Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5539/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğlu və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 58.80 kv/m olan mənzili qanunvericiliyin tələblərinə əməl etməklə xx.xx.2020-ci il tarixli, AN-İ№ ******* saylı alqı-satqı müqaviləsi əsasında cavabdehlərdən Cavabdeh1 almışdır. Bundan sonra həmin daşınmaz əmlak üzərində yaranan hüququnu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla rəsmiləşdirmişdir. O, evi alarkən Cavabdeh1 ilə bağlanmış alqı-satqı müqaviləsinin 8-ci bəndinə əsasən satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüş, 13-cü bəndinə əsasən isə xx.xx.2020-cı il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Amma alqı-satqı müqaviləsində və öz aralarında olan razılaşmanı cavabdehlər yerinə yetirməmişlər, üzərlərinə götürdükləri öhdəlikdən boyun qaçırmışlar. Cavabdehlərə dəfələrlə zəng vurmağına və alqı-satqı müqaviləsində qeyd olunan vaxtdan uzun müddət keçməsini bildirməyinə baxmayaraq bu günə kimi üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Alqı-satqı müqaviləsi bağlanılan andan cavabdehlərdən heç kəs qeyd edilən ünvanda yaşamırlar və mənzildən istifadə etmirlər. Cavabdehlərin sözügedən mənzildə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, o, onların əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi, onlarla heç bir qohumluq əlaqəsi yoxdur ki, onların onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda qalmaqlarına razılaşsın. Üçüncüsü isə, onların onun mülkiyyətində qeydiyyatda qalması onun həmin mənzilə dair sərəncam hüquqlarını məhdudlaşdırır. Belə kı, həmin mənzili özgəninkıləşdirmək istədikdə, onların razılığının alınması onun üçün əlavə problemlər yarada bilər. Həmçinin, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehlərin isə faktiki olaraq başqa yerdə yaşaması, amma onun mülkiyyətində olan mənzilində qeydiyyatda olması onların dövlət və cəmiyyət qarşısında da vəzifələrin icrasına ciddi maneələr yaratmaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun birinci maddəsində qeyd olunan tələbləri pozur. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun mülkiyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək yuxarıda qeyd edilən məzmunda izahat vermişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. xx.xx.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh1 mülkiyyətində olan ünvan 2 alıcı İddiaçı satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı xx.xx.2020-ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında X1, X2, İsmayılzadə Aybəniz samir qızı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X3 qeydiyyatdadırlar. Notariat işində olan X4, X5, X6 və Cavabdeh3 tərəfindən imzalanmış notariat qaydasında təsdiq edilmiş ərizənin surətindən görünür ki, onlar Cavabdeh1 məxsus ünvan 2-nin satılmasına etiraz etməmişlər. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə göstərilən mənzilin alqı-satqı müqaviləsi bağlanmış, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 məxsus olan mənzilin satılmasına etiraz etməmişlər. Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamırlar, daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Lakin cavabdehlər göstərilən qanunun tələblərini pozaraq, daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və halhazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Mənzilin əvvəlki mülkiyyətçisi olan cavabdehin və onun ailə üzvlərinin mənzildən qeydiyyatdan çıxmaması onunla iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, həmin müqavilənin 13-cü bəndinə əsasən, satıcı müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra xx.xx.2020ci il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Mənzilin mülkiyyətçisi olmayan, lakin mənzildə qeydiyyatda olan digər cavabdehlərin qeydiyyatdan çıxmamaları isə onların, yaşayış sahəsindən istifadə hüququndan imtina barədə notariat qaydasında üzərlərinə götürdükləri bir tərəfli öhdəliyin icra edilməməsi kimi nəzərdən keçirilməlidir. Belə ki, Mülki Məcəllənin (bundan sonra – MM) 228.4-cü maddəsinə müvafiq olaraq yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Notariat işinin materiallarında olan ərizələr əsasında müəyyən edilmişdir ki, cavabdehlər - X4, X5, X6 və Cavabdeh3 qeydiyyatda olduqları mənzilin satılmasına etiraz etməmişlər. Onların qeydiyyatda olduqları mənzilin satılmasına etiraz etməmələri barədə verdikləri ərizələr yaşayış sahəsindən istifadə hüququndan imtina barədə öhdəlik kimi qiymətləndirilməlidir. Çünki cavabdehlərin iradə ifadəsinin həqiqi mənası məhz yaşayış sahəsindən istifadə hüququndan imtinaya yönəlmişdir. Belə ki, MM-nin 396-cı maddəsinə əsasən öhdəliyin xarakterindən ayrı hal irəli gəlmirsə, müqavilə öhdəlikləri barədə qaydalar digər qeyri-müqavilə öhdəliklərinə də tətbiq edilir. Yəni cavabdehlər müvafiq ərizə verərək bir tərərfli əqd əsasında yaşayış sahəsindən istifadə hüququndan imtina barədə üzərlərinə öhdəlik götürmüşlər və bu öhdəliyə müqavilə öhdəlikləri barədə qaydalar tətbiq edilir. MM-nin 404.1-ci və 404.2-ci maddələrinə müvafiq olaraq müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bundan başqa, MM-nin 572.1-ci maddəsinə müvafiq olaraq alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alqı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. İddiaçı ilə Cavabdeh1 mənzilin alqı-satqısına dair müqavilə bağlayarkən, üçüncü şəxslərin hər hansı bir hüququ ilə yüklü olmayan mənzilin alqı-satqısına dair razılığa gəlmişlər. Belə ki, müqavilənin 8-ci bəndinə müvafiq olaraq, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Beləliklə, iddiaçı həm mülkiyyətçi kimi, həm də kreditor kimi cavabdehlərin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir, cavabdehlər isə mənzildən könüllü qaydada qeydiyyatdan çıxmamaqla, müvafiq olaraq müqavilə və qeyri-müqavilə öhdəliyini icra etməyərək, onun bu subyektiv hüququnu pozmuşlar. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişlər (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehlərdən müvafiq olaraq alqı-satqı müqaviləsinin və yaşayış sahəsindən istifadə hüququndan imtina barəsində bir tərəfli əqdin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdehlər isə öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşlar. Belə ki, alqı-satqı müqaviləsi tərəflərin razılaşdırdıqları əmlakın alıcıya verilməsini şərtləndirir. Cavabdehlər öz öhdəliklərini icra etmədiklərindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa, qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. X10 Məcəlləsinin 563.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, ünvan 2-dən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 istifadə hüquqları itirilmiş hesab edilməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 38 saylı evin 12 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-5539/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5539/2020
30.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver