Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5298/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Bakı şəhəri Cavabdeh maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı, 25.01.1951-ci il tarixdə Bakı şəhərində doğulmuş Kazımov Həmzə- Əli Ağa Dadaş oğlunun 25.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildə Kazımov Həmzə-Əli Ağa Dadaş oğlu ilə nikaha daxil olmuşdur. Həyat yoldaşı Kazımov Həmzə-Əli Ağa Dadaş oğlu 25.01.1951-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 25.01.2021-ci il tarixdə səhhətində kəskin ağırlaşma baş vermiş və vəfat etmişdir. Kazımov Həmzə-Əli Ağa Dadaş oğlu vəfat edəndən sonra təcili tibbi yardıma zəng edilmişdir. Bakı şəhəri Təcili və X2 Stansiyasının 8 saylı bölməsi gəlmiş və onlar tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 saylı şəhər Poliklinikasına ərizə ilə müraciət edərək, Kazımov Həmzə-Əli Ağa Dadaş oğluna ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Ölüm haqqında şəhadətnamənin verilməməsi qanunsuz və əsassızdır. Həyat yoldaşı 3 nömrəli türmənin Binədə yerləşən xəstəxanasında vərəmdən müalicə almışdır. Rəhmətə gedənə yaxın COVİD-19 virusuna görə yaxma götürülmüş və virusa yoluxduğu məlum olmuşdur. Portalda adı göstərilmişdir. Ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, mərhum Kazımov Həmzə-Əli Ağa Dadaş oğlu onun qaynatası olmuşdur. 25.01.2021-ci il tarixdə səhhətində kəskin ağırlaşma baş vermiş və vəfat etmişdir. Məhəmmədli qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum Kazımov Həmzə-Əli Ağa Dadaş oğlu onun babası olmuşdur. 25.01.2021-ci il tarixdə vəfat etmişdir. Sabunçu qəsəbəsində yerləşən «Müsəlman Qəbristanlığı»nda dəfn olunmuşdur. Dəfndə iştirak etmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin əridir. Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2020-ci il tarixli Sərəncamından (Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında) görünür ki, Ölkə başçısı azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 1951-ci il təvəllüdlü Kazımov Həmzə-Əli Ağa Dadaş oğlunu dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumun və onun ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumun sağlamlıq vəziyyətini, cəza çəkdiyi müddətdə davranışını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq cəzanın çəkilməmiş hissəsindən azad etmişdir. İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, Kazımov Həmzə-Əli Ağa Dadaş oğlunun sağlamlıq durumu qeyri-qənaətbəxş olmuşdur. Bakı şəhəri T və TTYS-in 8 saylı Yardımçı Stansiyasının 25.01.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Kazımov Həmzə-Əli Ağa Dadaş oğlunun adına 09:10-da çağırış daxil olmuş, ünvana gələn həkim həkimgələnə qədər ölüm baş verdiyini (kişi cinsli meyit) qeyd etmişdir. 3 saylı şəhər Poliklinikasının 27.01.2021-ci il tarixli 36 saylı məktubundan görünür ki, mərhumun hansı xəstəlikdən vəfat etməsi barədə məlumat olmadığından ölüm haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı bildirilmiş, qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçi İddiaçı ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 25.01.1951-ci il tarixdə Bakı şəhərində doğulmuş Kazımov Həmzə-Əli Ağa Dadaş oğlu 25.01.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25.01.1951-ci il tarixdə Bakı şəhərində doğulmuş Kazımov Həmzə-Əli Ağa Dadaş oğlunun 25.01.2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5298/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5298/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver