 2020-ci il tarixli ********** saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»dan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Möhsün Sənani küçəsi 1 saylı evin 20 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu Möhsün Sənani küçəsi 1 saylı evin 20 saylı mənzilini İddiaçı satmış və sonuncuya hazırda həmin mənzil onun adına qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətindədir. İş materiallarından görünür ki, iddiaçı mənzilə mülkiyyət hüququ əldə etdikdən sonra Cavabdeh1 xahişi ilə bir müddət yaşayış yeri olmadığı üçün ev tapana kimi ailəsi ilə birlikdə qalmağa icazə verməsinə baxmayaraq cavabdehlər mənzili boşaltmadığı üçün onların mənzildən çıxarılmalı olmasını iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-isfadə olmasın. Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı alqı-satqı müqaviləsi bağlanandan sonra Cavabdeh1 və sonuncunun qızı Cavabdeh2 qısa bir müddətə mənzildə müvəqqəti qalıb, mənzildən yeni yaşayış yerlərinə rahat köçmələrinə şərait yaratmış, lakin cavabdehlər verilən müddətdən sonra mənzildən çıxmamışlar. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi üçün cavabdehlərə müraciət etmiş, mənzildən çıxmalarını və ona təhvil vermələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehləri xəbərdar etmişdir. Lakin Cavabdeh1 alğı-satqı müqaviləsinin 11-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 04.11.2020-ci il tarixədək mənzili iddiaçının faktiki sahibliyinə verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmçinin mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququ olmaqla o, hazırda cavabdehin mənzilin tərk etməmələri səbəbindən öz mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə edə bilmir. Çünki, cavabdehlər həmin mənzildən çıxmamışlar və bu isə iddiaçıya öz mənzili üzərinə mülahizəsinə əsasən mülkiyyət hüquqlarından istifadə etməsinə maneə yaradır. Bununla da, cavabdehlər iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüququnu pozurlar. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehlərin qeyd olunan mənzildən çıxmamaları və heç bir hüquqi əsas olmadan yaşamağa davam etmələri iddiaçının mülkiyyət hüquqlarını pozduğundan iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 126,8 m2 olan 3 otaqlı mənzilindən çıxarılmalı, iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsi (faktiki istifadə və sahiblik etməsi) təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 126,8 m2 olan 3 otaqlı mənzilindən çıxarılsınlar. İddiaçı mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsi (faktiki istifadə və sahiblik etməsi) təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-5292/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5292/2021
28.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver