Məhkəmə qərarları › İş №2(006)-5337/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5337/2020

12.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5337/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin və uşağın xəstəliyinə görə əlavə xərcin tutulması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay 330 manat sabit pul məbləğində alimentin cəmi 500 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Ukrayna vətəndaşı olan Cavabdeh ilə xx.xx.2006-ci ildə Lvov şəhərində nikahları rəsmiləşdirilmişdir. Birgə rəsmi nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X3 adlı ovladları vardır. xx.xx.2008-ci ildə Ukrayna Respublikasının Lvov Frankivskiy rayon Məhkəməsinin Qanuni qüvvəyə minmiş qətnaməsi əsasında nikahları pozulmuşdur. Məhkəmənin gedişi zamanı qarşılıqlı razılaşma əsasında uşağın onunla birlikdə yaşamağı, atası isə nikahları pozulandan sonra hər ay uşağın saxlanması üçün 500 qrivna ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin indiyə kimi uşağın saxlanılmasına söz versə də heç bir köməklik etmir, uşağın hec bir qayğısı ilə maraqlanmır və uşağın saxlanılması üçün maddi köməklik göstərmir. O özü işləmir, maddi durumu həddindən artıq ağırdır. Övladları Səid anadangəlmə autizimi, Kanner sindromu F84,0 xəstəsidir, daimi həkim nəzarətindədir və onun müalicəsinə hər ay 300 manat məbləğində maddi vəsait sərf edir, həmin vəsaiti isə atasının təqaüdü, bacıqardaşlarının maddi köməyi ilə əldə edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıdakı məzmunda izahat verərəkiddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ukrayna adından xx xxxxxx 2008-ci il tarixli qərarın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Lvov şəhər vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsində xx.xx.2006-ci il tarixdə 1502 saylı akt qeydi ilə qeydiyyata alınmış nikahın pozulması qərara alınmışdır. İş materiallarında olan Lvov şəhər ədliyyə idarəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 xx xxxxxx 2006-cı il tarixdə Ukrayna, Lvov şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq X4 Şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 4955 saylı tibbi arayışın surətindən görünür ki, xx.xx.2006-ci il təvəllüdlü X2 “Uşaq autizimi, Kanner sindromu F84,0” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinəəsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən olunmuşdur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinin tələbinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsində göstərilir ki, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Tərəflər arasındakı nikah pozulmuş, uşaq ananın yanında saxlanmışdır. Hazırda iddiaçı uşağın bütün xərclərinin onun üzərində olduğunu, cavabdehin uşağın maddi təminatı üçün heç bir xərci ödəmədiyini bildirərək, cavabdehdən onun xeyrinə xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin və uşağın müalicəsi üçün hər ay 330 manat məbləğində pulun tutulmasını tələb edir. Məhkəmə iddia tələbinin “uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini və işin faktiki hallarını və nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. İddianın uşağın xəstəliyi ilə bağlı cavabdehdən əlavə xərcin tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar olaraq vaxtaşırı müayinə olunması və müalicə alması müəyyən edilmişdir. İddiaçı uşağın müalicəsi ilə bağlı çəkdiyi və çəkməli olduğu əlavə xərclərin konkret miqdarı ilə bağlı sənədlər təqdim edə bilmədiyindən, lakin xərclərin çəkilməsi zəruri və labüd olduğundan məhkəmə cavabdehdən əlavə xərclərə görə hər ay 100 manat məbləğində pul vəsaiti tutulmasını ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Dövlət rüsumu haqqında Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə hesab edir ki, MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli olduğu halda, hazırki iş üzrə Cavabdeh ödənilməli olan dövlət rüsumu əvəzinə 30 manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment və onun müalicəsi üçün əlavə xərc kimi hər ay sabit pul məbləğində 100 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment və onun müalicəsi üçün əlavə xərc kimi hər ay 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh ödənilməli olan dövlət rüsumu kimi 30 manat məbləğində pul vəsaiti alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar