Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-54/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı mənzilin təhvil verilməsi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın üzərinə şəhərsalma qaydalarına və normalarına uyğun olaraq inşa etdiyi binanın 1-ci blok 15-ci mərtəbəsində 95 kv.m təmirsiz mənzilin ona təhvil verilməsi və mənzil təhvil verilən günə qədər, ödənilməmiş aylıq kirayə pullarının, müqavilədə nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsi öhdəliyinin qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK (əvvəlki adı "xxxx" MMC) ilə arasında, nömrəsiz 01 may 2018-ci il tarixli müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75.0 kv.m-dən ibarət mənzilini söküb əvəzinə yeni tikiləcək binada 86.5 kv.m təmirli mənzil sahəsi, 4000 manat pul və aylıq 450 manat kirayə pulu ödənilməsi və 24 ay ərzində təmirli mənzil verilmək şərtləri ilə Cavabdeh MTK üzərinə öhdəlik götürmüşdür. Tərəfindən müqavilə şərtləri tam icra olunaraq, mənzilini sökülmək üçün vaxtında təhvil verməsinə baxmayaraq, Cavabdeh MTK üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməmişdir. 24 ay ərzində binanın inşa edib yekunlaşdırmamışdır. 14 iyun 2022-ci il tarixdə müqaviləyə 01 saylı əlavə imzalanmağı təklif etdilər və həmin əlavə ilə ona verilməsi nəzərdə tutulmuş 86.5 kv.m. təmirli mənzil sahəsinin əvəzinə ünvan 1 ünvanında yerləşən binanın yerində inşa edilən yeni binanın 1-ci blok, 15-ci mərtəbəsində 95.0 kv.m. təmirsiz mənzil verilməsi və qalan 0.15 kv.m. sahənin dəyəri olan 260 manat pul ödənilməsi şərtləri ilə əlavə imzalamışdır. Lakin, bu günə qədər müqavilə və müqaviləyə əlavənin şərtləri yerinə yetirilməmiş, mənzil ona təhvil verilməmiş, hər hansı ödəniş edilməmiş, hətta 2023-cü ilin əvvəlindən bu günə qədər kirayə haqqı belə ödənilməmişdir. Birincisi, müqavilə ilə ona verilməsi nəzərdə tutulmuş Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsində inşa edilən binanın 1-ci blok 15-ci mərtəbəsində yerləşən 95.0 kv.m təmirsiz mənzil başqa şəxsə satılmış və faktiki sahibi vardır. İkincisi, həmin mənzilin ümumi sahəsi 95.0 kv.m. yox, cəmi 86.06 kv.m-dir. Tərəfindən “X1”nə müraciət edilmiş, həmin mərkəz tərəfindən verilmiş 80 saylı, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə bu hal müəyyən edilmişdir. Bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıqquruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd şəhərsalma normalarına cavab verməyən, uzun müddət yararsız vəziyyətə düşmüş və ya qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yeni yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət iddia ərizəsinə əlavə tədim edərək, ona müqaviləyə görə verilməli olan sahənin tam verilməsinin (faktiki ölçülərlə) təmin edilməsi və ya fərqin bu günkü qiymətlə ödənilməsi barədə qərar qəbul edilməsi, əlavə kv.m. verilərsə, əlavənin bugünkü qiymətlə pulunun onun tərəfindən ödənilməsi, köhnə mənzilə təmirə çəkilən xərci ümumi xərcdən çıxmaq şərti ilə və ya ona verilən müqavilədə göstərilən əksik kv.m. sahənin dəyərini bu günkü qiymətlə ödənilməsinin təmin edilməsini xahiş edirəm. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Həmçinin, izahatında bildirdi ki, onun Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı 01 may 2018-ci il tarixli nömrəsiz müqaviləyə və əlavə 024/01 saylı 14 iyun 2022-ci il tarixli Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri ilə bağlanmış müqaviləyə əsasən tikinti şirkəti tərəfindən ona əmlək mülkiyyətçisinə 95.00 kv.m. verməli idi. Mənzil ona təqdim olunanda onun sahəsinin əskik olduğu məlum olmuşdur. 3 dəfə aparılmış ekspertiza: 1) 26 may 2023-cü il; 2) 23 yanvar 2024-cü il; 3) 26 iyul 2024-cü il tatixli sənədlər əsasənda təsdiq olunmuşdur ki, ona verilmiş 95 kv.m deyil 83,41 kv.m-dir. Onun tərəfindən oktyabr 2024-cü ildə aldığı mənzildə təmirə başlamışdır. Ancaq MTK yenidən ekspertiza tələb etmiş və məsələnin həlli uzadılmışdır. Məhkəmə işinin nəticəsi ona məlum olmadığına görə təmiri dayandırmışdır. Kirayə pulunu məhkəmə qərarı gününədək hesablanmasını tələb edir. MTK hal-hazıradək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci madəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında xx.xx.2024-cü il tarixdə verilmiş rəydəki uyğunsuzluqların araşdırılmasında iştirak etmiş ekspert İsa Eyvazzadə bildirmişdir ki, rəydə göstərilən ölçülərlə faktiki ölçülər arasındakı fərq baxışdan sonra arakəsmələrin inşa edilməsi ilə bağlı olmuşdur, bunu əlavə tədqiqatla aradan qaldırmaq olar Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, “Əmlak mülkiyyətçisi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və müqavilənin icrası ilə əlaqədar olaraq ÖM seriyalı, 161263 №-li, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li, xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №li, qeydiyyat vəsiqəsi ilə öz mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən faktiki 75 kv.metrdən ibarət yaşayış sahəsini sökülmək üçün “Pilot-1" MMC-yə təhvil verməyi, “Tikinti şirkəti” isə mənzilləri qəbul etməyi və Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində inşa ediləcək çoxmənzilli binasında onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürür. “Tikinti şirkəti” söküləcək mənzilin faktiki 75 kv.m olan sahəsindən 2.7 kv.m sahənin əvəzinə 4000 manat ödənildikdən sonra qalan 72.3 kv.m sahəyə isə nəzərdə tutulmuş 20 faiz əlavə ediləcək 86.5 kv.m təşkil edir. Həmin Müqavilənin 2.2.4-cü maddəsinə əsasən “Əmlak mülkiyyətçisi”nə veriləcək sahə, layihəyə uyğun ölçüdən az olduğu təqdirdə yaranan nisbətin pul şəklində “Əmlak mülkiyyətçisi”nə ödəmək “Tikinti şirkəti”nin hüquq və vəzifələrinə aid edilmişdir. İş materiallarında olan Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış müqavilə №024/01 01 saylı əlavədən görünür ki, “Əmlak mülkiyyətçisi” ilə xx.xx.2018-ci il tarixli 024 saylı bağlanmış müqavilədə qeyd olunan şərtlərə əlavələr edilməklə, “Tikinti şirkəti” tərəfindən “Əmlak mülkiyyətçisi”nə veriləcək 86.5 kv.m təmirli sahəsinə təmir xərcinin əvəzinə 8.5 kv.m sahə əlavə olunaraq, inşa etdiyi binanın 1-ci blok 15-ci mərtəbəsində 95 kv.m təmirsiz mənzili və qalan 0.15 kv.m sahənin dəyərini 260 manatı “Əmlak mülkiyyətçisinin” mülkiyyətinə verməsi müəyyən edilmişdir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi 42 kv.m olan daşınmaz əmlak İddiaçı adına xx.xx.2003-cü il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh MTK-ya ünvanlanmış pretenziyadan görünür ki, kirayə haqqının və çatışmayan sahənin əvəzinin 10 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan “X1”-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi 42 kv.m olan daşınmaz əmlakın ümumi sahəsi 86.06 kv.m təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktda gösərilmişdir ki, Cavabdeh MTKnın məsul əməkdaşı tərəfindən sakin İddiaçı ilə dəfələrlə əlaqə saxlanılmaqla xx.xx.2022ci il tarixindən ona məxsus mənzilin təhvil alınması təklif edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində Cavabdeh MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 1-ci blokunda yerləşən mənzilin ümumi tikinti sahəsinin 95 kv.m, faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) isə 88.5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində "Azəri Tikinti Şirkəti” MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli binanın 1-ci blokunun 15-ci mərtəbəsincə yerləşən mənzilin mövcud ümumi tikinti sahəsinin 95,0 kv.m, faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan) 83,41 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” -na əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində "AzərTikinti Şirkət” MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli binanın 1-ci bloküpun 15-ci mərtəbəsində yerləşən mənzilin ümumi sahəsinin 79,53 kv.m təşkil etdiyi müəyyən edilmişdir. İlk ekspertiza ilə əlavə ekspertiza nəticələri arasında yaranmış fərqin səbəbi, tədqiq olunan mənzilin daxilində tikinti təmir işlərinin (arakəsmə divarların inşa edilməsi, divarların suvaq məhlulu ilə suvanması) aparılması ilə izah olunur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsində Cavabdeh MTK tərəfindən olaraq inşa etdiyi binanın 1-ci blok 15-ci mərtəbəsində mənzilə dair verilmiş ilkin və əlavə ekspertiza arasında mənzilin faktiki sahəsinə dair ölçülərdə aşkar edilmiş fərq həmin mənzilin daxilində ilkin ekspertiza zamanı keçirilmiş baxışdan sonra tikinti-təmir işlərinin (arakəsmə divarların inşa edilməsi, divarların suvaq məhlulu ilə suvanması) aparılması ilə izah olunur. Belə ki, ilkin ekspertiza baxışından sonra sözügedən mənzildə arakəsmə divarlar inşa edilmiş, mənzilin daxili divarlarına suvaq vurulmuşdur. Bunun nəticəsində (əlavə divarların inşası və suvaq vurulması nəticəsində divarların qalınlığının artması) mənzilin ilkin ekspertiza zamanı müəyyən edilmiş 88,5 kv.m sahəsinin 5,09 kv.m hissəsi divarların altında qalmaqla mənzilin faktiki sahəsi 83,41 kv.m müəyyən olunmuşdur. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. Tərəflər arasında yaranan münasibətlərə tətbiq oluna biləcək maddi hüquq normalarını araşdırarkən, müəyyən olunur ki, tərəflər arasında ilk olaraq dəyişdirmə münasibətləri formalaşmışdır. Qanunvericilkdə bu münasibətlərə alğı-satqıya aid göstərişlərin tətbiq edilməsinin imperativliyi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 662-ci maddəsinə əsasən dəyişdirmə müqaviləsinə görə tərəflərdən hər biri başqa tərəfin mülkiyyətinə bir əşyanın müqabilində digər əşyanı verməyi öhdəsinə götürür. Dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Dəyişdirmə müqaviləsi üzrə münasibətlərin hər bir iştirakçısı digər tərəfə verəcəyini vəd etdiyi əşyanın satıcısı və aldığı əşyanın alıcısı sayılır. Həmin Məcəllənin 664-cü maddəsinə əsasən Dəyişdirmə müqaviləsinə uyğun olaraq dəyişdirilən malların verilməsi müddətləri üst-üstə düşmədikdə digər tərəf malı verdikdən sonra malı verməli olan tərəfin malı vermək öhdəliyinin icrasına öhdəliklərin qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 665-ci maddəsinə əsasən əgər dəyişdirmə müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, dəyişdirilən mallara mülkiyyət hüququ dəyişdirmə müqaviləsi üzrə alıcı kimi çıxış edən tərəflərə hər iki tərəf müvafiq malları vermək öhdəliklərini icra etdikdən sonra eyni vaxtda keçir. Qeyd olunduğu kimi, iddiaçı tərəfindən ona razılaşdırılmış həcmdə mənzil təhvil verilməsi müqabilində üzərinə düşən öhdəlikləri tam icra etmiş, cavabdehin təhvil verdiyi mənzili qəbul etdikdə müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini aşkar etmiş, icranın qüsuru barəsində pretenziya etmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılarla bağlanan sonuncu müqavilə tərəfi Cavabdeh MTK olmuş bununla da, öhdəliyin icrasını tələb etmək hüququ sonuncuya keçmişdir. Odur ki, tələb Cavabdeh MTK-ya yönəlməlidir. Tərəflər arasında olan münasibətlərin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçılarla "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanılarkən faktiki 75 kv.m təmirli əvəzinə 86.5 kv.m təmirli mənzilin verilməsi nəzərdə tutulmuş, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavədə isə qarşılıqlı razılıqla 86.5 kv.m təmirli mənzilin əvəzinə 95 kv.m təmirsiz mənzilin verilməsi müəyyənləşdirilmişdir. Tərəflər arasında olan münasibətlərin mübahisələndirilən halı isə müqavilə üzrə qəbul edilmiş sahə əvəzinə verilməsi razılaşdırılmış sahənin reallıqda azlıq təşkil etməsi təşkil edir. Təhvil verilən mənzilin sahəsinin müqavilədə müəyyən edilən razılaşmaya uyğun olmaması halı iş üzrə təyin edilmiş 3 ekspertiza tədqiqatının nəticəsi ilə sübut edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin sonuncu rəyində iddiaçı tərəfindən təhvil alınmış mənzilin faktiki sahəsinin 83.41 kv.m olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə hesab edir ki, iddiaçı təmirli mənzilinin əvəzinə daha artıq kv.m olan təmirsiz mənzilin ona verilməsi şərti ilə mülkiyyətində olan mənzilinin sökülməsinə razılıq vermişdir. Cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq razılaşdırılmış ölçüdə mənzili iddiaçıya təhvil verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə iddia qismən təmin edilməklə, iddiaçıya veriləcək olan sahəsi 95 m2 yaşayış sahəsinin faktiki olaraq 83.41 m2 olması müəyyən edildiyindən həmin fərq cavabdehdən tutulmaqla iddiaçının xeyrinə ödənilməlidir (xx.xx.2018-ci il tarixli müqavilənin 2.2.4-cü bəndi). Məhkəmə iddianın “95 kv.m mənzil təhvil verilən günə qədər kirayə haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə 95 kv.m iddiaçıya verilməsi razılaşdırıldıqdan sonra, həmin ilin noyabr ayından yaşayış binası istismara qəbul edilmiş, eləcə də iddiaçı kvadrat metri müqavilədə göstərilmiş ölçüdə olmasa da, mənzilini təhvil almış, mənzildə müəyyən işlər aparmışdır. Odur ki, hazırki iddia ilə mənzillərin ölçüsündə olan fəqrin iddiaçıya ödənilməsi hissəsində iddia təmin edildiyindən “95 kv.m mənzil təhvil verilən günə qədər kirayə haqqının ödənilməsi” hissədə iddia tələbi öz aktuallığını itirilmiş hesab edilir. Məhkəmə iddianın ölçülər arasında “fərqin bu günkü qiymətlə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında 14 iyun 2022-ci il tarixdə müqaviləyə 01 saylı əlavədə iddiaçıya verilməsi nəzərdə tutulmuş 86.5 kv.m. təmirli mənzil sahəsinin əvəzinə ünvan 1 ünvanında yerləşən binanın yerində inşa edilən yeni binanın 1-ci blok, 15-ci mərtəbəsində 95.0 kv.m. təmirsiz mənzil verilməsi və qalan 0.15 kv.m. sahənin dəyəri olan 260 manat pul ödənilməsi şərtləri razılaşdırıldığından, hazırda ölçülər arasında müəyyən edilmiş fərq müqaviləyə əlavə bağlandığı anda (xx.xx.2022-ci il) mövcud olan qiymətlərə uyğun ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MTK tərəfindən xx.xx.2022-ci il tarixli müqaviləyə 01 əlavədə göstərilən şərtlərə uyğun ölçüdə təmirsiz verilməli (95 kv.m) mənzilin İddiaçı faktiki təmirsiz verilmiş (83.41 kv.m) mənzilin ölçülərində yaranan nisbət fərqi (11,59 kv.m) müqaviləyə əlavə bağlandığı anda (xx.xx.2022-ci il) mövcud olan qiymətlərə uyğun pul şəklində İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Cavabdeh MTK-dan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-54/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-54/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver