Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5334/2020 10.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X8 və X6 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8, X5 ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyətindədir. xx.xx.2020-ci ildə həmin mənzili cavabdehdən aqı-satqı etməklə satın almışdır. Cavabdehlər sözügedən mənzildə pasport qeydiyyatında olsalar da həmin ünvanda yaşamırlar. Alqı-satqı müqaviləsinə əsasən, satıcı satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X8, X9 isə nəvəsidir. Polşada yaşayırlar və həmin dövlətin vətəndaşıdırlar. Alqı-satqı edilməsi üçün oradan yazılı formada razılıq göndərmişdirlər. Onlar ölkəni tərk etdikləri və mənzilin satılmasına razılıq verdikləri üçün sözügedən mənzildən istifadə etmədiklərini nəzərə alaraq onların onun mülkiyyətindən istifadə hüquqlarının iririlməli olduğunu hesab edir. Belə ki, onların mənzildən istifadə hüququnun saxlanılması, onun mülkiyyətçi kimi sahiblik, istifadə və sərancam vermə kimi hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır. Eyni zamanda bildirmək istəyir ki, cavabdehlər formal olaraq həmin ünvanda qeydiyyatdadır və həmin ünvanda yaşamırlar. Mənzil üzərindəki pozulmuş hüquqlarının bərpası üçün cavabdehlər X8, X5 Bakı şəhəri, Nəsimi rayonu 2-ci mkr-n Hüseyn Seyidzadə küçəsi 27 mənzil 10-dan istifadə hüquqları itirlimiş hesab olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, X8, X5 ünvan 1 ünvanından istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 27, 10 saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 97, M4, m1) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 189 nömrəli reyestr kitabının 20000 nömrəli vərəqində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında Məstəliyeva (Çeşmazer) Nərminə Aydın qızı (xx.xx.1988-ci il təvəllüdlü) və X9 (xx.xx.2014-cü il təvəllüdlü) qeydiyyatdadırlar. Notariat işində olan X8 tərəfindən imzalanmış notariat qaydasında təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 27, 10 saylı mənzilin satılmasına etiraz etməmişdir. X9 xx.xx.2014-cü il təvəllüdlüdür. xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 27, 10 saylı mənzili alıcı İddiaçı satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2020-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi, ev 27, mənzil 10 ünvanında xx.xx.1988-ci il təvəllüdlü X8, xx.xx.2014cü il təvəllüdlü X9 qeydiyyatdadırlar. Nəsimi rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən, X3 və oğlu X5 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilməsi bildirilmiş və məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi 27, 10 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə göstərilən mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzildə qeydiyyatda olan cavabdehlər X1 X11 məxsus olan mənzilin satılmasına etiraz etməmişdir. Cavabdeh X9 xx.xx.2014-cü il təvəllüdlüdür, və beləlikə də azyaşlı olduğunundan mənzilin satılmasına dair onun razılığı alınmamışdır. Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Lakin cavabdehlər göstərilən qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Beləliklə məhkəmə hesab edir ki, mənzil satıldıqdan sonra cavabdehlərdən X4 qeydiyyatdan çıxmaması onun, yaşayış sahəsindən istifadə hüququndan imtina barədə notariat qaydasında üzərinə götürdüyü bir tərəfli öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh X9 xx.xx.2014-cü il təvəllüdlüdür, və beləlikə də azyaşlı olduğunundan mənzilin satılmasına dair onun razılığı alınmamışdır. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 228.4-cü maddəsinə müvafiq olaraq yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Notariat işinin materiallarında olan ərizə əsasında müəyyən edilmişdir ki, cavabdeh – X8 qeydiyyatda olduğu mənzilin satılmasına etiraz etməmişdir. Onun qeydiyyatda olduğu mənzilin satılmasına etiraz etməməsi barədə verdiyi ərizə yaşayış sahəsindən istifadə hüququndan imtina barədə öhdəlik kimi qiymətləndirilməlidir. Çünki cavabdehin iradə ifadəsinin həqiqi mənası məhz yaşayış sahəsindən istifadə hüququndan imtinaya yönəlmişdir. Belə ki, MM-nin 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Yəni cavabdeh müvafiq ərizə verərək bir tərəfli əqd əsasında yaşayış sahəsindən istifadə hüququndan imtina barədə üzərinə öhdəlik götürmüş və bu öhdəliyə müqavilə öhdəlikləri barədə qaydalar tətbiq edilir. MM-nin 404.1-ci və 404.2-ci maddələrinə müvafiq olaraq müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmçinin iddiaçı ilə satıcı Cavabdeh mənzilin alqı-satqısına dair müqavilə bağlayarkən, üçüncü şəxslərin hər hansı bir hüququ ilə yüklü olmayan mənzilin alqısatqısına dair razılığa gəlmişlər. Belə ki, müqavilənin 8-ci bəndinə müvafiq olaraq, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, MM-nin 572.1-ci maddəsinə müvafiq olaraq alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. Beləliklə, iddiaçı həm mülkiyyətçi kimi, həm də kreditor kimi cavabdehlərin mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir, cavabdehlər isə mənzildən könüllü qaydada qeydiyyatdan çıxmamaqla, qeyri-müqavilə öhdəliyini icra etməyərək, onun bu subyektiv hüququnu pozmuşlar. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişlər (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı X2 yaşayış sahəsindən istifadə hüququndan imtina barəsində bir tərəfli əqdin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdehlər öz öhdəliklərini icra etmədiyindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa, qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. X12 Məcəlləsinin 563.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi 27 saylı evin 10 saylı mənzilindən cavabdehlər X8 və X5 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X8 və X5 Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi 27 saylı evin 10 saylı mənzilindən (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 97, M4, m1) istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5334/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5334/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver