Məhkəmə qərarları › İş №2(006)-5551/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5551/2021

30.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5551/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 54 saylı evin 35 saylı mənzilindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış mənzilini X1 23 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi ilə almışdır. 20 may 2021-ci il tarixində mənzilin satıcısı X2 adı çəkilən mənzili Cavabdeh satın almışdır. Cavabdeh Şükürov Talanla bağladığı alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən, müqavilənin təsdiqləndiyi tarixdən bir ay müddətində qeydiyyatdan çıxmaq öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh 20.06.2021-ci il tarixinə qədər mənzilin qeydiyyatından çıxmaq öhdəliyini icra etməmişdir. Alqı-satqı müqaviləsi əsasında o, həmin mənzilə mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmış və bununla bağlı ona çıxarış verilmişdir. Göründüyü kimi, o, tam qanuni əsaslarla həmin evə bütövlükdə mülkiyyət hüququnu əldə etmişdir. Cavabdeh isə həmin evə olan mülkiyyət hüququnu itirmişdir. Mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam hüquqlarının cəmi demək olduğuna görə, cavabdehin mülkiyyət hüququnu itirməsi ilə eyni zamanda həmin hüququn tərkib hissəsi olan istifadə hüququ da itirilmişdir. Lakin, təəssüf ki, cavabdeh hələ də ona məxsus olan evdə qeydiyyatda qalmaqla onun mülkiyyətçi kimi hüquqlarına maneçilik törədir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, cavabdehin onun evində qeydiyyatda olması formal xarakter daşıyır. Bunun nəticəsində isə o, cavabdehin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur və cavabdehin onun evində qeydiyyatda qalması onun həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki, şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Cavabdehin faktiki olaraq başqa yerdə yaşaması, lakin onun evində qeydiyyatda olması isə bu cəhətdən baxdıqda yolverilməzdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə məhkəməyə məlum olan axırıncı ünvana bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə bildirişin cavabdehə rəsmi qaydada verilmiş hesab etdiyini, habelə sonuncunun məhkəmə iclasına gəlmədiyini nəzərə alaraq, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən, məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14 saylı notariat kontorunda bağlanmış 23.06.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, X2 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 54 saylı evin 35 saylı mənzilini İddiaçı satmışdır. X2 öz növbəsində həmin mənzili mənzilin öncəki sahibi, hazırkı iş üzrə Cavabdeh alqı-satqı müqaviləsinə əsasən almışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 54 saylı evin 35 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «Elektron notariat» AİS-dən çıxarışdan görünür ki, X2 ilə öncəki mülkiyyətçi arasında alqı-satqı müqaviləsinin bağlanmasından uzun müddət (müqaviləyə əsasən Cavabdeh 20.06.2021-ci il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür) keçməsinə baxmayaraq Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Cavabdehin qeyd olunan mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını, həmçinin mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 5ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 54 saylı evin 35 saylı mənzilinin keçmiş mülkiyyətçisi alqı-satqı müqaviləsinə əsasən həmin mənzili alıcı İddiaçı üçüncü şəxslərin hüquqlarından azad verməyi və müqavilə notarial qaydada təstiq olunduğu tarixdən razılaşdırılmış müddətdə satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X2 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, ondan öncəki mülkiyyətçi olan Cavabdeh aralarında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, özü mənzili boşaldaraq alıcıya təhvil verib, başqa yaşayış yerinə getsə də, keçmiş mülkiyyətçi Cavabdeh mənzildən qeydiyyatdan çıxmamış və mənzil üçüncü şəxslərin hüquqlarından azad olunmamışdır. Göründüyü kimi, keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil mülkiyyət hüququ üzrə dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Hazırda iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 54 saylı evin 35 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Moskva (Tbilisi) prospekti, 54 saylı evin 35 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar