Məhkəmə qərarları › İş №2(006)-5501/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5501/2025

10.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5501/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X2 Xidməti cəlb edilməklə Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı X2 Xidmətini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının "xxxx" MMC ilə mövcud olan əmək müqaviləsinə xitam verilməsi və "Əmək və Məşğulluq" altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" MMC-də (VÖEN **********) işdən çıxsa da, elektron əmək müqavilə bildirişinə xitam verməmişdir. Həmin MMC ilə iddiaçı arasında vaxtilə əmək müqaviləsi olmuş, daha sonra işdən çıxsa da, əmək müqaviləsinə xitam verilməmişdir. Göstərilənlərlə əlaqədar, "xxxx" MMC ilə əlaqə saxlanılması mümkün olmadığından əmək müqaviləsinə xitam vermək mümkün olmamışdır. Bu barədə iddiaçı tərəfindən Azərbaycan Respulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edilmişdir. Müraciətlərə cavab olaraq mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına müraciət etməli olduğu deyilmişdir. İddiaçı da 16 saylı Mediasiya Təşkilatına müraciət etmiş və müvafiq təşkilat tərəfindən ona xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-01362 saylı ilkin mediasiya sessiyasında iştirak etməmə barədə arayış verilmişdir. 16 saylı Mediasiya Təşkilatı tərəfindən cavadehin mediasiya sessiyasında iştirakını təmin etmək məqsədilə cavabdehin ünvanına (ünvan 1. Lakin cavadbeh nə təyin olunmuş mediasiya sessiyasında iştirak etmiş, nə də rəsmi bildirişə cavab vermişdir. Əmək müqaviləsinə faktiki olaraq xitam verilməsinə baxmayaraq, cavabdeh elektron informasiya sistemində qeydə alınmış əmək müqaviləsinin bağlanması barədə bildirişi ləğv etməmişdir. Bu isə iddiaçının hüquqlarının məhdudlaşmasına səbəb olmuşdur. Ona görə də əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia tələbinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Xidmətinin səlahiyyətli nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: İddiaçı əmək müqaviləsinə xitam verilməsi üçün X2 Xidmətinə müraciət etmişdir. X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, araşdırmaya dair müvafiq sənədlərin təqdim edilməsi "xxxx" MMC-yə 3-17- 5/2-23384/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla müraciət olunaraq vətəndaşa aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb edilmiş və lakin poçt xidmətinə məxsus F-20 formasında "bu ünvanda yoxdur" qeyd edilərək məktub geri qaytarılmışdır. Bu səbəbdən də müraciətin araşdırılmasını başa çatdırmaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsi bildirişinin qüvvədə olduğu məlum olmuşdur. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-01362 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasının davam etdirilməsi mümkün olmamış, 50 manat mediasiya rüsumu və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. 7-ci maddəsinin 2-ci hissədinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. 46-cı maddəsinin 1-ci hissəsinə əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin qaydaların 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra elektron informasiya sistemi) əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir. 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən hazırkı işə baxılarkən məhz əmək qanunvericiliyinin normalarına riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh təşkilatda işə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmış, əmək münasibətlərinə xitam verilməsinə və faktiki olaraq iddiaçının cavabdeh qurumda işləməməsinə baxmayaraq onunla bağlanmış əmək müqaviləsinə rəsmi olaraq xitam verilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının "xxxx" MMC ilə mövcud olan əmək müqaviləsinə xitam verilməlidir. Məhkəmə iddia tələbinin "Əmək və Məşğulluq" altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsinin X2 Xidmətinə həvalə edilməsi ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, hazırkı tələb qətnamənin icrasından irəli gələn məsələdir. Nə qədər ki, məhkəmə tərəfindən mövcud olan əmək müqaviləsinə xitam verilmişdir, bu səbəbdən də qətnamənin icrası zamanı hər hansı çətinliklər yaranmaması üçün əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməli, "Əmək və Məşğulluq" altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. "Əmək və Məşğulluq" altsistemində əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar bildirişin daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar