Məhkəmə qərarları › İş №2(006)-5413/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5413/2021

31.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5413/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X1, cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, X5 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, X5 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Bakı şəhəri, Ə.S.Salamzadə (keçmiş Xİ Ordu) küçəsi, 7 saylı ev Nəsimi rayon X7 14.10.1983-cü il tarixli, 59/10 saylı qərarı ilə qayınatası Cavabdeh3 Əli oğlu ailə üzvləri ilə birlikdə sahəsi 34,2 kv/m olan evə daimi qeydiyyata alınmışlar. Həmin evdə qayınatası ilə bərabər onun həyat yoldaşı Roza, uşaqları Vidadi, Naib və Vüqar qeydiyyata alınmaqla yaşamışlar. Qayınatası, qayınanası və Vidadi rəhmətə getmişlər. Həmin evdə onun vəfat etmiş həyat yoldaşı Tahirov Naib və Cavabdeh1 yaşamışlar. Həyat yoldaşı 1-ci dəfə ailə qurduqdan sonra ailəsi ilə həmin evdə yaşamışlar. Qaynı Vüqar isə ailə qurduqdan sonra az bir müddətdən sonra ev darısqal olduğu üçün qonşuluqda kirayədə yaşamışlar. Sonra isə Xocahəsən bələdiyyəsinin ərazisində torpaq sahəsi alaraq ev tikmiş və o vaxtdan da orada göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayırlar. Sadəcə olaraq evlərinin müəyyən sənədləri olmadığına görə ailəsi bu evə qeydiyyata düşüblər. Ev güclü qaz partlayışı nəticəsində 27.11.1998-ci ildə tam dağılmış, Naib ağır xəsarət almış həyat yoldaşı isə vəfat etmişdir. İki il yataq xəstəsi olmuşdur. Bu barədə “blok-post” qəzetinin 29.11.1998-ci il tarixli, 206 (251) saylı nömrəsində də məlumat verilib. İddiaçı onunla 2000-ci il tarixdə ailə qurmaqla nikahları rəsmiləşdirilmişdir. Onlar ilk əvvəl ev dağıldığından kirayədə qalmışlar. Sonradan həmin dağılmış evin yerində o, öz vəsaiti hesabına sahəsi 60 kv/m olan 3 otaqlı ev tikmiş və oraya köçmüşlər və hal-hazırda orada qeydiyyatda olmaqla yaşayırlar. Həyat yoldaşı 2020-ci ildə Çernobil qəzasında və yanğın nəticəsində aldığı xəsarətlərdən vəfat etmişdir. Qeyd edilənlərdən aydın olur ki, iş üzrə cavabdehlər indiki bu evdə bir gün də olsun yaşamayıblar. Sadəcə olaraq cavabdehlərin mövcud olmayan evə qeydiyyatları qalıb. Cavabdehlər əvvəlki evdə qeydiyyatda olsalar da, faktiki olaraq 1994-cü ildən indiki yaşadıqları Xocahəsən bələdiyyəsi R.Abdullayev küçəsi 115/215 saylı evə köçüblər və indi də orada yaşayırlar. Onların qeydiyyatı formal xarakter daşıyır. Onların mübahisəli evdə qeydiyyatda qalmaqda maraqları evin gələcəkdə söküləcəyi halda verilən kompensasiyadan pay almaqdır. Hansı ki, qeyd edildiyi kimi, indiki sahəi 60 kv/m olan evin tikilməsinə onlar tərəfindən 1 manat da xərclənməyib. Sonda iddiaçı iddianı müdafiə etdiyini bildirərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 iddiaçının izahatı təsdiqləyərək, iddianı müdafiə etdiyini bildirmiş və təmin edilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1, X11, Cavabdeh3, X6 ərizə təqdim edərək bildirmişlər ki, həmin mənzilə istifadə hüququna xitam verilməsinə etiraz etməmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon X7 14.10.1983-cü il tarixli, 59/10 saylı Qərarın surətindən görünür ki, Bakı şəhəri, Ə.S.Salamzadə (keçmiş Xİ Ordu) küçəsi, 7 saylı evdə qeydiyyatda 5 nəfər – Cavabdeh3 Əli oğlu, arvadı və 3 oğlu yaşayır. İş materiallarında olan İİ-AZ № 021392 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən dən görünür ki, X8 ilə İddiaçı arasında 30 iyul 2002-ci il tarixdə rəsmi nikah bağlamışlar. İş materiallarında olan AZ-İİ № 074570 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24.01.2020-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür. İş materiallarında olan Nəsimi rayonu, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 08 iyul 2021-ci il tarixli Arayışdan görünür ki, cavabdehlər Bakı şəhəri, Ə.S.Salamzadə (keçmiş Xİ Ordu) küçəsi, 7 saylı evdə qeydiyyatdadırlar. İş materiallarında olan 05 iyul 2021-ci il tarixli ərizədən görünür ki, X12, X9, X3 öz ımzalarla təsdiq edirlər ki, Cavabdeh1, X11, Cavabdeh3 və Cavabdeh4 Məhərrəm oğlu ünvan 1 ünvanında yerləsən fərdi yaşayış evində qeydiyyatda olsalarda, təxminən 1994cü ildən hal-hazıra kimi onlar həmin ünvanda yaşamırlar. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Ə.S.Salamzadə (keçmiş Xİ Ordu) küçəsi, 7 saylı ev Nəsimi rayon X7 14.10.1983-cü il tarixli, 59/10 saylı qərarı ilə qayınatası Cavabdeh3 Əli oğlu ailə üzvləri ilə birlikdə sahəsi 34,2 kv/m olan evə daimi qeydiyyata alınmışlar. Həmin evdə qayınatası ilə bərabər onun həyat yoldaşı Roza, uşaqları Vidadi, Naib və Vüqar qeydiyyata alınmaqla yaşamışlar. Qayınatası, qayınanası və Vidadi rəhmətə getmişlər. Həmin evdə onun vəfat etmiş həyat yoldaşı Tahirov Naib və Cavabdeh1 yaşamışlar. Həyat yoldaşı 1-ci dəfə ailə qurduqdan sonra ailəsi ilə həmin evdə yaşamışlar. Qaynı Vüqar isə ailə qurduqdan sonra az bir müddətdən sonra ev darısqal olduğu üçün qonşuluqda kirayədə yaşamışlar. Sonra isə Xocahəsən bələdiyyəsinin ərazisində torpaq sahəsi alaraq ev tikmiş və 1994-cü ildən göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayırlar. Beləliklə iş üzrə cavabdehlər mübahisəli mənzildə 1994-cü ildə yaşamırlar. İş materiallarından göründüyü kimi cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, X2 mübahisəli mənzildən iddiaçı ilə bərabər istifadə etmək hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli qərarına əsasən Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Məhkəmə tərəfindən iddiaçıya cavabdehə tələbinin əvəzində kompensasiya ödənilməsi təklif edilsə də, iddiaçı bu təkliflə razılaşmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, X5 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X11, Cavabdeh3, X5 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar