Məhkəmə qərarları › İş №2(006)-535/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-535/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-535/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh 1.974 manat məbləğində pulun və ödənilmiş 39 manat 74 qəpik dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinə etiraz etdiyini bildirmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli 2(006)- 7015/2021 saylı qərardadı ilə mübahisəyə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Sonradan, İddiaçı MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.161 ABŞ dolları 69 sent məbləğində pulun və ödənilmiş 39 manat 74 qəpik dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılan zaman X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasından bir sıra elektrik avadanlıqları və digər mal və materiallar almışdır. Həmin məhsulların dəyərinin bir qismi cavabdeh tərəfindən ödənilsə də, 1.161 ABŞ dolları 69 sent dəyərində borcu ödənilməmiş qalmışdır. 29 yanvar 2021-ci il tarixdə tərəflər arasında «borc öhdəliyinin qarşılıqlı tanınması» barədə akt tərtib edilərək borc öhdəliyinin miqdarı müəyyən edilmişdir. Həmin akta əsasən Cavabdeh İddiaçı MMCyə 1.161 ABŞ dolları 69 sent borcunun olması müəyyən edilmişdir. Müəyyən edilən borcun cavabdeh tərəfindən 31.03.2021-ci il tarixdə tam ödəniləcəyinə dair öhdəlik müəyyən edilsə də, bu günə kimi borc ödənilməmişdir. Borcun ödənilməsinə dair Cavabdeh iddiaçı tərəfindən 21.09.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək borcun qısa müddətdə ödənilməsinin təmin edilməsini xahiş edilmişdir, əks halda müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət ediləcəyi xəbərdarlıqda göstərilmişdir. 29.01.2021-ci il tarixli akta əsasən Cavabdeh Nizami oğlunun İddiaçı MMC-yə olan borcu 1.161 ABŞ dolları 69 sent təşkil edir. Bu məbləğ isə Azərbaycan manatı ekvivalentində 1.974 manat 87 qəpik təşkil edir (1.161,69 ABŞ dolları * 1,70 = 1.974,87 manat). İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı MMC ona qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir və tələbini onunla əsaslandırmışdır ki, guya o, İddiaçı MMC-nin ünvan 1 ünvanda yerləşən mağazasından bir sıra elektrik avadanlıqları və digər mal-materialları almış, guya o, həmin məhsulların dəyərinin bir qismini ödəsə də, 1161,69 ABŞ dolları dəyərində borcu ödəməmişdir. 29 yanvar 2021-ci il tarixdə aralarında «borc öhdəliyinin qarşılıqlı tanınması» barədə akt tərtib edilərək borc öhdəliyinin miqdarı müəyyən edilmişdir. Həmin akta əsasən guya onun İddiaçı MMC-yə 1.161,69 ABŞ dolları borcunun olması müəyyən edilmişdir. Guya həmin borcun 31.03.2021-ci il tarixdə tam ödəniləcəyinə dair öhdəlik müəyyən edilsə də, borc bu günə kimi ödənilməmişdir. Ona görə də, iddiaçı məhkəmədən iddia tələbini təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının iddia ərizəsində göstərdikləri işin həqiqi hallarını əks etdirmir. Belə ki, o, İddiaçı MMC-yə 2017-ci ildə satış meneceri vəzifəsinə qəbul olunmuşdur. 2019-cu ildə onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən şirkətdə işçi kimi onun funksiyası bazarda yeni müştərilərin tapılması və məhsullarla bağlı müqavilələrin bağlanması üçün həmin müştərilərlə şirkət arasında əlaqə yaratmaqdan ibarət olmuşdur. 20.06.2018-ci il tarixdə Fatmayi qəsəbəsində yerləşən tikinti materialları dükanında işləyən X7 ona hər birinin dəyəri 9,41 ABŞ dolları olan 98 rulon «Stekloizol-TPP 2,5» adlı, hər birinin dəyəri 7,65 ABŞ dolları olan 98 rulon «Stekloizol XPP 2,5», bir kvatrat metrinin dəyəri olan 2,24 ABŞ dolları olan 8,64 kv.m. «İSOBOX EXTRALİGHT 1200x50 mm» adlı məhsul sifariş elmişdir. O, bu barədə rəhbərliyə məlumat vermiş, rəhbərlik həmin malların X6 verilməsinə razılıq vermişdir. Rəhbərlik ilə Həsənov Amid arasında razılaşmaya əsasən Şirkət həmin məhsulları Həsənov Amid tərifindən Şirkətə göndərilmiş maşına (maşının sürücüsünün adı Saleh olmuş, telefon nömrəsi isə (050) ***-**-** olmuşdur) yükləmiş və sifarişçinin dediyi ünvana göndərilmişdir. Mallar sifarşçiyə göndərildikdən müəyyən müddət sonra Həsənov Amid ona 400 manat məbləğində pul vermiş, o da həmin vəsaiti şirkətə ödəmişdir. Növbəti dəfə həmin ünvana getdiyi zaman dükanın boşaldıldığını və bağlı olduğunu görmüşdür. Bu barədə rəhbərliyə məlumat vermiş, rəhbərlik bu işə görə narahat olmamasımı, bunun ona aid olmadığını bildirmiş, bu məsələnin Həsənov Amid ilə Şirkət arasında həll olunacağını demişlər. Lakin buna baxmayaraq o, Həsənov Amid ilə bağlı axtarışlarını davam etdirmiş, nəhayət sonuncunu 27.02.2019-cu il tarixdə tapmısdır. Amid Həsənov yazılı formada etiraf etmişdir ki, sözügedən mallar 21.06.2018-ci il tarixdə onun tərəfindən qəbul olunmuşdur, həmin mallara görə olan borcu hissə-hissə şirkətə ödəyəcəyini bildirmişdir. Həmin vaxtdan müəyyən müddət vaxt ötdükdən sonra ona daha yaxşı iş təklifi gəlmişdir. O, bu barədə rəhbərliyə dedikdə, rəhbərlik onu Həsənov Amidin borcunu öz üzərinə götürməyə məcbur etmişdir. Belə ki, əgər o, borcu üzərinə götürməyəcəyi təqdirdə Şirkətin əməkdaşları onun yaşadığı ünvana geləcək, yaşadığı ünvanda olan qiymətli əşyaları götürəcəklər. Bundan sonra isə onun əmək kitabçasına Əmək Məcəlləsinin gələcəkdə onun vəziyyətini ağırlaşdıra bilən maddələrini qeyd edəcəklər ki, bu da onun gələcəkdə iş tapmasına çox böyük əngəllər olacaqdır. Bütün bunlardan sonra o, məcbur olub həmin aktı imzalamışdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində ona yuxarıda adları, miqdarları və dəyərləri göstərilən məhsulların verilməsini qeyd etsə də, həmin məhsulların hansı formada ona verilməsini, malların tərəfindən təhvil almasını sübut edən hər hansı bir dəlil iş materiallarında mövud deyildir. Bundan başqa, Şirkət malların satılmasında da qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, Şirkət göstərilən malların alış qiymətini Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə qeyd etmişdir ki, bununla da Azərbaycan Respublikasının Konstitusyasının 19-cu maddəsinin tələbini pozmuşdur. Konstitusiyanın 19-cu maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə görə isə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Prosessual Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya federasiyasına qarşı» 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutları qiymətləndirərkən bir qayda olaraq affirmanti. non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü və aydın, bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, «Qazov Bolqarıstana qarşı» işi üzrə 06.03.2008-ci il tarixli qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (yalnız mötəbər sübutlar əsasında qərar qəbul oluna bilər). Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut elməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar əsasında çıxarılır. Məhkəmə qətnaməsi işin həqiqi hallarına uyğun olmalıdır. Beləliklə işin faktiki hallarından görünür ki, iddiaçının iddia tələbində qeyd etdiyi hallar heç bir mötəbər sübuta əsaslanmayan formal mülahizələrdir. Ona görə də, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 29 yanvar 2021-ci il tarixli borc öhdəliyinin qarşılıqlı tanınması aktından görünür ki, fiziki şəxs Cavabdeh İddiaçı MMC-yə aktın imzalanması tarixinə olan borcu 1.161 ABŞ dolları 69 sent təşkil edir. Müqavilənin 1.3 və 1.4-cü bəndlərinə əsasən Cavabdeh borcun ödənilməsi zamanı ödəniş məbləğini həmin günün Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq AZN ilə həyata keçirəcəyini, yaranmış borcu 31 mart 2021-ci il tarixdən gec olmayaraq ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 21 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, qeyd olunan borc 31 mart 2021-ci il tarixədək ödənilmədiyindən, iddiaçı həmin borcun 5 iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan akt üzrə borc məbləğini qaytarmamış, öhdəliyini icra etməmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunan borc məbləği Amid Həsənova satılmış olan məhsulların dəyərinin ödənilməmiş hissəsidir, həmin məbləğə dair Amid Həsənovun imzaladığı qəbz və məhsulların çeşidi, sayı, qiyməti göstərilən satış qaiməsi mövcuddur, iddiaçı pulun tutulmasını ondan deyil, Amid Həsənovdan tələb etməlidir. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi borc məbləği ilə Amid Həsənovla cavabdeh arasında olan borc məbləği eynilik təşkil etmir. Təşkil etsə idi belə, iddiaçının borc məbləğini məhz Cavabdeh tələb etməklə bağlı subyektiv hüququ mövcud olacaqdır. Belə ki, “borc öhdəliyinin qarşılıqlı tanınması” barədə Aktdan göründüyü kimi Cavabdeh İddiaçı MMC-yə 1.161 ABŞ dolları 69 sent borcu olduğunu tərəflərin imzaları ilə təsdiq etdikləri həmin Aktla qəbul etmişdir. Habelə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya etiraz ərizəsinə əlavə etdiyi “satış qaiməsi” və “X8” kimi adı qeyd edilən şəxs tərəfindən imzalanmış qəbzin məzmunundan da görünür ki, həmin qaimə və qəbz 21.06.2018-ci il tarixli olmaqla yuxarıda qeyd etdiyimiz iddiaçı şirkət ilə cavabdeh arasında imzalanmlş Aktdan xeyli əvvəl tərtib edilmişdir. Bu da həmin məbləğin iddiaçı şirkət tərəfindən ondan deyil, X3 tələb edilməsinə əsas vermir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh digər şəxslə olan borc münasibətlərini özü müstəqil şəkildə iddia verməklə məhkəmə qaydasında digər şəxsdən tutulmasını tələb edə bilər. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 39 manat 74 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1.161 ABŞ dolları 69 sent (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş 39 manat 74 qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1.161 ABŞ dolları 69 sent (ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla) və ödənilmiş 39 manat 74 qəpik dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar