Məhkəmə qərarları › İş №2(006)-5559/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5559/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5559/2021 31.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «imtiyazlı gediş talonunun alınması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «imtiyazlı gediş talonunun alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona birinci Qarabağ müharibəsi veteranı – iştirakçısı kimi qanunda nəzərdə tutulmuş, ölkə prezidenti tərəfindən verilmiş imtiyaza əsasən "xxxx" QSC-nin imtiyazlı gediş talonunun alınmasına köməklik göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİNin istefada-təqaüddə olan baş polis zabitidir, özü də İ Qarabağ müharibəsi iştirakçısı – veteranıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin və döyüş əməliyyatları iştirakçısı olmuşdur. Azərbaycan Respublikası DİN-in döyüş batalyonları tərkibində Ağdam, Laçın, Ağdərə, Füzuli və Şuşa şəhərləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Şuşa şəhərini axırıncı tərk edən döyüşçülərdən biridir. Onlar birinci Qarabağ müharibəsi iştirakçıları-döyüşçüləri ölkə rəhbərliyi, həm mərhum prezident H.Əliyev, həm də hazırkı ölkə başçısı, ali baş komandan İ.Əliyev tərəfindən vətənin ən yüksək mükafatına - «Qarabağ müharibəsi iştirakçısı-veteranı» fəxri adına layiq görülmüşlər və o, bunu özünə ən böyük və qiymətsiz bir mükafat kimi qəbul edir və fəxr edir. O, Azərbycan Respublikasının Prezidentinə öz dərin minnətdarlığını bildirir və hər zaman olduğu kimi bu gün də lazım gələrsə yaşına baxmayaraq, əli silahlı vətənin keşiyində durmağa hazırdır. Yuxarıda göstərdiyi kimi, o, hal-hazırda yaş həddi ilə əlaqədar artıq 11 ildir ki, qanuni təqaüddədir və heç bir yerdə işləmir. Nəzərə alınsa ki, onun təqaüddən başqa heç bir gəlir mənbəyi yoxdur, ona həyati zərurətlərlə əlaqədar tez-tez Bakı şəhəri Bakıxanov qəsəbəsinə getmək lazım olur və ona bu səbəbdən "xxxx" QSC-nin nəzdində olan elektrik qatarlarından tez-tez istifadə etməsi lazım olur və yuxarıda qeyd etdiyi kimi onun günün bu günü heç bir yerdə işləmədiyini nəzərə aldıqda, bu, onun ailə büdcəsinə mənfi təsir edir. Qeyd etdiyi kimi, o, İ Qarabağ müharibəsi iştirakçısı – döyüşçüsü və veteranıdır. Onlara – veteranlara ölkə prezidenti tərəfindən müəyyən imtiyazlar verilmişdir və bunlardan biri də ölkədaxili nəqliyyatdan imtiyazlı istifadədir. O, bu gün ölkə prezidentinin onlara, Qarabağ vətən müharibəsi iştirakçılarına – veteranlara yaratdığı şəraiti verdiyi imtiyazları rəhbər tutaraq imtiyazlı gediş talonu alman üçün "xxxx" QSC-nin sədri Cavid Qurbanova müraciət etmişdir. Onun müraciət məktubunu "xxxx" QSC-nin təsərrüfat şöbəsinin müdiri M.Əmircanova icra üçün ünvanlandırılsa da, sonuncu onun qanunla nəzərdə tutulmuş imtiyazına baxmayaraq və bu imtiyazın onlar – Qarabağ müharibəsi döyüşçülərinə, iştirakçılarına, öz sağlamlığı, canı, yeri gələndə həyatı bahasına başa gəlməsini nəzərə almayaraq onun müraciətinə rədd cavabı vermişdir. O, bir keçmiş döyüşçü kimi həyat yolunu vətənin ərazi bütövlüyünü qorumağa, cinayətkarlıqla mübarizəyə həsr etmiş bir zabit kimi başa düşə bilmir, əgər bu imtiyaz onlar, Qarabağ müharibəsi döyüşçülərinə – iştirakçılarına ölkə prezidenti, ali baş komandan İ.Əliyev tərəfindən verilirsə, hansı bir şöbə müdirinin bunu icra etməməsinə nə ad vermək olar? Buna görə də, kənardan qohumluq və ya dostluq əlaqələri axtarmaq lazımdır? Ona qanunla nəzərdə tutulmuş müraciətinə qarşı "xxxx" QSC-nin təsərrüfat şöbəsinin müdiri M.Əmircanov tərəfindən verilmiş qanuna zidd cavab barəsində o, Bakı şəhər Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Onun müraciəti bir müddət Bakı şəhər Prokurorluğunda cavabsız qalsa da, onun prokurorluğun rəhbərliyinə müraciətlərindən sonra onun ərizədə göstərdiyi məsələnin icrası üçün və "xxxx" QSC-nin təsərrüfat şöbəsinin müdiri M.Əmircanovun barəsində qanuna müvafiq ölçü götürülməsi barədə ərizəsi baxılması üçün Bakı şəhər Prokurorluğu tərəfindən məsələyə heç bir aidiyyatı olmayan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Ərazi Məşğulluq Mərkəzinin filialına göndərilmişdir. Filialın əməkdaşları onunla əlaqə saxlayaraq, onu filiala dəvət etmişlər və onun Bakı şəhər Prokurorluğuna ünvanlandırdığı ərizəsinin sonunculara prokurorluq tərəfindən göndərildiyini və onlarda vakant iş yerləri olmadığını bildirmişlər. O, əvvəl elə başa düşmüşdür ki, sonuncular onun ərizəsini başqa ərizə ilə səhv salıblar və onda olan ərizənin surətini sonunculara göstərərək bildirmişdir ki, o, Bakı şəhər prokurorluğuna iş məsələsi ilə bağlı müraciət etməmişdir və bu, bir anlaşılmazlıqdır. Məşğulluq idarəsinin əməkdaşı ona bir daha bildirmişdir ki, onun ərizəsi sonunculara ünvanlandırılıb, amma məsələnin onlara heç bir aidiyyatı yoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, o, özü ixtisasca hüquqşünasdır. Rusiya Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir və bütün ömrü boyu DİN-də bir zabit kimi xalqa qulluq etmişdir. Bir hüquqşünas kimi o, başa düşə bilmir ki, Konstitusiyanın hər bir ölkə vətəndaşına verdiyi hüquqlardan istifadə edərək etdiyi müraciət ərizəsi tamamilə ərizədə göstərilən məzmuna zidd olaraq aidiyyatı olmayan başqa orqana yönləndirilmişdir. Bu münasibət Qarabağ müharibəsi veteranına qarşı laqeydsizlikdən başqa bir şey deyil və ona bir müharibə iştirakçısı kimi "xxxx" QSC-nin təsərrüfat şöbəsinin müdiri M.Əmircanovun onlar – veteranlara və ölkə qanunvericiliyinə qarşı belə laqeyd münasibəti çox ağır təsir edir. Axı onlara verilən imtiyaz ölkə rəhbəri, cənab prezident tərəfindən verilmişdir və bunu icra etməyən əməkdaşa nə ad vermək olar? İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğunu bildirdi və məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən İkinci Dünya müharibəsi iştirakçılarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə ölkədaxili nəqliyyat vasitələrindən (taksidən başqa) istifadə haqqını ödəmək üçün müavinət verilir. Maddənin redaksiyasından göründüyü kimi digər maüharibə veteranlarına nəqliyyat vasitələri ilə bağlı hər hansı güzəşt nəzərdə tutulmamışdır. Eyni zamanda müharibə veteranlarının (kişilər 70, qadınlar 65 yaşına çatdıqda) respublika hüdudları daxilində ildə bir dəfə dəmiryol, hava və dəniz nəqliyyatında pulsuz gedib-gəlmək hüququna malik olmaları ilə bağlı müddəa 15 noyabr 2001-ci il tarixli 214- İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə həmin Qanundan çıxarılmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara – qanunvericiliyə əsasən ona imtiyazlı gediş talonu verilməli olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iddiaçı istinad etdiyi qanunvericilik aktları və normalarını qeyd etməmişdir, iddia ərizəsində ümumi sözlərdən istifadə edilmişdir. Məhkəmə qeyd edir ki, müharibə veteranlarına, əlillərə və digər sosial qayğıya ehtiyacı daha çox olan vətəndaşlara imtiyazlar nəzərdə tutulan qanunvericilikdə iddiaçının statusunda olan şəxslərə dəmir yolu tərəfindən imtiyazlı gediş talonunun verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «imtiyazlı gediş talonunun alınması» tələbinə dair iddiası təmin edilməsin. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. İddiaçı “Dövlət rüsumu” haqqında Qanunun 9.1.20-ci madəsinə (məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər) əsasən dövlət rüsumunu ödəməkdən azaddır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «imtiyazlı gediş talonunun alınması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar