Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5454/2020 18.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "işə bərpa və s" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə (işəgötürənlə) imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli, K- 048/20 saylı əmrin ləğv edilərək Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı xx.xx.2019-cu ildən Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis (Saatlı, Sabirabad, Şirvan və Hacıqabul rayonları üzrə) vəzifəsində işləməyə başlamışdır. xx.xx.2020-ci il tarixli, K-048/20 əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçının işdən azad edilməyi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. O səbəbdən də adı çəkilən əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi və işə bərpa edilməyi ilə bağlı məhkəməyə müraciət etmək olmuşdur. İddiaçı işlədiyi müddətdə heç bir əmək normasını pozmamışdır. Şirkətin qoyduğu qaydalara tam şəkildə riayət etmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçı əmək məzuniyyətinə buraxılmışdır. Həmin vaxt iddiaçıya məzuniyyət pulu ödənilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə iddiaçını məzuniyyətdən geri çağırmış, xx xxxxxx 2020-ci il tarixdə ona Bakı şəhərində yerləşən şirkətin baş ofisində öz ərizəsi ilə işdən çıxmağı təklif etmişlər. İddiaçı bunun qanunsuz olduğunu bildirmiş və məzuniyyət pulunun ödənilməsini tələb etdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə ona töhmət vermişlər. Sentyabr ayının sonunda isə şirkətdən iddiaçıya bildirmişlər ki, onunla olan əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Cavabdehin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli əmri ilə əmək qanunvericiliyin bir çox normalarının pozuntusuna yol vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkilinin dediklərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı müəssisədə xx xxxxxx 2019-ci il tarixindən məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsində çalışmağa başlamışdır. İşlədiyi müddət ərzində tez-tez davamiyyət və nizam-intizam qaydalarını pozması ilə bağlı bir neçə dəfə şifahi xəbərdarlıq edilmişdir. Bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq nə işgüzar fəaliyyətinə yanaşmasında, nə də nizamintizamında müsbətə doğru dəyişiklik müşahidə olunmamışdır. xx xxxxxx 2020-ci il tarixində qeyd olunanlarla bağlı təqdim edilmiş təqdimat və eyni zamanda ofisdə olarkən etik normalardan kənara çıxan davranış sərgiləməsi səbəbindən işçiyə xx xxxxxx 2020-ci il tarixli, № K-045/20 nömrəli əmrlə töhmət verilmişdir. Ona şirkətdaxili qayda-qanunlara riayət etməsi, təkrar pozuntu halında daha ağır intizam tənbehinin verilə biləcəyi barədə xəbərdarlıq edilmişdir. Tanış olması üçün xx xxxxxx 2020-ci il tarixli, K-045/20 nömrəli əmr yaşadığı əraziyə (Şirvan) göndərilsə də, şəxs əmrlə tanış olduğunu imzası ilə təsdiq etməmişdir. Telefonla əlaqə saxlayaraq haqqında verilən əmrlə tanış olması gərəkdiyini və prosedurun tələbinə uyğun olaraq sənədi aldığına dair imza atması gərəkdiyi barədə məlumatlandırılsa da nəticəsi olmamışdır. İmzalamadığı üçün sənədi ona mail vasitəsi ilə göndərilmiş və mailə cavab yazmışdır. İlk intizam tənbehindən 1 ay müddət keçmədən işçi yenidən nizam-intizam qaydalarını pozub (icazəsiz işə çıxmama, bununla bağlı rəhbərə yalan danışma və digər). Qeyd olunanlar xx xxxxxxxx 2020-ci il tarixində şöbə rəhbərinin təqdimatı və bölgədə monitorinq aparan analitik vəzifəsində çalışan Ramin Əhmədovun izahatı ilə öz təsdiqini tapmışdır. xx xxxxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (72-ci maddənin ə bəndində göstərilən hal ilə - əmək funksiyasını pozduğuna görə əvvəllər verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrar əmək funksiyalarını pozması) onunla bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi və son haqq-hesabın aparılması (xitam verildiyi ay üzrə əmək haqqısı, məzuniyyət qalığı) Azərbaycan Respublikası Əmək Qanunvericiliyinin tələbləri gözlənilməklə icra edilmişdir. İşçinin iddia ərizəsində bildirdiyi məzuniyyət pulunun və əmək haqqının verilməməsi iddiası tamamilə əsassızdır. İddiaçı 25.01,2019-cu il tarixində müqavilə bağlanarkən 260 AZN məbləğində məvacib təyin olunmuş, xx.xx.2019-cu il tarixində isə əmək haqqısı müqaviləyə 063/19 saylı əlavə ilə 320 AZN (gross) məbləğində təyin olunmuşdur. İddiaçı son iş ayı üçün (sentyabr) işlədiyi gün sayı 14 iş günüdür. 15 sentyabr tarixində işçinin YapıKredi bank hesabına 150 AZN (net) avans məbləğ köçürülmüş və digər 3 günün əmək haqqısı və məzuniyyət qalığı ödənişi (2019-2020-ci iş ili üçün 10, 2020-2021-ci iş İli üçün 20 gün olmaqla, topla m 30 gün məzuniyyət qalığına görə 315,79 AZN məbləğində hesablanmış məzuniyyət haqqı) xx xxxxxxxx 2020 tarixində əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabda nəzərə alınmışdır. Vergi tutulmalarından sonrakı məbləğ (net) 478,89 AZN-150 AZN (avans məbləği)=328.89 AZN (işçinin hesabına köçürülən net məbləğ). Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib mülki işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxxxx 2020-ci il tarixli, K-045/20 saylı əmək intizamının pozulmasını nəzərə alaraq töhmət verilməsi barədə əmrinin surətindən görünür ki, Cəmiyyətin Məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsində çalışan İddiaçı Zülfiqar oğlu rəhbərlik tərəfindən təyin olunan öhdəliklərin icrasına, işə davamiyyətə səhlənkar yanaşmaqla, həmçinin, xx.xx.2020-ci il tarixində şirkətin baş ofisində iclas zamanı və sonra rəhbər işçilərlə kobud tərzdə (hədələmək və ittiham etməklə) danışmaqla əmək müqaviləsi və qanunvericiliklə müəyyən edilmiş vəzifə öhdəliklərini və daxili nizamintizam qaydalarını pozmuşdur. İşində və davranışında yol verdiyi nöqsanlarını nəzərə alaraq və göstərilən pozuntunun gələcəkdə təkrarlanmaması məqsədi ilə, məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsində çalışan X2 Azərbaycan Respublikası əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli, K-048/20 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xx xxxxxxxx 2020ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində sadalanan hal) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən (xx.xx.2020-ci il tarixli, K-045/20 nömrəli əmr) nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozduğu üçün əmək müqaviləsinə xitam verilməsi, istifadə etmədiyi əmək məzuniyyətinə görə 2019-2020 təqvim ili üçün 10 (on) təqvim günü və 2020-2021 təqvim ili üçün 20 (iyirmi) təqvim günü üçün pul əvəzi verilməsi əmr edilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsində çalışmış, xx.xx.2020-ci il tarixli, K-048/20 saylı əmrə əsasən, xx xxxxxxxx 2020-ci il tarixdə onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin “ə” bəndində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən və bu əmək müqaviləsinə əlavə vəzifə təlimatından görünür ki, işçinin vəzifə öhdəlikləri aşağıdakılardır: - gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması; - müştərilərdən məhsullar üzrə rəy alınması; - həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması; - iclaslarda iştirak etmək, iş yerində yaranmış problemlər barədə birbaşa rəhbərinə məlumat vermək; - gün ərzində görülən fəaliyyət barədə hesabat hazırlamaq; - bazar araşdırması prosesində iştirak etmək; - yeni müştəri cəlb edilməsi və onlarla davamlı əlaqələrin yaradılmasım təmin etmək; - problemli müştərilər barədə birbaşa rəhbərliyi məlumatlandırmaq; - rəhbərlik və ya məsul şəxsin işlə bağlı verdiyi digər tapşırıqların icra edilməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu hissəsinə əsasən, əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin 2-ci bəndinə görə bu məcəllənin«ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2019-cu il tarixdən Cavabdeh MMC-də əmək müqaviləsinə əsasən məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsində işləmiş və xx xxxxxxxx 2020-ci il tarixli, K-048/20 saylı əmrlə o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Sözügedən əmrdə onun işdən azad edilməsinə əsas kimi əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması (Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndi) göstərilmişdir. İddiaçı hesab edir ki, onun əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunun üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir. İş materiallarından müəyyən edilir ki, Cavabdeh MMC iddiaçı ilə aralarında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması ilə əlaqələndirmiş, lakin bu pozuntunun, yəni əmək funksiyasını pozmasının məhz nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Cavabdehin nümayəndəsi iddianın əsassızlığına dair iddiaçının tez-tez davamiyyət və nizam-intizam qaydalarını pozması, icazəsiz işə çıxmama, bununla bağlı rəhbərə yalan danışma kimi əsaslar gətirsə də, məhkəmə araşdırması zamanı iddiaçının gündəlik iş qrafikinə uyğun olaraq bölgə üzrə müştərilərin ziyarət edilməsi və məhsul təqdimatının aparılması, həftəlik plan əsasında apteklərin ziyarət edilməsi, satılan məhsullar barədə məlumatların alınması kimi vəzifə öhdəlikləri daşıdığı müəyyən edilmişdir. Bu isə iddiaçının iş yerində olmadığı hallarda belə bunun onun öz vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olmasının mümkünlüyünü ortaya qoyur. Nəzərə alınmalıdır ki, cavabdeh bunun əksini təsdiq edən hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Ümumiyyətlə, cavabdeh iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir.Əmək müqaviləsinin ləğvi üçün əsas olmuş xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli təqdimatlarda göstərilmiş hallar təsdiq olunsa belə bunlar iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçı bu hallara yol versə belə, məhz bunun nəticəsində mütləq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Cavabdeh isə məhkəməyə bu halların baş verməsinə dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslılığına dair dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi xx xxxxxxxx 2020-ci il tarixli, K-048/20 saylı əmrin ləğv edilərək iddiaçının Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsinə bərpa edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli, K-048/20 saylı əmr ləğv edilməli, İddiaçı əvvəlki, Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli, K-048/20 saylı əmri ləğv edilsin. İddiaçı əvvəlki, Cavabdeh MMC-də məhsul təbliğatı üzrə mütəxəssis vəzifəsinə bərpa edilsin və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-5454/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5454/2020
18.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver