Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5344/2024 28.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakimi Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək kitabçasının yenidən və düzgün yazılması tələbi»nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək kitabçasının yenidən və düzgün yazılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasının yenidən və düzgün şəkildə yazılmasına qərar verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi mülki prosessual normalara riayət edilmədən məhkəməyə təqdim edilmədiyinə görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü və 149.2.5-ci maddələrinin tələbinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb və ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Hazırki iddia ərizəsindən göründüyü kimi iddiaçının “xahiş etdi” hissəsində cavabdeh kimi qoyduğu "xxxx" QSC-dən konkret olaraq tələbinin nə olması dəqiq formada göstərilmədiyi, eyni zamanda iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Bundan başqa, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı əmək kitabçasında edilən yanlışlığı (qeyd edir ki, həm çilingər, həm qaynaqçı çalışmasına baxmayaraq əmək kitabçasında yalnız “çilingər” peşəsi qeyd edilib) mübahisələndirir ki, bununla bağlı məhkəmə qeyd edir ki, hazırki iddianın kökündə iddiaçının həqiqətən də qeyd etdiyi kimi “çilingər, qaynaqçı” peşəsində çalışması faktının müəyyən edilməsi durduğundan və hər bir faktın müəyyən edilməsi də məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalı olan məsələ olduğundan, məhkəmə hesab edir ki, iddiaçı ilk öncə xüsusi icraat qaydasında qeyd edilən faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etdikdən sonra hazırki tələblə bağlı müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim ərizəni və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Beləliklə, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3, 152.1.1, 152.1.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «əmək kitabçasının yenidən və düzgün yazılması tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-5344/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5344/2024
28.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver