Məhkəmə qərarları › İş №2(006)-5396/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5396/2025

08.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5396/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Fərəcova Gülşən Sabit qızı, İddiaçı cavabdehlər Cavabdeh1nə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh SHEMS COMPANY Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh SHEMS COMPANY Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqavilənə 01 noyabr 2024-cü il tarixdən xitam verilmiş hesab edilməsinə və elektron informasiya sisteminə müvafiq qeydin aparılmasını X1 həvalə edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən: 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə. Hazırkı iş üzrə iddia ərizəsindən görünür ki, tərəf çalışdığı müəssisənin fəaliyyətinin dayanmasını əsas gətirərək, əmək müqaviləsinə xitam verilmiş hesab edilməsini məhkəmə qaydasında tələb edir. Əvvəla məhkəmə bildirir ki, müəssisə iddiaçının bildirdiyi kimi fəaliyyətini dayandırıbsa, demək ki, fəaliyyətinə hələ xitam verilmədiyindən mövcudluğu davam edir. Belə olan halda, əmək müqaviləsinə xitam vermək və onun elektron informasiya sisteminə daxil etmək bilavasitə müəssisənin üzərinə düşür. İddiaçı iddia ərizəsində müəssisəyə müraciət etdiyini bildirsə də, müraciət etməsini və ona imtinanın verilməsini təsdiq edən hər hansı sənəd və sübut iş materiallarına əlavə etməmişdir. Azəabaycan Respublikasının Əmək Məcəlləsinin: Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları 1-1. Aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsasdır: 1-1.1. fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 1-1.2. fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə; 1-1.3. fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə; 1-1.4. Azərbaycan Respublikasının Mülki Prosessual və Azərbaycan Respublikasının Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda; 1-1.5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edildikdə. Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Yuxarıda qeyd olunan maddələrin məzmununa müvafiq olaraq, məhkəmə hesab edir ki, iddiaçının hüquqlarını qorunması, həmcinin prosessual qənaət baxımdan, ərizə icraata qəbul edilmədən geri qaytarılmalı və tərəfə etməli olduğu prosedur qaydalar izah edilməlidir. Beləki, ilk növdə iddiaçı ərizə ilə işəğötürənə işdən azad edilməsi barədə müraciət etməli, onun imtinasını aldıqdan sonra məhkəməyə müraciət etməlidir.Əgər müraciətə cavab verilməzsə, 1 aylıq müddət gözlənilməklə yenidən məhkəməyə həmin sübutlarla birgə müracət edə bilər. Beləliklə, hazırki tələb üzrə verilmiş iddia ərizəsi Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinə uyğun tərtib edilmədiyindən ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ:

İddiaçı cavabdeh SHEMS COMPANY Məhdud Məsuliyyətli Cəmiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı “bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Gülşən Fərəcova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar